Azərbaycanın sivilizasiyalararası dialoqu gücləndirmək təşəbbüsləri öz nəticələrini verməkdədir

 

Sürətli inkişafı ilə Cənubi Qafqazın lider dövləti olan Azərbaycan qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu məkana çevrilir.

 

Bölgədə və dünyada sülhün, təhlükəsizliyin tərəfdarı olan ölkəmizin göstərdiyi təşəbbüslər onun beynəlxalq aləmdəki nüfuzunu daha da artırır. Həyata keçirilən məqsədyönlü daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan artıq mədəniyyətlərarası inteqrasiya və dialoq problemlərinin müzakirə edildiyi, mühüm əhəmiyyətə malik beynəlxalq tədbirlərin keçirildiyi bir ölkə kimi dünyada tanınmaqdadır. Bir sıra tanınmış siyasi xadimlər də etiraf edirlər ki, son illər bu istiqamətdə ölkəmiz tərəfindən irəli sürülən bütün təşəbbüslər nəinki region üçün, bütün dünya üçün böyük əhəmiyyətə malikdir. Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində açılan İkinci Bakı Beynəlxalq Humanitar Forumu bunun ən bariz nümunəsidir.

 

Həqiqətən də, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan Respublikasının şərəfli tarixi vardır. Dövlətimiz müstəqilliyini yenidən bərpa etdikdən sonra ötən dövr ərzində ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin tənzimlənməsində, dini etiqad azadlığının təminatında, mənəvi dəyərlərin qorunmasında çox əhəmiyyətli işlər görülmüşdür. Bu gün mədəni intibah dövrünü yaşayan, iqtisadi cəhətdən sürətlə inkişaf edən, beynəlxalq aləmdəki nüfuzu durmadan artan Azərbaycanda tarixi abidələrin və mədəniyyət abidələrinin, xristian, yəhudi və digər dinlərə məxsus məbədlərin bərpası və təmiri, dilindən, dinindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının etiqad azadlığının qorunması, dini ehtiyaclarının təmin olunması yüksək səviyyədə həyata keçirilir. Fakt üçün diqqətə çatdıraq ki, Azərbaycanda yüzlərlə məscid, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Bütün bunlar bir daha təsdiq edir ki, bu gün öz tarixinin silinməz möhtəşəm səhifələrindən birini yazan müstəqil Azərbaycan Respublikası müxtəlif xalqların, millətlərin və din xadimlərinin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olmuşdur.

Bunun nəticəsidir ki, dünyanın çox nüfuzlu ictimai-siyasi xadimləri, əhəmiyyətli beynəlxalq təşkilatların təmsilçiləri əldə etdiyimiz böyük nailiyyətləri - tolerantlığımızı, din-dövlət münasibətlərində qazanılmış dəyərləri yüksək qiymətləndirir, qlobal problemlərin həlli yollarında bizimlə birgə əməkdaşlıq etmək üçün Bakıda keçirilən beynəlxalq miqyaslı müxtəlif mötəbər tədbirlərə həvəslə qatılırlar. İkinci Bakı Beynəlxalq Humanitar Forumunda Litva, Bolqarıstan, Rumıniya, Xorvatiya, Qırğızıstan, Estoniya və Latviyanın keçmiş prezidentlərinin (forumda Bolqarıstanın 3, Latviyanın isə 2 sabiq prezidenti iştirak edirdi), 11 nəfər Nobel mükafatçısının, 4 beynəlxalq təşkilat rəhbərinin və ölkəmizdə akkreditə olunmuş bütün səfirliklərin rəhbər və ya təmsilçisinin iştirak etməsinin səbəbi də bu idi.

Qloballaşan dünyada, o cümlədən müasir Avropada ksenofobiyanın, radikalizmin və ekstremizmin mövcüd olduğu bir şəraitdə dini və milli dözümlülüyü ilə seçilən Azərbaycanda bu tədbirin keçirilməsi özü-özlüyündə ölkəmizin dünyaya nümunə təşkil etdiyinin sübutudur. Çünki Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin, dinlərin nümayəndələri dinc və mehriban şəraitdə yaşamış, isti münasibətlərini qoruyub saxlamışlar. Müstəqilliyimizi yenidən bərpa etdiyimiz gündən ötən 21 il ərzində xalqımızın yüksək milli mənəvi dəyərləri, tolerantlıqla yoğrulmuş ənənələri qorunub saxlanılmış, bütün dinlərin nümayəndələrinin sərbəst fəalliyyəti təmin edilmişdir. Bu mənada başqa xalqların, dinlərin nümayəndələrinə hörmət mənasını ifadə edən multikulturalizm yeni meydana çıxmış ifadə olsa da, tarix və təcrübə göstərir ki, Azərbaycan xalqı əsrlər boyu multikulturalizm şəraitində yaşamışdır. Bu mənada, qətiyyətlə deyə bilərik ki, artıq dünyanın multikulturalizmin Azərbaycan modeli ilə tanış olmasının və Azərbaycan təcrübəsindən faydalanmasının vaxtı çatmışdır.

İkinci Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında bu məsələyə toxunan ölkəmizin Prezidenti cənab İlham Əliyev demişdir: "Azərbaycanda multikulturalizm sahəsində əldə edilmiş təcrübə hesab edirəm ki, hamımız üçün çox maraqlıdır... Multikulturalizmin müsbət gələcəyi haqqında fikirlər çox vacibdir və lazımdır. Azərbaycanın təcrübəsi hesab edirəm ki, əslində, multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli və qiymətlidir. Çünki bir daha demək istəyirəm ki, multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar. Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır və əminəm ki, olmayacaqdır". Cənab Prezidentin bəyan etdiyi həqiqətlər və tarixi reallıqlar Azərbaycana qarşı bütün dünyada ardıcıl təbliğat kampaniyası aparan Ermənistana və erməni lobbisinə ən kəsərli cavabdır. Çünki ermənilər daim beynəlxalq aləmdə belə bir rəy yaratmaq istəyirlər ki, guya azərbaycanlılarda dini və milli dözümlülük yoxdur, ona görə də erməni icmasının yaşadığı Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalmamalıdır. Lakin dövlət başçımızın müdrik siyasəti və Bakıda keçirilən Birinci və İkinci Humanitar forumlar onların bu "arqumentlərini" tamamilə çürütdü. Həmin mötəbər beynəlxalq tədbirlərdə iştirak edən nüfuzlu insanlar bir daha Azərbaycanda multikulturalizmin dərin tarixi köklərə sahib olduğunun və Azərbaycan Prezidentinin yüksək humanizm prinsiplərinə söykənən düşünülmüş daxili və xarici siyasət həyata keçirdiyinin şahidi oldular.

Bir daha qeyd etmək istərdik ki, müxtəlif millətlərə və dinlərə ehtiram ölkəmizin ən böyük mənəvi zənginliyidir. Təkcə dövlət başçımız deyil, Heydər Əliyev Fondu da bu sahədə çox əhəmiyyətli fəaliyyət göstərir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Fondun maliyyə dəstəyi ilə Bakıdakı pravoslav və Müqəddəs Məryəm kilsələrində təmir-bərpa işləri aparılmış, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verilmişdir. Göründüyü kimi, Heydər Əliyev Fondu təkcə İslam dininə aid tarixi-dini abidələrin deyil, eləcə də digər dinlərə məxsus abidələrin də bərpasına qayğı ilə yanaşır. Bununla yanaşı, fondun Fransanın Versal sarayında nümayiş etdirilən iki abidənin də bərpasına maliyyə yardımı göstərməsi beynəlxalq aləmdə yüksək qiymətləndirilmişdir. İkinci Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları da dəfələrlə bu reallıqları ifadə etmiş, Heydər Əliyev Fonduna və fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmişlər. Azərbaycan Respublikası bütün dünyanı humanizm dəyərlərinə sədaqətli olmağa səsləyir. Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin məqsədi də budur. Məlum olduğu kimi, 2008-ci ildən Bakı Prosesi başlanılmışdır. O vaxtlar respublikamızın paytaxtında keçirilən Avropa Şurasına üzv Ölkələrin mədəniyyət nazirlərinin Toplantısına İslam Əməkdaşlığı Təşkilatının nümayəndələri, nazirlər də dəvət olunmuşdu. Bu, dünya miqyasında çox mühüm bir hadisə idi. Çünki ilk dəfə idi ki, həm Avropa Şurasına, həm də İslam Əməkdaşlığı Təşkilatına üzv olan dövlətlər birgə humanitar xarakterli beynəlxalq tədbirdə iştirak etmişlər. Azərbaycan bu məsələdə liderliyini ötən illərdə də qoruyub saxlamışdır. 2009-cu ildə İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin nazirlərinin Bakıda keçirilən toplantısına Avropa Şurası ölkələrinin nazirləri də dəvət edilmişdi. 2010-cu ilin aprelində Bakıda dünya dini liderlərinin sammitinin keçirilməsi, noyabrda isə "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda tədbirin yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin ölkədə dini tolerantlığa xüsusi önəm verməsindən irəli gəlirdi. 2011-ci ilin aprel ayında Azərbaycanda növbəti möhtəşəm tədbir - Mədəniyyətlərarası Dioloq Forumu keçirildi. Bunun ardınca, həmin il oktyabrın 10-da və ötən günlərdə Birinci və İkinci Beynəlxalq Humanitar forumlar baş tutdu. Belə tədbirlər bir daha təsdiqləyir ki, bütün insanların və cəmiyyətlərin dialoq şəraitində yaşaması çox vacibdir və bu mənada, Azərbaycan təcrübəsinin öyrənilməsi bir çox dünya ölkələri üçün faydalıdır.

Azərbaycan təcrübəsi dedikdə, təkcə ölkəmizin multikulturalizm ənənəsini nəzərdə tutmuruq. Müstəqil Azərbaycanın 21 illik tarixində keçdiyi yol və bu zaman dinlər və millətlərarası məsələlərə göstərilən diqqət, bu istiqamətdə aparılan siyasət də dünyanın bir sıra qabaqcıl dövlətləri üçün nümunə təşkil edir. Həmçinin qloballaşan dünyada, o cümlədən müasir Avropada ksenofobiyanın, radikalizmin və ekstremizmin mövcud olduğu bir şəraitdə dini və milli dözümlülüyü ilə seçilən Azərbaycanda bu tədbirin keçirilməsi özü-özlüyündə ölkəmizin nümunə olduğuna ən gözəl sübutdur. Azərbaycan bəşəriyyətə xidmət edən siyasət həyata keçirərək beynəlxalq ictimaiyyəti bu məsələdə həmrəy olmağa dəvət edir, dünya liderlərini mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsində səylərini əsirgəməməyə çağırır və nəhayət, siyasətçiləri diqqətli olmağa, məsuliyyətsiz bəyanatlardan çəkinməyə səsləyir.

Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində öz işinə başlayan İkinci Bakı Beynəlxalq Humanitar Forumunda Azərbaycan Prezidenti İlham Əliyev bu çağrışı bir daha təkrarlayaraq demişdir: "Hesab edirəm ki, dünyada gedən ağrılı, yəni, narahatlıq doğuran proseslərin təməlində siyasətçilərin məsuliyyətsizliyi dayanır. Bu məsuliyyətsizlik müxtəlif formalarda özünü büruzə verir. Bəzi siyasətçilərin təxribat xarakterli bəyanatlarının o qədər də yüksək savadı olmayan insanları hansısa aqressiv yollara təhrik etməsi halları artıq müşahidə olunur. Digər tərəfdən, siyasətçilərin qeyri-real vədləri, populist çıxışları və real iqtisadi əsaslara söykənməyən sosial təşəbbüslər cəmiyyətlərdə haqlı narazılığa səbəb olur. Maliyyə və iqtisadi böhranın yəqin ki, əsas səbəblərindən biri də məhz budur. Qeyri-real vədlərin verilməsi, populist vədlər və ifrat dərəcədə borclanma meyilləri, əslində, maliyyə və iqtisadi böhranı şərtləndirən amillərdən biridir". Ölkəmiz uzun illərdir ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində humanitar fəlakət yaşayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 20 ildir ki, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 bölgə erməni işğalının altındadır. Bu işğal davam edir. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xocalı faciəsi bunun əyani sübutudur. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan və ətraf bölgələrdən qovulmuşdur. Hazırda dünyada adambaşına düşən qaçqınların ən yüksək sayı məhz Azərbaycandadır. Bir milyondan artıq qaçqın və köçkün soydaşımız var ki, onlar bu gün öz doğma torpağına qayıda bilmirlər. Bütün bu faciələri yaşayan ölkəmiz çıxış yolunu beynəlxalq hüquqa hörmətdə, dünya dövlətlərinin faşizmə qarşı, milli ayrıseçkiliyə qarşı işbirliyində, beynəlxalq humanist təşəbbüslərdə, sülhdə görür. Ermənistan beynəlxalq hüquq normalarına tam şəkildə riayət etməli, beynəlxalq təşkilatların qətnamələrinə tabe olmalı və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. O təqdirdə bölgədə əsl sülh və əməkdaşlıq yarana bilər və yalnız o təqdirdə, humanitar fəlakət sona çata, yeni fəlakətlərin qarşısı alına bilər.

İnanırıq ki, İkinci Bakı Beynəlxalq Humanitar Forumu qarşıya qoyulan məqsədlərə, gündəlikdə duran yeni humanitar məsələlərin həllinə nail olmağa imkan verəcəkdir. Qloballaşma dövründə əlavə humanitar tədbirlər beynəlxalq səviyyədə həyata keçiriləcəkdir. Bu isə çox mütərəqqi bir məsələdir və Azərbaycanın sivilizasiyalararası dialoqu gücləndirmək təşəbbüsünün mühüm tərkib hissəsidir. Azərbaycanın təşəbbüsləri isə beynəlxalq ictimaiyyəti narahat edən məsələlərin həllinə yönəlmişdir.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 10 oktyabr.- S. 8.