Ulu öndərin fəaliyyətinin əsas
qayəsi demokratik dövlət və vətəndaş
cəmiyyəti quruculuğu idi
Ötən beş ildə
mən çalışmışam ki, Azərbaycanda
demokratik proses inkişaf etsin və hər
kəs demokratiyaya alışsın.
Şübhəsiz ki, demokratiya
olan yerdə iqtidar-müxalifət
vardır... Ancaq hamı ölkənin
Konstitusiyasına, ölkənin qanunlarına riayət etməlidir.
Ümummilli lider Heydər Əliyevin
1998-ci il oktyabrın 13-də prezident seçkiləri barədə
yerli və xarici jurnalistlər üçün verdiyi bəyanatdan
SSRİ-nin çökməsindən
sonra yaranmış gənc müstəqil dövlətlərin
hamısı çoxsaylı yeniliklərlə üzləşdi,
hərə özünəməxsus problemlərlə
yaşamalı oldu. Azərbaycanın isə belə problemləri
daha çox idi. Çünki Kommunist Partiyasının fəaliyyətinə
xitam veriləndən sonra ölkədə keçirilmiş ilk
iki prezident seçkisinin heç biri demokratik şəkildə
keçirilməmişdi.
Ona
görə də "seçilmiş" prezidentlərin
heç biri öz kürsüsündə otura bilmədi.
Dünyanın əksər ölkələrində dönə-dönə
sınaqdan çıxmış bir təcrübə var:
xalqın arzu və istəklərini ifadə etməyən istənilən
seçkinin nəticələri uzunmuddətli olmur.
Seçilmiş şəxsin hakimiyyəti o zaman davamlı
olur ki, xalq ona inansın, etibar etsin və həqiqətən səs
vermiş olsun. Müstəqil Azərbaycanın seçiciləri
belə bir lideri - inanılan, etibar olunan və həqiqətən
xalqın səsini qazanan Prezidenti 1993-cü ilin oktyabrında
seçmişdi. Liderin beş il ərzində ölkədə
həyata keçirdiyi islahatlar, xalqın arzu və istəyini
ifadə etməsi, dövlətin maraqlarını, vətəndaşların
mövqeyini yüksək səviyyədə qoruması isə
onun ikinci dəfə həmin vəzifəyə seçilməsi
ilə nəticələndi.
Heydər
Əliyev 1998-ci il oktyabrın 11-də ikinci dəfə Azərbaycan
Respublikasının Prezidenti seçildi. O zaman ölkənin
və regionun kütləvi informasiya vasitələrində belə
bir sual dolaşırdı: - Nə üçün yenə də
Əliyev? Hətta bu sual Azərbaycandan uzaqlarda - xarici ölkələrin
rəsmi şəxslərinə, tanınmış diplomatlara
da ünvanlanırdı. Rusiya rəsmiləri Azərbaycanda
keçirilmiş 11 oktyabr 1998-ci il prezident seçkilərindən
sonra yaranmış "Nə üçün yenə də Əliyev?"
- sualına cavab verərkən daha çox bu siyasi prinsipi əsas
götürürdülər: "Xalqın seçiminə
hörmətlə yanaşmaq hər kəsin borcudur".
Türkiyəli ekspertlər bu sualı daha özünəməxsus
bir diplomatik şəkildə cavablandırırdılar:
"Heydər Əliyevin son beş ildə Azərbaycan və
azərbaycanlılar üçün etdikləri onun əbədi
prezident seçilməsinə zəmin
yaratmışdır". Qonşu ölkələrdən fərqli
olaraq Azərbaycanda isə bu suala cavab verənlər siyasət
və diplomatiyadan daha çox tarixə əsaslanırdılar:
"20 Yanvar faciəsini, Xocalı soyqırımını, Gəncə
hadisələrini, dövlət çevrilişi cəhdlərini,
iki prezidentin vəzifə kürsüsünü qoyub
qaçmasını, ölkənin vətəndaş
müharibəsi həddinə gətirilməsini, aclıq,
yoxsulluq, işsizlik, xaos, anarxiya ilə dolu illərimizi yada
salan istənilən şəxs yenə də Heydər Əliyevə
səs verdi və daha bir neçə dəfə Heydər Əliyevə
səs verməlidir".
Ulu
öndərin ikinci dəfə Prezident seçilməsindən
sonra həmin bu tarixi hadisəyə qiymət verən
ziyalılarımızdan biri də akademik Budaq Budaqov idi. Bu sətirlərin
müəllifinin suallarını cavablandıran akademik
demişdir: "Təsəvvür edin, bir insan bataqlıqda
batır, boğulur. Kimsə özünü təhlükəyə
ataraq həmin batan şəxsi xilas edir. İndi sizcə, xilas
olmuş adam onu girdabdan çıxarana xilaskar deyəcək,
ya başqa birinə? Əlbəttə, xilaskara daha çox
inanacaq və etibar edəcək. Azərbaycan xalqı
1993-cü ilin yayında məhz həmin batan adam timsalında
idi. Heydər Əliyev bütöv bir xalqı girdabdan
çıxardı. Mən bütöv bir xalq deyəndə
ölkəmizdəki 8 milyonu demirəm (Müsahibə 1998-ci
ildə götürülmüşdü - red.). Mən 50 milyonluq
xalqımızı deyirəm. Hərgah biz ikinci dəfə
müstəqilliyimizi qoruya bilməsəydik, bütün
dünyadakı soydaşlarımızın başı
aşağı olacaqdı. Heydər Əliyev hər bir azərbaycanlını
həmin rüsvayçılıqdan xilas etdi. Oktyabrın 11-də
yenidən ona səs verənləri alqışlayıram.
Halal olsun o insanlara ki, haqqı, ədaləti, obyektivliyi qoruya
bilirlər".
Heydər Əliyev siyasi hakimiyyətinin ilk beş ilində Azərbaycanı problemlər girdabından çıxarmaq üçün nələri etmişdi? Əvvəla, gün batandan sonra küçəyə çıxa bilməyən paytaxt sakinləri üçün əmin-amanlıq, bütövlükdə respublikada daxili ictimai-siyasi sabitlik bərqərar edilmişdi. Buna nail olmaq üçün bütün silahlı birləşmələr vahid tabeçilik altında birləşdirilmiş, ayrı-ayrı adamların nəzarətində olan silahlı qruplar ləğv edilmiş, qoçuluq, quldurluq və özbaşınalıq edənlər zərərsizləşdirilmişdi. Bütün bunları görən və dövlətə inanan gənclər ordu sıralarına inamla getmiş, düşmənə sarsıdıcı zərbələr vurulmuşdu. Nəticədə isə cəbhədə atəşkəs haqqında sənəd imzalanmışdı. Bu sənəd bir tərəfdən ölkəmizin ordu quruculuğunu təşkil etməsi üçün möhlət kimi qiymətli idisə, digər tərəfdən iqtisadi böhranın aradan qaldırılması üçün zəmin idi.
Ölkədə daxili ictimai-siyasi sabitliyə nail olandan və cəbhədə atəşkəs haqqında saziş imzalanandan dərhal sonra ulu öndər özünün işləyib hazırladığı yeni neft strategiyasının icrası üçün yollar aramağa başladı. Bu strategiyanın icrası prosesində Azərbaycanın neft diplomatiyası da formalaşdı və həmin diplomatiyanın əsas icraçılarından biri o zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev idi. Ulu öndərin neft strategiyasının nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də beynəlxalq aləmin ən tanınmış şirkətlərinin yaratdığı konsorsiumla ARDNŞ arasında hasilatın pay bölgüsü sazişi - "Əsrin müqaviləsi" adlı mühüm tarixi sənəd imzalandı.
Əslində "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının iqtisadi böhrandan çıxması üçün bir açar rolunu oynayırdı. Çünki bu saziş ölkəyə milyardlarla dollar sərmayə gətirilməsini təmin edəcəkdi. Ancaq bəzi əcnəbi ekspertlər SSRİ dövründən qalmış Konstitusiya ilə işləyən Azərbaycana sərmayə yatırılmasının təhlükəli olduğunu xatırladır, xarici şirkətlər isə öz investisiyalarının qorunması üçün hüquqi baza tələb edirdilər. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu kursu götürmüş Heydər Əliyev istənilən problemin aradan qaldırılmasının ustası olduğunu bir daha sübut etdi və ölkədə hüquq islahatlarına start verildi. Məhz bu islahatların həyata keçirilməsi nəticəsində 1995-ci il noyabrın 12-də ilk milli parlamentin seçilməsi ilə yanaşı, ilk Konstitusiyamız da qəbul olundu. Bu konstitusiya ilə tanış olan əcnəbilər qəti surətdə inandılar ki, Azərbaycanda həqiqətən demokratik və hüquqi dövlət qurulur.
Heydər Əliyevin prezidentliyinin birinci dövründə əldə olunmuş əsas uğurlardan biri də 1996-cı ilin dekabrında ATƏT-in Lissabon sammitində bu qurumun Ermənistanı işğalçı dövlət kimi tanıyan ilk rəsmi sənədin qəbul edilməsi idi. Eyni zamanda 1996-cı ilin yazından etibarən ölkədə iqtisadi dirçəlişin əlamətləri də görünürdü. Bütün bunları əsas götürən Azərbaycan xalqı 1998-ci il oktyabrın 11-də yenidən ulu öndər Heydər Əliyevə səs verdi. Həmin seçimin nəticəsi isə göz qabağındadır. Bu gün Azərbaycanın uğurları bütün dünyada ən yüksək səviyyələrdə təqdir olunur.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2012.- 11 oktyabr.- S. 5.