Müdriklik
çağının ömrü əbədiləşdirən
illəri
Bu sətirlər
filologiya elmləri doktoru, professor, geniş erudisiyaya malik vətənpərvər
ziyalı Qəzənfər Paşayevin çoxşaxəli fəaliyyətinə
həsr olunmuş məqalələrin, şeirlərin
toplandığı "Ömrün əbədiləşən
illəri" kitabına milli təəssübkeşimiz Sabir
Rüstəmxanlının yazdığı ön sözdən
götürülmüşdür. Xalq şairi ön sözə
nahaqdan "Milli qeyrət" adı verməyib. O bu ifadəni
böyük tənqidçi və filosof Yaşar Qarayevin
öz həmkarı haqqında dediyi "Qəzənfər
müəllim bir daha sübut edir ki, mənəvi dəyərə
və sərvətə, milli qeyrətə və savaba,
tamahsız xeyrə sərf olunan ömür və səhhət
heç zaman tükənmir."-fikrinə əsaslanaraq
seçib. Müəllif belə bir nəticəyə gəlib
ki, Qəzənfər müəllimin ömrü boyu
gördüyü bütün işlərin də, həyatının
və yaşayış tərzinin də ən dəqiq qiyməti
elə budur: Milli qeyrət!
"Təhsil" nəşriyyatında 42 çap vərəqi həcmində-cəmi 500 tirajla nəşr olunan bu samballı kitab ədəbiyyata sevgisi tükənməyən, gözəl qadın, fədakar ana, Qəzənfər müəllimin ömür-gün yoldaşı Arəstə xanım Paşayevanın şəxsi təşəbbüsü, tərtibi sayəsində "Ömrün əbədiləşən illəri"nə işıq tutub. Akademiklər Vasim Məmmədəliyevin və İsa Həbibbəylinin, yazıçı Nahid Hacızadənin rəy verdikləri kitab həm də Sabir Rüstəmxanlının ciddi redaktə süzgəcindən keçib.
Ötən əsrin 80-ci illərindən başlayaraq 2012-ci il də daxil olmaqla, həmin dövrdə Qəzənfər Paşayevin yaradıcılığına, fəaliyyətinə həsr olunmuş 150- yə yaxın məqalə, 10-dan artıq şeir, əsərləri haqqında məlumat toplanmış bu kitab tərtibçinin böyük səbr, bacarıq və zəhməti sayəsində işıq üzü görüb. Vətəndaş və alim vəzifəsini bütün ömrü boyu yorulmadan xalqına xidmət etməkdə görən Qəzənfər müəllimin gördüyü işləri- yazdığı kitablarını, məqalə və çıxışlarını, xeyriyyəçiliyini ən ümumi şəkildə göz önünə gətirən elm xadimlərinin, müxtəlif nəsilləri təmsil edən ədiblərin, tənqidçilərin, publisistlərin, respublikamızdan və qonşu ölkələrdən olan qələm sahiblərinin məqalələri xronoloji ardıcıllıqla sıralanmışdır. Məqalələrin dərc vaxtı kimi məkan vaxtı da fərqlidir. Məkanından və zamanından asılı olmayaraq yazılan məqalələrin amalı birdir: Ömrü xalqın taleyindən ayrılmayan, onun tarixini yaradan, ağır və xoş günlərdə hadisələrin kəsişmə nöqtəsində olan, millətinin bütün ağrılarını içindən keçirən, bacardığı qədər haraya yetən Milli ziyalı və fəal ictimai xadim Qəzənfər Paşayevin örnək olan həyat və fəaliyyətini işıqlandırmaq. 1980-ci ildən indiyədək respublikada nəşr olunan bütün qəzet və jurnallarda, Bağdad, Kərkük, Tehranda çıxan dərgilərdə dərc olunmuş bu məqalələr, şeirlər bir həmyerli kimi məndə qürur hissi oyadır. Doğma Tovuzumun bu cür şöhrətli, geniş dünyagörüşünə malik olan, yaradıcılığını daha da şaxələndirərək halal qazancından dostlara, kimsəsizlərə, darda qalanlara, təhsil alanlara, oğul evləndirib qız köçürənlərə, xəstələrə, kimlərə... kimlərə... təmənnasız yardımı ürəyimi dağa döndərir. Ululara hörmət əlaməti olaraq universitet müəllimlərinin qəbirüstü abidəsini təzələməyi özünə mənəvi borc bilən, hansısa qəzet redaksiyasını kompyuter dəsti ilə təchiz edən, kimi isə dostlarının köməyi ilə işlə təmin edən, kimin isə ödənişli təhsilinə yardım əlini uzadan Qəzənfər müəllim! Sizin gördüyünüz işlər haqqınızda səbəblər səbəbindən gec-gec yazdığıma baxmayın. Mən təpədən dırnağa köklərimlə tovuzluyam. Yubileylərinizdə sizi qələmimə söykənib təbrik etməsəm də, yaradıcılığınızı davamlı təbliğ edə bilməsəm də, heç zaman sizin üçün dualarımı əskik etməmişəm. Tanrı Sizi qorusun!-demişəm.
...Filologiya elmləri doktoru, Əməkdar elm xadimi Bəhlul Abdulla "Kərkük pərvanəsi" məqaləsində "əl tutmaq Əlidən qalıb" ideyasını kredosuna çevirən, ödədiyindən ödənc gözləməyən, özü bütöv, sözü bütöv, amalı xeyirxahlıq olan ədəbiyyatşünas, folklorşünas, şərqşünas, dilçi, tarixçi, etnoqraf, publisist, tərcüməçi Qəzənfər Paşayevi bütün hərfləri böyük olan "İNSAN" adlandırır. Filologiya elmləri doktoru Qasım Qasımzadə Qəzənfər Paşayevin uzunmüddətli ezamiyyətdə vəzifəsini yerinə yetirərkən İraq dövlətinin təltifinə və SSRİ Nazirlər Sovetinin Fəxri Fərmanına layiq görülməsi, alim kimi yetişməsi, öz xalqının mədəni irsinə əvəzsiz töhfələrlə qayıdıb oxucusunu bəşər sivilizasiyasının ilk beşiyi haqda qısa və heyrətamiz faktlarla tanış etməsini alqışlayır. Professor Vasim Məmmədəliyev Qəzənfər Paşayevin Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində şəxsi hesabına təşkil etdiyi İraq ədəbiyyatı və mədəniyyəti daimi ekspozisiyasını yüksək qiymətləndirir. Əli Şamil onu milli şüur oyadan insan kimi tanıdır. Belə faktlardan sonsuz saymaq olar. Akademiklər, professorlar və digər qələm sahiblərinin müxtəlif zamanlarda mətbuatda dərc olunmuş yazıları Kərkük sevdalı bu müdrik insanın yaradıcılığına güzgü tutur. Müəlliflər bu yazılarında onu oxuculara söz sənətinin sevdalısı, Azərbaycan kərkükşünaslığının banisi, örnək adam, yaxşılıqla yarışan və s. adlarla təqdim edirlər. Professor Vaqif Arzumanlı Q. Paşayevin "Seçilmiş əsərləri"nin yeddicildliyi haqqında düşüncələrini "Yeddi cildə sığmayan yetmiş beş il" sərlövhəli məqaləsi ilə təqdim edir və cildlərə toplanmış yaradıcılıq nümunələrinə münasibət bildirir. Gözəl qələm sahibi, istedadlı publisist Flora Xəlilzadə isə cildlər haqqında "Söz mülkünün yeddi qatı" məqaləsində gəzişmələr edir, maraqlı və lakonik dillə əsərlər haqqında oxucuda tam təsəvvür yaradır. Ensiklopedik bilik sahibi olan Qəzənfər müəllimin maraq dairəsinin "bütün dövrlərin ən qüdrətli görücüsü" adlandırdığı Mişel Nostradamusa qədər genişlənməsi təsadüfi deyil, onun katrenləri şərh etməsinin özü Allah vergisi olmaqla bərabər astrologiya, dünya tarixi və gələcək haqqında görücü təfəkkürü ilə yazmağıdır. O, bu kitabda müdrik ilahiyyatçı, tarixçi, nəzəriyyəçi, ədəbiyyatşünas kimi diqqəti cəlb edir.
Kitabda maraqlı cəhət odur ki, burada məqalələr, şeirlərlə birgə həm də ömrün müdriklik çağını yaşayan Qəzənfər müəllimin nəşr etdirdiyi kitabların üz qabığı, eyni zamanda onu sevənlərin həcmcə kiçik, mənaca dəyərli yazıları tarixi ardıcıllıqla təqdim olunur. Bundan başqa ayrı-ayrı illərin məqalələri toplanmış bölümlər arasında müdrik fikirlərdən, şeirlərdən seçmələr verilmişdir.
"Ömrün əbədiləşən illəri" haqqında düşüncələrimi Xalq şairi Sabir Rüstəmxanlının fikirləri ilə tamamlamaq istəyirəm. "...Qəzənfər müəllimin öz böyük zəhməti, çoxcəhətli yaradıcılığı ilə xalq arasında qazandığı hörmət, şöhrət hər kişiyə nəsib olan xoşbəxtlik deyil. Bu kitabın bir əhəmiyyəti də ona öz xoşbəxtliyini, öz ömrünün bəhrəsinə verilən qiyməti göstərməsindədir".
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2012.- 21 oktyabr.- S. 6.