Azərbaycan Turizm İnstitutunda ölkəmizdə ali təhsil
sahəsində magistratura pilləsində ilk ikili diplom
proqramına başlanılmışdır
Azərbaycanda son illər qeyri-neft sektorunun inkişaf
etdirilməsi və bu istiqamətdə turizmin dövlətin
müəyyənləşdirdiyi strateji xətlərdən
biri olması heç kimə sirr deyil. Ölkədə məhz
turizmin inkişafı üçün mövcud potensialdan məqsədyönlü
istifadə nəticəsində davamlı olaraq bir sıra
uğurlu islahatlar həyata keçirilir.
2005-cı ildən respublika Prezidentinin fərmanı ilə fəaliyyətə başlayan Azərbaycan Turizm İnstitutu məhz ölkə rəhbərinin bu sahəyə göstərdiyi böyük diqqət və qayğısının nəticəsidir. 200 tələbə ilə fəaliyyətə başlayan Azərbaycan Turizm İnstitutu illər ötdükcə təkcə təhsil sahəsində deyil, beynəlxalq əməkdaşlıq sahəsində də fəaliyyətini gündən-günə genişləndirir.
Bu fəaliyyətin nəticəsi olaraq, 2007-ci ildə ölkə tarixində ilk dəfə Azərbaycan Turizm İnstitutu və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında bakalavr pilləsi üzrə ikili diplom haqqında müqavilə imzalanmışdır. "Turizm və qonaqpərvərlik xidməti üzrə təhsil sahəsində əməkdaşlıq" müqaviləsinin şərtlərinə əsasən, Azərbaycan Turizm İnstitutunun 150-yə yaxın tələbəsi indiyədək bu proqramdan yararlanmış və hazırda onlar təhsillərini uğurla davam etdirirlər. Proqram çəçrivəsində 57 nəfər tələbə hər iki ali təhsil müəssisəsinin diplomunu almış və ölkənin aparıcı turizm müəssisələrində xüsusi mövqe sahibidirlər.
Bir il
bundan əvvəl institutun həyatında daha bir önəmli
hadisə baş verdi. Belə ki, 2011-ci ilin oktyabr ayının
12-də Azərbaycan və Avstriya prezidentləri yanında Azərbaycan
Turizm İnstitutu və Avstriyanın İMC Krems Tətbiqi Elmlər
Universiteti arasında magistratura sahəsində əməkdaşlıq
müqaviləsi imzalanmışdır. Bu müqavilə
ölkə rəhbərliyinin turizmə və onun kadr təminatına
verdiyi önəmin daha bir nümunəsi kimi dəyərləndirilir.
Qeyd edək ki, Azərbaycan Turizm İnstitutu fəaliyyətə
başlayan gündən dünya təcrübəsindən
yararlanaraq təhsil sahəsində bir sıra yenilikləri ilk
imzalayanlardan biridir. Onu da xatırlatmaq yerinə düşər
ki, ATİ-də təşkil edilən dünənki
görüşün iştirakçısı olan magistr tələbələr
Azərbaycanda bu proqram çərçivəsində ikili
diplom alacaq namizədlərdir.
İlk tədris
ilinin açılışı məqsədilə
Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin
prorektoru Karl Ensfelner və proqramın koordinatoru Andreas Veysenbak
Azərbaycana səfər etmişlər. Qeyd etmək yerinə
düşər ki, Avstriyanın İMC Krems Tətbiqi Elmlər
Universiteti öz fəaliyyətində beynəlxalq əməkdaşlığa
xüsusi önəm verir. Yarandığı gündən
beynəlxalq standartlara uyğun karyera yönümlü
proqramların təşkili ilə məşğuldur. Bu təhsil
ocağının diplomantları cəmiyyətdə və
iş həyatında maneəsiz yüksək mövqe tuta
bilirlər. Universitetin rəhbərliyi dünyanın müxtəlif
nüfuzlu ali məktəbləri ilə tərəfdaşlıq
müstəvisində keyfiyyətin yüksəldilməsi
prinsiplərinin uğurlu həllində maraqlıdır.
Bütün bunlar İMC Krems Tətbiqi Elmlər Universitetinin
təhsil və karyera sahəsində müsbət imic
qazanmasına səbəb olmuşdur. Azərbaycan Turizm
İnstitutunun məhz belə bir nüfuzlu universitetlə əməkdaşlıq
etməsi də təsadüfi deyildir. Çünki Azərbaycan
Turizm İnstitutunun hədəfi regionda turizm ixtisası
üzrə dünya standartlarına uyğun ixtisaslı kadr
hazırlığı, tədqiqat və təlim sahəsində
mərkəz statusu qazanmaqdır.
Magistratura
pilləsində ilk ikili diplom proqramına
başlanılması münasibətilə institutda təşkil
edilən toplantıda İMC Krems Tətbiqi Elmlər
Universitetinin prorektoru Karl Ensfelner, proqramın koordinatoru Andreas
Veysenbakç, ATİ-nin rektoru tarix elmləri doktoru, professor Cəfər
Cəfərov, qonaq qismində görüşdə dəvətlilər
və KİV nümayəndələri iştirak edirdilər.
Görüşü Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açaraq bildirdi ki, ATİ yarandığı gündən digər təhsil ocaqlarından daim yeniliklərin tətbiqilə fərqlənmiş, fəaliyyətində daha bir ilk addıma imza atmışdır. 2012-2013-cü tədris ilindən Azərbaycan Turizm İnstitutu Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində magistratura pilləsi üzrə ikili diplom proqramı üzrə dərslərə start vermişdir. Rektor 2011-ci ilin oktyabr ayının 12-də Azərbaycan və Avstriya prezidentlərinin iştirakı ilə imzalanmış müqavilənin xüsusi unikallıq kəsb etdyini diqqətə çatdırdı və ölkə rəhbərinə təhsildə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirdi.
Görüş iştirakçılarını salamlayan İMC Krems Tətbiqi Elmlər Universitetinin prorektoru cənab Karl Ensfelner iki təhsil müəssisəsi arasında yaranmış əlaqələrin yeni bir mərhələyə qədəm qoyduğundan məmnun qaldığını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Çıxışında xüsusi vurğuladı ki, bu iki ali təhsil müəssisəsi arasında imzalanmış müqavilələr təkcə əməkdaşlığa xidmət etmir, eyni zamanda, dostluq əlaqələrinin inkişafına səbəb olur. Karl Ensfelner 2012-2013-cü tədris ilində magistratura pilləsində təhsil alan bütün tələbələrə uğurlar arzuladı və toplantının sonunda görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2012.- 11 oktyabr.- S.
11.