Yaşayan və yaşadan səs

 

Onu ilk dəfə ötən əsrin 60-cı illərinin ortalarında, indi düşmən tapdağı altında olan, doğulub boya-başa çatdığım Qubadlı rayonunun Dondarlı kəndinin balaca klubunda görmüşdüm. Onda Şövkət xanım hələ gənc idi. Bütün kənd camaatı bu gözəl müğənnini görməyə yığışmışdı.

 

Çox möhtəşəm bir konsert oldu. Bu kənd uşaqları üçün həqiqətən böyük bir bayram idi. Sonralar Rübabə Muradova, Tükəzban İsmayılova və başqa tanınmış müğənnilər də kəndimizdə konsert proqramları ilə çıxış etdilər.Ancaq Şövkət xanımın çıxışı yaddaşıma əbədi həkk oldu. Onun "Qaragilə", "Azərbaycan maralı" mahnıları bu gün də yaddaşımdan silinməyib. Bu yazıda Şövkət xanım haqqındakı həmin epizodu xatırlamağım təsadüfi deyil.1994-cü ildə Şövkət xanımın həyat yoldaşı, kinorejissor Lətif Səfərov haqqında "Kino" qəzetinin xüsusi buraxılışını hazırlayanda onların evlərində oldum. Fotoalbomu vərəqləyərkən həmin konsertdən bir kadr diqqətimi çəkdi. Və özüm üçün müəyyənləşdirdim ki, həmin konsert elə Şövkət xanımın da yaddaşında qalıb. Yoxsa, bu fotoşəkli qiymətli bir yadigar kimi uzun illər qoruyub saxlamazdı.

İllər ötdü, dəfələrlə bu əvəzsiz müğənninin Filarmoniyadakı konsertlərinə tamaşa etdim. Amma heç bir konserti məni kəndimizdəki kiçik klubda keçən konsert qədər məftun edə bilmədi. Şövkət xanım böyük sənətkar idi. Onun şaqraq səsi uzun illər səhnələrimizin bəzəyi olub. Bu səsin qüdrəti milyonların ürəyində Şövkət Ələkbərova ünvanlı bir məhəbbət ocağı qalayıb. Səs ruh kimi ölməzdir. Bircə fərqi var ki, hər ruh yalnız bir bədəndə qərar tutur. Bir ruhla, bir ömürlə dünyamıza gələn səs isə milyon-milyon qəlblərə bir anda yol tapa bilən, könülləri ovudub, ağladan möcüzədir. Bir zamanlar xanım-xatın bir müğənninin ecazkar nəfəsi ilə dilə gələn bu səs indi musiqi xəzinəmizin incilərinə dönən lent yazılarında ölümsüzləşib, zamanın hüdudlarını aşıb.

Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Anasının arzusu ilə Şövkəti əvvəlcə musiqi məktəbinin kamança sinfinə qoyublar. Amma ona başqa bir sənət yolu seçmək artıq gec idi. Çünki Şövkətin qəlbi oxumaq arzusu ilə döyünürdü. Müğənnilik onun tale yazısıydı. Həmişə anasının çalışdığı orkestrə gələn balaca Şövkət kollektivin rəhbərinin təkidi ilə səhnəyə çıxıb. Sonra o, "Kəndlilər evi"ndəki özfəaliyyət kolektivinə yazılıb. 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib. Müsabiqənin məsuliyyətli tərəfi həm də onda olub ki, iştirakçıların çıxışını Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi görkəmli sənətkarlar qiymətləndirib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxuyub. Həmin gün səsi, ifası bəyənilən üç istedadlı gəncdən biri oldu Şövkət Ələkbərova. Sonradan həmin gənclərlə - Fatma Mehrəliyeva və Gülağa Məmmədovla sənət dostu, yaxın yoldaş olub. O müsabiqə həm də Şövkət Ələkbərovanın professional musiqi sənətinə birdəfəlik gəlişiydi. Çünki onu Üzeyir bəy özünün yaratdığı Azərbaycan Dövlət Xoruna işləməyə dəvət edirdi. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlamışdı.

Həyat kiçik yaşlarında qəlbini nisgillə, üzüntü ilə doldurub, sonra sevinc verib Şövkət xanıma. Böyük səhnəyə gələndə də ürəyində övladlarını erkən yaşlarında kimsəsiz, köməksiz qoyub bu dünyadan köçən atası Feyzulla kişinin onu müğənni kimi görə bilməməsinin dərdini daşıyıb. Ancaq tezliklə bu kədərə taleyin amansızlıqla ona bəxş etdiyi neçə-neçə dərdi qoşulub. Şövkət xanımın 19 yaşı olanda Böyük Vətən müharibəsi başlayıb. Geniş, işıqlı konsert salonlarını soyuq, ölüm dolu səngərlər əvəz edib. O vaxt təhlükədən qorxub müxtəlif bəhanələrlə müharibəyə getməkdən boyun qaçıranlar da olub. Ancaq Şövkət bu barədə düşünmək belə istəməyib. Çünki ölüm-itim ünvanlı o səngərlərdə onun canından artıq sevdiyi doğmaları vuruşub. Şövkət Ələkbərova səsini qələbə ümidinə, təsəlliyə çevirərək odun-alovun içərisində, öz ağrılarını da nəğmələrinə qataraq oxuyub. Çox keçməyib ki, böyük qardaşı Ələkbərin itkin düşməsi xəbəri gəlib. Bir tərəfdən onun, bir yandan da müharibənin qanlı döyüşlərində vuruşan qardaşlarının fikri ilə üzülən Şövkət xanım nəğmələri ilə cəbhədə döyüşən oğulları mübarizəyə, qələbəyə səsləyib. Heç kim bilməyib ki, uşaqlıqdan qardaşı Ələkbərin tarının səsinə sığınaraq onun musiqisi ilə pərvazlanan Şövkət xanım özgə tarzənlərin müşayiətilə oxuduqca qəlbi qan ağlayıb.

1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanı oba-oba dolaşıb. Bu səs yurdumuzun sərhədlərini aşaraq dünyaya yayılıb. Xarici ölkələrə hər qastrol səfərindən sonra Şövkət səsinin, ifasının heyranlarının sayı artıb. İfa edəcəyi mahnıların seçimilə bağlı çox tələbkar olub Şövkət Ələkbərova. Daha çox istedadına inandığı bəstəkarların əsərlərinə müraciət edib. Cahangir Cahangirov, Səid Rüstəmov, Tofiq Quliyev, Emin Sabitoğlu və başqaları belə bəstəkarlardandır. Ona görə də onun oxuduğu mahnıların hər biri təkcə bənzərsiz ifaya görə deyil, həm də sözlərinə və musiqisinə görə misilsiz sənət nümunəsi sayıla bilər. O, dövrünün artıq adları tarixləşən bəstəkarlarının bir çoxu ilə yaxından dost olub. İndi heyrətlə, məftunluqla dinlədiyimiz mahnıların bir çoxu elə Şövkət Ələkbərovanın səsi, ifası üçün yazılıb. Müğənninin bir böyüklüyü də onda olub ki, səsi ilə istənilən nəğməni şöhrətləndirə bilib.

Yumşaq, həlim təbiətli, mehriban, təvazökar bir insan olub. Kimsənin ürəyinə toxunmağı, qəlbini sındırmağı özünə rəva görməyib. Hər kəsə əlindən gələn köməyi göstərib. Səhnəyə üz tutanda ona böyük sənətkarlar xeyir-dua vermişdilər. O da bunu bir mənəvi borc kimi gənclərə qaytarıb.

Asəf Zeynallı, Bülbül adına orta ixtisas musiqi məktəblərində dərs deyən sənətkar yetirmələrinə musiqi sənətində yalnız peşəkarların, fədakarların keçə biləcəyi yolu tanıdıb. Onlara yalnız bu yolla getməyi tövsiyə edib. Şövkət Ələkbərova tələbələri üçün təkcə sənət yox, həm də insanlıq məktəbi olub. Onların hər birinə ana qayğısı ilə yanaşıb.

Şövkət xanım heç vaxt nə qismətindən, nə də insanlardan gileylənməyib, şikayətlənməyib. Bəlkə də ona görə ki, Şövkət xanıma dərd verməklə kifayətlənməyən taleyi həmişə onu kədəri, əzabları ilə yalnız qoyaraq onlara təkbaşına tablaşmağı öyrədib. Ömrünün sonlarında arabir ahəstə-ahəstə: "Yazıq canım, elə mənə də həmişə yetim himayədarı olmaq düşdü-deyərmiş - Atam gənc yaşlarında vəfat etdi. Ondan sonra böyük bir ailəni dolandırmaq lazım idi. Mən də qardaşlarıma qoşulub çalışdım ki, evə kömək olum. Sonra Ələkbər itkin düşdü, ailəsi qaldı. Çox keçmədi, həyat yoldaşı da vəfat etdi. Körpə qızını mən böyütməli oldum. Elə o biri qardaşlarım, bacım, onların balaları da həmişə mənim əlimə baxdılar. Bir yandan da öz balalarım... Yetim saxlamaq elə bil alın yazım oldu".

Ona vurulan tale zərbələrinin ən ağrılısı bu idi... Övladlarını təkbaşına böyütmək asan deyildi. Ancaq Şövkət xanımı daha çox üzən həyat yoldaşı istedadlı rejissor Lətif Səfərovun faciəli ölümüydü. Onları hər ikisinin vurğunu olduğu sənət qarşılaşdırıb. Çəkdiyi "Bəxtiyar" filmindəki baş qəhrəmanın uşaqlıq mahnılarını səsləndirən Şövkətlə Lətif Səfərovun tanışlığı bir müddət sonra cəmi 8 il sürəcək evliliyə çevrilib. Şövkət xanım oğlu Bəşiri 6 yaşında atasız qoyub dünyadan gedən Lətifi ömrünün sonuna qədər hörmətlə anıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalq artisti Şövkət Ələkbərovanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə xalq artistinin yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Heç şübhəsiz, Şövkət xanım dünyamızdan köçərkən, bu gözəl sənətkara bir vaxtlar "Oxu, gözəl"i ünvanlayan Səməd Vurğunun təbirincə desək, ölüm sevinməyib... Şövkət səsinin qulaqlardan çəkilməsinə ölüm də sevinə bilməzdi. Amma o səs qeybə çəkilməyib, əbədi bir ömür qazanıb: Oxu, Şövkət, oxu, Şövkət, qoy səsin, Ürəklərdə kaman kimi titrəsin...

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 21 oktyabr.- S. 7.