Sabunçu rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar və qarşıda duran vəzifələr müzakirə olundu

 

Dünən Sabunçu Rayon İcra Hakimiyyətinin bu ilin doqquz ayınin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında qazanılmış nailiyyətlərdən, qarşıda duran vəzifələrdən ətraflı bəhs olundu. İclası giriş nitqi ilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısi Adil Vəliyev açaraq son illər Azərbaycanda həyata keçirilən siyasətin nəticələrindən, Prezident İlham Əliyevin rayona göstərdiyi böyük qayğıdan bəhs etdi. Sonra icra hakimiyyəti başçısının müavıni Qəzənfər Həsənov bu ilin doqquz ayı ərzində rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə etdi.

 

Məruzəçi əvvəlcə oktyabrın 10-da Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışından bu sözləri iştirakçıların diqqətinə çatdırdi: "Ölkə üzrə cari ilin doqquz ayında makroiqtisadi göstəricilər yüksək səviyyədə olmuş, iqtisadiyyatımız doqquz ayda 1,1 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatında isə artım 10,3 faiz olmuşdur ki, bu da gələcəkdə Azərbaycanın neft-qaz amilindən asılılığını böyük dərəcədə aşağı endirə bilər. Ümumiyyətlə, iqtisadi sahədə şaxələnmə siyasəti gələcəkdə də davam etdiriləcək".

Məruzəçi sözünə davam edərək bildirdi ki, paytaxtımızın ən iri sənaye rayonlarından biri olan Sabunçu rayonunda da 2012-ci ilin 9 ayı ərzində iqtisadi və sosial sahələrdə dinamik inkişaf davam etmiş, bütün göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir. Belə ki, cari ilin 9 ayı ərzində sənaye müəssisələri və idarələri tərəfindən məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 80,7 faiz artaraq 217,1 milyon manat, əsas kapitala yönəldilmiş investisiyaların həcmi 3,4 faiz artaraq 41,3 milyon manat təşkil etmişdir. Bu dövr ərzində 2670 yeni iş yeri açılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" cərcivəsində ümumən nəzərdə tutulmuş 16 sahəni əhatə edən 801 bənddən 119 bəndi Sabunçu rayonunun qəsəbələrində bütün sahələri əhatə edən tədbirlərin həyata keçirilməsinə aiddir.

Dövlət başçısının 23 iyun 2012-ci il tarixli sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əlavə tədbirlər planı da təsdiq edilmişdir.

2011-ci və 2012-ci ilin doqquz ayı ərzində həmin tədbirlərdən 32-si üzrə işlər başa çatdırılıb, 43-ü üzrə işlər davam etdirilir, 4 bənd üzrə isə layihə-smeta sənədlərinin tərtibatı və digər hazırlıq işləri aparılmaqdadır. Qalan 14 bənd üzrə işlərin yerinə yetirilməsi 2013-cü ildə nəzərdə tutulmuşdur ki, artıq onlardan da birində işlərin icrasına başlanılmışdır, birində isə hazırlıq işləri aparılır.

Proqramda nəzərdə tutulan ən iri həcmli işlərdən biri də təhsil sahəsidir ki, burada da cəmi 52 bənd üzrə 3472 şagird-yerlik 4 yeni məktəbin tikintisi, mövcud 6 məktəbdə 2600 şagird-yerlik 130 sinif otağının tikintisi, 1 məktəbdə idman və akt zalının tikintisi, 3 yeni uşaq bağçasının tikintisi (iki yerdə 120 yerlik, bir yerdə isə 80 yerlik) və 43 təhsil obyektində (orta məktəb, uşaq bağçası və peşə məktəbləri binalarında) əsaslı təmir və bərpa-gücləndirmə işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Bunlardan artıq 29-u istifadəyə verilmiş, 5-də isə işlər davam etdirilir. Qalan işlər 2012-ci və 2013-cü illərdə yerinə yetiriləcəkdir.

Səhiyyə sahəsi üzrə nəzərdə tutulmuş 2 bənddən ibarət işlərin də icrasına başlanmış, hazırda bu obyektlərdə tikinti işləri davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün 3 mərtəbəli 50 yerlik ixtisaslaşdırılmış reabilitasiya və 50 yerlik sosial sığınacaq, eləcə də gözdən əlillər üçün 4 mərtəbəli tədris bərpa mərkəzlərinin tikintisinə başlanılmışdır.

Qeyd olundu ki, proqramda rayonun bütün qəsəbələrində yeni daxili yolların tikintisi və təmiri üzrə də böyük həcmli işlərin görülməsi nəzərdə tutulmuşdur. Bu günə qədər rayon üzrə 40 kilometrə yaxın mərkəzi və məhəllədaxili yollar təmir olunaraq asfaltla örtülmüşdür.

Sabunçu-Maştağa avtomobil yolunun Zabrat körpüsünə qədər olan hissəsində əsaslı təmir, asfalt örtüyünün vurulması və ətraf sahələrdə abadlıq işlərinin aparılması başa çatdırılmış, sentyabr ayının 27-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.

Hazırda "Azərsu" ASC tərəfindən Dövlət Proqramı çərçivəsində rayonun bütün qəsəbələrinin və yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya şəbəkəsinin yaradılması üzrə layihələndirmə işləri aparılmaqdadır.

Yaşayış binaları və sosial obyektlərin istilik təminatını yaxşılaşdırmaq məqsədilə cari ilin 9 ayı ərzində 28 qazanxana, 5 istilik məntəqəsində və magistral istilik xətlərində müəyyən təmir-bərpa işləri görülərək 131 yaşayış binasına, 18 məktəbə, 9 uşaq bağçasına, 7 səhiyyə obyektinə və 10 digər obyektə fasiləsiz olaraq istilik enerjisi ötürməyə hazır vəziyyətə gətirilmişdir.

Görülən tədbirlərin nəticəsində növbəti payız-qış mövsümündə əlavə olaraq 10 yaşayış binasına, 1 məktəb və 1 səhiyyə müəssisəsinə istilik verilməsi mümkün olacaqdır.

Əhalinin rabitə xidmətinin yaxşılaşdırılması məqsədilə Sabunçu telefon qovşağı üzrə ATS-in ümumi tutumu 67875 ədəd olmaqla əhalinin istifadəsində olan nömrələrin sayı 151 ədəd artırılaraq 62126-ya çatdırılmışdır.

Məruzəçi bildirdi ki, Prezident İlham Əliyev ötən ilin aprel ayında Sabunçu qəsəbəsində aparılan abadlıq işlərinin gedişatı ilə tanış olarkən sakinlərin müraciətini nəzərə alaraq 12 saylı şəhər poliklinikasının sökülərək yerində yenisinin tikintisi üçün Prezident Fondundan 2 milyon manat vəsait ayrılmasına sərəncam vermişdir ki, hazırda həmin obyektin də ümumi tikinti işləri başa çatmaq üzrədir.

Hazırda "Yeniləşən Azərbaycana yeni məktəb" devizi altında Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsindəki 112 saylı məktəbin köhnə binası sökülərək yerində yeni üçmərtəbəli tədris korpusunun tkintisi davam etdirilir.

Hazırda rayon icra hakimiyyəti tərəfindən qəsəbə nümayəndələri və bələdiyyələrin, eləcə də digər əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbərləri qarşısında çox vacib bir vəzifə qoyulmuşdur: hər kəs öz işində dönüş yaratmalıdır.

Cari ilin əvvəlindən rayon icra hakimiyyəti başçısı əlaqədar xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə birlikdə rayonun bütün qəsəbələrində 14 dəfə səyyar görüş keçirmişdir. Bu görüşlər zamanı sakinlərin müraciətlərinin ümumi xarakteri və müşahidələrimiz də bir daha göstərir ki, bir neçə il öncə mövcud olmuş yerlərdə böyük və ciddi narahatedici sosial problemlər indi yoxdur və olanların həlli də Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuşdur, icrası nəzarətdədir.

Sonda natiq dedi ki, 2012-ci ilin sonuna kimi ölkə Prezidenti tərəfindən qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyik.

Sonra Sabunçu Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Nadir Tağıyev, mənzil kommunal təsərrüfati birliyi rəisinin müavini Bəxtiyar Qasımov, 7 saylı istilik sistemləri istismar sahəsinin rəisi Kamil Ələkbərov, rayon qaz istismar idarəsinin rəisi İsmixan Nəsirov çıxış edərək rayonda həyata keçirilən quruculuq işlərindən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 20 oktyabr.- S. 7.