İdeologiya və
sosial modernləşmə
Azərbaycan əhalisi
polietnik tərkibdən ibarət olduğu üçün
burada mövcud olan siaysi və vətəndaş
ideologiyası bu fakta çox həssas yanaşmalıdır.
Mən "siyasi" və "vətəndaş"
ideologiyası dedikdə, heç də ideologiyanı iki
müxtəlif növə bölmürəm. Əslində, vətəndaş
ideologiyası siyasi ideologiya, siyasi ideologiya isə vətəndaş
ideologiyası kimi çıxış etməlidir.
Fərq isə bundan ibarətdir ki, siyasi ideologiya daha çox dövlət həyatından, idarəetmə texnologiyasından, idarə edənlərin hakimiyyətdə qalmaq istəyindən və s. çıxış etdiyi halda, vətəndaş ideologiyası sadəcə olaraq, istədiyi, bacardığı fəaliyyət növü ilə məşğul olmaq, sakit yaşamaq, öz yaxınlarının qayğısını çəkmək və s. mövqedən çıxış edir. Əgər siyasi ideologiya makro miqyaslı hesablamalara, planlaşdırmalara, strukturlararası koordinasiyalara və s. əsaslanırsa, vətəndaş ideologiyası mikro miqyaslı qayğılara, istək və arzulara söykənir. Siyasi ideologiyada ölkənin əhalisi onu təşkil edən etnik qrupların müxtəlifliyinə deyil, onun vahid dövlət halında olan birliyinə əsaslanır. Başqa sözlə, bu ideologiya özündə multikulturalizmi də ehtiva edir. Burada millilik siyasi birlik kimi başa düşülür və Azərbaycanda bu məsələ tarixən öz məcrasına düşmüş məsələlərdən biridir. Buradakı etnos müxtəlifliyi, demək olar ki, şərtidir. Çünki bu etnoslar bir-biri ilə qaynayıb-qarışıb, qohum olublar. Talışlar, ləzgilər, avarlar, türklər, kürdlər və başqaları - hamısı vahid Azərbaycanı təmsil edirlər və azərbaycanlılardır. Vətəndaş ideologiyasına gəldikdə isə, onların həyat tərzləri, məişətləri və s. arasında müəyyən fərqlərin olması nəzərdə tutulur. Bunların hamısı bir işə bir yerdə vahid Azərbaycan mədəniyyətinin inkişafına xidmət edir. Azərbaycan milləti monomillət yox, polimillətdir. Bu polimillətin içərisində türklərin sayca çoxluğu onu əsas, aparıcı qüvvəyə çevirir və buna görə də onun dövlət dili Azərbaycan türklərinin dili və bütövlükdə Azərbaycan dilidir.
İyirmi il bundan əvvəl SSRİ adlanan dövlətin və ölkənin dağılması müstəqillik əldə etmiş ölkələrin və xalqların həyatında, dünyaya baxışında və mənəvi aləmində ciddi dəyişikliklərin baş verməsinə səbəb oldu. Lakin bu dəyişikliklər bəzi hallarda düşünülmüş və sistemli halda deyil, kortəbii və xaotik şəkildə getməyə başladı. Burada kimi, yaxud kimləri isə günahlandırmaq yox, ictimai-siyasi proseslərin təbii-tarixi gedişinin mahiyyətini və burada özünü göstərən qanunauyğunluqları dərk etməyə çalışmaq lazımdır. Dünya tarixində belə hadisələr kifayət qədərdir və bunlarda, demək olar ki, eyni qanunauyğunluqlar özünü göstərir. Kütlənin önündə gedən siyasi liderlər tarixin gedişinə müəyyən təsir göstətərərək onun yeni bir dövrünün başlanmasında müəyyən rol oynasalar da, bütövlükdə tarixin ümumi gedişindən qaça bilmirlər.
Keçmiş SSRİ-nin dağılması onun əhatə etdiyi ərazidə inqilabi dəyişikliklərin baş verməsinə səbəb olmuşdur. Başqa sözlə, SSRİ-nin dağılması, sözün əsl mənasında, inqilab idi. Bu ittifaqa daxil olan respublikaların müstəqillik əldə etməsini baş vermiş inqilabın əməli başlanğıcı hesab etmək olar. Müstəqillik əldə olunandan keçən 20 il ərzində keçmiş cəmiyyətə xas olan ictimai, iqtisadi, siyasi və ideoloji münasibətlər sistemi uçulub tökülmüş, tamamilə yeni cəmiyyət və yeni ictimai münasibətlər sistemi yaranmağa başlamışdır. Beləliklə, sözün həqiqi mənasında, inqilab baş vermişdir. Lakin bizdə "inqilab" anlayışı hələ də köhnə bolşevizmin şərhi və təqdimatı əsasında başa düşüldüyündən elmi, elmi kütləvi ədəbiyyatda və informasiya vasitələrində bu anlayışdan, demək olar ki, istifadə olunmur. Bu isə baş verən dəyişikliklərin hamı tərəfindən anlaşıqlı halda başa düşülməsini çətinləşdirir. Bəzi adamlar (yaşlı və orta nəslə məxsus) hələ də sovet dövrünə məxsus anlayış və ifadələrdən istifadə edirlər. Bəzən də, sadəcə olaraq məzmunu saxlamaq şərti ilə onların formasını dəyişdirirlər. Hələ də adamlar elə bilirlər ki, inqilab bolşeviklərin dediyi, yazdığı və kinofilmlərdə çəkildiyi kimi, böyük bir kinlə intiqam almaq, qırmaq, məhv etmək ehtirası ilə qılıncla, tüfənglə, pulemyotla, topla üz-üzə gələn, bir-birini məhv etməyə hazır olan insan qruplarının iştirakı ilə baş verən hadisələrdir. Keçən əsrin 90-cı illərinin əvvəllərində isə belə hadisələr baş vermədiyi üçün inqilabdan danışmağa ehtiyac qalmır. Sovet ordusunun Tiflisdə, Tallində, Bakıda törətdiyi qırğınlar isə epizodik hadisələr, həm də sovetlərə aid olan hadisələr kimi qiymətləndirilir. Hansı ki, bunları böyük bir inqilabın prelyudiyaları da adlandırmaq olar.
Məlum olduğu kimi, inqilab dedikdə, sözün əsl mənasında, cəmiyyətin siyasi, sosial, iqtisadi və mənəvi həyatında baş verən köklü dəyişikliklər başa düşülür. Lakin bunların heç də hamısı eyni səviyyədə və eyni sürətlə baş vermir. Siyasi dəyişikliklər, yaxud siyasi proseslər həmişə qabağa düşür. Əlbəttə, burada söhbət sosial-siyasi inqilabdan gedir. Bu köklü dəyişikliklər yaxşı, ya pis olmasından asılı olmayaraq (bu haqda rus mətbuatında kəskin mübahisələr davam etməkdədir) keçmiş SSRİ məkanına daxil olan bütün respublikalarda, o cümlədən Azərbaycanda da baş vermişdir.
Azərbaycanda isə bu proses bəlkə də daha gərgin və daha sarsıntılı olmuşdur. Əlbəttə, mövcud olanı qısa müddətə dağıtmaq, məhv etmək mümkündür. Lakin dağıdılanın yerində hansısa bir yenisini yaratmaq, həm də onun sosial faydalılıq əmsalını artırmaq son dərəcə çətindir. "Sosial faydalılıq əmsalı" ifadəsini ona görə işlədirəm ki, cəmiyyətdə baş verən bütün siyasi hadisələr məhz bu əmsal adı altında qiymətləndirilir. Hamı bu əmsaldan çıxış edir. Sonradan bu əmsalın praktik olaraq həyati fakta çevrilməməsi isə ümidsizlik, inamsızlıq, biganəlik vakuumu yaradır.
Əlbəttə, baş vermiş hər hansı bir hadisə haqqında sonradan söylənilən ən ağıllı fikrin artıq həmin hadisəyə hansısa bir təsir etmək imkanı yoxdur. Çünki atalar demişkən, "arxadan atılan daş topuğa dəyər". Ancaq bu və ya digər hadisə haqqında fikir söyləməmək, onu araşdırmağa çalışmadan mümkün deyil. Tarix fəlsəfəsi və sosial fəlsəfə də elə bu zərurətdən yaranmış və mövcuddur. Axı, istər ayrı-ayrı xalqların, istərsə də bizim keçdiyimiz tarixi yol düşüncə və fəaliyyətimizin göstəricisidir. Bu tariximizi bəzəyib-düzəməklə, onu gündə bir rəngə salmaqla obyektiv araşdırma əvəzinə, tərifləməklə biz bir şey qazanırıqmı? Əksinə, reallıqdan danışmaq əvəzinə, reallıqdan çox uzaq olan "xalis ağıl oyunu" oynayırıq. 1989-1992-ci illərdə xalqın önünə çıxaraq onu öz arxasınca aparmaq iddiasına düşənlər və çox qısa müddətə buna nail olanlar yaddan çıxardılar, yaxud başa düşmədilər ki, populist çıxışlar və əsassız vədlərlə çox da uzağa getmək olmaz. Xalqın onların ətrafına yığılması isə mövcud sosial-siyasi vəziyyətdən olan narazılıq, boş hay-küydən yorulub cana doymaqdan irəli gəlirdi. Xalq hər hansı yeni bir qüvvənin ətrafında birləşməyə hazır idi. O dövrün liderləri isə, şübhəsiz ki, siyasət aləmində, idarəetmə işində səriştəsiz idilər. Bunu isə onlara irad tutmağın özü mübahisəli məsələdir. Çünki onlar bu işi öyrənməmişdilər, bunu onlara heç kim öyrətməmişdi. Buna görə də onlar real siyasətdən daha çox siyasi romantikaya meyil edirdilər. Çox vaxt istər ölkə daxilində gedən prosesləri, istərsə də bu proseslərə kənar qüvvələrin təsirini düzgün qiymətləndirə bimirdilər. Təəccüblüsü budur ki, o vaxtki liderlərin bir qismi yol verdikləri səhvləri, nöqsanları bu gün də tam etiraf etmir, bəzi aci nəticələri qəhrəmanlıq nümunəsi kimi qələmə verir. Düzdür, bu hadisələrdə (xüsusilə 1990-cı ilin 20 Yanvar qırğınında) qəhrəmanlıq nümunəsi var və bunu heç kim inkar edə bilməz. Lakin "bu qəhrəmanlıq nə verdi?" - sualına hələ də birmənalı cavab tapmaq mümkün deyil. Qəhrəmanlıq həmişə konkret nəticə ilə ölçülən anlayışdır. Baş verən ictimai-siyasi xarakterli hadisələrdə konkret halda kimi isə və yaxud kimləri isə günahlandırmaq həmişə mübahisəli məsələdir. Mən deyərdim ki, belə hadisələrdə əgər günahkar axtarılsa, bu daha çox bütövlükdə siyasi və elmi elitadır. Axı cəmiyyətin mövcud problemlərini həll etmək onların vəzifəsidir. Yəni burada günahkar axtarmalı olsaq, yaşlı nəslin nümayəndəsi kimi, bu günahkarlardan biri də elə mənəm. Buna görə də yaxamızı kənara çəkmədən hamımız öz səhvlərimizi etiraf etməliyik. O dövrdə ölkəyə başçılıq edənlər isə bunu mütləq etməlidirlər. Bu, onların nüfuzunu (əgər varsa - A.Ş.) heç də aşağı salmaz, əksinə, qaldırar. Öz səhvini etiraf etməmək, ona min cür bəraət donu geyindirmək, hər şeydən əvvəl, qorxaqlıq əlamətidir. Tarix isə qorxaqlıq, anlamamaq üzərində deyil, ağıl, zəka, cəsarət və iradə gücünə irəli gedir. Səhvləri etiraf etmək, təkrar etməmək üçün onları araşdırmaq, bəzəyib-düzəməkdən daha faydalıdır və bu insanı heç də nüfuzdan salmır, əksinə, ona hörmət, səmimiyyət və inam gətirir. Etiraf edək ki, 20 Yanvarda əliyalın, öz ölümündən başqa heç nə ilə müqavimət göstərməyə imkanı olmayan xalqı tank və pulemyotların qabağına çıxarmaq o qədər də düşünülmüş və ağıllı hərəkət deyildi! Çünki erməniləri müdafiə edən mərkəzi hakimiyyət Qarabağda ermənilərin mövqeyini möhkəmlətmək, Bakıda və Azərbaycanda qırğınlar törətmək üçün bəhanə axtarır, bu yolda hər cür təxribatdan istifadə etməyə hazır idi və buna şərait də yaradırdı. 1993-cü ilin yayında Qarabağ döyüşlərində, xüsusilə Xocalıda sovetlərdən qalmış 366-cı motatıcı hissənin, xüsusi təyinatlı hərbi dəstələrin və qırx tankın iştirakı bunu açıq göstərir.
20 Yanvar hadisəsinin SSRİ-nin dağılmasına təsiri məsələsinə gəldikdə isə bu da son dərəcə mübahisəli məsələdir. Çünki SSRİ-ni dağıdanlar, əslində, Yeltsin (Rusiya), Şuşkeviç (Belarusiya) və Kravçuk (Ukrayna) olmuşlar. Bunların heç birində isə o vaxtki sovet ordusu heç bir kütləvi qırğın törətməmişdi. Buna görə də SSRİ-nin dağılmasında guya Azərbaycanda kimlərinsə, hansı dəstələrinsə xüsusi xidmətinin olması əsas deyil, təsiredici şərtdir. Kommunizm quruculuğu kimi abstrakt, qeyri-real ideoloji mühitdən çıxmış insanları artıq praktikada özünü təsdiqləməyən ideyalarla aldatmaq, onları az da olsa, inandırmaq mümkün deyildir. Azərbaycana gəldikdə isə indi belə bir ideya Dağlıq Qarabağın erməni işğalından azad olunmasıdır. Bu ideyanın həyata keçirilməsi heç də Qarabağın azad olunması ilə başa çatmayacaqdır. Onun həyata keçirilməsi xalqda böyük bir qürur və ləyaqət hissinin əmələ gəlməsinə, möhkəm birliyin yaranmasına səbəb olacaqdır. Buna görə də Qarabağ hadisəsinə yalnız onun erməni işğalından azad edilməsi kimi baxmaq məsələyə birtərəfli yanaşma olardı.
İqtisadi, siyasi-mənəvi həyatda totalitarlığın hökm sürdüyü və buna görə də sözdə nə qədər inkişafdan danışılsa da əməldə gündən-günə paslanma, deqradasiya prosesinə məruz qalan bir qondarma cəmiyyətdən insanların müstəqil düşüncə və fəaliyyətinə əsaslanan, ideoloji stereotipləri ilə deyil, mahiyyəti etibarı ilə sosial yönümlü cəmiyyətə (əslində, vətəndaş cəmiyyəti) keçmək heç də bir ilin, beş ilin məsələsi deyil. Burada on illərlə ölçülən zaman müddəti lazım gəlir. Cəmiyyətin və vətəndaşların xüsusilə idarəetmə, elm və təhsil sahəsində çalışanların peşə səviyyələrinin yüksəkliyi və mənəviyyatlarının təmizliyi tələb olunur. Əgər cəmiyyətdə sosial ədalət bərpa olunmasa, adamların peşə və mənəvi səviyyəsi yüksəlməsə, aparılan bütün inzibati tədbirlər, dəyişikliklər istənilən nəticəni almaq üçün kifayət etməyəcəkdir.
Müstəqilliyimizdən keçən iyirmi il ərzində yeni cəmiyyət quruculuğunun bütün sahələrində uğurlar əldə olunmuşdur. Lakin hələ öz həllini gözləyən problemlər də çoxdur və onların həlli heç də yalnız hansısa bir qərarın, sərəncamın, qanunun qəbul edilməsi ilə deyil, məhz insanların düşüncəsi və fəaliyyəti ilə bağlıdır. İnsan amili hər şeyin həm başlanğıcı, həm də sonudur. Yerdə qalanlar isə istiqamətverici və köməkçi vasitələrdir. İnsan gündəlik gəlir (qazanc) dalınca qaçırsa o, bizdə geniş yayılmış alverçiyə çevrilir. Əgər o, bir az uzağı görə bilirsə, bütün çətinliklərə dözərək təsərrüfatla (iqtisadiyyatla) məşğul olursa, o zaman ləyaqətlə yaşayan vətəndaş olur.
Yuxarıda haqqında bəhs olunan məsələlər belə bir nəticəyə gəlməyə əsas verir ki, cəmiyyət tarixi heç də nağıllarda olduğu kimi, möcüzələrdən ibarət olmayıb özünün daxili məntiqindən, obyektiv gedişindən ibarət qanunauyğunluqlara tabedir. Bu qanunauyğunluqların yaranması, formalaşması və fəaliyyəti isə insanların özlərinin düşüncə və həyat tərzlərinin əsas və ümumi cəhətləri ilə müəyyənləşir. Xalqlar, cəmiyyətlər, ölkələr arasındakı fərqlərin mühüm səbəblərindən biri də elə bu qanunauyğunluqdur. Bunu yüksəltmək və cəmiyyətin dinamik inkişafını təmin etmək üçün bütövlükdə cəmiyyətə və onun vətəndaşlarına onların gündəlik həyatına müsbət təsir edə biləcək praktik əhəmiyyətə malik ideologiya lazımdır. İdeologiya siyasi məzmundan daha çox sosial məzmuna malik olmalıdır. Onun siyasi əhəmiyyəti sosial məzmunundan irəli gəlməlidir. Sosial məzmun ölkə vətəndaşlarının gündəlik həyatı, düşüncəsi, fəaliyyəti və bu fəaliyyətin şəxsi və ictimai faydalılığı ilə bağlıdır. Bilavasitə hansısa bir məhsulu istehsal edən və bu istehsala yardımçı olan hər hansı bir fəaliyyət növü fərdi və ictimai məzmuna malikdir. Xidmət sahəsi, onun məzmun və keyfiyyəti isə maddi istehsal sahəsinin genişlənməsi və real gəlirin artması ilə bağlıdır. Buna görə də cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərini ifadə edən vahid ideologiya olmalıdır. Belə bir ideologiya böyükdən kiçiyə cəmiyyətin bütün üzvlərini, bütün vətəndaşlarını əhatə etməli, birləşdirməlidir. Sual meydana çıxır: nədə və necə birləşdirməlidir? Məgər bu, on illər öncə tərk etdiyimiz totalitar ideologiya deyilmi? Demokratiya və plüralizm şəraitində hamının qəbul edə biləcəyi vahid ideologiya mümkündürmü? Bu qəbildən olan sualların sayını artırmaq da olar. Lakin elə bunlar da mövcud mənzərə haqqında kifayət qədər təsəvvür yaradır. Həm də məsələnin o qədər də asan olmadığını göstərir. Buna görə də son iyirmi ildə Azərbaycanda ictimai və humanitar elm nümayəndələri, eləcə də siyasi xadimlər tərəfindən ideologiya və onun müxtəlif istiqamətlərinə aid xeyli diqqətəlayiq monoqrafiya və məqalələr yazılmış, araşdırmalar aparılmışdır. O cümlədən, bu sətirlərin müəllifi də müxtəlif məqalələrlə çıxış etmişdir. Lakin hesab edirəm ki, bir neçə məqama yenidən baxmağa ehtiyac var.
Aydın ŞİRİNOV,
professor
Xalq qəzeti.- 2012.- 12 oktyabr.- S. 5.