Ağsu IV Beynəlxalq Avrasiya
Arxeologiya Konfransına ev
sahibliyi etdi
Oktyabrın
2-də Ağsu şəhərində Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi, Ağsu Rayon İcra Hakimiyyəti,
Türkiyə Respublikasının Doqquz Eylül Universiteti, Qafqaz və Orta Asiya Arxeoloji
Araşdırmaları Mərkəzi və "Miras" Mədəni İrsin
Öyrənilməsinə Kömək İctimai
Birliyinin ortaq təşkilatçılığı
ilə IV Beynəlxalq Avrasiya
Arxeologiyası Konfransının təntənəli
açılış mərasimi keçirildi.
Tədbirdə dövlət və hökumət
rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən
diplomatik korpusun
nümayəndələri, əsasən Türkiyə, Rusiya, İtaliya və Mərkəzi
Asiya regionundan arxeoloji araşdırma mərkəzlərinin
nümayəndələri, media mənsubları
iştirak edirdilər.
Açılış
mərasimi Ağsu şəhərində ümummilli lider Heydər
Əliyevin məzarını ziyarətlə başlandı.
Daha sonra Orta əsr Ağsu şəhəri arxeoloji kompleksi ilə
tanışlıq oldu. Komplekslə tanışlıqdan
öncə tədbiri açıq elan edən və məzmunlu
nitq söyləyən AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəhbəri
tarix elmləri doktoru, professor Qafar Cəbiyev bir sıra
maraqlı məqamlara aydınlıq gətirərək
bildirdi: "Razılıq hissi ilə deməliyəm ki, son
illər Azərbaycanda tarixi-mədəni irsin qorunmasında və
təbliğ edilməsində mühüm addımlar
atılmışdır. Dövlətin bu sahəyə diqqət
və qayğısı açıq-aşkar seçilir və
bu Prezident İlham Əliyevin ölkəmizin
abadlaşdırılması və inkişaf etdirilməsi
siyasətinin tərkib hissəsidir. Cənab Prezident İlham Əliyev
artıq neçə ildir ki, arxeoloji abidələrin tədqiqi
üçün büdcədə nəzərdə
tutulduğundan əlavə olaraq Prezidentin Ehtiyat Fondundan
milyonlarla manat vəsait ayırır. Bundan savayı, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın şəxsi diqqət və
qayğısı sayəsində tarixi mədəni irsin tədqiqi
və təbliği istiqamətində olduqca böyük
işlər görülmüşdür. Bütün
bunların nəticəsidir ki, Azərbaycanda arxeoloji tədqiqatların
miqyası ilbəil artır, öyrənilən abidələrin
gələcək nəsillər üçün
yaşadılması uğrunda böyük, əhəmiyyətli
işlər görülür.
Gördüyünüz
bu orta əsr Ağsu şəhərinin xarabalığı
Azərbaycan tarixinin bir hissəsidir. 1735-ci ildə Nadir
şahın əmri ilə salınmış bu şəhər,
20 il Şirvan xanlığının paytaxtı olan o
zamankı Ağsu şəhəri böyük inkişaf yolu
keçmişdir. Bu yaxınlarda qazıntı ərazisində
aşkara çıxarılan 8 metr dərinliyində ərzaq
anbarı, bundan əlavə, 37 ədəd qızıl sikkə
(Holland dukatları) və Şirvanşahlara məxsus
gümüş sikkələrdən ibarət dəfinələr
Ağsunun geniş əlaqələrinin bariz nümunəsidir.
Hazırkı qloballaşan dünyada xalqlar, ölkələr
və mədəniyyətlər arasında inteqrasiya dərinləşir.
Bu prosesdə qazananlar da olur, itirənlər də. Hesab edirəm
ki, kökünə bağlı olan,tarixinə, mədəniyyətinə
dəyər verən xalqlar qloballaşan dünyanın istər
uzun yollarında, istərsə də onun döngə və
dalanlarında hər zaman ciddi uğur əldə edəcəklər."
Daha
sonra o, tədbir iştirakçılarını arxeoloji
turizm kompleksinə baxmağa dəvət etdi.
Arxeoloji
turizm kompleksində nümayiş olunan ilkin Ağsu şəhərinə
aid maddi-mədəniyyət nümunələri qonaqların
böyük marağına səbəb oldu. Onu da qeyd edək
ki, arxeoloji kompleksə yüksək səviyyədə diqqət
və qayğı göstərilir.Və bunun nəticəsi
olaraq qarşımızda abadlaşdırılmış,
olduqca səliqəli formada təqdim edilən qədim şəhəri
gördük. Qədimliyi əks etdirən bu komleksdə
iştirakçılara ölkəmizin etnoqrafiyası, folkloru
və mətbəx nümunələri təqdim olundu.
Sonra tədbir iştirakçıları "Azərbaycan kərpic memarlığı" rəsm sərgisi ilə tanış oldular. Burada onlara arxeoloji tədqiqatların nəticələri barədə ətraflı məlumat verildi. Rəsmi hissənin davamı Ağsu şəhərindəki mədəniyyət sarayında davam etdirildi. Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək qonaqları salamladı.Tədbirin Ağsu şəhərində keçirilməsinin əlamətdarlığını xüsusi qeyd edən Ə.Seyidəliyev təşkilatçılara və bu işdə fəal olan hər kəsə uğurlar arzuladı.
Daha sonra mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev geniş nitq söylədi. Bildirdi ki, bu gün Ağsu böyük şəhərə çevrilir. Vaxtilə kiçik bir yaşayış məskəni olmasına baxmayaraq, getdikcə genişlənir. Üç il bundan əvvəl kimin ağlına gələrdi ki, nə vaxtsa burada indiki kimi arxeoloji abidə olacaq. Bu cənab Prezident İlham Əliyevin mədəniyyət sahəsinə diqqətinin təzahürüdür. Bu gün Ağsuda arxeoloji bayramdır. Bu bayramın ərsəyə gəlməsində fəal olan hər kəsə təşəkkürümü bildirirəm."
Türkiyə Doqquz Eylül Universitetinin professoru Bayram Bayraktar, Türkiyənin Qafqaz və Orta Asiya Arxeoloji Araşdırmalar Mərkəzinin direktoru Semih Çüneri çıxışlarında tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışdılar və burada görülən işləri yüksək qiymətləndirdilər.
Rusiya Elmlər Akademiyasının Maddi-Mədəniyyət Tarixi İnstitutu direktorunun müavini Lüdmila Sokolova, İtaliya Ali Restovrasiya Mərkəzinin nümayəndəsi Ernesto Borelli də çıxış edərək burada gördüklərindən məmnun qaldıqlarını bildirdilər. E. Borellinin çıxışında bir məqam da diqqətimizi cəlb etdi. O, 2014-cü ildə "YOCOCU" (Mədəni irsin konservasiyasında gənclər) üzrə beynəlxalq konfransın Bakı şəhərində keçirilə biləcəyinin mümkünlüyünü qeyd etdi.
Tədbirdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru professor Maisə Rəhimova çıxış edərək beynəlxalq konfransın Azərbaycanda arxeologiya elminə bir töhfə olduğunu qeyd etdi. O, eyni zamanda cənab Prezidentin arxeologiya elminə xüsusi qayğıyla yanaşdığını və konkret olaraq onun bu il Tovuz rayonu "Göytəpə neolit abidəsi"ndə olmasından və arxeoparkın yaradılması barədə verdiyi sərəncamın əhəmiyyətindən söz açdı. Rəsmi hissənin sonunda "Miras" İctimi Birliyinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Fariz Xəlilli tədbirdə iştirak edən və bu böyük layihədə onlara dəstək olan şəxslərə öz təşəkkürünü bildirdi. Avrasiya regionunda arxeoloji və etnoqrafik turizmin inkişaf perspektivlərindən söhbət açan F. Xəlilli tədbirin nəinki region, eyni zamanda, respublika üçün əhəmiyyətli hadisə olduğunu vurğuladı. Təşkilat sədri tədbirin ərsəyə gəlməsində onlara yaxından kömək etmiş şəxlərə və xaricdən təşrif buyurmuş qonaqlara "Miras" İctimai Birliyinin fəxri diplomlarını təqdim etdi.
Daha sonra konfrans iştirakçıları Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində və İsmayıllı rayonunun Basqal qəsəbəsindəki ipəkçilik sexində oldular. Tədbir oktyabr ayının 5-nə kimi davam etmişdir.
Onu da qeyd edək ki, tədbir bitəndən sonra müsahibə verən Rusiya Şimali Qafqaz Federativ Universitetinin dosenti, tarixçi-arxeoloq Dmitri Pikalov bildirmişdir: "Biz Rusiyada arxeologiya sahəsində etmək istədiklərimizi Ağsuda gördük".
Anar TURAN
Xalq qəzeti.- 2012.- 7 oktyabr.- S. 6.