Ermənistanın
dövlət terrorizmi və Azərbaycana
qarşı təcavüzkar siyasətinin nəticələri
Son iki əsrdə xalqımıza
qarşı erməni millətçiləri tərəfindən
məqsədyönlü şəkildə həyata
keçirilən və hər zaman terrorla müşahidə edilən etnik təmizləmə, soyqırımı və
təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin
faciələrlə, o cümlədən qanlı hadisələrlə
dolu olan çox ağrılı mərhələlərini
təşkil edir. Bu
millətçi-şovinist siyasətin əsas məqsədi
azərbaycanlıları tarixi
torpaqlarından qovmaqla bu
əzəli Azərbaycan ərazilərində ermənilərin
uydurduqları "Böyük Ermənistan"
dövləti yaratmaq olmuşdur.
Elmi
araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi
olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu
göstərir. Erməni millətçiləri XIX əsrin
sonunda - 1885-ci ildə Marseldə "Armenakan", 1887-ci ildə
Cenevrədə "Hınçak", 1890-cı ildə isə
Tiflisdə "Daşnaksütyun" partiyalarını
yaratdılar. Bundan sonra, ermənilərin "Böyük Ermənistan"
yaratmaq iddiaları yeni mərhələyə qədəm
qoydu. Erməni terror təşkilatları bu planı həyata
keçirmək üçün siyasi terror aksiyalarından
geniş istifadə edilməsini proqram sənədlərində
başlıca vasitə kimi nəzərdə tutmuşlar.
Erməni terror təşkilatlarının birincilərindən olan "Armenakan" partiyası İran və çar Rusiyasında yaşayan ermənilərlə geniş əməkdaşlıq edərək Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölqələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törətmişdir. "Hınçak" partiyasının isə əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, "Rus" və "İran" Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmaq olmuşdur. Partiyanın proqramının 4-cü bəndində göstərilirdi ki, "Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir".
Erməni millətçilərinin ən aparıcı təşkilatı hesab edilən "Daşnaksütyun"- erməni federativ inqilab partiyasının əsas qayəsi Azərbaycanın Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra "Daşnaksütyun" "türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmrini vermişdir.
XX əsrdə "Daşnaksütyun" partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış "Erməni soyqırımının intiqamçıları" qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirmiş, eləcə də daşnakların məxfi terror qrupu DRO və onun DRO-8, DRO-88, DRO-888, DRO-8888 kimi bölmələrinin hazırda bu istiqamətdə geniş fəaliyyəti davam edir.
XX əsrin 60-70-ci illərində Erməni terror təşkilatlarının fəaliyyəti daha da genişləndi. Belə ki, 1975-ci ildə yaradılan "Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu" (ASALA) adlı təşkilatın həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törətmişlər ki, nəticədə günahsız insanlar erməni terrrorizminin qurbanı olmuşlar. Qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşən ASALA terror təşkilatının məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. Yarandığı vaxtdan təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.
Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirmişdir: "Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir". Bununla yanaşı, 1980-ci ilin aprelində Livanda ASALA birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini rəsmiləşdirmişlər. Beyrut şəhərində 1993-cü il avqustun 28-də açıqlanan bəyanatında ASALA "pantürkist neft borusu" (Bakı-Tbilisi-Ceyhan nəzərdə tutulur) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir.
Hələ, ASALA-nın yaradılmasından əvvəl, 1972-ci ildə Vyanada "Daşnaksütyun" partiyasının qurultayı zamanı yaradılmış "Erməni soyqırımı ədalət komandosları"nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etmək olmuşdur. ASALA-nın tərkib hissəsi sayılan və 1979-cu ildə yaradılan "Erməni azadlıq cəbhəsi" də eyni zamanda, Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.
1980-ci illərin ikinci yarısı - 1990-cı illərdə ASALA il yanaşı, uzun illərdir Qərbdə və bir sıra Şərq ölkələrində kök salmış erməni terror təşkilatların müxtəlif vaxtlarda bir sıra terror aktları həyata keçirmişdir. Diplomatların oğurlanması ilə məşğul olan və 1990-cı ildə Fransada yaradılmış "Gənc ermənilər ittifaqı", 1991-ci ildə İsveçrədə yaradılmış və həbsdə olan erməni terrorçularının azad olunmasına çalışan "9 iyun qrupu" və 1991-ci ildə Fransada yaradılmış və terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirən "Erməni azadlıq hərəkatı" (AOD) Avropanın bir sıra ölkələrində çoxsaylı insan tələfatına səbəb olan aksiyalar həyata keçirmiş adı çəkilən erməni terror təşkilatları öz "missiyalarını" yerinə yetirdikdən sonra qeyri-leqal şəraitdə fəaliyyətlərini davam etdirmişlər.
1988-ci ildə Moskvada yaradılmış "Erməni birliyi"nin ASALA ilə sıx əlaqələri vardır və keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin etmiş, eləcə də Qarabağa silah və muzdluların ötürülməsində iştirak etmişdir. 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmış "Geqaron" terror təşkilatının məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərinə türk mənşəli siyasi lider, diplomatlara qarşı terror aktlarının keçirilməsidir. ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərən "Demokratik cəbhə" qrupunun başlıca məqsədi Türkiyə dövlətinin parçalanmasıdır.
Bununla yanaşı, 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılmış "Orli" qrupu 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirmişdir. Avropanın bir çox ölkəsində fəaliyyət göstərən "İsveçrə qrupu" Fransa, İtaliya və Yunanıstanda keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür.
Eyni zamanda, 1981-ci ildə Parisdə yaradılmış "İntiharçılar eskadronu" həmin ildə Türkiyənin Fransadakı baş konsulluğunu zəbt edilməsində iştirak etmiş, nəticədə qrupun 4 nümayəndəsi, həmçinin keçmiş rəhbəri Yan Kaşkayan həbs edilmişdir. 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmış "Apostol" təşkilatının məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktlarının həyata keçirilməsidir.
XX əsrin əvvəllərində erməni millətçiləri "Daşnaksütyun" partiyasının proqramında qarşıya qoyduğu "Böyük Ermənistan" ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla terror aktları törətməklə yanaşı, etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar.
Belə ki, 1905-1907-ci illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqələrini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüşlər. Ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə, həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi "Ermənistan dövləti"ni qurmaq üçün etnik təmizləmə aparmışlar.
"Daşnaksütyun" partiyasının keçirdiyi terror aksiyası "Nemezis" əməliyyatı adlanır. 1919-cu ilin oktyabrında "Daşnaksütyun" partiyası İrəvanda keçirdiyi IX qurultayda "Nemezis" intiqamçı terror hərəkatına başlamaq haqqında qərar vermişdir. Armen Qaronun rəhbərlik etdiyi "Nemezis"in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınmışdı. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qrupların məqsədi adları siyahıda olan şəxsləri axtarıb taparaq qətlə yetirmək idi. Həmin dövrdə Türkiyə və Azərbaycanın dövlət xadimləri, ziyalıları "Daşnaksütyun" partiyasının "Nemezis" terror hərəkatının hədəfinə çevrilmişdilər.
Belə ki, 1920-ci ildə Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli, Parlamentinin sədri Həsən bəy Ağayev Tiflis şəhərində ermənilər tərəfindən qətlə yetirilmişlər. Həmin ildə Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri Fətəli xan Xoyski Tiflis şəhərində erməni terrorçusu Aram Yerkanyan tərəfindən qətlə yetirilmişdir.
1921-ci il martın 15-də
Osmanlı imperiyasının daxili işlər
naziri Tələt paşanı Berlində
qətlə yetirmiş Soqomon
Teyleryan yaxalansa da, sonradan Berlin
məhkəməsi ona bəraət vermişdir. Bir qədər sonra isə, iyulun 19-da Azərbaycan Demokratik
Respublikasının daxili işlər naziri Behbud xan
Cavanşir Türkiyənin İstanbul şəhərində "Daşnaksütyun" partiyasının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirilmiş, lakin həmin
dövrdə İstanbul şəhərini
nəzarətə götürmüş
İngiltərə qoşunlarının hərbi məhkəməsi
tərəfindən ruhi xəstə
adı ilə qatilə bəraət verilmişdir.
Bu terror aktlarının davamı olaraq
1922-ci il avqustun 4-də
ermənilər tərəfindən Osmanlı
imperiyasının hərbi naziri Ənvər
paşa Əfqanıstan
yaxınlığında, həmin il iyulun 25-də isə Tiflis
şəhərində Camal paşa və onun müavini erməni terrorçuları Petros Ter-Poqosyan və Artaşes Gevorkyan tərəfindən
qətlə yetirilmişdir.
(ardı
var)
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik
Akademiyası "Beynəlxalq
münasibətlər
və xarici siyasət"
kafedrasının dosenti,
siyasi elmlər üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2012.- 12 oktyabr.- S. 5.