Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqının fəaliyyət istiqamətləri genişlənir

 

Azərbayan Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqının III qurultayı keçirilmişdir. Qurultaya dəvət olunan qonaqlar təqdim edilmiş, tədbirin gündəliyi, qaydası təsdiq olunaraq, Rəyasət Heyəti, katiblik, redaksiya, hesablayıcı və mandat komissiyaları seçilmişdir. Beynəlxalq Həmkarlar İttifaqı təşkilatları və Respublika Komitələrindən qurultaya gəlmiş təbrik məktubarı oxunmuşdur.

 

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqının 2007 - 2012-ci illər ərzində gördüyü işlərə dair Respublika Komitəsinin hesabatı ilə Respublika Komitəsinin sədri Telman Quliyev çıxış etmişdir. O, qeyd etmişdir ki, Həmkarlar İttifaqının II qurultayından ötən beş il Vətənimiz və təşkilatımız üçün bir çox hadisələrlə yadda qalmışdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu demokratik dövlət quruculuğu prosesi respublika Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Ölkədə yaradılan ictimai-siyasi sabitlik, iqtisdiyyatın dinamik şəkildə yüksəldilməsi, respublikamızın dünya miqyasında tanınmasına səbəb olmuşdur. Qanunvericilik, özünüidarəetmə orqanlarının fəaliyyəti təkmilləşdirilmiş, müstəqil dövlətçiliyimizin əsasları möhkəmləndirilmişdir.

Ölkə başçısının apardığı ardıcıl, məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə olduğu kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji problemlərin həllinə yönəlmiş tədbirlərin səmərəliliyini artırmaq, əlavə ekoloji problemlərin yaranmasının qarşısını almaqbaş vermiş nöqsanların operativ həllini təmin etmək məqsədi ilə bir sıra işlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqında" Sərəncamına əsasən Kür-Araz boyu və digər yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2011-ci ildə 32 kənddə sutəmizləyici qurğu quraşdırılmışdır. Ümumilikdə, 2007-2011-ci illər ərzində 20 rayonun 188 yaşayış məntəqəsində mobil tipli sutəmizləyici qurğular quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir. Ötən müddət ərzində sutəmizləyici qurğulardan alınan içməli suyun keyfiyyəti nəzarətdə saxlanılmış, eyni zamanda suyun keyfiyyətinin yoxlanılması müstəqil laboratoriyalar tərəfindən həyata keçirilmişdir.

Hesabat dövrü ərzində ölkəmizin ictimai-siyasi həyatında baş verən böyük dəyişikliklər həmkarlar təşkilatlarının fəaliyyətinə də öz müsbət təsirini göstərmişdir.Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı ötən qurultaydan sonra qarşıya qoyulmuş məqsəd və məramların yerinə yetirilməsi üçün üzvlərin ittifaqda sıx birliyinə nail olmuşdur. Hər bir həmkarlar üzvü təşkilatın fəaliyyətində fəal iştirak edib, onun ətrafında daha sıx birləşiblər. Həmkarlar İttifaqı təşkilatı öz növbəsində əməkçilərin hüquqlarının qorunması, şəraitlərinin yaxşılaşdırılması, istirahətlərinin təşkili üçün işəgötürənlərlə birgə çalışaraq müəyyən nailiyyətlər əldə etmişdir.Sahə Həmkarlar İttifaqı nizamnaməsini, II Qurultayının qərarlarını və Azərbaycan Həmkarlar İttifaqlarının əsas istiqamətlərini rəhbər tutaraq öz fəaliyyət yolunu müəyyən etmişdir.

Sevindirici haldır ki, xidmətimizə daxil olan idarə və müəssisələrdə çalışanlar, xüsusilə seçkili orqanlarda fəaliyyət göstərənlər arasında həmkarlar ittifaqı üzvlərinin 50 faizdən çoxunu (6127 nəfər) gənclər təşkil edir.

Həmkarlar İttifaqı Respublika Komitəsinin 31 nəfər Məclis, 9 nəfər İcraiyyə Komitəsinin üzvü fəaliyyət göstərir. 160 Həmkarlar Təşkilatlarında 1900 nəfər seçkili orqan üzvü vardır. Məclis və İcraiyyə Komitələrinin qəbul etdiyi qərarlar ilk həmkarlar ittifaqlarına vaxtında çatdırılmış və yerinə yetirilməsinə nəzarət edilmişdir. Bu məqsədlə mütəmadi olaraq bölgələrdə zona seminar-müşavirələri keçirilmiş, Respublika Komitəsinin əməkdaşları tərəfindən sahə təşkilatlarına əməli köməkliklər göstərilmişdir.

Beynəlxalq həmrəyliyi möhkəmləndirmək üçün Meşə, Tikinti Sənayesi Beynəlxalq Təşkilatı, MDB Meşə Sənayesi İşçiləri Federasiyası və Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyasının xəttilə əlaqələr yaradılmış, AHİK-in köməyi ilə Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı və digər təşkilatlarla əlaqələr qurulmuşdur.

Azərbaycan Respublikasının Nazirlər Kabineti AHİK və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatının Milli Konfederasiyasının birgə bağladığı Baş Kollektiv Sazişə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul etdiyi qərarlara və təlimatlara uyğun AHİK-in İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlar Respublika Komitəsində müzakirə olunmuşdur. Sosialyönümlü qanun və qərarlardan irəli gələn müddəalar Sahə Kollektiv Sazişinə daxil edilmiş və yerinə yetirilməsi Respublika Komitəsinin İcraiyyə Komitəsi, əməyin hüquq müfəttişi və baş texniki əmək müfəttişi tərəfindən nəzarətə götürülmüşdür.

TSEİHİ-nin Respublika Komitəsi idman sahəsinə də xüsusi diqqət ayırmış, mütəmadi olaraq sahə üzv təşkilatları arasında yarışlar keçirilmiş, qaliblərə qiymətli mükafatlar verilmişdir. 2011-ci ilin may ayında ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar keçirilən "Parlament Kuboku-2011" futbol turnirində "Ekoloq" komandasının iştirakı təmin edilmişdir. Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun təşəbbüsü ilə yaradılmış "Ekosport" idman klubu təşkilatımız tərəfindən maliyyələşdirilmiş, 2012-ci ilin yanvar ayında Belçikada keçirilən buzadırmanma üzrə beynəlxalq turnirdə klubumuzun üzvləri də iştirak etmişlər. İstər Beynəlxalq yarışlarda, istərsə də yoldaşlıq görüşlərində idmançılara yaxından köməklik göstərilmişdir. Hər il Qusar rayonunun Ləzə kəndində keçirilən buzadırmanma üzrə respublika çempionatının təşkilində yaxından iştirak edilmişdir.

Buraxılmış nöqsanlar və qarşıda duran mühüm vəzifələrdən danışan TSEİHİ-nin Respublika Komitəsinin sədri bildirmişdir ki, bizim işdə həmkarlar ittifaqlarının fəaliyyətinin informasiya təminatına, həmkarlar ittifaqının təcrübəsinin ümumiləşdirilməsi və yayılmasına, əmək kollektivlərinə həmkarlar ittifaqı aktivinin fəaliyyəti haqqında daha operativ surətdə məlumatlandırılmasına əhəmiyyətli yer ayrılmalı, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq daha fəal inkişaf etdirilməlidir. Razılaşdırılmış hərəkətlərin təkmilləşdirilməsi üçün elektron poçtinternet imkanlarından istifadə etməklə mütəmadi olaraq məsləhətləşmələr və məlumat mübadiləsi aparılmalıdır.

Elmi-Tədqiqat Meşəçilik İnstitutu HİK-in sədri Cəmilə Məhərrəmova, Ətraf Mühitin Çirklənməsinin Monitorinqi Mərkəzinin HİK-nin sədri Nazim Hümbətov, Bakı Ekologiya və Təbii Sərvətlər Departamenti HİK-nin sədri Tofiq Həsənov, Mineral Xammal Elmi-Tədqiqat İnstitutu HİK-nin sədri Bayan Rəhimova, 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi HİK-nin sədri Həbib Əhmədov, Respublika Həmkarlar İttifaqları Komitə sədrlərinin adından Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov, Bəsitçay Dövlət Təbiət Qoruğunun direktoru Xuduş İsgəndərov və digərləri çılxışlarında ötən dövrdə Həmkarlar İttifaqının işini qənaətbəxş hesab etdiklərini bildirərək ittifaqın gördüyü işləri dəyərləndirmiş və sahə respublika komitəsinə gələcək fəaliyyətində uğurlar arzulamışlar.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müavini Aqil Dadaşov qurultay iştirakçılarını təbrik edərək görülən işlər barədə danışmış, həmkarlar təşkilatlarının qarşısında duran məsələlərin həlli istiqamətində sahə respublika komitəsinə, yeni seçiləcək heyətə uğurlar arzulamışdır.

Çıxış edənlər T.Quliyevin Respublika Komitəsinə yenidən sədr seçilməsini və Səttar Mehbalıyevin 2013-cü ildə AHİK sədrliyinə namizədliyini irəli sürmüşlər. Qurultay iştirakçıları tərəfindən açıq səsvermə yolu ilə Telman Quliyev Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqının sədri seçilmişdir.

Qurultayın işində Bakı Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru Mürsəl Əliyev iştirak etmişdir.

 

 

Afət SADIQOĞLU

 

Xalq qəzeti.- 2012.-18 oktyabr.- S. 4.