Multikulturalizmin alternativi yoxdur

 

Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır və əminəm ki olmayacaqdır...Bakı Beynəlxalq Humanitar Forumunun məqsədlərindən biri də məhz multikulturalizm meyillərinin gücləndirilməsidir. Multikulturalizmin alternativi yoxdur.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasıın Prezidenti

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi məqalə üçün sərlövhə seçdiyimiz bu fikir oktyabrın 4-də keçirilən İkinci Bakı Beynəlxalq Humanitar Forumun əslində, əsas istiqamətini müəyyənləşdirdi. Cənab Prezidentin forumda toxunduğu əsas məsələlərdən biri də məhz multikulturalizm oldu. Bu termin çoxlarına tanış olmasa da, əslində, hər gün qarşılaşdığımız və bəhrəsini gördüyümüz həyat tərzidir. Məsələn, hər hansı bir əcnəbi vətəndaş Azərbaycan haqqında fikir söyləyərkən ilk olaraq buradakı ideal tolerantlıq mühitindən, qarşılıqlı anlaşma və qonaqpərvərlikdən danışır. Bütün bunlar hamısı multikulturalizmdir. Yəni çox mədəniyyətlilik, fərqli mədəniyyətlərə hörmətdən yaranan münasibət.

 

Bakı Beynəlxalq Humanitar Forumunun əsas məqsədi humanitar və inteqrativ impulsların yaradılması ilə yanaşı, gələcəkdə beynəlxalq səviyyədə humanitar çağırışları aktuallaşdırmaqdan ibarətdir. Forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün nəzəri və tətbiqi platforma yaratmaqdır. Forumun nəticəsi beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrılıqda hər bir şəxsə ünvanlanmış tövsiyələr və müraciətlərdə təcəssüm olunur.

İkinci Bakı Beynəlxalq Humanitar Forumunda 70-dək ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak edirdi. Onlardan 10 nəfəri sabiq dövlət başçısı, 11-i Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru, 10-u mötəbər beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxs, 55-i görkəmli ictimaisiyasi xadim idi.

Beynəlxalq Humanitar Forumun Azərbaycanda keçirilməsini böyük bir tarixi hadisə kimi qiymətləndirmək yerinə düşərdi. Nəyə görə məhz Azərbaycan? Dünyanın bizə bu cür etimad göstərməsinin səbəbləri nədir? Əvvəla, onu deyək ki, Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən günə kimi heç bir təcavüzkarlıq aktında və ya işğal prosesində adı hallanmışdır. Yəni Azərbaycan Respublikası heç bir dövlətin ərazi bütövlüyünə təhlükə törətməmiş və bu iddia ilə çıxış etməmişdir. Əksinə, ərazi bütövlüyü pozulmuş, 1 milyondan artıq qaçqın və məcburi köçkünü olmuş, terrora məruz qalmış, iqtisadiyyatı tamam dağılmış və dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdir.

Bütün bu siyasi-iqtisadi və mənəvi problemləri yaşayan Azərbaycan özündə güc toplamağı bacarmış və dünyanın sürətlə inkişaf edən ölkələri sırasına daxil olmuşdur. Ölkəmizdə olan siyasi sabitlikunikal tolerantlıq mühiti, təbii ki, dünyanın diqqətindən yayınmır. Bəşəriyyət üçün Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi, zəngin təbii sərvətlərə malik olması, dünya dövlətləri və beynəlxalq təşkilatlarla sıx əlaqələr qurması nə qədər maraqlıdırsa, bu ölkənin daxili stabilliyi, xalqın özünün monoetnik olmaması və multikulturalizm anlayışına dərindən hörmət bəsləməsi bir o qədər vacib və əhəmiyyətlidir. Sözsüz ki, Azərbaycan bütün sahələrdə inkişaf mərhələlərini uğurla keçir və beynəlxalq təsisatlarla hər gün daha sürətli olmaqla əlaqələrini genişləndirir. Bu gün Azərbaycanda həyata keçirilən böyük neft-qaz layihələri,inşaat planları, dövlət və hökumət strukturlarında qlobal standartlara inteqrasiya, elm və təhsil, səhiyyə,əmək-sosial bazası sahələrində Avropaya uyğun yeniləşmə nəzərdən qaçmır. Ölkədə vətəndaş cəmiyyətini quruculuğu prosesinin uğurla getməsi, irqindən,dinindən,cinsindən, sosial mənşəyindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın bu prosesdə yaxından iştirak etməsi və xarici sərmayədarlar üçün davamlı şəraitin yaradılması Azərbaycan dövlətinin hüquqi prinsiplərə sadiq siyasət yürütdüyünün əyani göstəricisidir.

Şübhəsiz ki, dünya ictimaiyyəti bəzi haqlı məsələlərimizdə susmağa üstünlük versə də, qiymətləndirmək keyfiyyətini hələ itirməmişdir. Xüsusilə demokratiyanın, siyasi sabitliyin mövcudluğunda maraqlı dövlətlər yaxşı anlayırlar ki, Azərbaycana bütün parametrlərdən yanaşdıqda onlar üçün sərfəli tərəfdaşdır. Beynəlxalq təşkilatlar yaxşı anlayırlar ki, Ermənistan tərəfindən terroraişğala məruz qalmasına baxmayaraq, Azərbaycan təmkinini hələ də pozmur, milli münaqişəni sülh yolu ilə çözməyə üstünlük verir və əcnəbi sərmayəçilər üçün təhlükəsiz şərait yaradır.

Azərbaycan polietnik ölkədir. Burada onlarca etnik azlıqların və müxtəlif dini konfessiyaların təmsilçiləri yaşayırlar. Adətən, bəzi analitiklər polietnik dövlətlərdə stabilliyin daha çox pozulmasını iddia etsələr də bu fikir heç də həmişə özünü doğrultmur. Bu gün monoetnik Ermənistanın düşmüş olduğu dərin böhran həmin fikrin nə qədər yanlış olduğunu təsdiqləyir. Çünki daxili sabitliyi olmayan ölkə beynəlxalq səviyyədə əməkdaşlığını yüksək səviyyədə qura bilməz. Hansı dövlət terrora dəstək verirsə, işğalçıdırsa və cəmiyyətini başqa xalqlara nifrət ruhunda düşünməyə vadar edirsə dünyanın həmin ölkə ilə əməkdaşlığının ləngiməsi anlaşılandır. Çünki həmin dövlət etibarını itirmişdir. Orada vətəndaş anlayışına deyil, şovinizmə, dini radikalizmə, separatizmə dəstək verilir. Bu baxımdan qonşu Ermənistanın belə tədbirlərdən kənarda qalması təbiidir.

Azərbaycanda isə milli-mənəvi dəyərlərə nə qədər hörmət qoyulsa da, dövlət səviyyəsində mədəni irsimizin qorunmasına qayğı göstərilsə də bu digər mədəniyyətləri üstələmək və ya onları kiçiltmək mahiyyəti daşımır. Bütün bunlar multikulturazlizmdir, Azərbaycan cəmiyyətinin qədimdən sadiq qaldığı yaşam tərzidir.

Bu baxımdan mötəbər xarici qonaqlar qarşısında çıxışı zamanı Prezident İlham Əliyevin bu məsələyə xüsusi toxunması təqdirəlayiqdir. Prezident İlham Əliyev dedi: "Azərbaycanda multikulturalizm sahəsində əldə edilmiş təcrübə hesab edirəm ki, hamımız üçün çox maraqlıdır. Multikulturalizm forumun mövzularından biridir. Əminəm ki, bu mövzu ilə bağlı çox dəyərli fikirlər səslənəcək, diskussiyalar aparılacaqdır. Multikulturalizmin müsbət gələcəyi haqqında fikirlər çox vacibdir və lazımdır. Azərbaycanın təcrübəsi hesab edirəm ki, əslində, multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli və qiymətlidir. Çünki bir daha demək istəyirəm ki, multikulturazlizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar. Azərbaycanda heç vaxt dini,yaxud da ki, milli zəmində qarşıdurma,anlaşılmzalıq olmamışdır və əminəm ki, olmayacaqdır."

Azərbaycanda keçirilən İkinci Beynəlxalq Humanitar Forumun iştirakçıları mətbuata verdikləri müsahibələrində də göstərdilər ki, Azərbaycana yüksək qiymət verirlər. Əgər bir ölkənin Prezidenti dostluq, qardaşlıq,səmimiyyət, sülh, dözümlülük prinsiplərini çıxışında bu cür açıq-aydın təbliğ edirsə, deməli, bu ölkə ilə istənilən tərəfdaşlığa zəmanət var. Bu etibarın zəmanəti Azərbaycan dövləti və onun Prezidentidir.

Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi həm qədim İslam coğrafiyası ilə, həm də Avropa Şurasının üzvü olmaqla Qərb mədəni arealı ilə əlaqələrini gücləndirir. Bu, dövlət səviyyəsində ölkəmizin iki qütbün müsbət dəyərlərini mənimsəməkdə qərarlı olduğunuöz siyasi inkişaf strategiyasını həm İslam, həm də Avropa kontekstində birləşdirdiyini əks etdirir. Bu, eyni zamanda, xalqımızın tolerant olduğunu, dövlətimizin isə ümumbəşəri dəyərləri əsas meyar kimi götürdüyünü nümayiş etdirir. Prezident qeyd etdi ki, Azərbaycan həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Dünyada bir neçə ölkə vardır ki, hər iki təşkilatın üzvüdür. Avropadan Azərbaycana baxdıqda bəzi hallarda avropalılara Azərbaycan Asiya ölkəsi kimi təqdim olunur. Asiya tərəfindən Azərbaycana baxanda Avropa ölkəsi kimi təqdim edilir. Yəni, deyə bilərik ki, Azərbaycanda bu sintez, mədəniyyətlərin sintezi mövcuddur. Demək olar ki, bu bizim milli mənliyimizi şərtləndirən amillərdən biridir.

Azərbaycanda multikulturalizm üçün hər zaman münbit şərait olmuşdur. Çünki ölkəmizdə insan amilinə üstünlük verilmişdir. Münasibətlərin qurulmasında, ünsiyyətdə, əməkdaşlıqda insan faktoru əsas şərt kimi götürülmüşdür. Milli, irqi, dini tərəflər nəzərə alınmamışdır. Şəxsi keyfiyyəti qiymətləndirmək hər zaman Azərbaycan xalqının milli xasiyyətinin ayrılmaz tərkib hissəsi olmuşdur.

İkinci Beynəlxalq Humanitar Forumunda bu barədə Prezident İlham Əliyev maraqlı məqamlara toxundu. O bildirdi: "Bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və dövlətin gücünü artırmaq üçün çalışırlar.

Daha sonra Prezident multikulturalizm meyillərinin gücləndirilməsində sivilaziyalararası dialoqun da əhəmiyyətini xüsusi qeyd edərək bildirmişdi ki, Azərbaycan sivilizasiyalararası dialoqun gücləndirilməsində öz rolunu oynayır. Bu rol əminəm ki, gələcəkdə yalnız artacaqdır. Bunun təbii səbəbləri vardır, çünki biz qitələrin arasında yerləşirik. Siyasi səbəblər də vardır, çünki bu, bizim siyasi əqidəmizdir və tarixi əsasları vardır.

Beləliklə, İkinci Beynəlxalq Humanitar Forumun Bakıda keçirilməsi və bu qədər mötəbər qonaqların ölkəmizə gəlməsi mahiyyət etibarilə Azərbaycan xalqının qonaqpərvərliyinə, milli-mənəvi dəyərlərinə dünya miqyasında verilən qiymətin və hörmətin təcəssümü idi. Əgər bu cür mötəbər beynəlxalq tədbirlər Azərbaycanda keçirilirsə, bunu böyük tarixi hadisələrdən biri kimi dəyərləndirmək lazımdır. Regionda ardıcıl olaraq belə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməyimiz Azərbaycan dövlətinin gücünü və çəkisini bir daha nümayiş etdirir.

 

 

Anar TURAN

 

Xalq qəzeti.- 18 oktyabr.- S. 4.