Humanitar Forumun iştirakçısı Mədəniyyət və İncəsənət Universitetini ziyarət edib

 

   Oktyabrın 4-5-də Bakıda II Beynəlxalq Humanitar Forum keçirildi.

  

   Qloballaşan dünyamızda humanitar sahələrin vacibliyini önə çəkən, humanizmin bir sıra bəşəri problemlərin həllində əsas rol oynaya biləcəyini prioritet məsələ kimi ortaya qoyan belə mötəbər məclisin ölkəmizdə baş tutması fərəhli hadisədir. Dünyanın bir sıra məmləkətlərindən vətənimizə təşrif gətirən mötəbər qonaqlar elm, mədəniyyət mərkəzlərində oldu, görüşlər keçirdi, xalqımızın mənəvi dəyərləri barədə daha ətraflı məlumat əldə etdilər.

   Belə hörmətli qonaqlardan biri, Bolqarıstan Milli İncəsənət Akademiyasının rektoru, professor Svetoslav Kokalov Forumun ilk günündə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olmuşdur. Bu da səbəbsiz deyildi. Axı, ilbəil beynəlxalq əlaqələrini genişləndirən, sıralarında bir sıra ölkələrdən gənclərin təhsil aldığı Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev 2010-cu ilin aprelində Bolqarıstanın Milli İncəsənət Akademiyası rəhbərliyinin dəvəti ilə bu ölkəyə səfər etmiş, akademiyanın fəaliyyəti, iş şəraiti, yaradıcı potensialı ilə tanış olmuş, iki təhsil ocağı arasında müqavilə bağlanmışdı. S.Kokalovun ADMİU-nun rektoru T.Əfəndiyev ilə görüşündə bu iki təhsil ocağı arasında əməkdaşlığın perspektivləri müzakirə edildi, işgüzar fikir mübadiləsi aparıldı.

   ADMİU-nun tələbə və müəllim heyətinin birgə əməyi sayəsində yüksək zövqlə süslənmiş muzeylə tanışlıq, “Xoreoqrafiya sənəti” kafedrası tələbələrinin ifaları qonaqda zəngin təəssürat yaratdı. S.Kokalov muzeyin rəy kitabına ürək sözlərini yazandan sonra ADMİU-nun rektoru T.Əfəndiyev onu digər mərtəbədə yerləşən rəqs zalına dəvət etdi. Burada xoreoqrafiya sənəti üzrə təhsil alan tələbələrin bir qrupu məşq edirdi. Tələbələr Azərbaycan rəqsinin milli özəlliklərini qonağa göstərmək üçün müəllimləri Ofelya Zeynalova və Əsəd Rzayevin bədahətən quraşdırdıqları “Dəniz”, “İgidlər” və “Qarabağ yallısı” rəqslərini peşəkarlara layiq ustalıqla ifa etdilər. Gənc xoreoqrafların oyununu məftunluqla seyr edən S.Kokolov xüsusilə “Dəniz” rəqsinə quruluş verən və onu böyük bir şövqlə oynayan II kurs tələbəsi, Prezident təqaüdçüsü, Opera və Balet Teatrının prima balerinası Cəmilə Kərimovanın ifaçılıq bacarığına valeh olduğunu bildirdi.

   Hörmətli qonaq Mədəniyyət və İncəsənət Universitetindən xoş təəssürat, səmimi duyğular, dost şükranları ilə ayrıldı.

  

 

   İ.Mehdizadə

 

   Mədəniyyət.- 2012.- 10 oktyabr.- S. 6.