Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı hesabat verdi

 

Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan və digər ölkə nümayəndələrinin iştirak etdikləri Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının XVII Respublika Konfransı açıq elan edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndi. MİMHİ-nin sədri Cəmilə Səttarova çıxış edərək komitənin 2005-2012-ci illər ərzində gördüyü işlərdən söz açdı, fəaliyyətinin əsas istiqamətləri haqqında məlumat verdi. Ötən illər ərzində "MİMHİ-nin 2005-2010-cu illər üzrə fəaliyyətinin əsas istiqamətləri" proqram sənədinin icrası istiqamətində MİMHİ Respublika Komitəsi, onun Rəyasət heyəti, şəhər, rayon və ilk həmkarlar ittifaqı komitələri tərəfindən bir çox işlərin həyata keçirildiyini bildirdi. 

 

MİMHİ-nin sədri C. Səttarova hesabat müddətində təsdiq edilmiş İş Planına əsasən, Respublika Komitəsində təşkilati işlərin gücləndirilməsi, əməyin mühafizəsi, işçilərin sağlamlığının qorunması, onların əmək və sosial-iqtisadi mənafelərinin müdafiəsi, maliyyə işlərinin təşkili, əmək qanunvericiliyinə düzgün riayət olunması, sahə sazişlərinin və kollektiv müqavilələrin bağlanması və icrası vəziyyəti məsələlərinin müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilməsini diqqətə çatdırdı. "Keçirilən müşavirə, yığıncaq, tədbir və görüşlərdə Əsas İnkişaf Planında nəzərdə tutulmuş müddəaların icrasını təmin edən məsələlərə xüsusi önəm verilmişdir. Əlamətdar günlərdə MİMHİ-nin nümayəndələri tərəfindən respublikanın müxtəlif şəhər və rayonlarında seminarlar keçirilmiş, qaçqın və məcburi köçkün ailələri ilə görüşlər təşkil edilmiş, onlara müxtəlif hədiyyələr, ərzaq və maddi yardımlar verilmişdir. Rayonlarda komissiyalar görülən işlər barədə "Dəyirmi masalar" keçirmişlər. Hər ay hansısa bir rayonda, təşkilatda, yaxud cəbhə bölgəsində görüşlər təşkil olunmuş, seminarlar aparılmış, müsabiqələrə yekun vurulmuşdur. Ayrı-ayrı vaxtlarda MİMHİ Respublika Komitəsinin sədri və mütəxəssisləri digər ölkələrin həmkarlar ittifaqları orqanları ilə sazişlər bağlanmasında, ikitərəfli əlaqələrin genişləndirilməsində fəallıq göstərmiş, beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil etmişlər". O, bütün uğurlarda AHİK sədri Səttar Mehbalıyevin danılmaz rolunu xüsusi vurğuladı. Milli Məclisdə qanun qəbul ediləndə onun həmkarlar təşkilatlarının mənafeyi naminə müstəsna işlərini yüksək dəyərləndirdi.

Qeyd edildi ki, MİMHİ-nin XVII Respublika Konfransı AHİK-in "Vətəndaş cəmiyyəti sistemində inkişaf konsepsiyası"nı rəhbər tutaraq, 2013-2017-ci illər üzrə fəaliyyətinin Əsas İstiqamətlərini belə müəyyənləşdirmişdir: Təşkilati və Nizamnamə fəaliyyətinin gücləndirilməsi; İttifaqın fəaliyyətinin müasirləşdirilməsi; Sosial dialoqun inkişaf etdirilməsi; İttifaq üzvlərinin sosial-iqtisadi mənafelərinin müdafiəsi; İttifaq üzvlərinin hüquqlarının müdafiəsi; Əməyin təhlükəsizliyi və sağlamlığın mühafizəsi; İşləyən qadınlar və gənclər arasında işin təşkili; Maliyyə-təsərrüfat fəaliyyətinin təkmilləşdirilməsi; Beynəlxalq əlaqələrin möhkəmlənməsi.

Bildirildi ki, Təşkilati və Nizamnamə fəaliyyətinin gücləndirilməsi istiqamətinin məqsədi işçilərin Həmkarlar İttifaqına üzv olmaqla maraqlarını artırmaq, ittifaqdaxili intizamı möhkəmləndirib, onun nüfuzunu daha da gücləndirmək, ittifaqın fəaliyyətinin səmərəsini artırmaq və ona yeni üzvlər cəlb etməkdirsə, İttifaqın fəaliyyətinin müasirləşdirilməsi istiqamətinin məqsədi Hİ kadrlarının və fəallarının bilik səviyyələrinin keyfiyyətini artırmaq, qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün mövcud reallıqlara uyğun olaraq, onlarda yeni səriştə və müasir elektron və informasiya texnologiyalarına yiyələnmə bacarıqlarını formalaşdırmaqdır. Özündə inkişaf etməkdə olan vətəndaş cəmiyyətində sosial-dialoqun təsisatlarından olan kollektiv danışıqlar vasitəsilə işçilərin əmək və sosial hüquqlarının müdafiəsi, işçilərin əmək haqlarının artırılması, ittifaq üzvlərinin həyat səviyyəsinin yaxşılaşdırılması, ittifaq üzvlərinin hüquqlarının müdafiəsi işinin daha yüksək səviyyəyə qaldırılması üçün bir sıra kompleks tədbirlərin həyata keçirilməsi, xidmət sahələrində bədbəxt hadisələrə yol verməmək, əməyin texniki təhlükəsizliyi normalarına riayət olunmasına ictimai nəzarətin gücləndirilməsi, işçilərin sağlamlığının mühafizəsi işinin keyfiyyətcə yeni mərhələyə qaldırılması Əsas İstiqamətləri təşkil edir. Konsepsiyada növbəti beşillik üçün işləyən qadınların hüquq bərabərliyinin təmin edilməsi, əmək qanunvericiliyində nəzərdə tutulmuş sosial təminatlara riayət edilməsi, əmək şəraitinin və iş yerlərinin yaxşılaşdırılmasına nail olmaq, işləyən və təhsil alan gənclərin Hİ-yə cəlb olunmalarının maksimum həddə çatdırılması, ittifaqın maliyyə və maddi bazasının möhkəmləndirilməsi, həmkarlar ittifaqı təşkilatları tərəfindən maliyyə intizamına dair Nizamnamə tələblərinin yerinə yetirilməsi, həmçinin beynəlmiləlçilik ənənələrinə sadiq qalaraq ittifaq üzvlərinin mənafelərinin, sülhün və demokratiyanın müdafiə edilməsi, ümumdünya həmkarlar ittifaqları hərəkatına inteqrasiya edib, əməkdaşlığın və təcrübə mübadiləsinin daha da genişləndirilməsi istiqamətləri müəyyən edilmişdir.

MİMHİ-nin Gəncə Şəhər Komitəsinin sədri Sahib Axundov, Sabirabad Rayon Komitəsinin sədri Telman Əzimov, Yevlax Şəhər Komitəsinin sədri Zöhrə Adıgözəlova və digərləri çıxışlarında ötən dövrdə MİMHİ-nin işini qənaətbəxş hesab etdiklərini bildirərək ittifaqın ötən beş ildə gördüyü işləri dəyərləndirdilər və növbəti illər üçün uğurlar arzuladılar, eyni zamanda, C. Səttarovanı yenidən sədr görmək istəklərini təklif etdilər. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun təbrik məktubunu nazir müavini İsmayıl İsmayılov səsləndirdi. Konfransda həmçinin MİMHİ-nin adının nizamnaməyə uyğun dəyişdirilərək bundan sonra MİHİ adlandırılması qərara alındı.

AHİK-in sədri Səttar Mehbalıyev yekun nitqində MİHİ-nin Azərbaycanda siyasi, iqtisadi və sosial baxımdan inkişaf etmiş demokratik cəmiyyətin yaradılması uğrunda çıxış edən bir qurum olduğunu qeyd etdi. Bildirdi ki, dünya dövlətlərini böhran bürüdüyü, işsizlər ordusunun gündən-günə artdığı bir dövrdə Azərbaycanda yeni iş yerlərinin, əmək haqlarının, pensiyaların artması ölkəmizin uğurlu, dinamik inkişafından xəbər verir. Dövlət Proqramları icra olunur, bölgələrdə yeni iş yerləri açılır. Bunlar həm yoxsulluğu, həm işsizliyi azaldır, həm də paytaxta axını aradan qaldırır. İtaliyada işsizliyin 20, Azərbaycanda isə 5,3 faiz olduğunu qeyd edən sədr C. Səttarovanın aktiv fəliyyətini yüksək dəyərləndirdi və onun yenidən MİHİ-nin sədri seçilməsini təklif etdi. Sonra işləri yüksək dəyərləndirilən komitə işçiləri təltif edildilər.

Konfrans iştirakçıları tərəfindən Cəmilə Səttarova yekdilliklə MİHİ-nin sədri seçildi. Sonda konfrans iştirakçıları əl-ələ verib xorla "Azad həmkarlarıq, haqq-ədalətin keşiyində biz varıq"-deyə Həmkarlar İttifaqının himnini birlikdə oxudular.

 

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2012.- 13 oktyabr.- S. 6.