Gəncə: Arzuların
reallığa çevrildiyi şəhər
Doqquz ayın yekunları bir daha
göstərdi ki, verilən vədlərin, səmərəli
təkliflərin, nəzərdə tutulan işlərin
heç biri kağız üzərində qalmır
Şəhər icra hakimiyyətinin
başçısı hesabat verdi. Təzəcə təmirdən
çıxmış (tamamilə yenidən qurulmuş desək,
daha düzgün olar- H.Q.) və əzəməti, gözəlliyi
ilə buraya toplaşan şəhər fəallarını
heyran edən böyük iclas salonu əsl diskussiya, müzakirə,
sual-cavab məkanına çevrilmişdi. Maraqlı və
diqqətçəkən epizodlardan biri daha çox
yadımda qaldı: şəhər icra hakimiyyətinin
başçısı Elmar Vəliyev gələcəkdə
görüləcək işləri sadaladıqca salonda
alqışlarla qarşılanırdı. Yanımda əyləşən
şəhər fəallarından olan ağsaqqal
qulağıma astadan pıçıldadı: "Bilirsiniz,
adamlar niyə bu qədər sevinir, başçının hər
təklifini, sözünü, vədini belə
alqışlarla qarşılayırlar? Çünki indiyədək
bu salonda Elmar Vəliyev nəyə söz veribsə, ona əməl
olunub. Ötən ilin fevral, mart aylarında, yəni
başçı yeni işə başlayanda, vədlər verəndə,
görüləcək işlərlə adamları
tanış edəndə, bəlkə də, çoxları
inanmırdı ki, bunları qısa vaxt ərzində həyata
keçirmək mümkün olsun. Amma Gəncə bu gün,
sözün əsl mənasında, arzuların reallığa
çevrildiyi bir şəhərdir.
Artıq sakinlər inanırlar ki, şəhərdə
sözlə işin vəhdəti var, heç nə kağız
üzərində qalmır, boş vədlər verilmir.
Ağsaqqalın sözünə qüvvət, Gəncədə
istər keçən il, istərsə də bu ilin 9
ayında nəinki nəzərdə tutulan işlərin, həm
də nəzərdə tutulmayan, amma həlli vacib olan işlərin
hamısı həyata keçirilib. Özü də yüksək
zövqlə fundamental işlərdir bunlar. Təkcə bu
gün üçün yox, xeyli sonrakı illər
üçün nəzərdə tutulub. Ötən dövrlər
sübut etdi ki, Gəncə təkcə böyük
tikinti-quruculuq, geniş abadlıq, yenidənqurma işləri
ilə yox, o həm də qonaq-qara qarşılamaqla,
xüsusilə çox böyük beynəlxalq tədbirləri
yüksək səviyyədə keçirmək qabiliyyəti
ilə də yadda qalır, hamının diqqətini cəlb
edir. Dahi Nizaminin 870 illik yubileynin, onun ardınca beynəlxalq
şərab festivalının şəhərdə çox
yüksək səviyyədə keçirilməsi dediklərimizə
əyani sübutdur.
Bəs, bu ilin
ötən 9 ayında nələr baş verib?
İqtisadiyyatda, sosial sahələrdə, abadlıq-quruculuq
işlərində nə kimi yeniliklər baş verib? Bu
suallara şəhər icra hakimiyyətinin
başçısı Elmar Vəliyev aydınlıq gətirdi.
Ekranda aydın şəkildə göstərdiyi rəqəmlər,
diaqramlar, layihələr fəalların nəzərinə
çatdırıldı, ayrı-ayrı məsul şəxslərə
söz verildi, hesabat tələb olundu, təkliflər irəli
sürüldü, tənqidi qeydlər deyildi. Yeri gəlmişkən,
qeyd edək ki, başçı özü hesabat verməklə
yanaşı, zalda əyləşən hər bir kəsi dinləmək
üçün imkan və şərait yaradırdı. Cərgələrin
arasında quraşdırılmış mikrofonlar vasitəsilə
hərə öz sözünü, təkliflərini deyə
bilirdi.
Şəhərin
inkişafını xarakterizə edən göstəricilər
Maraqlıdır ki, şəhərin
inkişafını xarakterizə edən əsas makroiqtisadi
göstəricilər, ümumi daxili məhsul
buraxılışının həcmi artıq yarım milyard
manatı keçib və dəqiq desək, 539,3 milyon manata
çatıb. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə onun həcmi 54,1 faiz artmışdır.
Diqqətçəkən məqam ondan ibarətdir ki,
ümumi daxili məhsulun 64,1 faizini qeyri-dövlət bölməsi
təşkil edir ki, bu da əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 63,5 faiz çoxdur.
Sənaye istehsalında irəliyə
doğru əməlli-başlı sıçrayış var.
Bu ilin 9 ayında sənayedə fəaliyyət göstərən
sahibkarlıq subyektləri tərəfindən 142 milyon
manatlıqdan çox məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə
çoxdur. Özəl bölmədə istehsalın həcmi
sənaye məhsulunun 67,1 faizini təşkil etmiş və
onun həcmi 6,4 dəfə artmışdır. İstehsal olunmuş
və həmçinin anbarlarda saxlanılmış sənaye
məhsulunun 105,6 faizi istehlakçılara göndərilmiş,
müəssisələrin anbarlarında 8,6 milyon manatlıq
hazır məhsul ehtiyatı olmuşdur.
Şəhərdə sənaye
istehsalının artırılması, yeni iş yerlərinin
açılması istiqamətində mühüm tədbirlər
həyata keçirilir. 2008-ci ilin martında ölkə
Prezidenti İlham Əliyev tərəfindən təməli
qoyulan və dövlət başçısının
özünün iştirakı ilə bu ilin yanvarında
birinci fazasının açılışı olan Gəncə
DET.AL alüminium zavodu istifadəyə verilmiş və burada
640 nəfər işlə təmin olunmuşdur. Hazırda
kompleksin ikinci fazasında 50 min ton alüminium istehsal edəcək
84 vannadan ibarət elektroliz korpuslarının, gil-torpaq qəbulu
anbarının tikintisi davam etdirilir. Bununla yanaşı,
2012-2016-cı illərdə illik istehsal gücü 850 min ton
olan yeni "DRİ" zavodunun və istehsal gücü 750
min ton olan yeni polad və pelet zavodlarının tikintisinə
630 milyon dollar həcmində investisiya yönəldiləcəkdir.
Bu layihələrin həyata keçirilməsi ilə 5 mindən
çox yeni iş yeri açılacaqdır.
Gəncədə güclü sənaye
potensialı var və bu, hər il genişləndirilir.
Mövcud emal müəssisələrində - "Gəncə-Şərab-2",
"Gəncə-Qənnadı", "Gəncə Əlvan
Metal Emalı" açıq səhmdar cəmiyyətlərində
texnika və texnologiyanın tətbiqinə xüsusi fikir
verirlər. "NEON", "Elba", İnter-PAK kimi müəssisələr
inkişaf edir. "Gəncə Şərab-2" ASC ilin
sonuna kimi spirt istehsalı sexində təkrar emal sahəsini
istifadəyə verəcək. Şərab məhsuluna olan tələbatı
ödəmək üçün müəssisənin daha 10
hektar üzüm bağı salınmış və beləliklə
də, üzüm bağlarının ümumi sahəsi 365
hektara çatdırılmışdır. Maraqlı və fərəhli
bir faktır ki, bu gün "Gəncə -Şərab-2"nin
üzüm bağlarının sahəsi vaxtilə
üzümçülükdə ad-san
çıxarmış bəzi rayonların üzüm
bağlarının sahəsindən çoxdur.
Bura Xətai
prospektidirmi?
Gördüyünüz şəkillərin
bir çoxu Xətai prospektində çəkilib. Hələ
də inana bilmirəm ki, bura Xətai prospektidir. Darısqal,
yöndəmsiz tikintilərlə əhatə olunmuş əvvəlki
prospektdən əsər-əlamət qalmayıb. Geniş,
yaraşıqlı, müasir işıq dirəkləri,
qazonları, ornamentli hasarları, istirahət güşələri
olan prospekt göz oxşayır. Prospektin C. Hacıbəyov
küçəsinin kəsişməsindən "İzzət"
yanacaqdoldurma məntəqəsinə kimi 3 kilometrə
yaxın məsafəsində avtomobil yolu 22 metr, bəzi yerlərdə
hətta 30 metrə kimi genişləndirilib. Yolun sağ və
sol tərəflərində olan onlarla tikilinin dam
örtükləri dəyişdirilir, 19 yeni fərdi
yaşayış evi inşa olunur, hasarlar aqlayla üzlənir.
Bəzi kütləvi informasiya vasitələri
bilərəkdən aranı qarışdırmağa cəhd
göstərib guya adamların bu işləri
narazılıqla qarşılamasını yazsalar da, bu,
baş tutmadı. Çünki fakt faktlığında
qalır. Eybəcər, primitiv evlərin, tikililərin yerində
şəhər icra hakimiyyəti gözəl, müasir, hər
cür şəraiti olan binalar tikib istifadəyə verir. Təkcə
Nizami prospektində 60-dan çox ailəyə bu cür binalar
tikilib.
Bu prospekdə ən müxtəlif
yaşlı adamlarla söhbət aparmışam. Hamı
razılıq edir. Deyirlər ki, əvvəl
yaşadığmız ev, həyət-baca da göz
qabağında idi, indikilər də.
Küçə və prospektlərin
genişləndirilməsi və abadlaşdırılması
şəhərin simasını əməlli-başlı dəyişdirib.
Bu ilin ötən ayları ərzində F.Əliyev
küçəsinin Heydər Əliyev prospekti ilə, Vəli
Xuluflu küçəsinin Xətai prospekti ilə kəsişməsinə
kimi 6,5 kilometr uzunluğunda yolun da yenidən qurulması
işləri başa çatdırılıb. Nizami, Heydər
Əliyev, Atatürk və N.Nərimanov prospektlərində,
M.Abbaszadə, 28 May, M.Qaşqay və digər küçələrdə
23 min metrə yaxın mozaika və qranit bardür
daşları quraşdırılmış, 31 min kvadratmetrə
yaxın tamet daş döşənmişdir.
Adları çəkilən prospekt və
küçələrdə, digər yerlərdə 480 ədəd
yeni işıqlandırma sistemi
quraşdırılmışdır.
Hara baxırsan, yollar genişləndirilir,
mühəndis-kommunikasiya xətləri nizama salınır, səkilər
düzəldilir, yaşıllıqlar salınır. Nizami və
Atatürk prospektinin kəsişməsindən hava limanı
istiqamətində 2,5 kilometr məsafədə mövcud
avtomobil yolu 20 metr genişləndirilmiş, 45-ə yaxın fərdi
yaşayış evi yenidən inşa edilir. Bir məsələni
də qeyd edək ki, evlər onların sahiblərinin arzusuna
uyğun layihələndirilmiş və yaxın vaxtlarda tam hazır
vəziyyətdə istifadəyə veriləcəkdir.
Şəhərdə yaşıllıq
sahələrinin artırılması, gül-çiçək
kollarının, ağacların əkilməsi,
suvarılması, mühafizəsi, onlara aqrotexniki qaydada qulluq
göstərilməsi daim diqqət mərkəzindədir. Bu
gün şəhərin mərkəzi meydanı gül-çiçəyi
və yaşıllığı ilə diqqəti cəlb
edir. Şəhər ərazisində 120 min ədəddən
çox ağac, 90,3 mindən çox dekorativ gül və
çiçək əkilmiş, 11 subartezian quyusu təmir
olunaraq istifadəyə verilmişdir. İlin əvvəlindən
9,5 hektar sahədə yeni çəmənlik
salınmışdır.
80,5 milyon manat, bu
da son hədd deyil!
İlin əvvəlindən bu günədək
Gəncədə yalnız tikinti-quraşdırma işlərinin
yerinə yetirilməsinə 80,5 milyon manat vəsait sərf
olunub. Bu o deməkdir ki, 9 ay ərzində şəhərdə
aparılan yenidənqurma və abadlıq işlərinə sərf
olunan 84,1 milyon manatdan çox investisiyanın 95,7 faizi
tikinti-quraşdırma işlərinə sərf olunub.
Dövlət mülkiyyətinə məxsus müəssisə
və təşkilatlar inşaat işlərinə 56,6 milyon
manat, qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələr
isə 27,5 milyon manat vəsait sərf etmişlər.
Şəhərdə inşa olunan yeni
obyektlər Gəncəni daha da gözəlləşdirəcəkdir.
Hazırda ölkə Prezidentinin iştirakı ilə təməli
qoyulmuş Heydər Əliyev Mərkəzinin, Nizami Gəncəvi
muzeyinin və Gəncə Dövlət Filarmoniyasının
tikintisi davam etdirilir.
Atatürk prospektində 50 mənzilli
yaşayış binasının inşasına
başlanılmışdır. Burada qəzalı vəziyyətdə
olan yaşayış evləri sökülərək əvəzində
müasir, memarlıq üslubunda, hər cür şəraiti
olan adını çəkdiyimiz binanın təməli
qoyulmuşdur.
İkinci Dünya müharibəsi abidə
kompleksi, yeni Gəncə yaşayış massivində yerləşən
"Novruz" meydanı əsaslı şəkildə yenidən
qurulmuş və ətrafı abadlaşdırılaraq istifadəyə
verilmişdir.
Şəhərin ayrı-ayrı qəsəbə
və məhəllələri də
abadlaşdırılır. Ölkə Prezidentinin 13 dekabr
2011-ci il tarixdə imzaladığı qanuna müvafiq olaraq Gəncədə
Cavad xan, Məhsəti, Natəvan, Sadıllı və
Şıxzamanlı yaşayış məntəqələrinə
qəsəbə statusu verilmişdir.Gəncəlilər belə
bir xeyirxah işi minnətdarlıq hissi ilə qeyd edirlər
ki, dövlət başçısının 5 iyun 2012-ci il
tarixli sərəncamı ilə yeni yaradılmış qəsəbələri
şəhərdaxili yollarla birləşdirən, ümumi
uzunluğu 21 kilometr olan avtomobil yollarının tikintisi məqsədilə
Gəncə Şəhər İcra Hakimiyyətinə ilkin
olaraq 3 milyon manat vəsait ayrılmışdır.
Respublikamızın ən səfalı
güşələrindən biri olan və uzun illər
abadlaşdırılmayan Hacıkənd qəsəbəsində
hazırda geniş miqyaslı tikinti-quraşdırma işləri
görülür. Qəsəbədə kommunal-infrastruktur -
qaz, işıq, su, rabitə xətləri yenidən qurulur. Qəsəbədəki
bulaqlar bərpa olunur, yollar genişləndirilir, istinad
divarları hörülür, işıqlandırma sistemi təzələnir,
50 ədəd bina təmir edilir, dam örtükləri,
fasadlar yenilənir.
Şəhərin girəcəyində
görülmüş və beş hektar sahədə yerləşdirilən
avtovağzal kompleksində işlər gedir, üçmərtəbəli
vağzal binası tikilir. Burada 4 mərtəbəli mehmanxana,
ticarət mərkəzi və digər xidmət obyektləri də
inşa olunacaq.
Uzun illər əhalini narahat edən
yaşayış binalarının dam örtüklərinin
yenidən qurulması işi Gəncədə elə bir sistem
şəklinə salınıb ki, tezliklə şəhərdə
bir dənə də olsun pis vəziyyətdə olan bina
qalmayacaq. Təkcə bu ilin əvvəllərindən 25 min
300 kvadratmetrdən çox dam örtüyü təmir
olunmuş, mansard formasında istifadəyə verilmişdir.
Binalarda liftlərin işlək vəziyyətdə
saxlanması üçün bütün imkanlardan istifadə
olunur.
Sosial sahəyə
xüsusi diqqət var
Şəhərin elektrik enerjisi, qaz, su sahəsindəki
işləri nümunəvi şəklə salınır.
Yeni xətlər çəkilir, ümumi görkəmə xələl
gətirənlər və əhalinin təhlükəsizliyinə
mane olan xətlər başqa yerlərə köçürülür,
təmir-bərpa işləri aparılır, mənzillərə
sayğaclar quraşdırılır.
Şəhər əhalisini ekoloji cəhətdən
təmiz, daha keyfiyyətli içməli su ilə təmin etmək
üçün həyata keçirilən tədbirlər
davam etdirilir. Ölkə Prezidentinin diqqət və
qayğısı sayəsində təməli keçən
ilin sentyabrında qoyulmuş "Gəncə şəhərinin
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması" layihəsinin icrası uğurla həyata
keçirilir.
Gəncədə təhsil, səhiyyə,
mədəniyyət və digər sahələrə diqqət
və qayğı xeyli artıb. Məktəblər, uşaq
bağçaları təmir olunur, istilik sistemi yenidən
qurulur. Yeni tədris ocaqlarının tikintisi sürətləndirilir.
Bir sıra məktəblərdə, o cümlədən 4 və
39 nömrəli tam orta məktəblərdə müvafiq
olaraq 960 və 1200 şagird yerlik əlavə korpusun, akt və
idman zallarının tikintisi aparılacaqdır. Şəhər
təhsil idarəsi üçün yeni inzibati bina tikilir. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə uşaq
evində başlanan əsaslı təmir və
tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir.
Yeni korpusun və 2 saylı uşaq bağçasının
tikintisinə başlanılmışdır.
Şəhərin ən böyük xəstəxanası
olan 245 çarpayılıq A.Səhhət adına 1 nömrəli,
80 çarpayılıq yoluxucu xəstəliklər xəstəxanasında
əsaslı təmir işləri davam etdirilir. Digər səhiyyə
ocaqlarında təmir işləri başa
çatdırılıb.
İnam varsa, məktub
nəyə lazım?
Şəhər icra hakimiyyətinə
daxil olan məktubların sayı əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 28,4 faiz azalıb. Əslində,
bu ilin 9 ayında daxil olan məktubların böyük bir hissəsi,
yəni 77,4 faizi şikayət xarakterli deyil, əsasən fərdi
ev tikintisi üçün torpaq sahəsinin ayrılması,
tikililərin sənədləşdirilməsi,
yaşayış sahəsi ilə təmin olunmaq məsələləri
ilə bağlıdır.
Mərkəzi icra orqanlarından daxil olan və
yerli müraciətlərin sayının ildən-ilə
azalması müşahidə olunur. Bu isə elə-belə
baş vermir. Müraciətlərdə irəli sürülən
problemlərin operativ həll edilməsi, onları yaradan səbəblərə
qarşı qabaqlayıcı tədbirlərin görülməsi
müraciətlərin sayının azalmasına gətirib
çıxarır ki, bu da şəhər icra hakimiyyətinə
və təbii ki, icra hakimiyyətinin başçısına
inamın artdığını göstərir. Səyyar qəbullar,
adamların birbaşa başçıya müraciət etməsi
üçün yaradılmış internet sayt və digər
tədbirlər bu sahədə vəziyyəti xeyli dəyişdirib.
Bəli, Gəncədə bütün sahələrdə
yeniləşmə, canlanma var. Bütöv bir şəhər,
sanki, yenidən qurulur. Fəallar yığıncağında
şəhər ziyalılarından birinin
çıxışından sonra Elmar Vəliyev
üzünü salondakılara tutub dedi:
- Biz hamımız icraçılarıq.
Bütün bu işlərin başında ölkə rəhbərimiz,
cənab Prezidentimiz İlham Əliyev dayanır. Onun diqqət
və qayğısı, köməyidir ki, Gəncə bu
gün böyüyür, gözəlləşir, inkişaf
edir, adamların sosial şəraiti yaxşılaşır. Gərək
hər birimiz bizə ölkə başçısının
göstərdiyi etimadı doğruldaq. Əminəm ki, gəncəlilər
bunu bacaracaqlar.
Hamlet QASIMOV
Xalq qəzeti.-
2012.- 23 oktyabr.- S. 5.