Dövlət
İdarəçilik Akademiyasında elmi-praktik konfrans
keçirilmişdir
Oktyabrın 18-də
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında Azərbaycan
Respublikası Müstəqilliyinin 21 illiyinə həsr
olunmuş elmi-praktik konfrans keçirilmişdir. Tədbirdən
əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin
büstü önünə gül dəstələri
qoymuşlar.
Konfransı giriş sözü ilə açan akademiyanın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının iyirmi birinci ildönümünü hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyi tarixi hadisə olduğunu bildirmişdir. Bu münasibətlə tədbir iştirakçılarını təbrik etmiş və bayramın ölkəmizlə yanaşı, dünyanın bir çox ölkələrində də qeyd edildiyini bildirmişdir. Natiq qeyd etmişdir ki, Azərbaycan xalqı ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində bir əsrdə yaşadığı ikinci ən parlaq qələbə idi. Rektor onu da qeyd etdi ki, müstəqilliyimizin ilk illərində xalqımız Azərbaycanın dünyaya bəxş etdiyi dahi insan, böyük vətənpərvər şəxsiyyət Heydər Əliyev kimi görkəmli bir siyasi xadimin yenidən ölkəyə rəhbərlik etməsi tələbi ilə ayağa qalxdı və buna nail oldu. "Müstəqilliyimiz dönməzdir, əbədidir", - deyən ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün də uğurla davam etdirilir. Müstəqil dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, güclənir, qüdrətlənir. Son illər Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahəsində böyük uğurlar əldə edilmişdir. Rektor, möhtərəm Prezident İlham Əliyevin "Azərbaycan 2020: İnkişaf Strategiyası" ilə bağlı imzaladığı mühüm sənədi müstəqillik tarixində əlamətdar hadisə kimi dəyərləndirmiş və qeyd etmişdir ki, 21 ildir Azərbaycan xalqı müstəqil, firavan yaşayır və hər bir vətəndaş müstəqil dövlətimizlə qürur duyur. Bütün Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətinə, onun ideyalarına, onun qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşır.
Konfransda Milli Məclisin deputatı Aydın Mirzəzadə, DİA-nın professoru Fuad Məmmədov, dosentlər Eldar Azadov və Elçin Əhmədov məruzələrlə çıxış etmiş, dövlət müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmizin ictimai-siyasi həyatında baş vermiş hadisələrdən və bugünkü müstəqil Azərbaycanın davamlı inkişafından danışmışlar.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2012.- 20 oktyabr.- S. 4.