İkinci Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoqa töhfə oldu

 

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 4-5-də Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar Forumda iştirak edən qonaqların bir qrupu ilə görüşüb.

  

   "Arşın mal alan"ın 100 illik yubileyi UNESCO çərçivəsində qeyd ediləcək

  

   2011-2013-cü illər üzrə UNESCO Baş Konfransının prezidenti, Macarıstanın təşkilatdakı daimi nümayəndəsi xanım Katalin Boqyayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə təşkilatla əməkdaşlıq perspektivləri müzakirə olunub. Nümayəndə heyətinin tərkibində müxtəlif ölkələrin UNESCO-dakı daimi nümayəndələri, beynəlxalq qurumun səfirləri, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva və ölkəmizin təşkilatdakı daimi nümayəndəliyinin təmsilçisi olub.

   Nazir Əbülfəs Qarayev ölkəmizin UNESCO ilə əməkdaşlığını yüksək qiymətləndirərək Azərbaycanin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər və həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Ə.Qarayev 2013-cü ildə Azərbaycanın UNESCO-nun Qeyri-maddi mədəni irs Konvensiyasının 10 illik yubileyinə ev sahibliyi edəcəyini xüsusilə qeyd edib, bu istiqamətdə müəyyən tədbirlərin həyata keçirildiyini bildirib.

   Azərbaycanın zəngin mədəniyyəti, musiqisi və tarixi barədə qonaqlara məlumat verən nazir UNESCO-nun qərargahında qeyd olunan yubiley və tədbirlərdən söz açıb. Bildirib ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının 100 illik yubileyi 2013-cü ildə UNESCO çərçivəsində qeyd olunacaq.

   Nazir qonaqları 2013-cü il 29 may - 1 iyun tarixlərində Bakıda keçiriləcək İkinci Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul etdiklərini deyən nümayəndə heyətinin rəhbəri xanım Katalin Boqyay Azərbaycan-UNESCO əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.

  

   Azərbaycan-Litva əməkdaşlığı müzakirə olunub

  

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Litvanın mədəniyyət naziri Arunas Gelunas ilə görüşündə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub, münasibətlərin hazırkı səviyyəsi yüksək qiymətləndirilib. Görüşdə həmçinin Litva tərəfi ilə imzalanmış sazişlərin implementasiyası sahəsində tədbirlər və yeni layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının zəruriliyi vurğulanıb.

   Nazir litvalı həmkarını gələn il Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib. Arunas Gelunas iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib.

  

   Dünya şöhrətli memar ölkəmizlə əməkdaşlıqda maraqlıdır

  

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Humanitar Forumda iştirak edən məşhur uruqvaylı memar, Parisdəki Basitiliya Operası binasının, həmçinin dünyanın bir çox ölkələrində gözəl memarlıq nümunələrinin müəllifi Karlos Ott ilə də görüşüb. Söhbət zamanı Azərbaycanda mədəniyyət və infrastruktur obyektlərinin layihələndirilməsi və inşası üzrə inkişaf məsələləri müzakirə olunub. Dünya şöhrətli memar böyük məmnuniyyətlə bu layihələrdə iştirak etmək istədiyini bildirib.

 

 

   Mədəniyyət.- 2012.- 10 oktyabr.- S. 3.