Azərbaycanın
dövlət müstəqilliyi Heydər Əliyevin müdrik siyasəti nəticəsində qorundu və əbədiləşdirildi
Mən bu gün bir daha
xalqa söz verirəm
ki, Azərbaycanın müstəqilliyini bundan sonra da
qoruyacağam, Azərbaycanın daxili və xarici siyasətində
aparılan müsbət işlər bundan
sonra da davam etdiriləcək, Azərbaycan müstəqil
dövlət kimi yaşayıb və
daim yaşayacaqdır.
Ulu
öndər Heydər Əliyevin Azərbaycanın dövlət
müstəqilliyinin 3-cü ildönümünə həsr
olunmuş təntənəli yığıncaqdakı
çıxışından Bakı, 17 oktyabr 1994-cü il
Ulu tanrı ötən əsrin son
onilliyində Azərbaycan xalqına iki möhtəşəm
şans vermişdi. Birinci şans ondan
ibarət idi ki, min illərlə tarixi olan qədim bir xalq hələ 1918-20-ci illərdə mövcud olmuş dövlət
müstəqilliyini bərpa etmiş, yüz illərlə arzusunda
olduğu suveren
dövlətinə yenidən qovuşa bilmişdi. İkinci şans isə o idi ki, yenidən əldə
etdiyimiz milli
dövləti qoruyub saxlamaq,
dövlət müstəqilliyimizi əbədiləşdirmək
iqtidarında olan bir siyasi liderimiz mövcud idi.
Bu bir tarixi həqiqətdir ki, əgər 90-cı illərdə postsovet məkanında baş verən ictimai -siyasi proseslər zamanı Azərbaycan xalqının önündə Heydər Əliyev kimi siyasət dahisi getməsəydi, təbii ki, bizim ikinci dövlət müstəqilliyimiz də birinci demokratik respublikamızın taleyini yaşayacaqdı. Həmin qətiyyəti dilə gətirmək üçün əlimizdə kifayət qədər əsaslandırılmış arqumentlər var. Bu məntiq haradan qaynaqlanır? Aşağıda həmin sualın cavabı öz-özünə ortaya çıxacaq. Hələlik isə bizim öz dövlət müstəqilliyimizi bərpa etdiyimiz dövrün ictimai-siyasi ab-havası barədə bir neçə məqamı yada salaq.
Əslində Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi böyük bir tarixi prosesin-SSRİ kimi nəhəng dövlətin çökməsinin tərkib hissəsi şəklində qəbul edilməlidir. Amma burada bəzi başqa məqamlar da var idi . Əvvəla, həmin proses başlanandan sonra dərhal Azərbaycanda baş qaldıran xalq -azadlıq hərəkatını qan içində boğmaq üçün dəhşətli 20 Yanvar faciəsi törədilmişdi. Xalqın müstəqillik arzusunda olan qüvvələrinin gözünün odunu bu yolla almağa çalışmışdılar. Ikinci, 1988-1991-ci illərdə SSRİ respublikaları arasında demək olar ki, təkcə Azərbaycanda öz dövlət müstəqilliyinə badalaq gəlmək üçün çalışan qüvvələr var idi. Digər mühüm cəhətlərdən biri isə o idi ki, həm geosiyasi əhəmiyyət baxımından, həm də bu ölkənin təbii resurslarının zənginliyinə görə Azərbaycanın dövlət müstəqilliyi qazanmasını SSRİ-ni idarə edənlərlə yanaşı regionun başqa qüvvələri də istəmirdilər.Yəni Azərbaycanın dövlət müstəqilliyi qazanması bir çətinlik idisə , həmin müstəqilliyin qorunması, yenidən itirilməməsi daha böyük vəzifə kimi qarşıda dururdu. Çox təəssüf ki, müstəqilliyin əldə olunmasından sonra ölkədə hakimiyyəti idarə edənlər sözün bütün mənalarında xalqın deyil, dövlət müstəqilliyimizin bədxahlarının maraqlarına cavab verən, daha doğrusu, həmin maraqların təmin olunmasına zəmin yaradan qüvvələr idi.
İndi isə qayıdaq həmin dövrdə cərəyan edən tarixi proseslərə ulu öndər Heydər Əliyevin necə müdaxilə etdiyi məqamlara. Birinci yada saldığımız məqam ondan ibarət idi ki, xalqın azadlıq arzusunu məhv etmək üçün 1990-cı ilin yanvar ayında Bakıya qoşun yeridilmiş, silahsız insanlar qanına qəltan edilmiş, çoxu uşaq, qadın və qocalardan ibarət olan yüzlərlə günahsız azərbaycanlı tankın, topun altında qalmış, güllələnmişdi. SSRİ rəhbərləri də, o zaman Azərbaycana rəhbərlik edənlər də yaxşı bilirdilər ki, Bakıda və ya Azərbaycanın hansısa bir şəhərində Sovet imperiyasına qarşı çıxa biləcək heç bir qüvvə yox idi. Sadəcə Kreml həmin addımla ilk növbədə illərdən bəri yeritdiyi milli ayrı-seçkilik siyasətini davam etdirir, eyni zamanda gələcəkdə baş verə biləcək istənilən halın qarşısını almaq üçün əvvəlcədən xalqı qorxu içərisində saxlamağa çalışırdı. Qətiyyətlə deyə bilərik ki, həmin qanlı faciədən sonra Azərbaycan xalqında həqiqətən bir qorxu, vahimə hissi yaranmışdı. Ancaq ulu öndər Heydər Əliyevin faciənin ertəsi günü, bilavasitə Kremlin gözünün qabağında-Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Mixail Qorbaçovun milli ayrı-seçkilik siyasətini pisləyən, Bakıya qoşun yeridərək dinc əhalinin qanının tökülməsinə səbəb olmuş insanların əməlini lənətləyən bəyanatla çıxış etməsi xalqın azadlıqsevər insanlarının qamətini düzəltdi. Azərbaycan xalqı gördü və inandı ki, onun Heydər Əliyev kimi qətiyyətli, cəsarətli və xalq üçün canından belə keçməyə hazır olan bir lideri var.
Azərbaycan xalqının öz dahi oğluna olan inam və etimadının artmasına səbəb olan başqa bir fakt isə o idi ki, Heydər Əliyev Kremlin qanlı əməllərinə etiraz etmək üçün qeyd etdiyimiz ünvana gələndə tək deyil, bütün ailə üzvləri ilə, övladları ilə birlikdə gəlmişdi. Bu isə çox böyük risq idi. Çünki o zaman Azərbaycana ərazi iddialarını gündən-günə genişləndirən ermənilər ulu öndərin fiziki cəhətdən yox edilməsi çağırğşlarını demək olar ki, hər gün səsləndirirdilər. Üstəlik türk xalqlarının mənafeyini qoruduğuna görə Kremlin bəzi simaları ilə Heydər Əliyevin arasında yaranan münaqişəli vəziyyət də ermənilərin öz çirkin əməllərini reallaşdırmasına zəmin ola bilərdi. Bütün bunları bilə-bilə özünü və övladlarını ümumxalq işi üçün təhlükəyə atan insanın isə bir adı var idi-dahi lider.
Azərbaycanın dövlət müstəqilliyi qazanmasını istəməyən daxili qüvvələr ölkədə SSRİ-nin saxlanılması üçün referendum keçirəndə də Heydər Əliyev öz qətiyyətli mövqeyini ortaya qoymuşdu. 1991-ci ilin dekabrında - hətta, ölkə parlamentinin İstiqlal Bəyannaməsini (30 avqust) və Müstəqillik haqqında Konstitusiya Aktını (18 oktyabr) imzalamasından bir neçə ay sonra adını çəkdiyimiz referendum gündəliyə gətirilmişdi. Parlamentin 360 deputatından 258-nin səsi ilə qəbul olunmuş qərara şübhə ilə yanaşılır, ölkə saxta referenduma sürüklənirdi. O zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrlik edən ulu öndər Heydər Əliyev muxtar respublika ərazisində bu referendumun keçirilməsinə imkan verməmişdi. Məhz həmin prinsipiallığa görə Heydər Əliyevin fiziki cəhətdən yox edilməsinə göstəriş verənlər sonradan böyük peşmançılıq keçirdiklərini dilə gətirmişdilər. Yeri gəlmişkən, Naxçıvan Muxtar Respublikasının adından "sovet" və "sosialist" sözlərinin çıxarılması və Azərbaycan Demokratik Cümhuriyyətinin üç rəngli dövlət bayrağının Muxtar Respublikanın dövlət bayrağı kimi qaldırılması da bilavasitə ulu öndərin adı ilə bağlıdır.
Heydər Əliyevin siyasi müdrikliyinə olan ehtiyacımız ölkənin dövlət müstəqilliyi əldə etməsindən sonra daha da çoxalmışdı. Çünki müstəqilliyin ilk illərində respublikaya sözün həqiqi mənasında siyasət diletantları, küçədən, yoldan yığılmış insanlar rəhbərlik edirdilər. Ona görə də Türkiyə istisna olmaqla regionun bütün ölkələri Azərbaycanın düşməni elan edilir, cəbhədə erməni işğalına qarşı ciddi müqavimət göstərilməsi problemə çevrilir, ölkəni xaos və anarxiya bürüyürdü. Müstəqilliyin ilk illərində parçalanan təkcə ölkənin ərazisi deyildi. Eyni zamanda ordu da müxtəlif hissələrə bölünür, bəzi hərbi hissələr ayrı-ayrı adamların tabeçiliyində fəaliyyət göstərirdi. Bu bir reallıq idi ki, həmin parçalanmalarla yanaşı xalqın dövlətə və hakimiyyətə olan inamı, etimadı da itir, müxtəlif istiqamətlərə bölünürdü. Bütün bunları əsas götürən Azərbaycan xalqı böyük israr və təkidli tələblərlə ulu öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət edirdi. Eyni zamanda mövcud iqtidar da artıq ölkəni idarə edə bilmir, özünün yaratdığı bəlalar girdabından xilas olmaq üçün çıxış yolunun məhz Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsində görürdü.
Ulu öndərin Naxçıvandan Bakıya gəlməsi, ölkədə rəvac verilmiş qardaş qırğınının qarşısını almaq üçün Gəncəyə getməsi və sonra Milli Məclisin sədri seçilməsi-cəmi 10-15 günlük hadisələr sübut etdi ki, bu siyasət dahisi Azərbaycanı məhrumiyyətlər və məşəqqətlər girdabından tezliklə qurtara bilər. Çox qısa müddətdə xalqın Heydər Əliyevə olan inamı birə beş qat artmış oldu və xalq onu öz dövlət müstəqilliyinin ikinci illiyi ərəfəsində-93-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçdi və ulu öndər oktyabrın 10-da prezident kimi ilk dəfə and içdi. Gənc müstəqil dövlətimizin ictimai- siyasi həyatının ən mühüm hadisələrindən biri olan həmin seçki Azərbaycanın milli dövlətçiliyinin taleyini həll etmiş oldu. Ölkədə daxili ictimai-siyasi sabitlik yarandı, cəbhədə atəşkəsə nail olundu, ordunun vahid mərkəzdən idarə edilməsi təmin olundu, yeni neft strategiyası işlənilib hazırlandı və icrasına start verildi, respublikamızın beynəlxalq aləmə inteqrasiyasına başlanıldı və sairə. Bir sözlə, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, perspektivdə isə əbədiləşdirilməsi üçün lazım olan bütün addımlar atıldı. Ən başlıcası, ulu öndərin 1994-cü il oktyabrın 15-də imzaladığı Fərmanla hər il oktyabrın 18-nin ölkədə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunmasının təməli qoyuldu.
Yeni əsrin üçüncü ilindən etibarən Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyevin ölkədə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməsi nəticəsində gənc müstəqil dövlətimiz artıq dünyanın aparıcı dövlətləri ilə yanaşı dayanır.
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvünün seçkisi prosesində dünyanın 155 ölkəsinin Azərbaycanın namizədliyini dəstəkləməsi beynəlxalq aləmdə Heydər Əliyev siyasətinə verilən qiymətin və Prezident İlham Əliyevin son 10 ildə ölkədə apardığı ardıcıl və hərtərəfli islahatlara göstərilən etimadın nəticəsi idi. Bu gün dünyanın reytinq təyin edən beynəlxalq təşkilatlarının hamısı Azərbaycanın öncül yerlərdən birini tutduğunu təsdiq edir. İndi artıq elə bir ay olmur ki, Azərbaycanda hansısa beynəlxalq tədbir keçirilməsin. Bu gün Azərbaycan dünyanın siyasi, iqtisadi, elmi, mədəni, humanitar və idman yarışlarının ənənəvi olaraq keçirildiyi mərkəzlərdən birinə çevrilir. Dünya ekspertləri bütün bunların hamısını Heydər Əliyev siyasi müdrikliyinin təntənəsi kimi qiymətləndirirlər. Tamamilə haqlıdırlar.
Tovuz EMİNLİ,
Azərbaycan Müəllimlər
İnstitutu
Zaqatala filialının direktoru
Xalq qəzeti.- 2012.- 18 oktyabr.- S. 3.