Nizami rayonunda cari ilin doqquz
ayının yekunları təhlil olunmuşdur
Dünən
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində
2012-ci ilin doqquz
ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat
yığıncağı keçirildi.
Rayonun
sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət
sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə
də ictimaiyyət nümayəndələrinin iştirak
etdikləri yığıncağı Nizami Rayon İcra
Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq
bildirdi ki, Prezident İlham Əliyevin sədrliyi ilə
keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasından irəli gələn vəzifələr
hazırda ölkənin bütün şəhər və
rayonlarında geniş müzakirə olunur. Qeyd olundu ki, cari ilin
ötən dövrü ərzində Prezident İlham Əliyevin
Nizami rayonunda 7 obyektin açılış və bir obyektin təməlqoyma
mərasimlərində iştirak etməsi rayona göstərilən
diqqət və qayğının parlaq təzahürüdür.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2012 -ci ilin ötən doqquz ayı ərzində rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzə etdi. Natiq Nazirlər Kabinetinin oktyabrın 10-da keçirilmiş iclasında dövlət başçısı İlham Əliyevin proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu. Ölkəmizin dinamik inkişafının təmin olunmasında Nizami rayonunun da yaxından iştirak etdiyini vurğulayan məruzəçi bildirdi ki, cari ilin doqquz ayında rayonun iqtisadi göstəricilərində xeyli artım müşahidə olunmuş, sənaye məhsullarının həcmi 299,7 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 1,8 faiz çoxdur. İstehsal olunmuş ümumi məhsulun 34,1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Qeyd olundu ki, rayon üzrə ötən ilin eyni dövrü ilə müqayisədə qarğıdalı yağı istehsalı 67,6 faiz, marqarin istehsalı 17,8 faiz, günəbaxan yağları 43,3 faiz, kimyəvi məhsulların istehsalı 64,7 faiz, şokolad istehsalı 11,2 dəfə, rezin və plastmas məmulatları 3,2 dəfə, beton, gips və sement məmulatlarının istehsalı 79,6 faiz, elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi 10,8 faiz, ət məhsulları 13,3 faiz, karton istehsalı isə 9,2 faiz artmışdır. Bu artımda rayon ərazisində fəaliyyət göstərən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, "Neftqaztikinti" Tresti, "NJT-2000" firması, "Kaspi Yıldız" MMC, "Bakı Yağ Qida Sənaye" ASC, "Körpü Tunel" ASC, "Azərtunelmetrotikinti" SC-nin DBK zavodu, "Ulduz" fabriki və digər müəssisələrin müstəsna xidmətləri olmuşdur.
Natiq bildirdi ki, hesabat dövründə rayonun tikinti təşkilatları öz gücləri ilə 244,1 milyon manatlıq podrat işləri görmüşlər. Cari ilin doqquz ayında rayon iqtisadiyyatının və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 33,2 milyon manat həcmində investisiya yönəldildiyini diqqətə çatdıran natiq qeyd etdi ki, həmin vəsaitin 18,4 milyon manatı və ya 55,3 faizi dövlət, 14,8 milyon manatı və ya 44,7 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür. İlin ötən doqquz ayı ərzində istifadə edilmiş investisiyaların 16,2 milyon manatı və ya 48,8 faizi tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.
İlin ötən doqquz ayı ərzində rayon üzrə rabitə sahəsində 48,1 milyon manat, nəqliyyat üzrə isə 47,1 milyon manat dəyərində xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 58,7 faiz və 50,2 faiz çox olmuşdur. Məruzəçi, həmçinin bildirdi ki, hesabat dövründə rayon üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi də 45,4 faiz artaraq 1 milyard 81,8 manat, əhaliyə göstərilən pullu xidmətlərin real həcmi isə 156,2 milyon manat təşkil etmişdir. Pərakəndə və iaşə əmtəə dövriyyəsinin, demək olar ki, tamamilə özəl bölmənin hesabına əldə edildiyini diqqətə çatdıran İ. Mehdiyev onu da bildirdi ki, yanvar-sentyabr aylarında özəl müəssisələr tərəfindən əhaliyə 1 milyard 81,4 milyon manatlıq istehlak malları satılmışdır. Son üç ildə rayonda yaradılmış 4809 daimi iş yerinin 615-i cari ilin doqquz ayının payına düşmüş, rayon üzrə orta aylıq əmək haqqı 392,6 manat təşkil etmişdir. Məruzəçi rayonda həyata keçirilən tədbirlərin sosial sahədə müsbət dəyişikliklərə səbəb olduğunu diqqətə çatdırmaqla yanaşı, onu da qeyd etdi ki, beynəlxalq təcrübəyə əsaslanaraq aztəminatlı ailələrin sosial müdafiəsi və yoxsulluğun azaldılması istiqamətində mükəmməl sistem sayılan "Özünədəstək" mexanizmi ilk dəfə olaraq Nizami rayonunda pilot layihə kimi sınaqdan keçirilmiş, birdəfəlik sosial yardımın ödənilməsi üçün 24 ailəyə ümumilikdə 32 min 110 manat vəsait paylanmışdır. Bütövlükdə isə hazırda rayon üzrə 2890 ailə ünvanlı sosial yardım alır. Bundan əlavə, rayonda pensiya və müavinətlər də vaxtlı-vaxtında verilir, sakinlərin işlə təminatı daim diqqət mərkəzində saxlanılır.
2012-ci ilin ötən dövrü ərzində rayonun elektrik enerjisi, istilik və qaz təchizatı sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verən İ. Mehdiyev qeyd etdi ki, hesabat dövründə rayon ərazisindəki 206 nömrəli yarımstansiya yenidən qurulmuş, ayrı-ayrı yerlərdə yeni transformatorlar quraşdırılmış, 34 binanın elektrik təchizatı yaxşılaşdırılmış, istismara yararsız kabel xətləri dəyişdirilmiş, 54 transformator məntəqəsində təmir-təftiş işləri aparılmışdır. Rayon ərazisindəki fərdi yaşayış evlərinin qaz təchizatının yaxşılaşdırılması üçün də lazımi işlər görülmüş, mövcud qaz kəmərlərində təmir- bərpa işləri aparılmış, yeni xətlər çəkilmişdir. Cari ilin ötən dövründə rayonun istilik təsərrüfatı sahəsində də genişmiqyaslı işlərin həyata keçirildiyini bildirən natiq qeyd etdi ki, müxtəlif ünvanlarda istismara yararsız 7058 paqonometrlik istilik xətləri dəyişdirilmiş, 28 binanın daxili paylayıcı xətləri təmir olunmuşdur. Bununla yanaşı, məruzəçi hesabat dövründə su təchizatı sistemində həyata keçirilmiş çoxsaylı tədbirlər barədə də ətraflı məlumat verdi, rayonda görülmüş genişmiqyaslı abadlıq-quruculuq işlərindən bəhs etdi.
İ.Mehdiyev, həmçinin 2012-ci ilin ötən dövrünün rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üçün də yüksək nailiyyətlərlə zəngin olduğunu diqqətə çatdırdı, bu sahədə əldə olunmuş uğurları sadaladı.
Tədbirdə çıxış edən digər natiqlər 2012-ci ilin doqquz ayında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm işlərdən, sosial və iqtisadi sahələrdə əldə olunmuş uğurlardan söhbət açdılar, Azərbaycanın sosial-iqtisadi inkişafında paytaxtın Nizami rayonunun da mühüm rol oynadığını vurğuladılar.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov hesabat yığıncağına yekun vurdu. Tədbirin sonunda rayon üzrə fərqlənən təhsil işçilərinə mükafatlar verildi. Hesabat yığıncağında Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak edirdilər.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2012.- 19 oktyabr.- S. 5.