Azərbaycan Frankfurt kitab sərgi-yarmarkasında
Son vaxtlar Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi mədəniyyətimizin, ədəbiyyatımızın,
milli adət və ənənələrimizin,
milli mətbəximizin təbliği məqsədilə
mütəmadi olaraq beynəlxalq sərgi-yarmarkalarda,
festivallarda fəal şəkildə iştirak edir. Bu istiqamətdə
görülən işlər içərisində hər il keçirilən beynəlxalq kitab sərgiləri xüsusi
yer tutur.
Bu sərgilərdə
milli mədəniyyətimizin təbliği ilə
yanaşı, ölkəmizin kitab mədəniyyəti və bu
sahədə son illərdə qazanılan uğurlar dünya
miqyasına çıxarılır, nailiyyətlərimiz
göz önünə gətirilir. Təkcə 2012-ci il ərzində
Mədəniyyət və Turizm Nazirliyi M.F.Axundzadə
adına Milli Kitabxana ilə birlikdə İstanbul, London,
Moskva, Minsk, Budapeşt, Kişinyov və Frankfurtda keçirilən
beynəlxalq kitab sərgilərində və yarmarkalarında
müvəffəqiyyətlə təmsil olunmuşlar.
Bu sərgilər
içərisində hər ilin payızında oktyabrın
ortalarında Almaniyanın Frankfurt şəhərində
keçirilən ənənəvi beynəlxalq kitab sərgi-yarmarkası
xüsusi yer tutur. İlk əvvəl ona görə ki,
Frankfurt sərgisi hər il keçirilir və bu sərgi yeganə
sərgidir ki, orada demək olar ki, dünyanın bütün
ölkələrindən naşirlər, multimediya nümayəndələri,
kitabxanalar, mətbəələr iştirak edirlər. Hələ
heç bir beynəlxalq kitab sərgi-yarmarkası Frankfurt sərgisindəki
qədər böyük və zəngin ekspozisiyaya malik
olmamışdır. Sərginin ilk üç günü ərzində
yarmarkanın xüsusi qonaqlarının girişinə icazə
verilir, geniş ictimaiyyətin nümayəndələri isə
son iki gundə sərgiyə gəlir və istədikləri
kitabları çox ucuz qiymətlərə ala bilirlər.
Dünyanın bütün nəşriyyatları və
multimedia şirkətlərinin nümayəndələri beynəlxalq
nəşriyyat hüquqları və lisenziya haqları barədə,
ayrı-ayrı kitabların və bütöv nəşr
komplektlərinin müxtəlif ölkələrdə nəşri
və yayılması barədə danışıqlar aparmaq
üçün Frankfurt Kitab Sərgisinə
toplaşırlar. Yarmarka "Alman Nəşriyyatçıları
və Kitab Satıcıları" tərəfindən təşkil
olunur. 5 gün ərzində yarmarkada dünyanın 118 ölkəsindən
7500-dən çox nəşriyyat, mətbəə və digər
müəssisələr öz stendlərini qururlar və bu
ekspozisiyalar qarşısında 300 min nəfərədən
artıq tamaşaçı baxır.
Frankfurt
Kitab Sərgisinin 500 ildən çox tarixi ənənəsi
var. Yohannes Quttenberq Frankfurtda Mainz yaxınlığında bəşəriyyətin
ən böyük kəşfi olan kitab çapını
ixtira etdikdən sonra ilk kitab yarmarkası yerli naşirlər tərəfindən
keçirilib. XVII əsrin sonlarına qədər bu sərgi
Avropanın ən əhəmiyyətli kitab yarmarkasına
çevrilmişdi. İntibah dövründə siyasi və mədəni
inkişafın nəticəsi olaraq Leypsiq Kitab yarmarkası onu
kölgədə qoysa da, 1949-cu ildən hər il
keçirilir və Frankfurt sərgisində dünyanın əksər
ölkələrindən naşirləri, məbəəçiləri,
kitab ticarətçilərini və kitabsevərləri öz
ətrafında toplayır. Frankfurtun mərkəzində bu sərginin
keçirilməsi məqsədilə xüsusi
"Messe"(messe almanca sərgi deməkdir) şəhərciyi
də inşa olunmuşdur və burada 20-dən artıq nəhəng
sərgi pavilyonları quraşdırılmışdır.Bu
şəhərcik o dərəcədə böyükdür
ki, burada insanlar xüsusi marşurut avtobusları ilə
pavilyonlar arasında hərəkət edirlər.
Frankfurt sərgisinin
məhz bəşəriyyətin ən mütərəqqi kəşflərindən
biri olan kitab çapını ixtira edən alman
ixtiraçısı İohan Quttenberqin vətənində
keçirilməsi də təqdirəlayiqdir.
Frankfurt sərgi-yarmarkasının
özəlliklərindən biri də ondan ibarətdir ki, hər
il burada bir ölkə sərgi-yarmarkanın qonaq ölkəsi
sifətində çıxış edir. Qonaq ölkəyə
başqalarından fərqli olaraq sərgi ekspozisiyası pulsuz
verilir və bütöv bir pavilyonda həmin ölkə
özünün nəşriyyat-poliqrafiya müəssisələrinin
imkanlarını göstərməklə yanaşı, öz
ölkəsinin mədəniyyətini, adət-ənənələrini,
milli mətbəxini və rəqslərini, xalq sənəti
nümunələrini, ölkəsinin nailiyyətlərini
geniş nümayiş etdirmək imkanına malik olur. Sərginin
açılışı qonaq ölkənin rəsmi
nümayəndə heyəti tərəfindən həyata
keçirilir. Frankfurt sərgisində ötən il
İslandiya, bu il isə Yeni Zelandiya qonaq ölkə kimi
iştirak edirdi.
Azərbaycan
Frankfurt sərgisində artıq 5-ci ildir ki, iştirak edir.
İlk üç ildə 8 kvadrat metrlik bir ekspozisiya sahəsi
ilə həmin sərgiyə qatılan Azərbaycan 2011-ci ildən
artıq 40 kvadrat metrlik ekspozisiya sahəsi ilə təmsil
olunur. Bakı şəhərinin fəxri simvolu hesab olunan
Qız Qalasının formasında quraşdırılan
ekspozisiyamız ətrafdakı ekspozisiyalardan xüsusilə
seçilirdi. 2012-ci il oktyabr ayının 10-dan 14-dək
keçirilən beynəlxalq kitab sərgisində ölkəmizin,
onun zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya
sahəsinin, kitab mədəniyyətinin və sənətinin
təmsil və təbliğ olunması məqsədilə
"Azərbaycan" stendi Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən təşkil
olunmuşdur. Tədbirdə ölkəmizi Heydər Əliyev
Fondu, Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə
adına Milli Kitabxananın məsul əməkdaşlarından
ibarət nümayəndə heyəti təmsil edirdi. "Azərbaycan"
stendi sərgi məkanının ən görkəmli yerində,
Türkiyə ekspozisiyasının yanında yerləşməklə,
Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən nəşr olunan, M.F.Axundov
adına Mİlli Kitabxananın fondlarından gətirilən
350 adda nəfis kitab və 700 nüsxədən artıq kitab
və digər nəşr məhsullarından təşkil
olunmuşdu. Sərginin ilk günündən artıq Azərbaycan
stendi tamaşaçıların diqqətini cəlb etmiş
və xeyli ziyarətçi toplamışdır. Ölkəmiz
haqqında tanıtım məzmunlu kitablar və xəritələr
xüsusilə tamaşaçıların diqqətini cəlb
edirdi. Heydər Əliyev Fondu tərəfindən çap
olunan xüsusi tərtibatlı nəşrlər- Nizami Cəncəvi
"Xəmsə"sinin xüsusi nəşri, "Azərbaycan
muğamları", "Qarabağ xanəndələri",
"Azərbaycan xalçaları" və digər disk
albomlar maraqla baxılırdı.
Oktyabr
ayının 13-də sərgi çərçivəsində
Azərbaycan nümayəndə heyəti və Almaniyanın
Maynz Universitetinin bir sıra alimlərinin, Maynz əyalət
parlamentinin və şəhər bələdiyyəsinin
nümayəndələrinin iştirakı ilə dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870
illik yubileyi ilə əlaqədar tədbir
keçirilmişdir. Tədbirin aparıcısı bu tədbirin
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
"Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin 870 illik yubileyinin keçirilməsi barədə"
23 dekabr 2011-ci il tarixli sərəncamına müvafiq olaraq
keçirildiyini və oktyabrın 1-də Bakıda Heydər Əliyev
sarayında keçirilən möhtəşəm tədbirin
davamı olduğunu bildirmişdir. Tədbirdə Azərbaycanın
Almaniyadakı Səfirliyinin birinci katibi Rizvan Nəbiyev,
Dünya Azərbaycanlıları Konqresinin sədr müavini,
Avropa Azərbaycanlıları Konqresinin sədri Basar
Kömür, Reynland Pfalts əyalətinin millət vəkili cənab
Rahim Şmitt, Mainz bələdiyyəsinin sədri Manfred
Scherer, Mainz Universitetinin şərqşünas alimi prof. Mikail
Hess, Türkiyə Cümhuriyyəti Səfirliyinin mədəniyyət
attaşesi Şahin Osman çıxış etmişlər.
Bütün çıxış edən əcnəbi qonaqlar
Azərbaycanın bugünkü iqtisadi və mədəni
inkişafından, ədəbiyyatımızın görkəmli
nümayəndələrindən, tolerant bir ölkə
olmasından, ərazimizin 20 faizinin Ermənistan tərəfindən
işğal olunmasından və bu torpaqların sülh yolu ilə
azad olunmasının vacibliyindən danışmışlar.
Heydər Əliyev Fondunun dəstəyi ilə klassik Azərbaycan
şairi İmadəddin Nəsiminin divanını almancaya tərcümə
edib nəşr etdirən prof. Hans Nəsiminin qəzəllərini
Azərbaycan dilində əruz vəznində əzbərdən
söylədi.
Tədbirin
sonunda qonaqlara və iştirakçılara Heydər Əliyev
Fondu, Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə
adına Milli Kitabxana tərəfindən hazırlanmış
Azərbaycan, Bakı haqqında kitablar və bukletlərdən,
süvenirlərdən və digər əyani materiallardan ibarət
bağlamalar paylandı.
Sərgi
müddətində diqqəti çəkəm bir çox məqamlar
oldu ki, onlardan biri də Azərbaycanı öz vətəni
hesab edən, Bakıda doğulan, atası Perulu və anası
isə Qvatemaladan olan bir gəncin axtararaq Azərbaycan stendini
tapması və ölkəmizə dair ədəbiyyatla ciddi
maraqlanması olmuşdur. Pasportunda doğulduğu yerin Azərbaycan
göstərildiyi bu gənc oğlan bizə yaxınlaşaraq
"mən öz vətənim haqqında kitablar istəyirəm
və mütləq mən öz vətənimə,
doğulduğum yerə bir də qayıtmaq istəyirəm"
deməsi bizi heyrətə gətirdi. Məlum oldu ki, həmin
gəncin atası və anası 80-ci illərin əvvəllərində
Bakıda Neft Akademiyasında 5 il oxuduqları müddətdə
evlənmişlər və həmin nigahdan doğulan bu gənc
oğlan təqribən bir yaşınadək Bakıda
yaşadığından onun pasportunda doğulduğu yer
Bakı şəhəri, Azərbaycan göstərilmişdir.
Sərginin sonunda yenidən stendimizə gələn həmin
oğlana biz xeyli kitablar hədiyyə etdik.
Sərginin sonunda stendimizdə nümayiş olunan kitabların bir hissəsi iştirakçılara
paylandı və çox hissəsi isə Maynz Universitetinin şərqşünaslıq
fakültəsində yaradılan
Azərbaycan guşəsinə
hədiyyə olundu.
Sərgi çərçivəsində aparılan müzakirələrdə Azərbaycanın Almaniyadakı Səfirliyi ilə belə bir razılıq əldə olundu ki, gələn illərin birində Frankfurt sərgi-yarmarkasında qonaq ölkə qismində iştirak etmək məqsədilə sərgi rəhbərliyinə məktub ünvanlansın.
Bu gün Azərbaycanın çoxlu sayda kifayət qədər maddi-texniki bazaya malik və nəşr materiallarıni dünya miqyasına çıxarmaq imkanına malik olan nəşriyyatlarının beynəlxalq sərgi-yarmarkalarda müstəqil təmsil olunmalarına böyük ehtiyac duyulur.
Kərim TAHİROV,
M.F.Axundzadə adına Milli
Kitabxananın direktoru,
əməkdar mədəniyyət
işçisi,
dosent
Xalq qəzeti.- 2012.-
20 oktyabr.- S. 3.