Jurnalistlər
mükafatlandırıldılar
Səbail Rayon
İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun birgə
keçirdiyi "Səbail rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər"
mövzusunda jurnalist yazıları müsabiqəsinə yekun
vurulmuşdur.
Qaliblərin mükafatlandırılması mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, son illərdə media qurumları ilə sıx əməkdaşlıq quran RİH müxtəlif layihələr həyata keçirməklə rayonda aparılan geniş quruculuq işlərinin KİV-də obyektiv işıqlandırılması, problemlərin üzə çıxarılması və aradan qaldırılması üçün əlverişli şərait yaratmağa çalışmışdır. Yekun vurulan yaradıcılıq müsabiqəsi bu baxımdan faydalı olmuş, mövzu üzrə 33 jurnalist yazısı işıq üzü görmüşdür.
KİVDF-in icraçı direktoru Vüqar Səfərli KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasına uyğun olaraq rəhbərlik etdiyi qurumun həyata keçirdiyi tədbirlərin ölkə mediasının problemlərinin həllinə, jurnalistlərin rifahının yaxşılaşmasına göstərdiyi köməkdən söz açdı. O, paytaxtın rayon icra hakimiyyətləri ilə gerçəkləşdirilən birgə layihələrin də önəmini vurğulayaraq, Səbail rayonu ilə keçirilən sonuncu müsabiqənin yekunu barədə məlumat verdi.
Bildirildi ki, müsabiqənin şərtlərinə uyğun olan 29 yazı ekspertlər tərəfindən qiymətləndirilmiş 1 - birinci, 2 - ikinci, 3 - üçüncü yerlərin mükafatçıları müəyyənləşdirilmiş, əlavə 4 - dördüncü mükafat ayrılmış, həvəsləndirici mükafatların sayı daha yüksək bal almış yazılar hesabına artırılmışdır. Beləliklə, müsabiqənin 10 qalibi və 14 həvəsləndirici mükafatın sahibləri müvafiq pul mükafatlarına (I yer - 1000 manat, II yer - 800 manat, III yer - 600 manat, IV yer - 500 manat, həvəsləndirici - 200 və 100 manat) layiq görülmüşlər.
Sonra pul mükafatları sahiblərinə təqdim olundu. Jurnalistləri təbrik edən Səbail RİH-in başçısı Asif Əsgərov media ilə səmərəli əməkdaşlığı davam etdirmək üçün maraqlı layihələrə bundan sonra da dəstəkçi olacaqlarını bildirdi.
KİVDF-in icraçı direktoru Vüqar Səfərli müsabiqənin təşkilinə göstərdiyi köməyə görə Səbail RİH-ə təşəkkürünü bildirdi, jurnalistləri fondun yeni layihələrində daha fəal və maraqlı yazılarla iştirak etməyə çağırdı.
R.TAHİR
Xalq qəzeti.- 2012.- 18 oktyabr.- S. 5.