Ulu öndər anda
sədaqətin, xalqa xidmətin və
dövlətçiliyimizin simvolu idi
And içirəm ki, Azərbaycan Respublikasına, Azərbaycan
xalqına ləyaqətlə xidmət edəcəyəm,
müstəqil dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında, dünya birliyində ləyaqətli yer tutmasına çalışacağam.
Ümümmilli lider Heydər
ƏLİYEVİN 1993-cü il
oktyabrın 10-da təntənəli andiçmə mərasimindəki
nitqindən
O, Prezident kimi ilk dəfə and içdikdən sonra Azərbaycanda tarixi islahatlar həyata keçirmişdir
Hər il oktyabrın 10-da hər bir azərbaycanlı ulu öndər Heydər Əliyevi bir daha yada salır, onun dövlətçiliyimizin möhkəmlənməsi, inkişafı üçün gördüyü misilsiz işləri xatırlayır, bir daha ruhu qarşısında baş əyir. Türk dünyasının böyük oğlu həyatının bütün mərhələlərində məhz canı qədər sevdiyi Azərbaycana xidmət etmiş, "Mən həmişə xalqla bir olmuşam, xalqın taleyini öz taleyim bilmişəm. Həyatımı xalqın xoşbəxtliyinə həsr etmişəm və son nəfəsimədək bu yolda mübarizə aparacağam" - deyərək Cənubi Qafqazda Azərbaycan Respublikası kimi, qüdrətli, sürətlə inkişaf edən, daim güclənən bir dövlət qurmuşdur.
Heydər Əliyev, həqiqətən də son nəfəsinədək xalqla birlikdə olmuş, Xalq-Heydər, Heydər-Xalq birliyi əbədiyyət qazanmışdır. Bu gün ulu öndər fiziki cəhətdən aramızda olmasa da, onun memarı, müəllifi və qurucusu olduğu müstəqil Azərbaycan Respublikası yaşayır, onun nurlu yolu yeni meyarlarla zənginləşdirilərək davam etdirilir, qlobal əhəmiyyətə malik layihələr həyata keçirilir. Ölkəmiz zirvələr fəth edir, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyanın təhlükəsizlik siyasətinin müəyyənləşməsində iştirak edir. Paytaxtımız Bakı şəhəri beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsi məkanı kimi şan-şöhrət qazanır. Bütün bu möhtəşəm uğurların təməli ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə atılmışdır.
Həmin ildən düz 19 il keçir. 19 il bundan əvvəl məhz oktyabrın bu günü xalqın böyük əksəriyyəti tərəfindən Prezident seçilən ulu öndər Heydər Əliyevin andiçmə mərasimi keçirilmiş, Azərbaycanın siyasi tarixində yeni və parlaq bir səhifə açılmışdır.
Xalq Heydər Əliyevi məhz ölkəni xilas etmək, dövləti qorumaq üçün Naxçıvandan Bakıya dəvət etmişdi. Ölkə əhalisi Heydər Əliyevin siyasi fəaliyyətə qayıtmasını ona görə istəyir və arzu edirdi ki, ötən əsrdə ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyimiz məhv olmasın. Ziyalılar ulu öndəri Naxçıvandan Bakıya dəvət edəndə o böyük dövlət adamının siyasi hakimiyyətdə olduğu dövrdə elmə, təhsilə, mədəniyyətə, ədəbiyyata ayırdığı diqqətin və göstərdiyi qayğının canlı şahidləri kimi çıxış edirdilər. 1993-cü ilin əvvəllərində ölkəyə rəhbərlik edən iqtidarın başbilənləri Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi üçün muxtar respublikaya ona görə dalbadal nümayəndə göndərir, tez-tez zəng edirdilər. Ölkədə özlərinin yaratdıqları problemləri özləri həll edə bilmir, Heydər Əliyevin təcrübəsinə ehtiyac hiss edirdilər.
Ölkə siyasi böhran, iqtisadi tənəzzül, hərbi anarxiya, ictimai xaos içərisində batıb gedirdi. Nazirlər Baş nazirə, deputatlar Ali Sovet rəhbərliyinə tabe olmaq istəmədikləri kimi, Baş nazir və Ali Sovet sədri də Prezidentin sərəncam və tapşırıqlarını yerinə yetirməyi vacib saymırdı. Bütün bunları görən icra strukturları ölkədə sözün həqiqi mənasında siyasi bataqlıq yaratmışdılar. Ən dəhşətlisi isə o idi ki, ordunu birbaşa tabeçiliyində saxlamalı olan Müdafiə Nazirliyi öz səlahiyyətlərini yerinə yetirə bilmədiyi üçün hərbi hissələrin bir neçəsi siyasi partiyaların, ayrı-ayrı "imkanlı" adamların və hətta, separatçıların əlinə keçmişdi. Bunun nəticəsi olaraq düşmən bütün cəbhə boyu hücumları genişləndirir, kənd, qəsəbə və rayonların işğalını davam etdirirdi. Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi ərəfəsində ölkədə vəziyyət məhz bu şəkildə idi.
Hər zaman xalqın yanında olan və xalqın arzu-istəklərinin reallaşdırılması üçün öz canını belə əsirgəməyən ulu öndər muxtar respublikadan paytaxta gəlməklə xalqın ölməkdə olan ümidlərini özünə qaytardı. O, iyunun 13-də Gəncəyə - AXC-Müsavat iqtidarının əməllərindən bezərək silaha əl atmış polkovnik Surət Hüseynovun görüşünə getdi. Uzun çəkən müzakirələrdən sonra qardaş qırğınının qarşısının alınması üçün müəyyən addımlar atıldı. Xalq ulu öndərin bu nailiyyətini çox yüksək qiymətləndirdi və iyunun 15-də deputatlar onu Milli Məclisin sədri seçdilər.
AXC-Müsavat iqtidarına inamı və etimadı olmayan beynəlxalq ictimaiyyətin rəsmi nümayəndələri bir çox məsələlərdə Azərbaycan Parlamentinin sədri ilə məsləhətləşmələr aparır, razılığa gəlirdilər. Parlament sədrinin həmin nüfuzunun kölgəsində qaldığını görən dövlət başçısı iyunun 17-də gecə, xəlvəti şəkildə paytaxtı tərk etdi və dövlətin idarə olunmasının bütün məsuliyyəti - bəli, o zaman söhbət səlahiyyətdən deyil, məsuliyyətdən gedirdi - parlament sədrinin üzərinə düşdü. Belə olanda deputatlar Prezidentin səlahiyyətlərinin də parlament sədrinə verilməsi barədə qərar qəbul etdilər. Bu isə o demək idi ki, ölkədə növbədənkənar prezident seçkiləri keçirilməlidir.
1993-cü il oktyabrın 3-nə növbədənkənar prezident seçkiləri təyin olundu. Xalqda 1991-ci il oktyabrın 18-dən 1993-cü il iyunun 15-nə qədər yaşadığımız ağır və məhrumiyyətlə dolu günlərin arxada qalacağına inam və ümid yaranmışdı. Ancaq xalqın yaddaşında daha bir tarixi məqam yaşayırdı - 1918-20-ci illərdə mövcud olmuş müstəqil dövlətimizin taleyi. 1993-cü ilin 3 oktyabr seçkiləri ərəfəsində insanlar bir-birinə xəbərdarlıq edirdilər: "Bu seçkidə Heydər Əliyevi seçə bilməsək, müstəqillik əldən getdi", "Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı, indi qalır müstəqilliyin qorunması", "Heydər Əliyevdən başqa heç kəs bizim azadlığımızı qoruyub saxlaya bilməyəcək" və sairə. Məhz bu prinsiplərlə, bu çağırışlarla seçkiyə gedən Azərbaycan xalqı oktyabrın 3-də öz qətiyyətli sözünü deməyi bacardı.
Seçkidən 7 gün sonra - oktyabrın 10-da o zamankı Respublika Sarayında keçirilən təntənəli andiçmə mərasimində nitq söyləyən Heydər Əliyev qarşısında böyük vəzifələrin dayandığını, həmin vəzifələrin ardıcıllıqla və prinsipiallıqla həyata keçiriləcəyini söylədi: "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına bir daha dərin minnətdarlığımı, hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm".
Ulu öndər çox yaxşı bilirdi ki, həmin günlər Azərbaycan xalqını narahat edən təkcə aclıq, yoxsulluq, iqtisadi problemlər və ictimai haqsızlıqlar deyildi. Xalqı daha çox narahat edən məsələ dövlət müstəqilliyinin yenidən itirilməsi təhlükəsi idi. Ölkə əhalisi görürdü ki, Əbülfəz Elçibəy və İsa Qəmbər müstəqilliyi qoruyub saxlamaq üçün qətiyyət nümayiş etdirə bilmədilər. Ona görə də yenicə Prezident seçilmiş Heydər Əliyevə böyük ümidlər bəslənirdi. Ölkənin sabahı üçün dərin narahatlıq hissi keçirən milyonlarla insanın nəzərləri yeni dövlət başçısının ağzından çıxan hər bir sözə dikilmişdi. Xalqın bu narahatlığını əsas götürən ulu öndər andiçmə mərasimində dedi: "And içirəm ki, Prezident vəzifəsini ali məqsədlər, amallar naminə yerinə yetirəcək, Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm".
Bu gün qətiyyətlə deyə bilərik ki, Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması, dövlət başçısı seçilməsi və Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi üçün həyata keçirdiyi titanik siyasi fəaliyyət müasir Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir. Təsadüfi deyil ki, müstəqil Azərbaycanın bu gün beynəlxalq aləmdə qazandığı istənilən uğur - həmin uğurlar artıq yüzlərlədir - barədə söz açan xarici ekspertlər, ilk növbədə, ulu öndər Heydər Əliyevin adını çəkir, bugünkü Azərbaycanın məhz onun əsəri olduğunu söyləyirlər. Həqiqətləri yaxşı bilən xalq da öz xilaskarını heç vaxt unutmayacaq, onun xatirəsini əziz tutacaq, nurlu yoluna sədaqətli olacaqdır.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2012.- 10 oktyabr.- S. 8