Binəqədi rayonunda 2012-ci ilin 9 ayına yekun vurulmuşdur

 

Binəqədi Rayon İcra Hakimiyyətində Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. RİH başçısı Xaləddin İsgəndərov yığıncağı açaraq bildirmişdir ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatında qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilmişdir. Həmin dövrdə iqtisadiyyatımız 1,1 faiz, əhalinin pul gəlirləri isə 12 faiz artmışdır.

 

Ölkənin valyuta ehtiyatları 5 milyard dollar artaraq 45 milyard dollara çatmışdır. Hesabat dövründə ölkəmizdə 94 min yeni iş yeri açılmışdır. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasətin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir.

Binəqədi rayonunda da sosial-iqtisadi sahələrdə nailiyyətlər əldə edildiyini diqqətə çatdıran rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov bildirmişdir ki, yanvar-sentyabr aylarında rayonda 119 milyon 980 min və ya keçən ilin müvafiq dövründən 0,1 faiz çox sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Sözügedən dövrdə sənaye müəssisələrində 5557 nəfər işləmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6,2 faiz çoxdur. 2012-ci ilin yanvar-sentyabr aylarında sənaye müəssisələrində orta aylıq əmək haqqı 475,8 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövründən 6,7 faiz artıqdır.

Rayonda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən əhaliyə 36 milyon manat həcmində xidmətlər göstərilmişdir ki, bu sahədə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artım müşahidə edilir.

Hesabat dövründə bütün maliyyə mənbələri hesabına 5 milyon 264 min 700 manat əsas fondlar istifadəyə verilmişdir. Yeni yaşayış sahəsi 9,8 min kvadratmetr təşkil etmişdir. Bu dövrdə rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 7 milyon 888 min manat məbləğində investisiya yönəldilmişdir. Yanvar-sentyabr aylarında 4 milyon 87 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 70 faiz çoxdur. Tikintidə işçilərin orta siyahı sayı 970 nəfər artaraq 3379 nəfər olmuşdur. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 276,4 manat təşkil etmişdir.

Bu ilin 9 ayı ərzində rayonda sahibkarlığın inkişafına dəstək verilməsi istiqamətində də bir sıra işlər görülmüşdür. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial - iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası məqsədilə 27 aprel 2012-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə birlikdə rayon ərazisində fəaliyyət göstərən 140-dək sahibkarın iştirakı ilə "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir. Burada müvəkkil kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinə 3,2 milyon manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 380-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Dövlət Proqramı çərçivəsində rayonun qəsəbələrində məhəllədaxili yolların asfaltlanması ilə bağlı müəyyən işlər görülmüşdür.

Sulutəpə, M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi qəsəbələrində, 1 May yaşayış massivində 200 min kvadratmetr sahəyə və ya 35 kilometr yola asfalt döşənmişdir. "Azəryolservis" ASC-nin xətti ilə Binəqədi - Mehdiabad yolu və Binəqədi şosesi yenidən qurulmuşdur. Hazırda isə Biləcəri qəsəbəsində Y.Hüseynov və A.Zeynallı küçələrində, Xocasən qəsəbəsində Dəyirman yolu, Binəqədi qəsəbəsində Novxanı yolunda əsaslı təmir işləri aparılır.

Rayonun bütün qəsəbələrində əhalinin təbii qazla təchizatının yaxşılaşdırılması üçün 26 obyekt üzrə uzunluğu 151 kilometr olan yeni qaz xətləri çəkilmiş, 11038 ədəd mexaniki sayğaclar "smart-kart" tipli sayğaclarla əvəz edilmişdir. Əhalinin enerji təchizatının yaxşılaşdırılması məqsədilə 3 yarımstansiya yenidən qurulmuş, 3 yarımstansiyada isə əsaslı təmir işləri aparılmışdır. Məhəllədaxili istilik xətlərinin bərpası, mövcud qazanxanaların modernləşdirilməsi istiqamətində də müəyyən işlər görülmüşdür.

Respublikanın hər yerində olduğu kimi, Binəqədidə də bu istiqamətdə aparılan abadlıq-quruculuq işlərinin miqyası və görülən işlərin bənzərsizliyi rayon sakinləri tərəfindən ruh yüksəkliyi ilə qarşılanır. Belə ki, qəsəbələrarası və qəsəbədaxili yollarda, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində abadlıq-quruculuq, yenidənqurma və əsaslı təmir işləri aparılmaqdadır. Rayonun Azadlıq prospektində yerləşən, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın ərazisində planlaşdırma işləri tamamlanmaq mərhələsindədir.

Rayon icra hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə mütəmadi görüşlər keçirilir, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilir, onların icrası ilə əlaqədar tədbirlər planı tərtib olunaraq aidiyyəti qurumlara göndərilir və tədbirlərin icrası nəzarətdə saxlanılır. Təsdiq olunmuş qrafikə uyğun olaraq başçı tərəfindən bu ilin 9 ayında sakinlərlə 32 görüş keçirilmişdir. Bütün görüşlərdə rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, dövlət idarələrinin, xidmət müəssisələrinin, həmçinin aidiyyəti qurumların rəhbərlərinin iştirakı təmin edilmişdir. Bu görüşlərdə ümumilikdə 4496 rayon sakini iştirak etmiş və vətəndaşlar tərəfindən qaldırılan məsələlərə həssaslıqla yanaşılmışdır.

Sonra məruzə ətrafında Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov, Binəqədi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Yasin Rüstəmov, 3 saylı orta məktəbin direktoru Nazim Novruzov və rayon icra hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aqil Eyvazovun çıxışları dinlənilmişdir.

Hesabat yığıncağında Milli Məclisin deputatları Rafael Cəbrayılov və Madər Musayev iştirak etmişlər.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 20 oktyabr.- S. 7.