Azərbaycan sivilizasiyalararası dialoq məkanına çevrilir

 

İqtisadi inkişafın yeni mərhələsinə daxil olan Azərbaycan artıq dünyada zəngin neft-qaz ölkəsi kimi deyil, həm də, sivilizasiyalararası dialoqa mühüm töhfə verən, beynəlxalq humanitar forumlara ev sahibliyi edən, tolerantlığın mərkəzinə çevrilən ölkə statusunda qəbul olunur. Respublikamız bu gün dünyanın 50-dən artıq ölkəsinə yanacaq ehtiyatlarının təchizatçısı kimi nüfuz sahibi olmaqla yanaşı, iqtisadiyyatın diversifikasiyası sayəsində potensial sərmayəçi kimi də diqqəti cəlb edir, həmçinin, regionda sabitləşdirici faktor rolunda çıxış edərək bölgənin təhlükəsizlik seqmentlərini formalaşdırır.

 

Hazırda dünyada qloballaşmanın yeni təzahürləri dövlətlərin sıx humanitar birliyində özünü göstərir. Məhz bu baxımdan sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir, humanitar forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Multikulturalizm ölkələrin qarşılıqlı hörmət və sıx əməkdaşlıq mühitinin yaranmasında vacib bir amilə çevrilib. Azərbaycan multikulturalizmə böyük önəm verir və son iyirmi il ərzində müstəqil ölkə kimi həyata keçirilən siyasətin əsas təməllərindən biri də məhz dünya ölkələri ilə humanitar əməkdaşlığı gücləndirməkdən ibarət olub. Regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi multikulturalizmdən çox asılıdır. Çünki multikulturalizmin alternativi özünütəcriddir. Özünütəcrid isə mənfi fəsadlara yol açan meyillərdən sayıla bilər. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir.

 

Dövlətlərarası siyasi dialoq üçün möhkəm zəmin

 

Region ölkələri ilə qarşılıqlı maraqlara söykənən, bir çox sahələri əhatə edən və ölkələrimizin inkişafına xidmət edən çoxşaxəli əlaqələrin inkişaf etdirilməsi Azərbaycan dövlətinin xarici siyasət konsepsiyasının əsas elementlərindəndir. Regionun və bütövlükdə dünyanın böyük dövlətləri ilə mehriban, səmimi, dostluq münasibətlərinin daim inkişaf etdirilməsi rəsmi Bakının xarici siyasət platformasında ön planda durur. Azərbaycan Respublikası və tərəfdaş dövlətlərlə, respublikamızın əməkdaşlıq etdiyi ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri arasında yüksək etimadın mövcudluğu və siyasi dialoqun davam etdirilməsi dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır.

Azərbaycan, əslində, dünyanın elə bir məkanında yerləşir ki, bir tərəfi Şərq, bir tərəfi Qərb, bir tərəfi Şimal-Cənub, bir tərəfi xristian, bir tərəfi İslam aləmidir. Bu tərəfləri birləşdirən Azərbaycan, əslində, bu gün müxtəlif qütbləri birləşdirən coğrafi, siyasi, mədəni, mənəvi və təhlükəsizlik körpüsüdür. Azərbaycan bu körpü missiyasını üzərinə götürərək çox böyük və müqəddəs bir vəzifəni həyata keçirir. Azərbaycan, doğrudan da, bu tərəflər arasında coğrafi, siyasi, iqtisadi, mədəni və mənəvi təhlükəsizliyin körpüsü rolunu oynayır.

Azərbaycan bu gün dünyada ən nəhəng və mötəbər tədbirlərə ev sahibliyi edir, respublikamız həmçinin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə bir tranzit olaraq beynəlxalq ictimaiyyətin, bəşəriyyətin diqqət mərkəzində dayanır. Bakıda keçirilən beynəlxalq humantiar forumlar da məhz dünya ölkələrinin əsas müzakirə mövzusu multikulturalizmlə bağlıdır. Hər bir ölkə bu formulu gələcək üçün mühüm bir siyasi-ideoloji xətt sayır, multikulturalizmlə bağlı yeni çağırışları ortaya çıxarır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, multikulturalizmin alternativi özünütəcriddir. Dövlət başçımız əlavə etmişdir: "Mən inanmıram ki, iyirmi birinci əsrdə, qloballaşan dünyada hər hansı bir siyasi qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Bu yol heç bir yerə aparmır. Multikulturalizmin dəyərləri, əsasları möhkəmləndirilməlidir. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Hər bir insan - həm ölkənin vətəndaşı, həm ölkəyə gələn qonaq, əlbəttə ki, o qaydalara, o ənənələrə hörmətlə yanaşmalıdır. Mən əminəm ki, bu amillərin sintezi nəticəsində bu gün müxtəlif dairələrdə multikulturalizmlə bağlı səslənən bədbin fikirlər aradan götürüləcəkdir. Bizim bu gün keçirdiyimiz forum multikulturalizmin təsdiqidir, onun təntənəsidir".

II Beynəlxalq Humanitar Forum da xalqlar, millətlər, ölkələr arasında anlaşmanı, qarşılıqlı hörməti və əlaqələri daha da gücləndirən, möhkəmləndirən amil kimi dəyərləndirilə bilər.

 

Mədəniyyətlərin qovuşması üçün əla fürsət

 

Azərbaycan həm də dünyada sivilizasiyalararası körpü, mədəniyyətlərin qovuşması üçün əla fürsət yaradan ölkədir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, mədəniyyətimizin böyük hamisi Mehriban Əliyevanın dəstəyi və təşkilatçılığı ilə ölkəmizdə reallaşdırılan nüfuzlu beynəlxalq mədəniyyət tədbirlərinin respublikamızı dünyanın mədəniyyət mərkəzinə çevirdiyi danılmaz həqiqətdir. Son bir neçə ildə bir-birinin ardınca keçirilən beynəlxalq əhəmiyyətli mədəniyyət tədbirlərinin - dünyanın mədəni irsinin araşdırılması və qorunması sahəsində atılan çox mühüm addımların neft səltənəti kimi tanınan respublikamıza baxışların prizmasını dəyişdiyi də şübhəsizdir.

Dünya mədəni irsinə qayğı sahəsində uğurlu addımlar ataraq öz üzərinə çox böyük və məsuliyyətli bir missiya götürən Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu reallaşdırmaqla həmin vəzifənin öhdəsindən uğurla gəldiyini də isbatladı. Əsas məqsədi mədəniyyətlərarası dialoq sahəsində Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüsləri regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırmaq, ölkəmizdə daimi əsasda beynəlxalq forum təsis etmək olan belə bir mötəbər məclisə respublikamızın ev sahibliyi etməsi isə heç də təsadüfi hadisə kimi qiymətləndirilə bilməz. Çünki Azərbaycan son illər dünya xalqları arasında dialoqun təşviqi və inkişafında çox mühüm rol oynamaqdadır. Bu, ilk növbədə, ölkəmizin geosiyasi mövqeyi ilə bağlı olsa da, bu məsələdə Azərbaycanın mədəni zənginliyinin də öz yeri və xüsusi əhəmiyyəti var.

Respublikamız Şimal ilə Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşməklə yanaşı, regionda həm Avropa Şurasına, həm də İSESKO-ya üzv olan yeganə dövlətdir. Bundan başqa, Azərbaycanın İslam dövlətləri ilə yanaşı, Qərb ölkələri ilə də möhkəm dostluq və əməkdaşlıq münasibətləri var. Amma daha bir vacib məqam var. Respublikamız müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən sarsılmaz dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkə kimi formalaşıb. Müxtəlif qitələrin kəsişməsində yerləşən Azərbaycan həm də müxtəlif mədəniyyətlərin mövcud olduğu və qovuşduğu müqəddəs bir torpaqdır. Həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi, üstəlik formalaşmış və əsrlərin sınağından çıxmış ənənələri baxımından respublikamız dünya mədəniyyətlərini bir araya toplamaq haqqını qazanıb. Ona görə də mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirəndə bu sahədə təşəbbüslərin böyük əksəriyyətinin Azərbaycanda reallaşdırıldığının təsadüfi olmadığını görmək olar.

 

Tolerantlığın Azərbaycan nümunəsi

 

Azərbaycanın dünya dövlətlərinin araya- ərsəyə gətirə bilmədiyi bir qlobal təşəbbüsü - tolerantlığın nümunəsi olan dini liderləri bir araya yığması bu gün dünya din məkanında bir yenilik, formula sayıla bilər. Azərbaycan hər zaman dünyada tolerantlıq nümunəsi kimi göstərilir. Bununla belə, ölkə əhalisinin əsas etiqad etdiyi din İslam dinidir. Konstitusiya ilə ölkəmizdə din dövlətdən ayrı olsa da, müsəlman ölkəsi olaraq Azərbaycan xalqı hər zaman İslam dininin əsas rituallarına əməl edir. Yəni ölkəmizdə Ramazan, Qurban bayramları dövlət səviyyəsində qeyd olunur, həcc ziyarətləri ilə bağlı səfərlər həyata keçirilir.

Azərbaycan Respublikası bütün dövlətlərlə münasibətlərinin yüksək səviyyədə inkişafına önəm verir. Bu mənada müsəlman ölkələri xüsusi əhəmiyyət daşıyır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət müasir Azərbaycanın müsəlman ölkələri və birlikləri ilə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərinin formalaşmasına və inkişafına təkan verib. Ölkəmizlə İslam Konfransı Təşkilatı (İKT) arasındakı əməkdaşlıq münasibətləri xarici siyasət kursumuzun prioritet istiqamətlərindən sayılır. Qurumla ölkəmiz arasındakı münasibətlər strateji əhəmiyyət kəsb edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra keçmiş sovet respublikası kimi birinci olaraq İKT-yə üzv olmaq barədə müraciət edib. Bundan başqa, müsəlman ölkələri hər zaman Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizi birmənalı şəkildə dəstəkləyiblər. 2008-ci ildə BMT Baş Məclisinin 62-ci sessiyasında "Azərbaycanın işğal altında olan torpaqlarına dair" qətnamənin qəbulunda İKT-yə daxil olan dövlətlərin böyük rolu danılmazdır.

Bununla yanaşı, İKT-yə daxil olan dövlətlər XX əsrin ən böyükmiqyaslı cinayətlərindən sayılan, erməni vandalizminin və vəhşiliyinin sübutu olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya yayılmasında qəti mövqe nümayiş etdirməklə Azərbaycana dəstəklərini göstəriblər.

İslam Konfransı Təşkilatına Üzv Dövlətlərin Parlament İttifaqının Uqandanın Kambala şəhərində keçirilən və 51 ölkənin parlament nümayəndələrinin iştirak etdiyi VI konfransında "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə qəbul edilib. Qətnamədə İslam Konfansı Təşkilatı Parlament İttifaqının İslam Konfransı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülən və erməni hərbi birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımı haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədini daşıyan "Xocalıya ədalət" beynəlxalq kampaniyasını dəstəklədiyi öz əksini tapır. Sənəddə üzv dövlətlərin parlamentləri insanlığa qarşı bu cinayəti düzgün və müvafiq şəkildə tanımağa, sözü gedən kampaniyaya milli və beynəlxalq səviyyədə tam dəstək verməyə çağrılır. Bu sənədin ardından isə İKT xarici işlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamə qəbul edilib. Bütün bunlarla yanaşı, 2009-cu ilin iyulunda İKT Gənclər Forumu ilə İSESKO arasında Xocalı faciəsi haqqında məlumatın İKT ölkələrinin tarix dərsliklərinə daxil edilməsi barədə razılıq əldə olunub.

İslam Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə "İKT modeli - Beynəlxalq təhsil layihəsi"nin ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmizin həm regional, həm də beynəlxalq müstəvidə vacib amilə çevrildiyini bir daha göstərir. "İKT modeli"nin "BMT modeli"nə uyğun olaraq həyata keçirilməsi beynəlxalq münasibətlər üzrə tədris sisteminin təkmilləşdirilməsinə və iştirakçıların yeni beynəlxalq münasibətlər sistemi haqqında müasir nəzəriyyələr ilə tanış olmasına gətirib çıxaracaq.

Prezident İlham Əliyev bildirir ki, müsəlman ölkələri arasında mövcud olan dostluq-qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, İslam həmrəyliyinin daha da güclənməsi üçün hamı fəaliyyət göstərməlidir. Prezident qeyd edib ki, müsəlman ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin sayının getdikcə artmasından məmnundur və eyni zamanda, Azərbaycan da müsəlman ölkələrində öz diplomatik nümayəndəliklərinin sayının artırılmasına çalışır: "Təmsil etdiyiniz ölkələr ilə Azərbaycanın çox sıx əlaqələri vardır. Bu əlaqələr getdikcə güclənir. Qarşılıqlı səfərlər təşkil edilir, iqtisadi əlaqələr genişlənir, bir sözlə, biz ikitərəfli müstəvidə həyata keçirilən tədbirlərdən çox razıyıq. Əminəm ki, bu əməkdaşlıq və dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcəkdir. Biz öz növbəmizdə daim çalışırıq ki, İslam həmrəyliyinin gücləndirilməsinə töhfəmizi verək".

 

Azərbaycan multikulturalizm formatının təşəbbüskarıdır

 

Azərbaycanda digər bir nəhəng dünyamiqyaslı tədbirin - Beynəlxalq İqtisadi Siyasət Forumunun keçirilməsi də respublikamızın regional humanitar platformanın müəllifi olduğunu təsdiqlədi. Dünyanın nüfuzlu maliyyə institutları, bank strukturları, elmi-iqtisadi tədqiqat mərkəzləri, reytinq agentlikləri və tanınmış iri holdinqlərin nümayəndələrinin iştirak etdiyi bu tədbirdə qlobal iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı geniş müzakirələrin aparılması, ölkələr arasında maliyyə-iqtisadi əməkdaşlığın artırılması barədə təkliflər nəzərdən keçirilməsi ölkəmizin artan nüfuzunun göstəricisi kimi xarakterizə olundu. Həmçinin, dünyanın inkişaf etmiş ölkələrinin rəhbərlərinin Bakıda bir araya gəlməsi və qlobal maliyyə böhranı ilə bağlı qabaqlayıcı sərt tədbirlərin həyata keçirilməsi barədə öz təkliflərini irəli sürməsi, dünya iqtisadiyyatını canlandırmaq barədə paket tədbirlər ssenarisinin ortaya qoyulması Bakının ən qlobal məsələlərin həll olunduğu ünvana çevrildiyini şərtləndirdi.

Beynəlxalq İqtisadi Siyasət Forumu, qlobal əhəmiyyət kəsb edən digər tədbirlərin Bakıda təşkili Azərbaycanın beynəlxalq miqyaslı tədbirlərin mərkəzinə çevrildiyini ehtiva edir. Azərbaycanda beynəlxalq sammitlərin keçirilməsi təşəbbüsləri bir daha Azərbaycanın regionda lider dövlət olması qənaətinin əyani şəkildə təsdiqidir. Bu tendensiya ölkəmizin iqtisadi inkişafının təntənəsi və dünya üçün ən potensial təchizatçı olmasına verilən qiymətdir. Bakı forumları dünyada azad ticarətin, ölkələr arasında ikitərəfli əməkdaşlığın güclənməsi, qlobal iqtisadiyyatın inkişaf etdirilməsi, maliyyə-bank sektorunda çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi və digər faktorlar baxımından mühüm əhəmiyyət daşıyır.

 

Bakı müasir sivilizasiya mərkəzi kimi

 

Beynəlxalq humanitar forumların Azərbaycanda keçirilməsinin başqa bir mühüm əhəmiyyəti respublikamızdakı inkişaf barədə real təsəvvürlərin birbaşa iştirakçılara təqdim olunmasıdır. Azərbaycan paytaxtına ayaq basan hər kəs Bakının simasının dəyişdiyini, müasir sivilizasiya mərkəzinə çevrildiyini bildirir. Xarici dövlətlərin hökumət başçıları, tanınmış siyasi və iqtisadi xadimlər, elm xadimləri, nüfuzlu şəxslərin bir qənaəti mövcuddur: iqtisadi inkişafın yeni mərhələsinə daxil olan Azərbaycanda infrastrukturun yenidən qurulması istiqamətində iri layihələrin həyata keçirilməsi son illər daha geniş vüsət alıb.

Vətənimizə gələn əcnəbi qonaqların ölkəmizlə bağlı ilk təəssüratı bu cür olur: Azərbaycan neft ölkəsi kimi inkişaf etsə də, iqtisadi və sosial həyatın bütün sahələrindəki dinamika, modernləşdirmə, yüksək sivilizasiya ənənələrinin formalaşması və inkişafı, humantiar aksiyaların ənənə halını alması bu ölkənin hərtərəfli, dünya sivilizasiyasına mühüm töhfə verdiyini göstərir.

Azərbaycana ayaq basan hər bir insan ölkəmizin, əsasən də paytaxtın simasının ildən-ilə dəyişdiyinin, Bakının ən yaraşıqlı şəhərə çevrildiyinin şahidi olur. Bakıya gələn əcnəbilərlə bərabər, xaricdə yaşayan soydaşlarımız da hər dəfə paytaxtın giriş qapısına ayaq qoyanda yeni dəyişiklikləri, bir neçə ay əvvəllə müqayisədə şəhərin daha da müasirləşdiyini görürlər. Xaricdən ölkəmizə təşrif buyuran qonaqlar, eləcə də, soydaşlarımız Bakının bu qədər sürətlə inkişaf etməsindən heyranlıqlarını gizlədə bilmirlər. Onlar Azərbaycan paytaxtının simasının dəyişərək müasir sivilizasiya mərkəzinə çevrildiyini bildirirlər. Ən müasir infrastruktur obyektləri, xüsusilə də öz əzəmətli görünüşü ilə şəhərə yaraşıq verən Dövlət Bayrağı Meydanı, yenicə istifadəyə verilmiş Heydər Əliyev Mərkəzinin möhtəşəm binası onlarda xoş hisslər oyadıb. Bir sözlə, Azərbaycan paytaxtının siması az qala hər gün dəyişir - gözəlləşir, müasirləşir. Köhnə binalar, obyektlər bərpa olunur, yeniləri tikilir, paytaxt sürətlə inkişaf edir.

Azərbaycan dünyanın zəngin humanitar mərkəzi, sivilizasiya məkanı hesab olunur. Azərbaycan Avropa arenasında ancaq neft ölkəsi kimi deyil, həqiqətən də, zəngin mədəni ənənələrə malik ölkə kimi təqdim olunur. Azərbaycan əsl Avropa ölkəsi kimi sivilizasiya mərkəzidir, hər il burada müxtəlif beynəlxalq forumlar təşkil olunur, dünyanın ən nüfuzlu iqtisadi və siyasi təşkilatının sammitləri keçirilir. Bu faktorlar Azərbaycanın nüfuz göstəricisidir.

 

 

Aydın HÜSEYNOV,

iqtisadçı ekspert

 

Xalq qəzeti.- 2012.- 20 oktyabr.- S. 3.