Hüseyn Cavid və
özbək ədəbi-mədəni mühiti
Ədəbi
əlaqələr müstəvisində dramaturgiya
və teatr sahəsinin tədqiqindən irəli
gələn yekun mülahizələrə
görə, özbək dramaturgiyası və teatrının
təşəkkülü və tərəqqisi bir sıra mütəfəkkirlərin, ilk növbədə, H.H.Niyazinin,
M.Behrudinin, Ə.Fitrətin adı ilə
bağlıdır. Bu dramaturgiyanın inkişaf və zənginləşmə mənbələrindən
biri, heç
şübhəsiz, Azərbaycan dramaturgiyası və onun ən görkəmli nümayəndələrindən
M.F. Axundov və H. Cavid
yaradıcılığı olmuşdur.
Dramaturq
Hüseyn Cavidin adı ötən əsrin 20-ci illərinin əvvəllərindən
özbək tamaşaçılarına bir sıra pyesləri
ilə tanışdır. Onun özbək səhnəsində
tamaşaya qoyulmuş ilk əsəri 1912-ci ildə
yazdığı "Maral" olub. Geniş miqyasda
götürdükdə isə, elə həmin illərdə
H. Cavidin 1920-ci ildə "Şeyda" (1917), 1923-cü ildə
"Şeyx Sənan" (1914), və 1924-cü ildə
"İblis" (1918), Ü.Hacıbəyovun "Leyli və
Məcnun" (1924), "Arşın mal alan", Ə.Haqverdiyevin
"Milliyətçilər", M.F.Axundovun "Hacı
Qara", N.Nərimanovun "Şamdan bəy" və digər
dram əsərləri özbək dilinə tərcümə
olunaraq özbək, tatar və Azərbaycan aktyorlarının
ifasında Daşkənddəki "Turan" teatrında
özbək və Azərbaycan dillərində
oynanılmışdır. Özbək tədqiqatçısı
S.Əliyev "Azərbaycan teatrı və dramaturgiyası
Özbəkistanda (1917-1929)" adlı tədqiqat əsərində
özbək xalqının Azərbaycan dramaturqlarının əsərləri
ilə tanışlığının XX əsrin 10-cu illərinə
təsadüf etdiyini yazmışdır. Tədqiqatçının
yazdığına, eləcə də digər tədqiqat əsərlərinə
istinadən, deyə bilərik ki, Özbəkistanda Hüseyn
Cavidin əsərləri geniş şöhrət
qazanmışdır.
H.H.Niyazinin arxivində Hüseyn Cavidin "Şeyda" pyesindən iki vərəq əlyazması saxlanılır. Bu vərəqlər çox güman ki, əsərin tərcümə olunması üçün başlanğıc imiş (məlumdur ki, məşhur özbək ədibi H.H.Niyazi 1929-cu ildə imperiya oyununa gələrək "Allahsız" kimi xalqın daş-qalağına tuşlanmış, öldürülmüşdür, onun zəngin ədəbi irsi içərisində 40-a qədər də dram əsəri vardır). H.H. Niyazi yaradıcılığını, şəxsi arxivini araşdıran görkəmli özbək tədqiqatçısı, professor Ləziz Kəyumov onun Azərbaycan dilindən 20-yə qədər pyes tərcümə etdiyini, eləcə də səhnəyə qoyulan tamaşalara rejissorluq etdiyini dönə-dönə vurğulayır. 1914-cü ildə Bakıya səfər etmiş Niyazinin əlimizdəki pyesləri ilə Azərbaycan dramaturqlarının əsərləri arasında bir doğmalıq, oxşarlıq və müştərəklik vardır. Bu cəhətdən H.H.Niyazini N. Nərimanovla, Ə. Haqverdiyevlə, H.Cavidlə, C.Cabbarlı ilə müqayisəli öyrənmək üçün kifayət qədər material vardır. Məşhur özbək aktyoru Lütfulla Nəzrullayev yazır ki, Buxarada Özbək Dövlət Dram truppası yaradılmışdır. Truppanın rəhbəri isə Azərbaycandan gəlmiş Həbibulla Axundov idi. O, 1918-1919-cu illərdə Səmərqənddə xalq maarifi sistemində çalışırdı. Burada dram dərnəyi təşkil etmişdi və Azərbaycan dramaturqlarının əsərlərinin tamaşalarını hazırlayıb oynayırdılar. Bu siyahıda ilk olaraq Ü.Hacıbəyovun və H.Cavidin əsərləri olardı. Təxminən həmin illərdə H. Cavidin "Şeyda" əsərinin ilk dəfə Aşqabadda, sonra da Səmərqənddə S.R.Əlizadənin rejissorluğu tamaşası da məlumdur. Azərbaycan-özbək ədəbi əlaqələrinin tanınmış simalarından olan tədqiqatçı Şirəli Turdıyev qeyd edir ki, XX əsrin əvvəllərində Özbəkistanın müxtəlif şəhər və əyalətlərində Azərbaycan dram və opera sənəti nümunələrini oynayırdılar. Münasibətlərin yaxınlığı, doğmalığı o dərəcəyə yüksəlmişdi ki, Azərbaycandan gedən yaradıcı ziyalılar özbək dramaturqlarının əsərlərini tamaşaya hazırlayır, hətta onların nəşrini, mətbuatda çapını Azərbaycanda təmin edirdilər. İstedadlı teatr xadimi Sidqi Ruhullanın rejissorluq məktəbi gənc özbək teatr yaradıcıları üçün örnək olmuşdu. Bəli, Sidqi Ruhullanın Özbəkistanın iri şəhər və əyalətlərində səhnə həyatı verdiyi əsərlər sırasında Hüseyn Cavidin pyesləri ilk sırada olardı.
Məşhur özbək şairi Qafur Qulam 30-cu illərdə Bakıda olarkən "Kommunist" qəzetinə olan söhbətində xüsusi ilə diqqətə yetirir ki, mən ilk təhsilimi Səmərqənddəki azərbaycanlıların məktəbində almışam. Şeir aləminə isə Cavidin, Sabirin yolu ilə gəlmişəm. Əlbəttə, bu gün XX əsr özbək klassikləri sırasında uca mövqedə dayanmış bir şəxsin belə etirafını ədəbi hadisə kimi dəyərləndirməyə bilmərik. Q.Qulam Azərbaycan-özbək xalqlarının ta qədimdən, ələlxsus üzü Nəvaidən XX əsrə qədər olan əlaqələrini dəqiq ifadə edərək yazmışdır: "Biz biri-birimizin şagirdi, biri-birimizin ustadıyıq".
1920-25-ci illərdə Bakı seminariyasında təhsil alan Maqsud Şeyxzadəni 1928-ci ildə sürgün taleyi Daşkəndə gətirib çıxarır. Onun ədəbi irsini araşdıranda maraqlı izlərlə rastlaşmalı olursan. Belə ki, seminariya illərində A.Şaiq, H.Cavid, C.Əfəndizadə, M.Qiyasbəyli, C.Cəbrayılbəyli kimi nəhəng ziyalılardan dərs almışdır. M.Şeyxzadə ömrünün axırınadək burada yaşayıb, Nizami Gəncəvi adına Daşkənd Pedaqoji İnstitutunda fəaliyyət göstərib. Nəhayətdə, Özbəkistan elm tarixində tanınmış alim və pedaqoq kimi məşhurlaşmışdır. O, "Cəlaləddin Manquberdi" və "Mirzə Uluqbəy" faciələri ilə fundamental özbək dramaturgiyasının banisi kimi ədəbiyyat tarixində ad qoymuşdur. Məhz bu xidmətlərini dəyərləndirən Özbəkistanın xalq yazıçısı Şükrulla M. Şeyxzadəni "Özbək ədəbiyyatının Şekspiri" adlandırmışdır. M. Şeyxzadə vaxtilə Nizaminin, Füzulinin, M.F.Axundovun, Hüseyn Cavidin, S. Vurğunun, R. Rzanın əsərlərini özbək dilinə tərcümə edib. M.Şeyxzadə həyatı boyu iki müəlliminin adını fəxrlə anıb: Hüseyn Cavid və Abdulla Şaiq. M.Şeyxzadə onlardan vətən eşqi, millət eşqi, ədəbiyyat eşqi və türkçülüyün böyüklüyünü öyrənmişdir. Hətta məşhur "Mirzə Uluğbəy" əsərini yazarkən Hüseyn Cavidin, onun "Topal Teymur" əsərinin ona olan təsirindən söz açmışdır. Məlumdur ki, həmin əsər Əmir Teymurun nəvəsi, dünyanın məşhur astronomu kimi ad-san qazanmış, hökmdar Mirzə Uluğbəyə həsr olunmuşdur.
Ümumiyyətlə, XX əsr özbək ədəbiyyatının klassikləri kimi tanıdığımız H.H.Niyazi, M.Uyqun, M.Behbudi, Q.Yunis, Ə.Fitrət və başqaları məhz Hüseyn Cavid, Ü.Hacıbəyov, M.F.Axundov kimi dühaların yaradıcılıqlarından faydalanmış və əsərlərində bu təsiri dönə-dönə etiraf etmişlər. Bir məsələyə diqqət yetirmək istərdim: Məşhur Ə.Fitrət və Ə.Çolpan İstanbulda təhsil almışlar. Bu ayrıca bir tədqiqatın mövzusudur ki, öz ustadları ilə onların şəxsi tanışlıqları olub, ya yox. Bu qələm adamlarının üslub, hadisələrə münasibəti, dövrün vacib problemlərini mövzuya çevirmək, xüsusən də İstanbul dialekti ilə yazı tərzlərində çox oxşarlıqlar görünür.
Hüseyn Cavidin özbək ədəbi-mədəni mühitində izini araşdırarkən, bir zamanlar onunla çiyin-çiyinə çalışan özbək ziyalısı Xalid Səid Xocayevi unutmaq olmur. Ruhani ailəsində doğulan X.S.Xocayev gənc yaşlarında İstanbula getmiş, orada ali təhsil alaraq Vətəninə dönmək üçün yolüstü Bakıdan keçməli olub. Daha doğrusu, 1918-ci ildə Nuru Paşanın başçılığı altında Qafqaz Türk İslam Ordusunun qərargahı ilə Bakıya gəlir və həyatını Azərbaycanla bağlayır.Azərbaycanda H.Cavid, S.Ağamalıoğlu, V.Xuluflu kimi şəxsiyyətlərlə çiyin-çiyinə çalışır, bu gün də aktuallığını itirməyən əsərlərini yazdı. Təəssüf ki, 1937 -ci ildə həbs olunan ədibin əsərlərinin çoxu XDİK tərəfindən müsadirə olunur, bəzilərinin taleyi hələ də naməlumdur. Tam bir təsadüfmi, yoxsa, düşmən gözü sərrafmı? 1937-ci ilin iyun gecəsində Azərbaycanın dörd böyük ziyalısı birdən həbs olunur: Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq və Xalid Səid Xocayev. Həmin günlərdə çağrılan Azərbaycan K(b)P-nin XIII qurultayında M.C.Bağırov məruzəsinin son sözündə demişdi: "Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdi: hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq kimiləri" (onda heç qərib X.S. Xocayevin adını da tutmadı, amma məhv etmək sırasından yan etmədi).
1925-ci ildə tamamlanan "Topal Teymur" adlı tarixi dram əsəri Bakı və Daşkənddə səhnəyə qoyulmuşdur. Tamaşa böyük maraq və heyranlıqla qarşılansa da, tezliklə qadağan edilmişdir. Əmir Teymur obrazı sovet ideologiyasına uyğun gəlmirdi (qeyd etmək istərdim ki, həmin dövrlərdə, yəni, Əmir Teymurdan bəhs edən ilk özbək pyesini Ə.Fitrət 1919-cu ildə "Teymurun məzarlığı" əsərini yazmışdır). H.Cavid "Topal Teymur"da onu qəddar, zalım, axsaq kimi yox, böyük sərkərdə, türk dünyasını birləşdirən, elmin, incəsənətin, müxtəlif sənətlərin və ticarətin hamisi kimi qələmə vermişdi. Hüseyn Cavidə və teatrın rəhbərliyinə təkidlə bildirilmişdi ki, Əmir Teymur obrazı xoşagələn tərzdə verilməsin. 1937-ci ildə H.Cavid həbs olunarkən ona qarşı irəli sürülən ittihamlardan biri də Əmir Teymur şəxsiyyətini təbliğ etməyi idi. Ümumiyyətlə, tarix boyu Əmir Teymur ziddiyyətli şəxsiyyət kimi təqib olunub. Onun əməlləri - xeyirxah və zülmkarlığı tərəzinin gözündə heç də nizamlı qərarda görünməyib. Bir faktın axarında tədqiqatçı qələmim, qəlbim çox qürurludur. Onun türkçülük tarixindəki xidmətlərini saymaqla başa gəlmir. Saray yazışmaları türk dilində olmalı, saray əsgərləri türkcə salamlaşmalı, saray şairləri türkcə yazmalı və s. və s. Hətta Əmir Teymur dövrünün türkcə ilk bədii əsəri tarixi fakt olaraq Əmirin özünün 1381-ci ildə uyğur əlifbası ilə yazılmış on bir sətirlik "Kitabəsi" sayılır.
Hüseyn Cavid - böyük turançı Cavid, böyük türkçü Cavid bunları bildiyindən Əmir Teymurun - Teymurləngin müsbət xarakterlərini daha qabarıq verməsi yerində idi, ürəyinin səsi idi. O, özünü haqlı bilirdi. Mən bilmirəm ki, Hüseyn Cavid Əmir Teymurun qəbrini ziyarət edib ya yox (bu, sonrakı tədqiqatlarımızın mövzusu ola bilər). Ötən il Şərq gözəli Səmərqənd şəhərində ezamiyyətdə olarkən dünyaya meydan oxuyan Əmir Teymurun (Teymurləngin), onun nəvəsi, dünya şöhrətli astronom alim Mirzə Uluğbəyin türbəsini-qəbrlərini ziyarət edərkən bəzi detallar hələ də heyrətimdə donub qalıb. Əvvəla, məqbərədəki bələdçi qız bizim haradan gəldiyimizi bilmədən ziyarətçilərə şərhlər verirdi: "Bu, Əmir Teymur dövrünün xəritəsidir. Əmir hər il yayda indiki Azərbaycan ərazisi olan bu ərazidə - Dağlıq Qarabağda istirahət edərdi". Bir anlıq Dağlıq Qarabağda qılıncların şaqqıltısını, düşmənin pərən-pərənini duydum. İkinci heyrətləndirici hadisə nə idi? Dünyaya hegemonluq etmək qüdrəti olan Şah Teymur özünü müəlliminin - ona dərs verən ustadının ayaqucunda dəfn olunması vəsiyyət edib. Sağ tərəfində isə öz qəbrindən bir boy hündürdə dövrünün məşhur alimini dəfn etdirib. Həmin qəbrin baş ucuna çox -çox hündür bir ağacı dirək kimi bənd etdirib və yuxarısına diqqət çəkən - çıraq kimi bir şey asıblar. Vəsiyyətində deyib ki, qoy məqbərəni ziyarət edən hər kəs bilsin ki, bu uca yerdə dəfn olunan alimdir. Baş tərəfinə ustadını - müəllimini, uca səmtinə alimini dəfn etdirən Şahlar Şahı Teymur ziyalısına verdiyi dəyəri, qiyməti, hörməti, məhəbbətini belə izhar edib. Bu, həm də tarixə dərsdir, əxlaq dərsi. Bəli, zamanında Hüseyn Cavidi Şah Teymura qarşı məhəbbətləndirən duyğulardan bir çox belə ştrixlər olmuşdur.
Özbək ədəbiyyatşünasları "Topal Teymur" dramının xalqlarımızın müştərək tarixinin önəmli bir səhifəsi olduğunu həmişə vurğulayırlar. 5 pərdədən ibarət olan bu əsərin əsas qayəsi nədən ibarətdir: real tarixi hadisələr əsasında qələmə alınmış və hadisələrin mərkəzində real tarixi şəxsiyyətlərin obrazları qarşılaşdırılır. Hüseyn Cavid həbs edilən zaman Daşkənddə də İstanbul təhsilli özbək ədəbiyyatının azmanları Əbdürrauf Fitrət, Əbdülhəmid Çolpan, Abdulla Qədiri, daha kimlər, kimlər, kimlər həbs olunaraq güllələndilər. Hətta onları Daşkənddə bir quyuya dolduraraq min əzabla torpaqladılar və o məzar-quyunu cinlər-şeytanlar məskəni adlandıraraq həmin həndəvərə heç kəsi buraxmadılar, şəhərin tullantıları oraya qalaqlandı, sonrakı nəsildə o əraziyə qarşı gerçek bir xof yaratdılar. Lakin müstəqillik illərindən sonra həmin ərazi tarixi təbiət muzeyinə, güllük-gülüstanlığa çevrildi. İndi dünyanın hər yerindən gələn qonaqları özbəklər ilk olaraq o cənnət məkana - 37-ci il Şəhidlərinin Xiyabanlığına aparırlar, o faciənin gerçək üzünü əfsanə kimi danışırlar. Bəli, haqq nazilər, amma üzülməz. Onlar Stalin rejiminin məhvindən sonra bəraət alsalar da, yenə də əsərlərinin təbliği qadağalı idi. Bu üzdən Fitrət, Çolpan, Qədiri ... yaradıcılığı kimi, Cavid ədəbi irsi də ta müstəqillik illərinəcən Özbəkistanda ədəbiyyatşünaslıq mövzusu olaraq öyrənilmədi, tədqiq edilmədi.
Dahi dramaturqun "Topal Teymur" pyesini 1992-ci ildə özbək dilinə çevirən istedadlı özbək şairi Osman Qoşqar (Usmon Kuçkor) həmin əsəri 1998-ci ildə "Əmir Teymur" adı ilə "Cahon adabiyeti" ("Dünya ədəbiyyatı") ədəbi-bədii, ictimai-publisistik jurnalında dərc etdirib (özbək dilində). Həmin illərdə Daşkəndin mərkəzində Əmir Teymurun Şah taxtı üstündə əzəmətli heykəli ucaldılmışdır, ümumiyyətlə, bu istiqamətdə dövlət səviyyəsində bir sıra işlər görülmüşdür. Ötən əsrin əvvəllərindən Özbəkistanda çox məşhur olan "Topal Teymur" əsərinin tərcümə edilməsi də bu sıradan sayıla bilər. Qeyd etmək yerinə düşər ki, Osman Qoşqar (Usmon Kuçkor) dramaturqun 130 illiyi günləri çərçivəsində "Şeyx Sənan" və "Səyavuş" əsərlərini də özbək dilinə çevirmişdir."Hüseyn Cavid - 130" yubileyi ərəfəsində Azərbaycanın Özbəkistandakı səlahiyyətli nümayəndəsi, böyük vətəndaş Namiq Abbasov dəfələrlə "Hüseyn Cavid" gecələri təşkil etdi, dramaturqun əsərlərinin özbək dilinə tərcümə olunmasında vasitəçi və ya təşkilatçı oldu. Özbək səhnəsində onun "Topal Teymur" əsərinin yenu quruluşda oynanılması uçun xeyli işlər gördü, elmi-praktik konfranslar keçirilməsinə rəhbərlik etdi və s.
Məşhur özbək xalq şairi Osman Əzim bu ədəbi
hadisəyə münasibətini bildirərək yazır ki, ən qədim bitiklərdən tutmuş Nəvai və Füzuli,
Nəsimi və Məşrəb, Babur və
Xətai, Abdulla Qədiri və Hüseyn Cavid, Qafur Qulam və Səməd
Vurğundan üzü bəri müntəzəm davam edən ənənələrin əbədi
olacağı şəksizdir. Hüseyn Cavid romantikası, fəlsəfəsi, dünyagörüşü, idrakı, məntiqi,
ali insanı duyğuları,
düşüncələri imkan
yaradıb ki, özünə əbədi
ömürlük qazansın. Cavid zirvədir, əlçatmaz zirvə. O, min illərin şairidir, dramaturqudur, filosofudur. Cavidin misralarıdır:
Verdim o gün ki, zülfi-pərişanə könlümü,
Saldı nigar o zülfdə zindanə könlümü.
Yalvardım əczinən ona, bəlkə xilas edə,
Zənciri-zülfə bağladı divanə könlümü.
Almaz ÜLVİ,
filologiya elmləri doktoru
Xalq qəzeti.- 2012.- 21 oktyabr.- S. 7.