"Cənub mirvarisi qızıl Lənkəran..."
Düz 265 il öncə - 1747-ci ildə Lənkəran
qalası ilə eyni vaxtda
burada məşhur mayakın da inşasına başlanıb. İndi də duran bu mayak şəhərin ümumi mənzərəsində o qədər nəzərə çarpmasa
da, Lənkəran özü
cənub bölgəsinin mayakına çevrilib,
gözəlliyi ilə
hər kəsi heyran qoymaqdadır.
Yaşıllıqları
göz oxşayan bu şəhər ölkəmizin cənubunda
qocaman Xəzərin zümrüd qaşına bənzəyir.
Vaxtılə burada gözəl bir ənənə olub: şəhərə
gələn qonaqlar düşdükləri ünvanda mütləq
ağac əkməli idilər. Bir vaxt Süleyman Sani Axundov Lənkəranda
yaşayıb-yaradan Müslüm Maqomayevgildə qonaq olarkən
adətə riayət edərək onun bağçasında
ağac əkmişdir. Lənkəran şəhərinin fəxri
vətəndaşı olmuş böyük rus şairi Nikolay
Tixonov isə şeirlərinin birində yazırdı:
Səfalı
Lənkəran torpağında mən
Bir
eldar ağacı əkdim bir səhər...
Lənkəranın
yaşıl libası, Hirkan Milli Parkı, Qızılağac
Dövlət Təbiət qoruğu, Kiçik
Qızılağac Təbiət yasaqlığı bölgənin
flora və fauna zənginliyini əks etdirir. Füsunkar təbiət,
məhsuldar torpaqlar indi də yerli iqtisadiyyatın əsasını
təşkil edən ənənəvi əkinçilik və
bağçılıq mədəniyyətinin
formalaşmasını şərtləndirib.
Ulu öndər, unudulmaz dahi şəxsiyyət Heydər Əliyev Lənkəranın inkişafına xüsusu önəm verirdi. Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi Lənkərana səkkiz dəfə səfər edib və tərəqqi layihələrinin sürətləndirilməsinə daim əməli dəstək göstərib. Təkcə bu il 8 iyun tarixli sərəncamı ilə 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 4 milyon, 1 avqust tarixli sərəncamı ilə isə Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə daha 5 milyon manat ayırmışdır.
Bir neçə ay əvvəl Lənkərana növbəti səfərində Prezident İlham Əliyev abadlıq-quruculuq işləri ilə tanış olmuş və lənkəranlıların qurub-yaratmaq əzmini yüksək dəyərləndirmişdir: "Çox şadam ki, Lənkəranda işlər yaxşı gedir. Rayon inkişaf edir, şəhər gözəlləşir, abadlaşır, gözəl binalar ucaldılır. Bu gözəl mərkəz də həm memarlıq, həm funksional baxımdan çox dəyərlidir, qiymətlidir, ulu öndərin xatirəsinə ehtiramın əlamətidir... Biz hamımız ulu öndərin siyasi xəttinə sadiqik, bu xətti davam etdiririk. Lənkəranda son illər ərzində görülmüş işlər bu siyasətin bariz nümunəsidir, onun təzahürüdür".
İnkişafa yönəldilmiş sərəncamların imzalanması lənkəranlıları daha da ruhlandırıb. Ayrılan vəsaitlərin Lənkəranın tarixi-mədəni irsinin mühafizəsi və bərpası, şəhərsalma, istirahət, turizm infrastrukturunun bölgənin təbiətinə, memarlıq ənənələrinə uyğun müasir şəkildə yenidən qurulması işlərini sürətləndirəcəyi şübhəsizdir. Eyni zamanda, dövlət qayğısı hər kəsin doğma diyarın tərəqqisinə töhfələr vermək səylərini daha da artırıb. Bu ilin aprelində idarəetmə sahəsində böyük təcrübəsi olan Taleh Qaraşov Lənkərana icra hakimiyyəti başçısı təyin ediləndən sonra rayonun həyatında xüsusi bir canlanma yaranıb, camaatın fəallığı artıb. Yerlərdə keçirilən mütəmadi görüşlər prioritet vəzifələri müəyyənləşdirməyə və həyata keçirməyə kömək edir. Hər həftə keçirilən iməciliklər əsl yurdsevərlik nümunəsinə çevrilib. Hamı bu tədbirlərə həvəslə qatılır, əlindən gələni etməyə çalışır ki, doğma rayon daha da gözəl və abad olsun.
Lənkəranlılar tarixi səfərin hər anını iftixarla xatırlayır, rayona qayğıdan sonsuz fərəh duyur və minnətdarlıq hisslərini ifadə etməkdən zövq alırlar.
Bölgəyə ötən səfərimdə Azərbaycan radiosunda çalışan lənkəranlı həmkarım Mübariz Süleymanlı, həmçinin rayonun ağsaqqallarından Səadət Tağıyev və Rafiq Qasımovla görüşdə Lənkəranın inkişaf meyllərindən, burada aparılan möhtəşəm işlərdən söz düşdü. Mübariz fikirlərini özünəməxsus coşğu ilə ifadə elədi:
-Vaxtilə bu gözəl
bölgədə yaşayıb-yaratmış şair
Vaqif Hüseynov Lənkəranı
böyük ilhamla tərənnüm
edərdi. Bu misralar da onundur:
Lənkəran deyəndə qabarır sinəm,
Onun köksündəki ehtişama bax!
Lənkəran - əbədi zəngin xəzinəm,
Bir tərəfi dəniz, bir tərəfi dağ!
Doğrudan da, Lənkəran kürəyini yamyaşıl dağlara söykəyib, ayağını Xəzərin ləpələrində yuyur. Bu günkü inkişaf onu daha da cilvəli, daha da cazibədar etmişdir. Şair sağ olsaydı, Lənkəranın yeni növrağına yeni-yeni dastanlar qoşardı. Bura sözün əsl mənasında cənub bölgəsinin şəriksiz tarixi, mədəni, elmi mərkəzi, mayakıdır. Lənkərana hər gəlişimdə bu gözəlin hüsnünə baxıb öyünürəm, yenilikləri öz qələbəm, uğurum kimi qarşılayıram. Son aylarda burada abadlıq yürüşü, necə deyərlər, güclü sıçrayışlarla davam edir. Şəhərin yeni rəhbərliyinin quruculuq səyləri hər mənada tərifəlayiqdir. Eşq olsun bu gözəlliyi qoruyub inkişaf etdirənlərə!
Mübariz Süleymanlı özü də şairdir, poetik duyğuları tez-tez radio və televiziyada, mətbuat səhifələrində işıqlandırılır. "Tanrının verdiyi min bir nemət var, Dünyanın rəngləri xan Lənkəranda..." misralarının müəllifi də odur. Onu da deyim ki, Mübariz bu şəhərə canı, qanı ilə bağlı olanlardandır: ana babası Mirmustafa xan Lənkəranın valisi olub. Onun sözlərinin səmimiyyəti bir anda adamın qəlbini sarır.
Çay süfrəsi arxasında söbətləşdiyimiz ağsaqqallar da Lənkəranın bugünkü büsatına sevindiklərini dilə gətirdilər.
İcra hakimiyyəti aparatında öyrəndim ki, ölkə başçısının sərəncamı ilə ayrılmış 4 milyon manatlıq vəsaitlə Lənkəran-Vilvan-Osaküçə-Türkəncil yolunda əsaslı təmir işləri başa çatdırılmış və yol artıq istifadəyə verilmişdir. Azərbaycan Prezidentinin digər sərəncamı ilə ayrılmış 3,2 milyon manatlıq vəsait hesabına isə Şürük-Vel-Qamışlı yolunda əsaslı təmir işlərinə başlanmışdır.
Lənkəran şəhərində abadlıq-quruculuq işləri üçün ayrılmış 5 milyon manatlıq vəsaitə uyğun olaraq küçələr, yollar genişləndirilir, səkilər yenidən qurulur, tamet plitələrlə bəzədilir. Küçələrdə, park və meydanlarda müasir işıqlandırma sistemləri qurulur. Dörd çoxmərtəbəli yaşayış binasının dam örtükləri, fasadları əsaslı şəkildə təmir olunur. Yolların kənarlarında müasir üslubda hasarlar inşa edilir və üzlük laylarla örtülür.
Hazırda ümummilli lider Heydər Əliyevin adını daşıyan Xatirə parkı başdan-başa yenidən qurulur. Yaxınlıqdakı "göydələn" binalar kompleksi ümumi ansamblı gözəl tamamlayır. Son aylarda Lənkəran şəhərində Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı çox yüksək zövqlə inşa edilmişdir. Hazırda şəhər ərazisində Gənclər Mərkəzi, 24 mənzilli yaşayış binası tikilməkdədir. Bununla bərabər, evləri qəzalı vəziyyətdə olan 10 ailə üçün yeni mənzillər inşa edilir.
Təhsilin maddi-texniki bazası durmadan genişlənir. Bu il Şilavar kəndində
220 yerlik ümumi orta, Xarxatan kəndində və Hirkan qəsəbəsində
isə 360 yerlik tam orta məktəblər inşa olunaraq yeni dərs ilində istifadəyə verilmişdir. Hazırda 640 yerlik Vilvan
kənd orta məktəbinin və 110 yerlik şəhər 5 saylı uşaq bağçasının tikintisi
davam etdirilir. Yaxın vaxtlarda 220 yerlik Bəliton kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlanacaq. Ümumilikdə 2004-2012-ci illər ərzində Lənkəranda dövlət
vəsaiti hesabına
15, Heydər Əliyev
Fondunun hesabına isə 9 məktəb binası tikilmişdir.
Həmin müddətdə
rayonda 3 məktəb və 1 uşaq bağçası əsaslı
təmir olunmuş, ayrı-ayrı məktəblər
üçün 1100 yerlik
əlavə sinif otaqları inşa edilmişdir.
Lənkəranın ən ciddi problemi
istismar müddətini
başa vurmuş su-kanalizasiya sistemidir. Son illərdə Bakı şəhəri ilə yanaşı, xüsusi layihələr üzrə
ölkənin bütün
regionlarında su təchizatı yaxşılaşdırılır,
kanalizasiya şəbəkələri
yaradılır. Xatırladaq ki,
"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"nda bununla
bağlı geniş tədbirlərin həyata
keçirilməsi nəzərdə
tutulmuşdur. Hazırda Prezident
İlham Əliyevin tapşırığı ilə
ölkənin 54 rayonunda
bu istiqamətdə tədbirlər davam etdirilir. Artıq bir neçə
aydır ki, Lənkəranda da su-kanalizasiya sisteminin yenidən qurulmasına
start verilib. Smeta dəyəri
180 milyon dollar olan bu sistem istifadəyə
veriləndən sonra
problem tam həllini tapacaq.
İndi Lənkəranda qazlaşdırma
işlərinin sürəti
daha da artıb. Rayonun rəhbərliyi
bu sahəyə diqqəti xeyli artırıb. 2013-cü ilin sonlarına qədər Lənkəran
şəhəri, qəsəbə
və kəndlərin
əksəriyyəti qazlaşdırılacaq.
Şəhərin elektrik təsərrüfatında
da yenidənqurma işləri aparılır.
Lənkərana səfərində dövlətimizin
başçısı İlham
Əliyev görülmüş
işlərdən razılığını
ifadə etmişdir:
"Lənkəranın uğurlu
inkişafı demək
olar ki, ölkəmizdə gedən
bütün prosesləri
özündə cəmləşdirir.
Biz növbəti illərdə
daha da sürətli
inkişafa nail olmalıyıq
ki, Lənkəran şəhəri də, rayonu da gözəlləşsin,
abadlaşsın, insanlar
daha da yaxşı
yaşasınlar".
...Bir ay idi ki, paytaxt Bakı ilə bərabər, Lənkəran şəhəri də dünya futbol aləminin diqqət mərkəzində idi. Burada "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012" oyunları keçirilirdi. Olimpiya İdman Kompleksi, "Xəzər-Lənkəran" klubunun stadionu, digər idman qurğuları mötəbər yarışlarla nəfəs alırdı. Şəhərə əsl bayram ovqatı hakim idi. Bir neçə ay öncə isə Lənkəran Avropa miqyaslı yarışların mərkəzinə çevrilmişdi. Dünyanın 26 ölkəsini təmsil edən kişi və qadın veteran ağır atletlərin toplaşdığı həmin yarışlar üçün də ideal şərait yaradılmışdı. Bu faktlar əyalət şəhərinin aşkar üstünlüklərinin göstəricisidir.
Lənkəranda idarəetmənin təkmilləşdirilməsi, çevik texnologiyaların tətbiqi, təşəbbüslərə əməli dəstək verilməsi, insan resurslarının səmərəli yönləndirilməsi təqdirəlayiqdir. Abadlıq-quruculuq işləri isə bugünkü Lənkəranın simasını müəyyənləşdirir. Bu yaxınlarda icra hakimiyyətinin başçısı Taleh Qaraşovla söhbət zamanı rayondan daha geniş həcmli yazı hazırlamaq istəyimi bildirdim. O isə dedi ki, beş-altı ayda həyata keçirilənlər hələlik, olsa-olsa, aysberqin görünən tərəfidir. Qoy, iki-üç ay da keçsin, dəyişikliklər daha aydın nəzərə çarpsın, sonra cənab Prezidentin tapşırığı ilə görülən işlərdən bir qədər də ətraflı yazarsınız. İndi yalnız başlanğıc mərhələsindəyik.
Bu sözlərin davamı olaraq deyim ki, başlanğıc mərhələsi olsa da, fərəhli nəticələr üfüqdən boy göstərməkdədir. Sağlıq olsun, ilin sonuna yaxın gəlib uğurlarla daha ətraflı tanış olar və oxucuları da müjdələyərik.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2012.- 12 oktyabr.- S. 6.