Azərbaycanda sosial məsələlərin həlli prioritet vəzifə kimi
diqqət mərkəzində saxlanılır
İnsanların daha yaxşı yaşaması və
onların illik gəlirlərinin
artmasına dövlət dəstəyinin gücləndirilməsi
hazırda Azərbaycan hökumətinin diqqət yetirdiyi əsas prioritetlərdən biridir.
Respublikamızın
maliyyə resurslarının və büdcə gəlirlərinin
əsas xərc istiqamətləri vətəndaşların
rifah halının yaxşılaşması, aztəminatlı
ailələrin lazım olan sosial-müdafiə tədbirləri
ilə təmin edilməsi, sosial sahədə mövcud problemlərin
aradan qaldırılması sözügedən istiqamətin
gücləndirilməsinə yönəldilmişdir. Sosial
sistemin təkmilləşdirilməsi məqsədilə
islahatlar ilbəil sürətlənir və bundan sonrakı
illərdə daha da intensiv xarakter alacaqdır. Atılan
addımlar və sosial sahədə ardıcıl şəkildə
həyata keçirilən layihələr onu göstərir
ki, Azərbaycan hökuməti əhalinin maddi-rifah
halının yaxşılaşdırılması və
insanların bütün sosial qayğılarla əhatə
olunmaları üçün güclü maliyyə
imkanlarına və islahatları dərinləşdirmək
iradəsinə malikdir. Ümumiyyətlə,
sosialyönümlü iqtisadiyyat XXI əsrin ikinci onilliyində
respublikamızın strateji inkişaf və modernləşdirmə
konsepsiyasının əsas təməllərindən
olacaqdır.
Mütəxəssislərin
proqnozlarına əsasən, qarşıdakı illərdə
ölkənin maliyyə imkanları daha da
yaxşılaşacaq və valyuta gəlirləri əhəmiyyətli
dərəcədə artacaqdır. Bu isə nəzərdə
tutulan sosial islahatların davamlılığına imkan verəcəkdir.
Azərbaycanda sosial-iqtisadi proqramların uğurla həyata
keçirilməsi, sosial infrastrukturun yüksək səviyyədə
yenidən qurulması, yeni iş yerlərinin
açılması, aztəminatlı ailələrə
ünvanlı yardımların göstərilməsi və digər
tədbirlər geniş miqyas alacaqdır. Minimum əməkhaqının
artırılması, pensiya və müavinətlərin
ehtiyac meyarına tamamilə uyğunlaşdırılması
bu siyasətin əsas məqsədləri olacaqdır. Bu tədbirlər
isə ümumilikdə insanların aylıq gəlirlərinin
və orta aylıq əməkhaqqının məbləğinin
əhəmiyyətli dərəcədə artmasına imkan
verəcəkdir.
Azərbaycanın son illərdəki büdcəsinə nəzər saldıqda, həyata keçirilən iqtisadi strategiyanın milli maraq və mənafe baxımından səmərəliliyi bir daha təsdiqini tapır. MDB dövlətlərinin büdcə vəsaitləri 2003-2012-ci illərdə ən yaxşı halda 3-4 dəfə artdığı halda respublikamızda bu göstərici üzrə fərq 10 dəfədən çoxdur. Azərbaycanın büdcə gəlirlərinin illik artım tempi ötən dövrdə orta hesabla 30-40 faiz artımla müşayiət olunmuşdur. Məsələn, əgər 2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon manat təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 17 milyard manatı ötmüşdür.
Son 3 ilin dünya iqtisadiyyatı üçün ağır, sarsıdıcı böhranla müşayiət olunduğunu nəzərə aldıqda Azərbaycanın bu üzücü prosesdən maksimum az itki ilə - üzüağ çıxdığını, üstəlik, ümumi daxili məhsulun artımı sahəsində mühüm irəliləyişlərə nail olduğunu əminliklə demək olar. Modernləşmə istiqamətində inamlı tədbirlər reallaşdıran Azərbaycanda hazırda milli ideya səviyyəsində nəzərdən keçirilən məqsədlərdən biri də məhz respublikanın orta inkişaf etmiş ölkələr səviyyəsindən yüksək inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasıdır. Bu məqsədin gerçəkləşdirilməsi üçün 2020-ci ilədək ümumi daxili məhsulun azı iki dəfəyədək artırılması mühüm vəzifə kimi qarşıda müəyyənləşdirilmişdir. Respublikanın ilbəil genişlənən maliyyə imkanları isə bu məqsədin reallaşmasına xidmət edən islahatları keyfiyyətcə yeni mərhələdə də yüksək dinamizmlə davam etdirməyə imkan verir.
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" 29 noyabr 2011-ci il tarixli Sərəncamı da bunun bariz təcəssümüdür. Sərəncam əsasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının layihəsi hazırlanaraq ictimai müzakirəyə çıxarılmışdır. Konsepsiyanın məqsədi mövcud imkanları və resursları nəzərə almaqla Azərbaycanda davamlı iqtisadi artımı, yüksək sosial rifahı, səmərəli dövlət idarəetməsini, qanunun aliliyini təmin etməkdir. Konsepsiya layihəsində qeyd olunur ki, 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, bütün sahələrdə rəqabət qabiliyyətli ölkə olacaqdır: "Azərbaycanın ən ucqar kəndlərində belə vətəndaşların rahat gündəlik həyatı üçün lazımi bütün kommunikasiyalar (rabitə, internet, bank xidmətləri, kommunal xidmətlər, yollar və sair), səhiyyə və təhsil xidmətləri təmin ediləcəkdir. Azərbaycan əhalinin gəlirlərinin yüksək olduğu, işsizlik səviyyəsinin minimum həddə olduğu, yüksək dərəcədə inkişaf etmiş insan kapitalına, mühafizə edilmiş, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaqdır".
Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, "yuxarı orta gəlirli ölkələr" arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.
İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində son illər Azərbaycanda işsizliyin səviyyəsində də nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. 2012-ci ilin birinci yarısında respublikada 37 mini daimi olmaqla 46 minə yaxın iş yerinin açılması da kifayət qədər uğurlu göstəricilərdən biridir. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verir.
Müqayisə üçün bildirək ki, hazırda avrozonada işsizliyin səviyyəsi 10,8 faiz olduğu halda, Azərbaycanda bu göstərici 5,4 faiz təşkil edir. 2003-cü ildən ölkədə 1 milyondan artıq iş yeri açılmış, işsizliyin səviyyəsi 28 faizdən 5,4 faizə düşmüşdür. Bununla belə, əmək bazarındakı mövcud vəziyyət, daha dəqiqi, əksər hallarda işəgötürənlərlə işçilər arasında münasibətlərin hüquqi müstəvidə tənzimlənməməsi hökuməti ciddi narahat edir. Dövlət başçısı İlham Əliyev demişdir: "Baxmayaraq ki, Azərbaycanda işsizlik aşağı səviyyədədir,-keçən ilin yekunlarına görə 5,4 faizdir, - ancaq hələ də işsizlik var və bəzi hallarda bu işsizlik reallığı əks etdirmir. Çünki heç kəs üçün sirr deyil ki, qeydiyyata düşməyən, amma müəyyən işlərdə, tikintidə işləyənlər, maaş alanlar vardır. Ancaq heç yerdə bunun qeydiyyatı aparılmır. Yəni belə hallar var və müvafiq göstərişlər verilibdir ki, bu sahədə də şəffaflıq tam şəkildə təmin edilsin və beləliklə, ölkə büdcəsinə daha da böyük vəsait daxil ediləcəkdir, o cümlədən pensiya fonduna. Beləliklə, bu sahədə də qayda-qanun yaradılmalıdır, birdəfəlik və tam şəkildə".
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasət insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Bütün bunlar isə Prezident İlham Əliyevin hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində verdiyi "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" vədinin əməli işdə gerçəkləşdiyini birmənalı təsdiqləyir.
Azərbaycan iqtisadiyyatının sürətli inkişaf dinamikası ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi islahatların Prezident İlham Əliyev tərəfindən uğurla və keyfiyyətcə yeni mərhələdə davam etdirilməsinin məntiqi nəticəsidir. Məhz ulu öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyası Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevirmiş, regionda liderlik mövqeyini təmin etmişdir. Ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadi siyasətdə də Heydər Əliyevin kursuna sadiqdir. Çünki bu kurs inkişaf etmiş cəmiyyətlərin qəbul etdiyi bazar iqtisadiyyatı prinsiplərinə, azad sahibkarlığa, beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə, maliyyə sabitliyinin və iqtisadi artımın qorunub saxlanmasına, sosialyönümlü iqtisadi siyasətin həyata keçirilməsinə əsaslanır.
2003-cü ildən inkişafyönümlü 40-a yaxın dövlət proqramının imzalanması və həyata keçirilməsi iqtisadiyyatın müxtəlif sahələrində kompleks islahatları təmin etmiş, ölkənin mövcud resursları keçid dövrü üçün səciyyəvi problemlərin tez bir zamanda aradan qaldırılmasına yönəldilmişdir. İnkişaf, sosial təminat və struktur yönümlü bu layihələr ilk növbədə hər bir vətəndaşın layiqli həyat tərzinin təmin olunmasına, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsinə, bir sözlə, davamlı və sabit inkişafa xidmət etmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 21 oktyabr.- S. 5.