Azərbaycanın
uğurlu xarici siyasəti ölkəmizə dünya birliyində
böyük nüfuz qazandırmışdır
Azərbaycanın
müstəqil dövlət kimi xarici siyasət fəaliyyətinin
formalaşması və inkişafı ulu öndər Heydər
Əliyevin yenidən hakimiyyətə gəldiyi vaxtlardan
başlanmışdır. Ulu öndər xarici siyasət fəaliyyətinin
əsas məqamlarını, inkişaf tendensiyalarını,
beynəlxalq münasibətlər sistemində
respublikamızın özünəməxsus yer
tutmasını siyasi uzaqgörənliklə müəyyənləşdirmişdir.
Qüdrətli şəxsiyyətin həyata keçirdiyi
xarici siyasətin əsasını dövlət müstəqilliyini
qoruyub saxlamaq, möhkəmləndirmək, ölkənin təhlükəsizliyini,
milli dövlətçilik hüquqlarını təmin etmək
və beynəlxalq təhlükəsizlik sistemi ilə
bağlamaq təşkil edir. Hazırda Azərbaycanın
inkişaf etmiş demokratik dövlətlər sırasına
qoşulması, dünya birliyinin fəal üzvünə
çevrilməsi düzgün müəyyənləşdirilmiş
siyasi strategiyanın nəticəsidir.
Heydər Əliyevin möhkəm təməllər üzərində qurub - yaratdığı siyasi xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqları nəzərə alınmaqla, müvəffəqiyyətlə davam etdirilir. Həyata keçirilən sülhsevər xarici siyasətimiz dünyanın əksər dövlətləri tərəfindən dəstəklənir və bu da Azərbaycanla əlaqələri genişləndirmək istəyən dövlətlərin getdikcə çoxalmasına öz təsirini göstərir. Son illər ölkəmizə olan inam, etimad daha da artıb. Dövlətimizin başçısı bunu ölkəmizin ədalətli, müstəqil xarici siyasət aparması ilə əlaqələndirərək demişdir: "Azərbaycana çox böyük inam, etimad vardır. Bizim siyasətimiz dəstəklənir. Çünki bizim siyasətimiz ədalətə söykənir. Bizim siyasətimiz müstəqil siyasətdir. Mən son səkkiz il ərzində dəfələrlə bu barədə demişəm ki, Azərbaycan müstəqil siyasət aparır. Azərbaycanın öz yolu vardır. Bu, inkişaf, tərəqqi, demokratiya yoludur. Bu yol Azərbaycan xalqının iradəsi ilə seçilibdir. Bizim bütün addımlarımız Azərbaycan xalqının iradəsinə əsaslanır".
Azərbaycanın xarici siyasət kursu hazırda regiondakı digər ölkələr üçün nümunədir. Hazırda ölkəmiz regionda lider dövlətə çevrilib. Son 16-17 il ərzində daxili və xarici siyasət sahəsində nail olduğumuz uğurlar düzgün müəyyənləşdirilmiş daxili və xarici siyasətin nəticəsidir. Bu illər ərzində Azərbaycan xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmiş, beynəlxalq aləmdə daha çox nəzərəçarpan və diqqət yetirilən ölkəyə çevrilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycanın xarici siyasət kursu, məqsəd və vəzifələri daha da təkmilləşdirilmişdir. Hazırda Azərbaycanın dünyanın əksər ölkələri ilə diplomatik əlaqələri vardır. İnkişaf etmiş demokratik dövlətlərlə ikitərəfli sənədlərin imzalanması, qarşılıqlı yüksək səviyyəli rəsmi dövlət sənədləri, beynəlxalq konfranslar və dünya forumlarında fəal iştirak etmək Azərbaycanın gündəlik diplomatik həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan BMT, Avropa Birliyi, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi (MDB), Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Azərbaycan öz enerji siyasətini daha çox qaz faktoru üzərində qurur. Bir neçə ildir ki, "Cənub qaz dəhlizi" ilə əlaqədar həm ciddi müzakirələr aparılır, həm də konkret addımlar atılır. Hələ 2006 -cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. 2011-ci ilin yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub qaz dəhlizi" haqqında birgə bəyannamə imzalanıb. Avropa İttifaqı ilə Azərbaycan arasında işçi qrup yaradılıb. Hazırda Azərbaycanın xaricdə 64 diplomatik nümayəndəliyi - səfirliklər, beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklər və baş konsulluqlar fəaliyyət göstərir. Bunların 51-i səfirlik, 6-sı baş konsulluq, 7-si isə daimi nümayəndəlikdir. Xaricdə çalışan Azərbaycan diplomatlarının ümumi sayı 600-ə yaxındır.
Azərbaycanın müstəqillik tarixinin 20 illiyi ərzində ən parlaq qələbə ötən ilin sonunda qazanılmışdır. Böyük fəxr və qürur hissi ilə qeyd etmək istərdik ki, məhz həmin vaxt Azərbaycan BMT kimi nüfuzlu bir qurumun Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilmişdir. Seçki prosesində Azərbaycana dünyanın 155 ölkəsi səs vermişdir. Bu, ölkəmizin dünya birliyindəki reytinqinin sürətlə artmasının nəticəsidir. Təbii ki, 20 il ərzində dünya miqyasında belə bir tarixi uğura imza atmaq məntiqli siyasi idarəetmə, uğurlu diplomatik fəaliyyət və inkişaf etmiş dövlətlərin etimadını qazanmaqdan irəli gəlir. Bütün bunlar son 9 ildə həyata keçirilən effektiv xarici siyasətin nəticəsidir.
Dövlətimizin başçısı son illərdə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmişdir. Qlobal və geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya verilməsi ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirmişdir. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçkilərində dünyanın 155 ölkəsinin öz səsini Azərbaycana verməsi də məhz uğurlu diplomatik fəaliyyətin nəticəsidir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilməsi diplomatiya tarixində əldə edilmiş ən böyük qələbələrdən biri olmaqla ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz göstəricisi kimi qəbul edilməlidir. Azərbaycan Prezidenti İlham Əliyev bu tarixi uğuru yüksək qiymətləndirərək demişdir: "Müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsi doğrudan da tarixi nailiyyətdir".
Onu da qeyd edək ki, SSRİ-nin süqutundan bu yana Azərbaycan bu mötəbər quruma qeyri-daimi üzv olan 2-ci (Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda isə ilk) post-sovet ölkəsidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü 2012-ci il 1 yanvar tarixindən başlayıb və 2013-cü il dekabrın 31-nə qədər davam edəcək. Bu iki il müddətində Azərbaycan ilk dəfə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının sədri funksiyasını yerinə yetirmişdir. Növbəti dəfə əlifba sırasına uyğun olaraq, 2013-cü il ərzində Təhlükəsizlik Şurasının sədri funksiyasını bir dəfə də yerinə yetirəcək. Artıq ölkəmiz dünya birliyində söz sahibinə çevrilib. Buna qədər də müxtəlif təşkilatlara üzvlük məsələsi müzakirə olunanda Azərbaycanın adı birincilər sırasında çəkilir. Aparılan məqsədyönlü və səmərəli işin nəticəsi olaraq, Azərbaycan Respublikası 2011-ci il mayın 26-da İndoneziyanın Bali şəhərində Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında hərəkatın üzvü seçilib. Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün təşkilata üzv dövlətlərlə səmərəli əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyinə və Azərbaycanın hərəkatın beynəlxalq münasibətlər sistemindəki konstruktiv rolunun artırılmasında öz səylərini əsirgəməyəcəyinə əminlik ifadə edən hərəkatın 118 üzvü birtərəfli qaydada Azərbaycana dəstək nümayiş etdirib.
Qoşulmama Hərəkatına tam hüquqlu üzv olan Azərbaycan Respublikası hərəkatın prinsiplərinə və məqsədlərinə bağlı olduğunu bəyan edib. Təşkilata tam hüquqlu üzvlük 2012-2013-cü illər üçün BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizəd olan ölkəmizin Asiya (53 üzv dövlət), Afrika (38 üzv dövlət) və Latın Amerikası (26 üzv dövlət) ölkələrindən dəstək alması işində əhəmiyyətli addım olub və Azərbaycan seçkilərdə hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Bu günlərdə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehran sammitində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ölkəmizin daha bir diplomatik uğurundan xəbər verir.
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehran sammitinin yekun sənədinə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən maddə daxil edilmişdir. Sənədin 104-cü səhifəsində əks olunan 391-ci maddədə yazılır: "Dövlət və hökumət başçıları Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamış qalmasından, onun beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid etməyə davam etməsindən təəssüfləndiklərini ifadə etdilər. Onlar BMT Nizamnaməsində təsbit olunmuş gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha təsdiqləyir və tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində danışıqlar yolu ilə həlli üçün səylərini davam etdirməyə çağırır".
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi tədbirlər, xarici ölkələrə səfərləri zamanı imzaladığı sənədlər və mötəbər beynəlxalq tədbirlərdəki çıxışları ölkəmizin reytinqini daha da yüksəldib. Təkcə ötən ilə nəzər yetirsək, dövlət başçımızın fəaliyyətinin nə qədər gərgin və zəngin olduğu özünü büruzə verər. 2011-ci il ərzində Prezident İlham Əliyevin xarici dövlətlərə, rəsmi və işgüzar səfərləri, habelə xarici dövlətlərin başçılarının Azərbaycan Respublikasına rəsmi səfərləri, Azərbaycan Respublikasının xarici ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyalarının iclasları, o cümlədən digər səviyyələrdə rəsmi səfərlər mübadiləsi nəticəsində 40-dan artıq dövlətlə 120-yə yaxın ikitərəfli sənədin razılaşdırılıb imzalanması və sonradan müvafiq qaydada hüquqi qüvvəyə minməsi təmin edilib. Ötən il Azərbaycanın dövlət başçısı İlham Əliyevin Latviya, Rusiya, İtaliya, Serbiya, Sloveniya, Belçika, Qazaxıstan, Polşa, İsveçrəyə rəsmi və işgüzar səfərləri, Bolqarıstan, Macarıstan, Qazaxıstan, Türkiyə, Avstriya, Fələstin, Monteneqro, Polşa, Sloveniya, Serbiya, Çexiya, Ukrayna, Rumıniya, Litva, Yunanıstan, Bolqarıstan, Macarıstan, İsveçrə, Fransa, Belarus, Dominikan, Sent Vinsent və Qrenadanın dövlət və hökumət başçılarının Azərbaycana həyata keçirdikləri səfərlər, birgə hökumətlərarası komissiyaların və işçi qruplarının iclasları, Xarici İşlər Nazirləri arasında siyasi məsləhətləşmələr ikitərəfli əməkdaşlığın dərinləşməsini təmin etmiş, ölkəmizin dünya birliyində mövqelərini daha da möhkəmləndirmişdir. Ölkəmizin diplomatik nümayəndəliklərinin sayının artması da xarici siyasətimizin uğurlarındandır.
Yaxın vaxtlarda Azərbaycanda Serbiya
Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin
diplomatik nümayəndəlikləri fəaliyyətə
başlayıb.Bununla yanaşı Azərbaycanın diplomatik
nümayəndəliklərinin əhatə dairəsi də
genişlənmiş və Cənubi Afrika Respublikasında səfirlik,
Bosniya və Herseqovinada diplomatik ofis fəaliyyətə
başlayıb. Eyni
zamanda Solomon adaları, Trinidad və Tobaqo ilə diplomatik əlaqələr
qurulub.
Azərbaycanın
dinlərarası və mədəniyyətlərarası
dialoqun qurulmasında da oynadığı rol xarici siyasətin
əsas prioritetlərindəndir. Bu sahədə ölkəmizin
fəaliyyəti daha da artıb. 2011-ci ilin aprel ayında
Bakıda BMT, Avropa Şurası, YUNESKO, İSESKO və
"Avronyus"-un dəstəyi ilə Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçirilməsi beynəlxalq aləmin ölkəmizə
olan inam və etimadının bariz nümunəsidir. Forumda mədəniyyətlərarası
dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri
müzakirə olunmuş, təcrübə mübadiləsi
aparılmışdır. Tədbirdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, dünyanın
müxtəlif ölkələrindən gəlmiş siyasi,
ictimai, elm və təhsil xadimləri, aparıcı kütləvi
informasiya vasitələrinin və QHT-lərin nümayəndələri
iştirak etmişlər.
Azərbaycan
dövləti tərəfindən həyata keçirilən
xarici siyasətin əsas cəhətlərindən biri də
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
üçün aparılan danışıqlardır. Bu sahədə
həyata keçirilən tədbirlər ölkəmizi
dünyada sülhsevər, Ermənistanı isə işğalçı
dövlət kimi tanıtmışdır. Artıq
dünyanın əksər dövlətləri və
nüfuzlu beynəlxalq təşkilatları münaqişənin
nizamlanmasında Azərbaycan Prezidentinin mövqeyini dəstəklədiyini
bəyan ediblər.
Yaxın
vaxtlarda NATO-nun Baş katibi Anders Foq Rasmussen Azərbaycana səfəri
və səfər çərçivəsində dövlətimizin
başçısı ilə görüşü, həmçinin
digər tədbirlərdə iştirakı ölkəmizin
getdikcə artan nüfuzunun nəticəsidir. Rasmussen
Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasındakı mövqeyi Azərbaycan Prezidentinin
mövqeyi ilə üst - üstə düşür. NATO-nun
baş katibi ölkəmizin bu qurumla əməkdaşlığına
da münasibət bildirdi. O, qarşılıqlı münasibətləri
yüksək qiymətləndirərək dedi: "Azərbaycan
NATO üçün mühüm tərəfdaşdır.
Münasibətlərimiz sabit və müsbət olaraq
inkişaf edir. Biz sizin hərbçilərinizin Əfqanıstana
verdiyi qəti dəstəyi yüksək dəyərləndiririk.
Onlar nümunəvi xidmət göstərirlər. Siz onlarla fəxr
edə bilərsiniz. Biz hava məkanından istifadə və
tranzit marşrutları vasitəsilə NATO-ya verdiyiniz siyasi dəstəyi
də yüksək qiymətləndiririk. Əfqanıstanın
təhlükəsizlik qüvvələrinə keçirilən
təlimlərə verdiyiniz mühüm maliyyə töhfəsinə
görə minnətdarıq". Rasmussen demişdir ki, Azərbaycan
NATO üçün, NATO isə Azərbaycan üçün
dəyərli tərəfdaşlardır. Biz güclü,
uzunmüddətli tərəfdaşlığı qurmaq
imkanına malikik və əminəm ki, bu fürsətdən
istifadə etməyə çalışmalıyıq. Ermənistanın
terror aktları ilə Azərbaycanı hədələməsinə
münasibət bildirən baş katib dedi ki, NATO-nun müttəfiqləri
terrorçuluğu bütün formalarda pisləyirlər. Biz
bütün məsuliyyətli siyasi liderlərə müraciət
edirik ki, onlar terrorçuluğun həvəsləndirilməsindən
çəkinsinlər. Yerli, regional vəziyyətə gəldikdə,
gərginliyin azaldılmasına, əməkdaşlığın
və barışığın təşviq edilməsinə
böyük ehtiyac vardır. Mən vəziyyətlə
bağlı çox narahatam. Ümid edirik ki, Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həllini
görəcəyik. NATO Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı mövqeyini təşkilatın Çikaqo
sammitində bildirib".
Azərbaycan
Prezidentinin bu günlərdə Fransaya səfəri və səfər
çərçivəsində mühüm əhəmiyyətli
tədbirlərin keçirilməsi, xüsusilə də
Parisdə Luvr muzeyinin İslam incəsənətinə həsr
olunmuş yeni zallarının açılış mərasimində
iştirak etməsi dövlətimizin dünya birliyində
artan nüfuzundan xəbər verir. Dövlətimizin
başçısı bu il sentyabrın 21-də
respublikamızın diplomatik orqanları rəhbərlərinin
dördüncü müşavirəsindəki
çıxışında ölkəmizin beynəlxalq
münasibətlər sistemində rolunun və
etimadının əhəmiyyətli dərəcədə
artmasını diqqətə çatdırmış, dost və
tərəfdaş dövlətlərlə əlaqələrin
möhkəmləndirilməsini, habelə yeni diplomatik
nümayəndəliklərin təsis edilməsini xarici siyasətimizin
uğurları kimi dəyərləndirmişdir. Bütün
bunlar, diplomatik xidmət orqanları əməkdaşları
qarşısında yeni vəzifələr qoymuş və hədəflər
müəyyənləşdirmişdir. Ölkəmizin diplomatik
xidmət orqanları rəhbərlərinin dördüncü
müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyev
xaricdəki diplomatik nümayəndəliklərimizin
artmasını, həmçinin qarşıya qoyulan vəzifə
və hədəflərin reallaşmasını xarici siyasətdəki
uğurlarımızı şərtləndirən amillərdən
biri kimi dəyərləndirmişdir.
Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun,Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin rəsmi səfərləri və səfər çərçivəsində imzalanan sənədlər, habelə son vaxtlar ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın uğurlu xarici siyasətindən xəbər verir. Dünyanı mədəniyyətlər və dinlərarası dialoqa, sülhə, sabitliyə, inkişafa səsləyən İkinci Bakı Beynəlxalq Humanitar Forumundan sonra paytaxtımızda daha bir möhtəşəm beynəlxalq tədbir - İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XII zirvə toplantısı baş tutdu. Oktyabrın 16-da Heydər Əliyev Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin və İƏT-ə üzv olan 4 ölkə prezidentinin, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın və 4 ölkə hökumət rəhbərinin və parlament sədrlərinin, bəzi beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə gerçəkləşən zirvə toplantısı bir daha göstərdi ki, Azərbaycan, həm də nüfuzlu beynəlxalq qurumların mötəbər tədbirlərinin keçirildiyi məkana çevrilib. Bu həqiqət toplantıda iştirak edən bütün qonaqlar tərəfindən dəfələrlə bəyan edildi. Qarşımızda ölkəmizin nüfuzunu və təsir imkanlarını daha da artırmaq, əldə edilmiş mövqelərdən və qazanılmış diplomatik potensialdan effektiv şəkildə istifadə etmək vəzifəsi durur.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2012.- 21 oktyabr.- S. 1.