Yasamal rayonu bu ilin doqquz ayını uğurla başa vurmuşdur

 

Yasamal Rayon İcra Hakimiyyətində 2012-ci ilin doqquz ayının sosial - iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir. Tədbiri açıq elan edən rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası xatırlatdı.

 

Qeyd olundu ki, ölkə iqtisadiyyatı uğurla inkişaf edir. Bütün makroiqtisadi göstəricilər yüksək səviyyədədir. Doqquz ayın yekunları bunu bir daha əyani şəkildə göstərdi. Diqqətə çatdırıldı ki, ölkə iqtisadiyyatı doqquz ayda 1,1 faiz, qeyri-neft sektoru 10,3 faiz artıb. Cari ildə ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulub. Sərmayələrin təqribən 70 faizi daxili investisiyalardır.

Strateji valyuta ehtiyatlarımız ilin əvvəlindən 5 milyard dollar artaraq 45 milyard dollar səviyyəsinə çatıb. Əhalinin pul gəlirləri 12 faiz, inflyasiya isə cəmi 1,5 faiz artıb. Yeni iş yerlərinin açılması həlli vacib vəzifə kimi qarşıya qoyulmuş və uğurla icra olunmuşdur. Bu il 94 min yeni iş yerləri açılmış, bunun da 73 mini daimi iş yeridir. SSRİ dövründən qalmış əmanətlərin 30 faizi, təxminən 366 milyon manat vəsait əmanətçilərə ödənilib. 127 minə yaxın ailəyə hər ay ünvanlı dövlət sosial yardımı verilir. Bütün bunlar bir daha təsdiqləyir ki, ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin başçısının daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir.

İ. Mehdiyev qeyd etdi ki, bu ilin doqquz ayında Yasamal rayonunda sosial-iqtisadi göstəricilər uğurlu olmuşdur. Rayonda 2947 yeni iş yeri açılmışdır ki, onlardan 283-ü yeni yaradılmış müəssisələrdə, 657-si mövcud müəssisələrdə, 2007-si isə fiziki şəxslərdən ibarət olmuşdur. Sənaye məhsulunun ümumi həcmi 137 milyon 271 min manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 1 milyard 193 milyon 846 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 90,4 faiz və 96,4 faiz təşkil edir. Rabitə xidmətlərinin həcmi 120 milyon 295 min manat, ümumi investisiyadan tikinti-quraşdırma işləri 194 milyon 218 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 132,2 faiz və 240,0 faiz deməkdir. Pərakəndə əmtəə dövriyyəsi 553 milyon 208 min manat, əhaliyə göstərilən pullu xidmətlər 352 milyon 719 min manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 103,2 faiz və 92,9 faiz təşkil edir.

Qeyd olundu ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Yasamal rayonunda su və kanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatı, rabitə və informasiya sahələrindəki yenidənqurma işləri bu il də davam etdirilib. "2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində rayonun su və kanalizasiya, qaz, elektrik enerjisi, istilik, rabitə və informasiya, yol təsərrüfatı və nəqliyyat, abadlıq və yaşıllaşdırma, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrini əhatə edən böyük həcmli işlər artıq öz müsbət nəticələrini göstərməkdədir. Dövlət Proqramına rayonun problemləri ilə əlaqədar daxil edilmiş 53 bəndin 20-si artıq icra olunub, 22-si isə icra olunmaqdadır.

Rayonun təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmir işlərinin aparılması qarşıya qoyulan əsas vəzifələrdən olub. İ.Mehdiyev bu barədə məlumat verərkən dedi ki, möhtərəm Prezidentimiz İlham Əliyev 21 saylı məktəbdə əsaslı təmir işləri ilə tanış olmuş, 18 saylı məktəbdə cənab Prezidentin şəxsi göstərişinə əsasən aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra açılış mərasimlərində iştirak etmişdir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın 27 və 325 saylı uşaq bağçalarının açılış mərasimlərində iştirak etmələrini qürur hissi ilə xüsusi qeyd etmək istəyirəm. Ölkə rəhbərliyinin diqqət və qayğısının nəticəsidir ki, təhsil sahəsində hər il nailiyyətlər əldə edilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 21 tam orta məktəbin şagirdlərinin ali təhsil müəssisələrinə qəbul göstəriciləri 49,2 faiz təşkil etmişdir. Rayonun 20, 52, 60,158,167,175 və 308 saylı məktəblərinin qəbul göstəricisi şəhər üzrə 52 faizdən yüksək olmuşdur. 600-dən çox bal toplayan məzunlarımızın sayı 20 nəfərdir. Təhsil Nazirliyinin tabeliyində olan 4 ümumtəhsil müəssisəsinin qəbul göstəricisi 88 faizdir, 27 məzun 600-dən çox bal toplamışdır.

Yüksək bal topladıqlarına görə rayonun üç məzunu Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür. Dövlət başçısının 20 iyun 2012-ci il tarixli sərəncamı ilə keçirilmiş "İlin ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsinin qalibləri sırasında Yasamal rayonunun iki məktəbinin - 60 saylı və 158 saylı məktəblərin, "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibləri sırasında isə dörd müəllimin olması fərəhləndirici haldır. Prezidentin digər sərəncamına əsasən isə 225 saylı məktəbin direktoru Sevda Eminova "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. Başçı bildirdi ki, rayonun səhiyyə müəssisələrinin əsaslı təmir, yenidənqurma və müasir tibbi avadanlıqlarla təchiz olunması istiqamətində müəyyən işlər görülüb. 16 saylı şəhər poliklinikası əsaslı təmir edilərək müasir tibb avadanlıqları və ləvazimatlarla təchiz edilərək rayon sakinlərinin istifadəsinə verilmişdir. Bundan başqa, təhsil, səhiyyə müəssisələrinin tikintisi, yenidənqurma işlərində Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın danılmaz rolu xüsusilə qeyd edildi. Respublika əhəmiyyətli Respublika Uşaq Klinik Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası, Respublika Diaqnostika Mərkəzi, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu və Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzində əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmış və ən müasir tibb avadanlıqları ilə təchiz edilərək istifadəyə verilmişdir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu səhiyyə ocaqlarının açılış mərasimlərində iştirak etmişlər. Diqqətə çatdırıldı ki, əhalini narahat edən problemlərin aradan qaldırılması istiqamətində əsaslı işlər görülmüşdür. Cari ildə rayon ərazisində böyük vüsətlə aparılan tikinti-quraşdırma, əsaslı təmir işləri ilə yanaşı geniş miqyaslı abadlıq işləri də davam etdirilib. Magistral yollara 426.000 kvadratmetr, məhəllədaxili yollara isə 92000 kvadratmetr asfalt örtüyü vurulub. Hal-hazırda Zərdabi və Şərifzadə küçələrində bu işlər davam etdirilir.

Rayon ərazisindəki Mətbuat prospekti 29, Şərifzadə 75 A, Talıblı 32 və H.Cavid prospekti 91 saylı evlərin qarşısında nümunəvi həyətlər yaradılıb. Bu həyətlərdə günlüklər, uşaq əyləncə elementləri, oturacaqlar quraşdırılıb, ağac və bəzək kolları əkilərək qazon salınıb. Ş.Mehdiyev, 94 və 97 saylı binaların həyətində geniş abadlıq və quruculuq işləri aparılaraq nümunəvi həyət yaradılmışdır. Binaların həyətində uşaqların asudə vaxtını səmərəli keçirmələri məqsədilə 450 kvadratmetr sahədə mini futbol meydançası, 5 ədəd günlük, 6 ədəd uşaq əyləncə elementi, 23 ədəd oturacaq quraşdırılıb, 120 kvadratmetr hörgü işləri görülüb, 610 paqonmetr yeni bardür qoyularaq 15600 kvadratmetr sahəyə asfalt örtüyü vurulub. Həyətə 265 kvadratmetr üzlük tava vurulub, binanın 450 kvadratmetr fasadı rənglənib, 190 ədəd ağac, 800 ədəd dekorativ kol əkilib. Sakinlərin istifadəsi üçün bulaq tikilib.

Başçı nümunəvi həyətin yaradılmasında Yasamal Bələdiyyəsinin də fəal iştirakı olduğunu qeyd etdi. Bildirildi ki, rayon icra hakimiyyəti rəhbərliyinin tövsiyəsilə Yasamal Bələdiyyəsi tərəfindən Şərifzadə küçəsində "Mərasim evi"nin tikintisi başa çatdırıldı və ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilərək açılış mərasimi keçirildi.

Natiq vurğuladı ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun daxili imkanları hesabına abadlıq-quruculuq işləri bu il də davam etdirilib. İnşaatçılar prospektində sahəsi 3500 kvadratmetr olan park tikilərək ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə sakinlərin istifadəsinə verildi. Parkın ərazisində 400 kvadratmetr hörgü, 205 kvadratmetr dəmir-betontökmə işləri görülmüş, 1860 kvadratmetr divar və pilləkan aqlay daşı ilə üzlənmiş, 230 paqonometr su xətti çəkilmişdir. Parkda 3 ədəd günlük, 10 ədəd oturacaq quraşdırılmış, 25 ədəd ağac, 600 ədəd bəzək kolları əkilmiş, 850 kvadratmetr sahəyə qazon salınmışdır. Müasir memarlıq üslubunda yüksək peşəkarlıqla işlənilmiş şəlalə quraşdırılmış, 1250 kvadratmetr sahəyə keramika-qranit tava döşənmişdir. Park müasir işıqlandırma sistemi ilə təchiz edilərək, ətrafı qərb-şərq üslublarını əks etdirən metal konstruksiyalı məhəccərlərlə əhatə olunub. Parkın yaxınlığındakı binaların fasadları yüksək zövqlə təmir olunmuş, ərazi bütünlüklə abadlaşdırılmışdır. Parkın açılış mərasimində möhtərəm Prezidentimiz İlham Əliyev iştirak etmişdir.

Rayon sakinlərini ən çox narahat edən məsələlərdən biri də içməli su ilə fasiləsiz təmin olunmaqdır. Artıq bu istiqamətdə də həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Əhalinin su ilə təchizatı sahəsində vaxtilə mövcud olan problemlər demək olar ki, artıq həll olunub. Məhəllədaxili ərazilərdə 1289 paqonometr boru dəyişdirilib, 68 nasos, 6 mühərrik əsaslı təmir olunub, 27 məhəllədaxili su anbarı yuyularaq dezinfeksiya edilib. Artıq istehlakçıların 65 faizi fasiləsiz su ilə təmin olunur. Yaxın vaxtlarda rayonun bütün ərazisi fasiləsiz olaraq su ilə təchiz olunacaq. Sakinlərin qış aylarında istiliklə təmin olunması da həlli vacib məsələlərdəndir. Bu məqsədlə "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Yasamal rayonu ərazisində xeyli iş görülmüş, 20 yaşayış binasında əsaslı təmir işləri aparılmışdır. 123 kilometr istilik kəməri yuyularaq hidravlik təzyiqlə yoxlanılıb. 4 qazanxana əsaslı, 34 qazanxana cari təmir olunub. Məhəllədaxili müasir tipli bir qazanxananın tikintisi başa çatdırılıb, Yeni Yasamal yaşayış massivində istilik məntəqəsi yeni müasir qazanxanaya çevrilib. Hal-hazırda Ş.Mehdiyev 97 ünvanında qazanxana əsaslı təmir olunur, təmirdən sonra burada 4 çoxmərtəbəli bina istiliklə təmin olunacaqdır.

İ.Mehdiyev diqqətə çatdırdı ki, ötən illərdə olduğu kimi, bu il də Heydər Əliyev Mərkəzi ilə birgə iş planına uyğun olaraq çoxşaxəli tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev Mərkəzi və onun bölmələri ilə tanışlıq davam etdirilmişdir. 125 ekskursiya təşkil olunmuş və mərkəzə gələnlərin sayı 3900 nəfər təşkil etmişdir. Mərkəzdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsinə, fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş konfranslar, dəyirmi masalar, açıq dərslər, cari ilin aprel ayının 18-dən may ayının 10-dək ulu öndərin anadan olmasının 89-cü ildönümü münasibətilə silsilə tədbirlər keçırilmişdir.

Yasamal rayonunda sakinlərlə yaşadıqları ərazilərdə görüş keçirmək, əhalinin qarşılaşdığı problemləri operativ şəkildə aradan qaldırmaq artıq ənənəyə çevrilib və bu iş digərləri üçün nümunə olacaq həddə çatdırılıb. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayon icra hakimiyyəti başçısının rayon sakinləri ilə səyyar görüş-qəbulları mütəmadi qaydada keçirilib. Bu ilin doqquz ayı ərzində 14 səyyar görüş-qəbulda 2310 nəfər iştirak edib. Sakinlərin qaldırdıqları 124 məsələnin hamısı öz müsbət həllini tapıb. Sakinlərlə sıx təmas qurmağın, onların qaldırdıqları məsələlərin operativ həllinin nəticəsidir ki, rayon icra hakimiyyəti başçısının qəbuluna gələnlərin sayında xeyli azalma müşahidə olunur. Bu tendensiya ərizə və şikayətlərlə müraciətlərin sayında da özünü hiss olunacaq dərəcədə göstərir. Məsələn, ötən ilin müvafiq dövründə rayon icra hakimiyyəti başçısının qəbuluna 362 nəfər gəlmişdir. Bu il isə qəbula gələnlərin sayı 286 nəfərdir. Ötən il rayon icra hakimiyyətinə 2600 ərizə və şikayət daxil olduğu halda bu il bu rəqəm 2020-dir.

Natiq bildirdi ki, möhtərm Prezidentimiz İlham Əliyev tərəfindən müstəqilliyimizin daha da möhkəmləndirilməsinə xidmət edən islahatlar, demokratik dəyişikliklər, iqtisadi inkişaf ardıcıl surətdə davam etdirilir. Bu sahədə Yasamal Rayon İcra Hakimiyyətinin qarşısına bir sıra vəzifələr qoyulub. Görülən işlər bir daha təsdiqləyir ki, qarşıya qoyulan bütün vəzifələr bundan sonra da layiqincə, vaxtında və yüksək keyfiyyətlə yerinə yetiriləcək. Çıxış edənlər bu ilin doqquz ayı ərzində rayonun sosial - iqtisadi inkişafını uğurlu hesab etdilər. Sonda yığıncağın qərar layihəsi diqqətə çatdırıldı.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2012.- 21 oktyabr.- S. 5.