Qiymətli dərslik

 

Tibb Universitetində Kənan Yusif-zadənin "Cərrahi endoskopiya" adlı yeni nəşr olunmuş dərsliyinin təqdimat mərasimi keçirildi

 

Tədbiri giriş sözü ilə açan professor Nuru Bayramov son illər tibb sahəsində yeni dərslik və dərs vəsaitlərinin nəşrinə böyük diqqət yetirildiyini bildirdi. O vurğuladı ki, bu sahədə artıq bir sıra qiymətli nəşrlər yaradılmış və bu işə Azərbaycanın görkəmli alimləri, təcrübəli mütəxəssislər cəlb olunmuşdur. Nuru müəllim təqdim olunan "Cərrahi endoskopiya" adlı yeni çap olunan dərsliyin də müasir tibbi təhsildə əhəmiyyətli rol oynayacağını nəzərə çatdırdı.

 

O bildirdi ki, "Təbib" nəşriyyatı tərəfindən çap olunan kitab bu sahədə olan boşluğun doldurulması baxımından çox əhəmiyyətlidir. Dərsliyin müəllifi məşhur həkim, tibb elmləri üzrə fəlsəfə doktoru, Sərhəd Qoşunları Hospitalının rəisi Kənan Yusif-zadə haqqında xoş sözlər deyən professor qeyd etdi ki, o, az müddət ərzində respublikada böyük nüfuz qazanmışdır. Apardığı cərrahiyyə əməliyyatları yüzlərlə həmyerlimizi həyata qaytarmışdır. Kənan həkim təkcə praktiki fəaliyyəti ilə deyil, elmi axtarışları ilə də tibb elminə layiqli töhfələr bəxş etmiş və etməkdədir.

Sonra kitabın müəllifi tərəfindən dərsliyin elektron lövhədə təqdimatı oldu. O bildirdi ki, son illər ölkədə gedən quruculuq işləri tibb sahəsinə də öz təsirini göstərmişdir. Cərrahi endoskopiyanın Azərbaycanda pioneri sayılan səhiyyə naziri Oqtay Şirəliyev səhiyyənin inkişafı, islahatların sürətlənməsi üçün mühüm tədbirlər həyata keçirir. Kitabın təqdimatı üçün belə gözəl şərait yaratdığına görə müəllif Tibb Universitetinin rektoru, SSRİ Dövlət mükafatı laureatı, akademik Əhliman Əmiraslanova öz dərin təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edənlər - akademik Böyükkişi Ağayev, professorlar Surxay Musayev, Əlikram Əliyev, Hacıqulu Bağırov kitabın məziyyətlərindən danışdılar, onun tibbi təhsildə oynayacağı əhəmiyyətli rolu qeyd etdilər.

Məlumat üçün bildirək ki, Kənan Yusif-zadə 1998-ci ildən 2004-cü ilədək Türkiyə Respublikasının Ankara şəhərindəki Qazi Universitetinin tibb fakültəsinin Ümumi cərrahiyə kafedrasında uzmanlıq ixtisası almış və cərrahi təcrübə keçmişdir. 2008-ci ildə ABŞ-ın Klivlend Klinikasında, kolorektal cərrahiyyə şöbəsində, eləcə də Meyo Klinikasında ümumi cərrahiyə, böyrək və mədəaltı vəzi transplantasiya şöbəsində təcrübələr keçmişdir. Sonra bir müddət Mərkəzi Neftçilər Xəstəxanasında endoskopik cərrahiyə və diaqnostika şöbəsinə rəhbərlik etmişdir. O, tibb sahəsində bir neçə cəmiyyətin həqiqi üzvüdür. Türk-Azərbaycan Endoskopik Cərrahlar Assosiasiyasının təsisçisi və sədridir. Respublika Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Bu dərslikdən əvvəl onun "Qastrointestinal endoskopiya" kitabı nəşr edilmiş və tibb ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Yeni kitabını o, "Vətən uğrunda döyüşlərdə yaralanmış və həlak olmuş Azərbaycan sərhədçilərinə" ithaf etmişdir. Kitab Təhsil Nazirliyi tərəfindən dərslik kimi təsdiq olunmuş və tələbələrin istifadəsinə verilmişdir.

Müəllif kitabın giriş məqaləsində yazır: "Ulu öndərimiz Heydər Əliyevin səhiyyə və təhsil sistemlərinə göstərdiyi böyük diqqət və qayğı nəticəsində Azərbaycan gənclərinə xaricdə təhsil almaq üçün böyük imkanlar yaradılmışdır. Mən də bu imkanlardan yararlanaraq Türkiyə, ABŞ, Almaniya, Kanada, Avstraliya, Yaponiya kimi ölkələrdə təcrübələrimi artıraraq və onlara əsaslanaraq, həmçinin tələbə və gənc mütəxəssislərimizə faydalı olacağını düşünərək "Cərrahi endoskopiya" dərsliyinin yazılması qənaətinə gəldim.". Müəllif bu qənaətini cərrahi endoskopiya sahəsində Azərbaycan dilində dərsliyin kifayət qədər olmaması ilə əsaslandırır.

Tibbi endoskopiyanın tətbiqi sahələri daim genişlənir, bu da endoskopiya elminin yeni-yeni nailiyyətlərinin tətbiqi nəticəsində onun imkanlarının artması ilə şərtlənir. İnkişaf etmiş səhiyyəsi olan ölkələrin təcrübəsi göstərir ki, nəinki tibbi yardımın keyfiyyəti, həmçinin iqtisadi effektivlilik də yüksək endoskopik texnologiyaların praktik istifadəsi dərəcəsindən asılıdır. Bu mənada yeni dərslik həm nəzəri, həm də praktik cəhətdən əhəmiyyətlidir.

Kitabda materiallar 17 fəsildə qruplaşdırılmışdır. Hər fəsil ayrı-ayrı bölmələrdən ibarətdir. Dərslikdə son 10 ildə endoskopiya sahəsinin inkişafına qısa nəzər salınır və qeyd olunur ki, endoskopiya bu 10 ildə dinamik inkişaf yolu keçmişdir. Endoskopiyanın müəyyən inkişaf perspektivləri tele-tibbin imkanlarının tətbiqinə əsaslanır. Müəllif qeyd edir ki, endoskopiyada ən yeni dövr elektron endoskop dövrü sayılır. Tələbələr bu fəsildə Yaponiya və digər ölkələrdə bu istiqamətdə görülən işlər və təcrübi nəticələrlə tanış ola bilərlər.

Maraqlı olan budur ki, dərsliyin bütün fəsilləri əyani vəsaitlərlə tamamlanmışdır. Bu da tələbələrə tədris prosesində yaxından köməklik göstərir. Digər bir qiymətli cəhət hər fəslin sonunda həmin mövzu ilə bağlı ədəbiyyat siyahısının verilməsidir ki, burada da ədəbiyyat əsasən əcnəbi dillərdə olan nəşrlərdir. Kitabın rəyçiləri akademik Ə.Əmiraslanov və professor E.Ersoydur ( Türkiyə).

Kənan Yusif-zadənin yeni dərsliyinin müasir tibbi təhsil sahəsində əhəmiyyətli rol oynayacağı şübhəsizdir. Elə tədbir iştirakçıları da bunu dönə- dönə qeyd etdilər.

 

 

M.MÜKƏRRƏMOĞLU

        Xalq qəzeti.- 2012.- 18 oktyabr.- S. 6.