Görkəmli şərqşünas alim Aida İmanquliyevanın dünyaya gəlişindən yetmiş üç il keçir

 

Oktyabrın 10-da görkəmli şərqşünas alim, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoruilk professor qadın olan Aida İmanquliyevanın dünyaya gəlişindən yetmiş üç il keçir.

 

Dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim, professor Aida İmanquliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca gözlərimiz önündə xeyirxah, nəcib və mütəfəkkir bir insan, mədəni-intellektual qadın obrazı canlanır.

Müasirlərinin xatirələrində deyildiyi kimi, Aida İmanquliyeva Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətləri təcəssüm etdirirdi. Zərif, kövrək qəlbli alim əhatəsində olan hər bir insanın problemləri ilə maraqlanır, nəvaziş və qayğısını əsirgəmirdi. Çoxşaxəli yaradıcılığı, ictimai həyatda da geniş fəaliyyəti olan Aida xanım bütün bunların fövqündə ailə ocağının müqəddəsliyini, Şərq qadınına məxsus olan incə ruhu qoruyan gözəl həyat yoldaşı, övlad sevgisi ilə yaşayan mehriban ana, qayğıkeş nənə, əsl xanım, zərif qadın idi. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq onu bu ümdə insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdi. Şahanə gözəllik, qədd-qamət, yüksək zəka, zəhmətkeşlik, qayğıkeşlik, həssaslıq, dostcanlılıq, səmimiyyət, yüksək əxlaq - bütün bunlar Aida xanıma xas olan keyfiyyətlər idi.

A.İmanquliyeva çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açmışdır.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. A.İmanquliyeva Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda kiçik elmi işçilikdən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlmişdir. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti rəyasət heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri olmuşdur. A.İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlamışdır.

Akademik Ziya Bünyadov görkəmli şərqşünasın elmi-pedaqoji fəaliyyətinin bu cəhətini xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, Aida xanım həmişə öz dərin elmi biliyini gənc alimaspirantlarla bölüşür, əlindən gələn köməyi onlardan əsirgəmirdi. Aida İmanquliyevanı tanıyanlar onun son dərəcə zəhmətkeş və özünə qarşı həddindən artıq tələbkar bir alim olduğunu yaxşı bilirdilər. Aida xanımın qələmindən çıxan hər bir əsər gərgin, böyük bir zəhmətin nəticəsidir. Bütün bu deyilənlərin arxasında yüksək insani keyfiyyətlərə malik azəri qadını və ana obrazı dururdu. Bu keyfiyyətləri ona bütün həmkarlarının ehtiramını və məhəbbətini qazandırmışdır.

Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin əhatə dairəsi geniş və çoxşaxəli idi. Onun elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunmuşdur. Bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır.

Bu gün dünyanın bütün ölkələri, o cümlədən də ərəb Şərqi ilə geniş əlaqələr yarandığı bir vaxtda, bu ölkələrin həyatının hər bir sahəsi ilə daha yaxından tanış olmaq ehtiyacı duyulurbu ehtiyacı aradan qaldırmaqda Aida xanım İmanquliyevanın elmi əsərlərinin özünəməxsus yeri və əhəmiyyəti vardır.

Üç monoqrafiya ("Mixail Nuaymə və "Qələmlər birliyi", Moskva, 1975; "Cübran Xəlil Cübran", Bakı, 1975; "Yeni ərəb ədəbiyyatının korifeyləri", Bakı, 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan A.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur.

Aida xanım İmanquliyevanın doğulduğu, böyüdüyü və gəlin gəldiyi iki ailənin Azərbaycan xalqının ədəbi-mədəni fikrində öz yeri və sanbalı vardır. Belə bir mühit Aida xanımın ədəbi-elmi yaradıcılıqla dərindən məşğul olması üçün mənəvi zəmin yaratmışdır.

Aida xanımın atası Nəsir İmanquliyev Azərbaycanın çox məşhur mətbuat nümayəndələrindən biri olmuşdur. Nəsir müəllim uzun illər "Bakı" və "Baku" axşam qəzetlərinin redaktoru işləmişdir. Aida xanım görkəmli Azərbaycan yazıçısı, alimpedaqoq Mir Cəlal Paşayevin ocağına gəlin köçmüşdür.

Boya-başa çatdığı mötəbər ziyalı mühitinin məlum təsirinin nəticəsidir ki, akademik Cəmil Quliyevin dediyi kimi, Aida xanımın həyat və yaradıcılığı milli ziyalı qadınlar içərisində bənzərsizliyi, yüksək dəyərli xüsusiyyətləri ilə seçilirdi.

Azərbaycanın, millətimizin XX yüzillikdə tarixi uğurlarından biri, ictimai-siyasi, mədəni həyatın bütün sahələrində fenomen kimi qərarlaşmış müasir Azərbaycan qadınıdır. Əgər Azərbaycan xalqının XX əsrdə yetirdiyi ən layiqli qadınlarının siyahısı tərtib edilsə, şübhəsiz bu siyahıda yer alanlardan biri Aida xanım İmanquliyeva olardı.

Əhatəli elmi fəaliyyəti ilə yanaşı, Aida xanımın gözəl, nümunəvi ailəsi olmuşo, analıq borcunu yerinə yetirərək cəmiyyət üçün ləyaqətli övladlar tərbiyə etmişdir.

Aida xanım İmanquliyeva anası Gövhər xanıma olan məhəbbəti ilə övladlıq borcuna da sədaqətli olmuşdur. A.İmanquliyeva bir çox xarici dillərə tərcümə edilmiş "Yeni ərəb ədəbiyyatının korifeyləri" kitabını anasının xatirəsinə həsr etmişdir. Bu əsər onun çoxillik elmi axtarışlarının yekunu, ərəb məhcər ədəbiyyatı barədə yazılmış ən sanballı tədqiqat əsəridir. Bir alim kimi ömrünü həsr etdiyi tədqiqat obyekti ona anasının xatirəsi qədər doğma və əziz olmuşdur.

Bu gün A.İmanquliyevanın cismani ömrü övladlarının, nəvələrinin həyatında davam edir. Özü isə əsərlərində yaşayır.

Tədqiqatçıların haqlı olaraq qeyd etdikləri kimi, Aida xanım bu gün ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısıdır. Bunu nəinki Azərbaycan və əski sovet ərəbşünasları, hətta Avropa şərqşünasları, ərəblərin özləri belə, etiraf edirlər.

Bütün mənalı ömrünü Azərbaycan şərqşünaslığının inkişafına həsr etmiş A.İmanquliyevanın yaradıcılığı daim öyrəniləcəkdir. Görkəmli şərqşünas alimin haqqında çox yazılıb və yəqin ki, bundan sonra daha çox yazılacaqdır. O, bir şəxsiyyət kimi hər yazıda yeni bir şəkildə canlanacaq, nəsil-nəsil oxucuların ürəyində, yaddaşında əbədi yaşayacaqdır.

 

 

Xatirə CƏFƏROVA

 

Xalq qəzeti.- 2012.- 10 oktyabr.- S. 11.