Bakı Şərqlə Qərbin qovuşma nöqtəsində müqəddəs missiyasını davam etdirir

 

Bu yaxınlarda Bakıdakı Heydər Əliyev Mərkəzində keçirilmiş İkinci Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 60-dən çox ölkəsindən və demək olar ki, bütün beynəlxalq təşkilatlardan nümayəndələr, sabiq dövlət və hökumət başçıları, mədəniyyət və incəsənət xadimləri, görkəmli şəxsiyyətlər, ictimai xadimlər, Nobel mükafatı laureatları, aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

 

Tədbir iştirakçılarından Almaniyanın Mayns Universitetinin türkoloji bölümünün rəhbəri, "Kitabi-Dədə Qorqud"un holland və alman dillərinə tərcüməçisi, professor Hendrik Böşoten Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı fikirlərini oxucularımızla bölüşmüşdü:

- İkinci Bakı Humanitar Forumu möhtəşəm bir tədbir kimi uzun zaman yaddaşımızda qalacaq. Tədbirin Bakıda yeni tikilmiş belə böyük bir məkanda - Heydər Əliyev Mərkəzində keçirilməsi onu xüsusilə yaddaqalan edir. Mən belə böyük bir tədbirin yüksək səviyyədə təşkilinə və dəvət olunmuş qonaqların səmimiyyətlə qarşılanmasına görə Azərbaycan Respublikasının rəhbərliyinə, şəxsən Prezident İlham Əliyevə öz minnətdarlığımı bildirmək istəyirəm. Dünyanın hər yerindən gəlmiş qonaqlar çox yaxşı və böyük qonaqpərvərliklə qarşılandılar.

Mən də Bakıda keçirilməsi artıq xoş bir ənənəyə çevrilmiş belə möhtəşəm bir tədbirə dəvətli olmağımdan qürur hissi keçirirəm. Bilirəm ki, Bakı artıq çoxdandır bir çox beynəlxalq tədbirlərə, eləcə də mədəniyyətlərin və sivilizasiyaların dialoqu ilə bağlı möhtəşəm toplantılara ev sahibliyi edir. Bu tədbirlərdə dünyanın ən ağıllı və düşünən başları toplaşaraq müasir dünyanın ən ağrılı problemlərini müzakirə edir, onların həlli yollarını arayır.

Əlbəttə, Azərbaycan sülhsevər bir ölkədir və burada keçirilən müzakirələrdə problemlərin sülh və əməkdaşlıq yolu ilə həlli axtarılır. Amma təəssüflər olsun ki, belə bir sülh və faydalı əməkdaşlıq ölkəsinin özü hərbi təcavüzdən əziyyət çəkir, torpaqlarının 20 faizi təcavüzkar Ermənistanın işğalı altındadır. İkinci Bakı Beynəlxalq Humanitar Forumunda bu məsələ bir daha qonaqların nəzərinə çatdırıldı.

Eyni zamanda, qeyd etməliyəm ki, Bakıda keçirilən hər bir beynəlxalq tədbir Azərbaycanın dünyaya, əməkdaşlığa açıq ölkə olduğunu təsdiq edir. Prezident İlham Əliyevin tədbirin açılışında etdiyi çıxış çox geniş, əhatəli və məzmunlu idi. Prezident Azərbaycanın hazırkı siyasi, iqtisadi, mədəni durumu, Qarabağ problemi, eləcə də dünyada gedən siyasi proseslər ətrafında o qədər gözəl çıxış etdi ki, qonaqlar üçün olduqca təsirli oldu.

Dövlət başçısı bildirdi ki, Bakıda son illərdə mütəmadi olaraq humanitar əməkdaşlığa dair beynəlxalq tədbirlər keçirilir. Bakıda Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı keçirilib, bu tədbirə İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri, nazirləri dəvət edilib. 2009-cu ildə təşkil edilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlərinin Bakı toplantısına Avropa Şurası ölkələrinin nazirləri dəvət edilib.

Beləliklə, Bakı Şərqlə Qərbin qovuşma nöqtəsində özünün müqəddəs missiyasını həyata keçirir. Şərqlə Qərb arasında əməkdaşlığın möhkəmlənməsi üçün Bakı əlindən gələn hər şeyi edir.

Bu dəfəki forumda dünyanın daha çox ölkəsindən və daha çox nümayəndə iştirak etdi. İştirakçılar arasında çoxlu məşhur insanların, sabiq dövlət rəsmilərinin, hətta Nobel mükafatı laureatlarının olması tədbirin əhəmiyyətini daha da artırır. İnanıram ki, Azərbaycan bu ənənəni şərəflə davam etdirəcək, gələcəkdə Bakı Forumunun iştirakçılarının sayı daha çox olacaq. Belə tədbirlər, eyni zamanda, Azərbaycanın dünya ölkələri ilə əlaqələrinin daha da inkişaf etməsinə, Azərbaycan xalqı ilə başqa xalqlar arasında əməkdaşlığın güclənməsinə kömək edir. Yəni son nəticədə dünyada Azərbaycanın dostlarının sayı artır.

Onu da qeyd edim ki, biz xeyli müddətdir Slavyan Universiteti, onun rektoru, professor Kamal Abdulla ilə birgə işləyirik. "Kitabi Dədə-Qorqud"la, digər Azərbaycan dastanları ilə bağlı birgə işlərimiz var. Bu cür tədbirlər bizim əməkdaşlığımızın daha da möhkəmlənməsinə xidmət edir.

Nəhayət, bir məsələni qeyd etmək istəyirəm. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında dedi ki, arzumuz bütün dünya xalqlarının, bütün ölkələrin bir-biri ilə daha səmimi münasibətdə olması, qarşılıqlı anlaşmanın daha da dərinləşməsi, beynəlxalq əməkdaşlıq üçün daha əlverişli şərait yaradılmasıdır. Elə biz də bu arzulara qoşuluruq.

 

 

Söhbəti yazdı: Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2012.- 16 oktyabr.- S. 5.