Dəmiryolçuların sosial mənafelərinin qorunması ön plandadır

 

13 oktyabr dəmir yolu işçilərinin peşə bayramıdır

 

İyirminci əsrin sonlarından başlayaraq dəmir yolu bir sıra çətin sınaqlar dövrü keçdi. O zamankı çətinliklərə baxmayaraq, fədakar insanların əməyi sayəsində dəmir yolu yaşadı və inkişaf etdi. Söhbət bizim yaxın tariximizdən gedir. O tarixdən ki, bir çoxumuz onun bir zərrəsi, o zamankı mövcud durumun iştirakçıları və müşahidəçiləri olmuşuq.

 

Bir neçə gündən sonra - 13 oktyabrda dəmir yolu işçilərinin peşə bayramı qeyd olunacaq. Bizim üçün əziz olan bu bayram ərəfəsində yaxın tarixə qısa ekskurs etmək istəyirəm.

Ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə siyasi rəhbərliyə qayıdışından sonra təzə-təzə dirçəlməyə başlayan müstəqil dövlətin nəqliyyat strukturu, o cümlədən dəmir yolu nəqliyyatı bərbad bir durumda idi. İnfrastruktur və texniki vasitələr sıradan çıxmış, qonşu dövlətlərin müvafiq qurumları ilə əlaqələr tamam kəsilmiş, ən əsası isə dəmiryolçuların özləri belə polad magistralın sabahına olan inamı itirmişdilər. O zaman bu insanları qınamağa da dəyməzdi. Gecəli-gündüzlü hərəkətin ahəngdarlığını qorumağa çalışan insanlara əmək haqqının verilməsində on bir aylıq geriləmə var idi.

Belə bir idarəolunmaz vaxtda ulu öndər Heydər Əliyev situasiyanı düzgün qiymətləndirib özünun səriştəli kadr seçmək bacarığından istifadə etdi və peşəkar dəmiryolçu, islahatçı mütəxəssis Ziya Məmmədovu 31 iyul 1996-cı ildə bu nəhəng nəqliyyat qurumuna rəis təyin etdi.

Qısa zaman ərzində dəmir yolunun perspektiv inkişaf planı hazırlandı, lokomotivlərin və müxtəlif təmayüllü vaqonların əsaslı təmiri texnologiyası mənimsənildi, daxili imkanlar səfərbər edildi, əmək haqlarının verilməsində mövcud olan geriləmələr tədricən aradan qaldırıldı. Aparılan islahatlar dəmir yolunu işlək bir quruma çevirdi.

Ulu öndərin 1998-ci ildə bütün nəqliyyat sektoru üzrə vahid dövlət siyasətini formalaşdırmaq məqsədi ilə Nəqliyyat Nazirliyini yaratması və 2002-ci ildə Ziya Məmmədovu Azərbaycan Respublikasının nəqliyyat naziri vəzifəsinə təyin etməsi nəticəsində bu sahənin davamlı inkişafını təmin etmiş oldu. Bu gün ölkənin nəqliyyat-yol kompleksində həyata keçirilən irihəcmli layihələr, yaradılan nə varsa zaman-zaman yaddaşlardan silinməyəcək. Çünki müasir standartlara uyğun olaraq, eyni zamanda, Azərbaycanın memarlıq üslubları qorunmaqla inşa olunan süni qurğular tarixin bir parçasıdır.

Qürur hissi ilə qeyd etmək istəyirəm ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan nəqliyyat sektorunun inkişaf strategiyası möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən şərəflə davam etdirilir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın nəqliyyat qurumları beynəlxalq və regional layihələrin həyata keçməsi prosesində aparıcı rol oynayırlar.

Bu əziz bayram günündə bir faktın üstündən də sükutla keçmək mümkün deyil.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu il tarixdə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzaladı.

Sənəddə göstərildiyi kimi, Dövlət Proqramının əsas məqsədi əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının təmin olunması, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakını təmin etməkdir.

Azərbaycan polad magistralının bütün sahələrinin inkişafını təmin edəcək bu sənədin icrası istiqamətində hazırda gərgin iş gedir. Dövlət Proqramına uyğun olaraq, Azərbaycanda dəmir yolunun yaradılmasının 132-ci ildönümü ərəfəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometrdən 132 kilometri artıq yenilənib. 5-i teplovoz, 4-ü elektrovoz olmaqla 9 lokomotiv, 20 sərnişin vaqonu əsaslı təmir edilərək ölkəyə gətirilmişdir.

Ölkə başçısının dəstəyi sayəsində dəmir yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi" çərçivəsində elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması prosesi hazırlıq mərhələsindədir.

Nəqliyyat naziri Ziya Məmmədovun dəmir yolunun rəisi olduğu vaxtlarda müəyyən etdiyi dəmir yolunun perspektiv inkişaf proqramı bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin sədri Arif Əsgərov tərəfindən uğurla davam etdirilir.

Şübhəsiz ki, ölkə polad magistralında həyata keçirilən islahatlar, reallaşdırılan irihəcmli layihələr bu sahədə çalışan fədakar insanların gücü, zəhməti sayəsində başa gəlir. Səhmdar Cəmiyyətin və MHİRK-in rəhbərliyi bu insanların sosial müdafiəsinin gücləndirilməsi, onların mənalı istirahətlərinin təşkili sahəsində daim təxirəsalınmaz tədbirlər görür.

Ölkə ictimaiyyətinə yaxşı məlumdur ki, 1 avqust 2008-ci ildən etibarən Xaçmaz rayonunun Nabran qəsəbəsində "Lokomotiv" İstirahət Mərkəzi dəmiryolçuların istifadəsinə verildi. Bu gözəl istirahət guşəsinin yaradılması ideyası, torpaq sahəsinin ayrılması 2002-ci ilin yazında məhz cənab nazirin təşəbbüsü ilə reallaşmışdı. Müasir standartlara cavab verən istirahət kompleksinə cənab nazir tərəfindən bir ədəd avtobusun hədiyyə edilməsi və burada sərinləşdirici sistemin quraşdırılması dəmiryolçulara göstərilən qayğının bariz nümunəsi idi.

2008-2011-ci illərin yay mövsümündə "Lokomotiv" İstirahət Mərkəzində 2000 nəfərdən artıq dəmiryolçu və onların ailə üzvləri istirahət etmişlər. Cari ildə isə 1200 nəfər həmkarımızın və onların ailə üzvlərinin kompleksdə mənalı istirahəti təmin edilmişdir. İstirahət mərkəzinin xidmətindən istifadə edən dəmiryolçulardan aldığımız məktublar, mətbuat səhifələrində ifadə olunan təəssüratlar insanda xoş duyğular oyadır. Tam məsuliyyətimlə bildirirəm ki, cənab nazir Ziya Məmmədovun, hörmətli sədr Arif Əsgərovun gündəlik qayğısı, böyük dəstəyi olmadan bu işləri həyata keçirmək qeyri-mümkün idi.

Bütün bu qayğıdan çıxış edərək, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsində müəyyən edilmiş vəzifə və səlahiyyətlərdən geniş istifadə edir, həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi mənafelərinin və əmək hüquqlarının müdafiəsi, onların maddi rifah halının yaxşılaşdırılmasını həmişə ön plana çəkir.

Dəmiryolçular adından ölkə başçısı İlham Əliyevə, AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyevə minnətdarlıq edirik ki, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanununa, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məsəlləsinə edilən son dəyişikliklərlə əməkçilərin sosial-iqtisadi mənafelərinin və əmək hüquqlarının müdafiəsi üzrə mövcud olan baza daha da genişləndirildi. "Azərbaycan Dəmir Yolları" QSC ilə MHİRK arasında imzalanmış 2011-2013-cü illər üçün Yolun sosial inkişafı üzrə sahə "Sazişi"nin yerinə yetirilməsində bu imkanlardan maksimum bəhrələnirik.

Bunun müsbət nəticəsi kimi qeyd etmək olar ki, "Saziş"də nəzərdə tutulan ağır və zərərli işlərdə çalışanlara əlavə məzuniyyət günlərinin verilməsi, istehsalatda və Azərbaycan Respublikasının ərazi bütövlüyünü qoruyarkən həlak olmuş dəmiryolçuların ailələrinə, I və II qrup əlil olmuş (işləməyən) dəmiryolçulara, əmək xəsarətinə və ya peşə xəstəliyinə görə dəmiryolçulara dəymiş zərərə görə, uzunmüddətli və qüsursuz işə görə müavinət və maddi yardımların ödənilməsi və digər sosialyönlü müddəalarının həyata keçirilməsi təmin edilir. Dövlət bayramları və peşə bayramı günlərində dəmiryolçular üçün mədəni-kütləvi tədbirlər keçirilir, istehsalatda fərqlənmiş işçilərə müxtəlif mükafatlar verilir, dəmiryolçular tərəfindən sosial- iqtisadi təminat və əmək hüquqlarının müdafiəsi üzrə daxil olan ərizə və şikayətlərə vaxtında baxılır.

Dəmir yolunda çalışan əməkçilərin sosial problemlərinin həlli, əmək kollektivlərində sosial gərginliyin azalması, əmək şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tabeçiliyində olan departament, xidmət, idarə və müəssisələrdə, mütəmadi olaraq, təhlillər aparılır və yoxlamalar keçirilir. Bu yoxlamaların nəticələri Komitənin Rəyasət Heyətinin iclaslarında müzakirə olunur, əmək haqqı və digər müavinətlərin ödənilməsi, məzuniyyətlərin təqdim olunması, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına riayət olunmasında aşkar olunan nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi üçün müvafiq rəhbər işçilərə tövsiyələr verilir.

Müstəqilliyin ilk illərindən başlayaraq, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi hər ilin yekunlarına görə "İlin ən yaxşı müəssisəsi", "Əla yol işçisi - ilin ən yaxşı mütəxəssisi", "Firudin Ağayev" adına yol müsabiqələrinin keçirilməsini, AHİK-in müxtəlif təmayüllü baxış-müsabiqələrində dəmir yolu təşkilatlarının iştirakını təmin edir.

Son iki il ərzində dəmiryolçuların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 60-dan artıq dəmiryolçu mənzillə təmin edilmişdir. Nəqliyyat naziri Ziya Məmmədovun, cəmiyyətin sədri Arif Əsgərovun qayğısı ilə dəmiryolçulara mənzil verilməsinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Bu tədbirlər dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsinə, sağlamlıqlarının qorunmasına yönəlmiş bir addımdır. Təsadüfi deyil ki, dünya tarixinə qlobal maliyyə və iqtisadi böhran ili kimi daxil olan 2008-ci ildə və böhranın davam etdiyi sonrakı illərdə yük daşımalarının həcmi 30 faiz aşağı düşsə də, aparılan qabaqlayıcı tədbirlər nəticəsində öz mənalı həyatını dəmir yolu nəqliyyatına bağlayan peşəkar mütəxəssislər qorunub saxlandı. İqtisadi çətinliyə baxmayaraq, müxtəlif vaxtlarda əmək haqqının artırılması ilə bağlı qərarlar qəbul olundu. Zaman göstərdi ki, dəmiryolçular tarixdə olan bütün sınaq dövrlərini əzmlə keçməyə qadirdilər. Bununla ancaq fəxr etmək, bundan qürur duymaq olar.

Qeyd etdiyim kimi, əziz bir bayram ərəfəsindəyik. Məlumat üçün bildirim ki, 1955-ci il oktyabrın 3-də Azərbaycan dəmir yolu SSRİ Nazirlər Sovetinin 1773 saylı qərarı ilə müstəqil dəmir yolu elan olundu. Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il 717 saylı qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirdi. Ölkə başçısı cənab İlham Əliyev bu günü təsis edərkən tarixi qaynaqlara söykəndi və məhz Azərbaycan hökumətinin qərar verdiyi günü - 13 oktyabrı dəmir yolu işçilərinin peşə bayramı günü təsis etdi. Peşə bayramı münasibətilə Azərbaycanın bütün dəmiryolçularını bir daha ürəkdən təbrik edir, onların hər birinə firavan həyat arzulayıram!

 

 

Fəzail BAĞIROV,

Azərbaycan Dəmiryolçularının

Müstəqil Həmkarlar İttifaqı

Respublika Komitəsinin sədri

 

Xalq qəzeti.- 2012.- 10 oktyabr.- S.11.