Ölkəmizin içməli su sektorunda mühüm layihələr həyata keçirilir

 

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün infrastruktur sahələrinin inkişafı ilə bağlı dövlət siyasəti həyata keçirilir. Bu baxımdan sosial infrastrukturun yenidən qurulması, ölkə əhalisinin içməli su təminatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər diqqəti daha çox cəlb edir. Xatırladaq ki, 2011-2012-ci illərdə sosial infrastrukturun bu vacib sahəsinə daha çox diqqət ayrılmış və dövlət büdcəsindən ölkənin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına ayrılan vəsaitlərin həcmi əvvəlki illərlə müqayisədə xeyli artırılmışdır.

 

Həmin vəsaitlərin hesabına hazırda dövlət proqramları çərçivəsində həm Bakı şəhəri və onun qəsəbələrində, həm rayon mərkəzlərində, həm də kəndlərdə mühüm layihələr həyata keçirilir. Eyni zamanda, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ölkəmizin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tamamilə yenidən qurulması məqsədilə dünyanın bir sıra iri maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrini genişləndirir.

Hazırda "Azərsu" ASC regionlarda içməli su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması istiqamətində iri layihələr həyata keçirir. Məlum olduğu kimi, 2011-ci ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqlənərkən "Azərsu" ASC-yə əlavə vəsait ayrılmışdı. Bu vəsait hesabına qısa müddətdə ölkənin 11 şəhərində (Quba, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, İmişli, Biləsuvar, Lənkəran, Şəmkir, Mingəçevir və Qax) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisinə başlanılmışdır. Quba, Ucar və Qax şəhərlərində isə layihələrin təməlqoyma mərasimlərində dövlət başçısı İlham Əliyev şəxsən iştirak etmişdir. Ötən müddətdə adı çəkilən rayonlarda xeyli iş görülmüşdür. Qısa müddətdə Ağsu rayonu ərazisindəki Külüllü su mənbəyindən Zərdab şəhərinə 72 kilometr uzunluğunda magistral su kəməri çəkilmiş və Prezident İlham Əliyevin oktyabrın 7-də rayona səfəri zamanı obyektin rəsmi açılışı olmuşdur. Külüllü mənbəyindən götürülən su rayon mərkəzinə nasoslardan istifadə olunmadan özüaxımlı rejimdə verilir. Hazırda Zərdab şəhərinə verilən suyun yeni şəbəkə hazır olana qədər mövcud şəbəkəyə birləşdirilməsi istiqamətində tədbirlər görülür. İlin sonuna qədər Quba rayonunda da işlərin yekunlaşması nəzərdə tutulur.

2012-ci ilin ötən dövrü ərzində regionlarda icrasına başlanmış ən böyük layihə isə, heç şübhəsiz, 5 şəhərin və 121 kəndin içməli su probleminin birdəfəlik həllinə imkan verəcək Şirvan-Muğan qrup su kəmərinin tikintisidir. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi, eləcə də Ceyranbatanda ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisi Abşerona kifayət qədər içməli suyun verilməsini təmin edəcək. Belə olan təqdirdə Kür təmizləyici qurğular kompleksindən Bakıya verilən suyun bir hissəsinin ölkənin aran rayonlarına yönəldilməsi imkanı yaranır. Bu məqsədlə cari ilin iyul ayında ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimi keçirilmişdir. Xatırladaq ki, Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, eləcə də Salyanda 41, Neftçalada 44, Biləsuvarda 23, Sabirabadda 13 kəndin içməli suya olan tələbatının ödənilməsinə yönəldiləcəkdir. Bütövlükdə isə Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə 470 min sakin keyfiyyətli su ilə təmin olunacaq. Layihə çərçivəsində 600-1200 millimetr borulardan 170 kilometr uzunluğunda magistral kəmər çəkiləcək, hər bir şəhərdə içməli su və kanalizasiya şəbəkəsi müasir standartlara uyğun tamamilə yenidən qurulacaq, çirkab sutəmizləyici qurğu inşa ediləcəkdir.

Yeri gəlmişkən, hazırda içməli su qıtlığı ilə üzləşən bir sıra kəndlərin də su təchizatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Təkcə bu ilin doqquz ayı ərzində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Birləşmiş Sukanal" MMC-nin sifarişi əsasında regionlarda 23 subartezian quyusu qazılmış, 140-dan çox quyu isə təmir olunmuşdur. Bunun da nəticəsində 32 min nəfər sakinin içməli su təminatı əsaslı şəkildə yaxşılaşmışdır.

Bu sahədə ən böyük işlər isə Bakı şəhərində və Abşeron yarımadasında görülür. 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Bakıətrafı kənd və qəsəbələrdə layihə və tikinti işləri həyata keçirilir. Məlumat üçün bildiririk ki, Bakı şəhəri və Abşeron yarımadasında 54 kənd və qəsəbə var ki, hazırda onların 40-a qədərində içməli su təchizatı sistemi ya yoxdur, ya da qismən mövcuddur. Prezident İlham Əliyevin 2011-ci il may ayının 4-də təsdiq etdiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda bu məsələlərin hamısı öz əksini tapmış və hər bir qəsəbə üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Dövlət Proqramından irəli gələn vəzifələri həyata keçirmək məqsədilə hazırda "Azərsu" ASC tərəfindən kompleks tədbirlər reallaşdırılır. Belə ki, Mərdəkan, Şüvəlan, Qala, Zirə, Binə, Türkan, Pirallahı və digər qəsəbələri mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşmaqla onların hər birində şəbəkə yaratmaq nəzərdə tutulmuşdur. Bundan əlavə, yaşayış massivlərinə suyun fasiləsiz verilməsinə, suyun optimal idarə olunması məqsədilə Bakıətrafı qəsəbələrdə ümumi həcmi 200 min kubmetr olan 10 su anbarının tikintisi planlaşdırılır. Hazırda Balaxanı, Məhəmmədi, Zirə qəsəbələrində həmin anbarların tikintisi davam etdirilir. Bununla yanaşı, Bakının Binə, Binəqədi, Qobu, Qızıldaş, Korgöz, Fatmayı, Məhəmmədi, Digah, Saray, Hövsan, Suraxanı və digər qəsəbələrdə su təchizatı və kanalizasiya layihələrinin icrası sürətlə davam etdirilir. Bütövlükdə isə 2012-ci ilin doqquz ayı ərzində "Azərsu" ASC-nin sifarişi ilə ölkə ərazisində 140 kilometr uzunluğunda magistral, 493 kilometr şəhərdaxili və 25 kilometr anbarlararası su xətləri, 235 kilometr şəhərdaxili kanalizasiya xətti və 58 kilometr kanalizasiya kollektoru çəkilmişdir

Azərbaycan Prezidenti İlham Əliyev ölkə vətəndaşlarının keyfiyyətli su ilə təminatını "Azərsu" ASC-nin qarşısında mühüm bir vəzifə kimi qoymuşdur. Təsadüfi deyil ki, dövlət başçısı 2011-ci il sentyabr ayının 8-də Ceyranbatanda yeni ultrasüzgəcli sutəmizləyici qurğusunun təməlqoyma mərasimində demişdir: "Su həyatdır, təmiz su sağlam həyatdır. Biz istəyirik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, gənc nəsil sağlam olsun". Yeri gəlmişkən, hazırda Ceyranbatan ultrasüzgəcli qurğusunun tikintisi sürətlə davam etdirilir. Xatırladaq ki, qurğunun məhsuldarlığı saniyədə 6 min kubmetr, sutkada isə 520 min kubmetr təşkil edəcək. Bununla yanaşı, Ceyranbatan su anbarında sugötürücü qovşaq inşa olunur. Buradan isə suyun paytaxtın şərq hissəsinə verilməsi üçün Ceyranbatan-Balaxanı-Ramanı-Zirə-Pirallahı magistral su xətti çəkilir. Bütövlükdə isə 2012-ci ilin doqquz ayı ərzində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində Bakı şəhəri və Abşeron yarımadasının 330 min nəfər sakininin fasiləsiz su təminatına nail olunmuşdur.

Əhaliyə verilən içməli suyun tərkibinə nəzarəti ən yüksək səviyyədə təmin etmək üçün ötən il təməli qoyulmuş "Azərsu" ASC-nin mərkəzi laboratoriyası da bu yaxınlarda istifadəyə veriləcək. Xatırladaq ki, sözügedən obyekt dünyanın ən müasir laboratoriyaları səviyyəsində qurulmuş, burada istifadə olunacaq avadanlıqların hamısı Avropa ölkələrindən alınmışdır. Layihə başa çatdıqdan sonra "Azərsu" ASC-nin mərkəzi laboratoriyası Avropanın və digər ölkələrin laboratoriyaları ilə eyni hüquqa malik olacaq və burada suyun parametrləri ilə bağlı götürülən analizlər dünyanın hər yerində qəbul olunan nəticələr sayılacaq. Onu da deyək ki, burada suyun 75-ə qədər parametrini müəyyən etmək mümkün olacaq.

"Azərsu" ASC ölkənin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün daxili imkanlardan da maksimum istifadə edir. Təkcə onu demək kifayətdir ki, bu ilin doqquz ayında "Azərsu" ASC-nin öz vəsaiti hesabına Bakı şəhərində 171 kilometr içməli su, 50 kilometrdən artıq kanalizasiya kollektoru və xətləri çəkilmişdir. İntensiv yağıntılar zamanı yarana biləcək fəsadların qarşısının alınması məqsədilə də mühüm layihələr həyata keçirilir. Belə ki, yağış sularının axıdılması üçün ayrıca kollektorlar inşa olunur ki, bu da leysan nəticəsində kanalizasiya şəbəkənin yüklənməsinin qarşısını almağa imkan yaradacaq. Hesabat dövründə Bakı şəhərində 17 kilometrdən artıq yağış kollektoru çəkilmiş, 300-dən artıq yağış barmaqlığı quraşdırılmışdır.

"Azərsu" ASC tərəfindən istehlakçılara verilən içməli suyun dəqiq uçotunu aparmaq məqsədilə sayğaclaşdırma işləri də getdikcə intensivləşdirilir. Təkcə bu ilin doqquz ayında paytaxtda, eləcə də regionlarda 25 mindən artıq sayğac quraşdırılmışdır ki, bunun da 7 minə yaxını "Smart-kart" tipli sayğaclardır. İlkin olaraq bu tip sayğacların quraşdırılması qeyri-əhali qrupu üzrə həyata keçirilirdisə, artıq əhali qrupunun da bu prosesə cəlb olunmasına başlanmışdır. Hazırda Suraxanı rayonu "Yeni Günəşli" qəsəbəsində 27 ədəd doqquz mərtəbəli binaya içməli suyun fasiləsiz verilməsini təmin etmək üçün daxili şəbəkələr yeniləşdirilir, dik borular pilləkən qəfəsinə çıxarılır, bütün mənzillər üçün "Smart-kart" tipli sayğaclar quraşdırılır. Yaxın vaxtlarda isə paytaxtın digər ərazilərində də belə layihələrin icrasına başlanacaq. Bütövlükdə isə "Azərsu" ASC tərəfindən istər paytaxtda, istərsə də regionlarda reallaşdırılan layihələrin əsas istiqamətlərindən biri də məhz istehlakçılara verilən suyun dəqiq uçotunun aparılmasını təmin etmək məqsədilə ön ödənişli ("Smart-kart" tipli) sayğacların quraşdırılması ilə bağlıdır.

Qeyd etdiyimiz kimi, Azərbaycan hökuməti infrastruktur layihələrinin icrasında beynəlxalq maliyyə qurumları ilə uğurlu əməkdaşlıq edir. Su və kanalizasiya layihələri üzrə Asiya İnkişaf Bankının krediti hesabına Ağdaş və Göyçay şəhərlərində işlərin birinci mərhələsi başa çatdırılmış, hazırda isə ikinci mərhələ üzrə işlər sürətlə davam etdirilir. Beyləqan şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması məqsədilə tender prosedurları yekunlaşdırılmış, yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır.

Almaniya İnkişaf Bankının (KfW) maliyyə dəstəyi ilə Şəki və Gəncə şəhərlərində də işlər uğurla həyata keçirilir. Hazırda Gəncə şəhərinə Qızılqaya və Göygöl istiqamətindən magistral xətlərin çəkilişi davam edir. Dünya Bankı ilə bağlanmış kredit sazişi isə Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərini əhatə edir. Şamaxı və Qəbələdə işlərin xeyli hissəsi artıq görülmüşdür. Belə ki, Şamaxıda birinci mərhələyə uyğun olaraq sugötürücü qovşağın inşası yekunlaşmış, Qəbələdə isə birinci mərhələ başa çatdırılmışdır. Bundan əlavə, Saatlı və Sabirabad şəhərlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı bu ilin yayında tikinti-quraşdırma işlərinə start verilmişdir. "Azərsu"ASC Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə də geniş əməkdaşlıq edir. Məhz bu əməkdaşlığın nəticəsidir ki, adı çəkilən agentliklə birgə aprel ayında Qusar və Xaçmazda, may ayında isə Xızı şəhərində su və kanalizasiya layihələrinin təməlqoyma mərasimləri keçirilmişdir. Bu ilin sonuna qədər Naftalan şəhərində də analoji işlərə başlanması nəzərdə tutulur. Astara, Samux, Tərtər, Qazax, Daşkəsən və Gədəbəy şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri isə İslam İnkişaf Bankının krediti hesabına maliyyələşdiriləcək.

"Azərsu" ASC ölkənin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələrin reallaşdırılması zamanı yeni texnika və texnologiyalardan geniş istifadə edir. Hazırda Bakı şəhərində və regionlarda kanalizasiya şəbəkələrinin inşası zamanı tunel və mikrotunel tipli xətlər çəkilir. Bu da kanalizasiya layihələrinin inşasını əlavə tikinti meydançaları yaratmadan, nəqliyyatın və piyadaların hərəkətinə maneçilik törətmədən, eləcə də kommunikasiya xətlərini köçürmədən həyata keçirməyə imkan verir. Artıq bu ilin ötən dövründə paytaxtın Bayıl yamacı, Keşlə bazarı və Həsən Əliyev küçəsi boyunca bu tip kanalizasiya şəbəkələri inşa olunmuşdur. Yaxın zamanlarda isə Dərnəgül-Qaraçuxur, Xırdalan-Xocasən kanalizasiya kollektorlarının da bu üsulla tikintisi həyata keçiriləcəkdir. Bundan əlavə, Lənkəran, Zərdab, eləcə də qrunt sularının nisbətən üzdə olduğu ərazilərdə də tunel və mikrotunel tipli kanalizasiya xətləri çəkiləcək.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə ərazisində qeyri-bərabər paylanmış su ehtiyatlarından səmərəli istifadə, içməli su, kanalizasiya xidmətləri və yağış sularının idarə olunmasını özündə əks etdirən layihələr hazırlanır. Bakı şəhəri və Abşeron yarımadası üzrə Master Plan yekunlaşmaq üzrədir. Bu konsepsiyanın davamı olaraq bütün ölkə ərazisini əhatə edəcək Master Planın işlənməsinə hazırlıq görülür. Həmin planda qlobal iqlim dəyişikliyi nəzərə alınmaqla ölkə ərazisindəki yeraltı və yerüstü su ehtiyatları yenidən qiymətləndiriləcək. Layihədə bu ehtiyatlardan əhalinin su təchizatında optimal istifadə variantları da öz əksini tapacaqdır.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 23 oktyabr.- S. 7.