Dəmir yolunun tarixində yeni inkişaf mərhələsi
"Azərbaycanda nəqliyyat infrastrukturu
sürətlə inkişaf edir. Yeni yollar
salınır, dəmir yolu infrastrukturu yeniləşir, yeni
vaqonlar alınır və Azərbaycanın
özündə də vaqonlar təmir olunur".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
13 oktyabr - dəmir yolu
işçilərinin peşə bayramı günüdür
Müstəqil Azərbaycanın
dünyanın inkişaf etmiş dövlətləri ilə
bir sırada dayanması, beynəlxalq qurumlara tam hüquqlu
üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən
eşidilməsi, qlobal əhəmiyyətli və regional layihələrdə
fəal iştirak etməsi ümummilli liderimiz Heydər Əliyevin
uzun illər apardığı məqsədyönlü
islahatların nəticəsidir. Bütün sahələrdə
olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr
reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya
sürətləndirilir.
Ölkə
nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad
magistralı indi özünün sürətli inkişaf mərhələsindədir.
Bu nəhəng işlər, şübhəsiz ki,
böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin
uğurlu iqtisadi siyasəti, dəmir yoluna daimi
qayğısı sayəsində mümkün olmuşdur.
Respublikaya rəhbərlik etdiyi bütün zamanlarda onun həyata
keçirdiyi məqsədyönlü iqtisadi islahatlar,
uğurlu daxili və xarici siyasət, demokratikləşmə
Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini
təmin etmişdir.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin titanik fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.
Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Heydər Əliyevin bilavasitə qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodu tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir. O, istər respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyət göstərdiyi 1983-87-ci illər ərzində, dəmir yolu müasir xarici texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilmişdir. Həmin illərdə Azərbaycan polad magistralının yüzlərlə ən yaxşı dəmiryolçusu SSRİ-nin orden və medalları ilə təltif olunmuşdur ki, bu da ümummilli liderin dəmir yoluna və dəmiryolçulara göstərdiyi böyük qayğı və diqqətin parlaq təzahürüdür. Bütün sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin əksəriyyəti məhz böyük siyasi xadim Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil almışdır.
Bunlar sadəcə qısa xronologiya deyil, böyük bir sistemin inkişaf strategiyasını müəyyən edən şərtlərdir. Tarix göstərdi ki, ümummilli liderin zamanında atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşmasını şərtləndirən əsas amillərdir.
Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Ümummilli liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz "Bakı-Tbilisi-Qars" və "Şimal-Cənub" beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir.
Son illər ərzində Azərbaycan nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı üçün ölkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul olunub, sərəncamlar imzalanıb. Dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyul 2009-cu il tarixli "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" sərəncam imzalaması, əslində yeni bir mərhələnin başlanğıcı idi. 15 fevral 2010-cu ildə Nazirlər Kabineti tərəfindən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu təsdiq olundu və bu işlər sürətləndi. Bununla da gələcəkdə Azərbaycanın dəmir yolunda islahatların aparılması və restrukturizasiyası, habelə dəmir yolu nəqliyyatında mövcud infrastrukturun və dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsi istiqamətində yeni islahatlar prosesinə start verildi.
Görülən işlərin məntiqi nəticəsi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam bu sahənin inkişafını təmin edəcək ən mühüm sənəddir. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Dövlət Proqramına uyğun olaraq, vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı - Böyük-Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır. Dövlət Proqramının əsas məqsədi Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini təmin etməkdir.
Bununla əlaqədar istərdim ki, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün dəmiryolçular adından və şəxsən öz adımdan dərin minnətdarlığımı bildirim. Ölkə başçısını əmin edirəm ki, nəqliyyat sektorunun mühüm sahəsi olan dəmir yoluna göstərdiyi bu diqqət və qayğıya cavab olaraq dəmiryolçular daha da əzmlə çalışaraq qarşıda duran tapşırıq və problemlərin həlli yolunda qüvvələrini əsirgəməyəcəklər.
Beynəlxalq maliyyə qurumları ilə son vaxtlar daha intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr dəmir yolunda islahatların aparılmasına öz müsbət təsirini göstərəcəkdir. Çünki dəmir yolunun yenidən qurulmasını həyata keçirmək üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Ölkə başçısının dəstəyi sayəsində dəmir yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi"nin maliyyələşdirilməsi məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) ilə Azərbaycan hökuməti arasında 450 milyon ABŞ dolları, Çexiyanın "İxrac" Bankı ilə 215 milyon avro məbləğində kredit müqaviləsi imzalanmışdır. Dövlət Proqramına uyğun olaraq, bu vəsaitlərə lokomotiv, yol, enerji təchizatı, işarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması, yeni lokomotivlərin alınması, beynəlxalq maliyyə-hesablama sisteminin tətbiq edilməsi nəzərdə tutulur.
"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində dəmir yolu nəqliyyatının fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirən Azərbaycan "Dəmir yolu nəqliyyatı haqqında" Qanun layihəsi Ədliyyə Nazirliyinin rəy və təklifləri nəzərə alınmaqla, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində yenidən baxılmış və Nəqliyyat Nazirliyinə təqdim edilmişdir.
5 vaqondan ibarət olan "Ekspress" qatarının vaqonları VEST QAS müəssisəsi ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən vaqonlar 2009-cu ilin fevralında əsaslı-bərpa təmiri üçün Slovakiya Respublikasının "Sazvrudki" zavoduna göndərilmiş, 2011-ci il oktyabr ayının 28-də respublikamıza gətirilmişdir. Bu vaqonların istismar müddəti 28 il, yəni sürəti saatda 160 kilometr olmaqla 2039-cu ilə qədər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il noyabrın 24-də Bakı dəmir yolu stansiyasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir edilərək paytaxta gətirilmiş sərnişin vaqonları ilə tanış olmuşdur.
Bundan başqa, istismar müddətini keçmiş 50 sərnişin vaqonu əsaslı təmir üçün "Dneprovaqontəmirquraşdırma" ASC-yə göndərilmişdir. Bu günlərdə 15 vaqon əsaslı təmir edilərək ölkəyə gətirilmişdir və dünən Bakı-Tbilisi istiqamətində xəttə buraxılmışdır.
Dövlət Proqramının icrası sürətlə təmin olunur. Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir, bu günə kimi 130 kilometrdən artıq yol əsaslı təmir olunub.
Dövlət Proqramı çərçivəsində elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması istiqamətində işlər isə start mərhələsindədir, hazırda layihələndirmə işləri aparılır. Yeni lokomotivlərin və müxtəlif təyinatlı vaqonların alınması da gündəmdədir.
Saloğlu-Poylu mənzilinin 73-cü kilometrində Kür çayı üzərindəki yeni ikinci körpünun və körpü üzərindən keçən dəmir yolu xəttinin tikintisi, Çarxı-Sarvan mənzilinin 2508-ci kilometrində Vəlvələçay üzərində yerləşən dəmir-beton körpünün və Saatlı-Becar mənzilinin 98-ci kilometrində Araz çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası görülən işlər sırasındadır.
Dünya Bankının layihəsi çərçivəsində Bakı-Böyük Kəsik sahəsində 25 kV-luq dəyişən cərəyanlı dartı sisteminə keçidlə əlaqədar və 50 ədəd dəyişən cərəyanla işləyən yeni yük lokomotivlərinin alınması üzrə müvafiq prosedurlara uyğun olaraq işlər davam etdirilir.
Neft dağılmalarına qarşı cavab tədbirlərində potensialın yaradılmasının tərkib hissələrindən biri kimi "Fövqəladə Hallar Qatarı" MMC-nin maddi-texniki bazasının yenidən qurulması istiqamətində bir sıra islahatlar aparılır. Zəruri yeni texnika, maşın-mexanizmlər, materiallar alınmış və "Fövqəladə Hallar Qatarı" MMC-nin Gəncə, Biləcəri, Hacıqabul, İmişli, Yevlax və Şabran bölmələri arasında paylanmışdır.
Dəmir yollarının təmiri və saxlanması üçün Avstriyadan alınmış yeni GSM 09-32, RM-80 və USP-2000 markalı yol təmiri maşınlarının fəaliyyəti və onların saxlanması üçün Biləcəridəki motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri emalatxanasında anqarın tikintisi başa çatmaq üzrədir.
Dövlət Proqramının tədbirlər planı çərçivəsində yanvar ayının 23-də Biləcəri stansiyası ərazisində suötürücü qurğuların və kanalizasiya sisteminin rekonstruksiyasına start verilmişdir və işlər sürətlə davam edir.
22 fevral 2012-ci ildə 24 saylı Salyan Rels-Qaynaqlama Qatarında 800 metrlik uzunölçülü relslərin hazırlanıb daşınmasına başlandı.
4 iyul 2012-ci ildə Qızılca qırmadaş zavodunun ikinci istehsal xətti və yeni bunkeri istismara verildi.
1 mart 2012-ci ildən Bakı-sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış pos-terminallar vasitəsilə nağdsız ödənişi tətbiq edildi.
Dövlət Proqramının icrası ilə bağlı layihələrin həyata keçirilməsində, texniki iqtisadi əsaslandırmaların və texniki sənədlərin işlənməsində, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamının icrası olaraq dəmir yolunun 2020-ci ilədək İnkişaf Konsepsiyasının hazırlanmasında "Əsaslı Tikinti və Texniki Nəzarət" MMC tərəfindən bir sıra mühüm işlər həyata keçirilir.
Növbəti illərdə də Dövlət Proqramının icrası ilə əlaqədar Azərbaycan hökuməti tərəfindən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin qarşısında mühüm vəzifələr qoyulmuşdur. Ümidvaram ki, qarşımızda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində kollektivimiz əzmlə çalışacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci ildə imzaladığı "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının dəmir yolunda icrasını təmin etmək, Azərbaycan Respublikası nəqliyyat nazirinin 25 iyun 2012-ci il tarixli əmrinin icrası ilə əlaqədar olaraq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun rəhbərliyi ilə İşçi Qrupu yaradılmışdır.
İşçi Qrup "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti yeni elektron xidmət növlərinin müəyyən edilməsi və tətbiqi istiqamətində gərgin iş aparır.
Göründüyü kimi, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində qatarların hərəkətinin təhlükəsizliyi təmin ediləcək və hərəkət sürətinin yüksəldilməsinə nail olunacaqdır. Dövlət Proqramının preampulasında bu, çox dəqiq ifadə olunub: "Ölkədə dəmir yolu nəqliyyat xidmətlərinə olan tələbatın tam ödənilməsi və ölkənin dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası üçün daha müasir nəqliyyat infrastrukturunun yaradılması, daşımalarda yük vahidinə nəqliyyat xərclərinin azalması, çevik tarif siyasətinin müəyyən edilməsi, Azərbaycanın tranzit potensialının artırılması, institusional islahatların aparılması, dəmir yolu nəqliyyatının fəaliyyətinə dair təkmil qanunvericilik bazasının formalaşdırılması, dəmir yolu sahəsi üçün yüksək ixtisaslı kadrların hazırlanması və onların sosial müdafiəsi təmin olunacaqdır".
Qarşıdan 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı günü gəlir. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 oktyabr 2005-ci il tarixli sərəncamı ilə 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı günü kimi təsis olunub və artıq 8 ildir ki, bu bayram böyük təntənə ilə qeyd olunur. Fürsətdən istifadə edib bütün dəmiryolçuları bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, onlara çətin və şərəfli işlərində daha böyük nailiyyətlər arzulayıram.
Arif ƏSGƏROV,
"Azərbaycan Dəmir
Yolları"
Qapalı Səhmdar Cəmiyyətinin
sədri
Xalq
qəzeti.- 2012.- 11 oktyabr.- S. 10.