Mədəniyyətlərarası
diffuziya mədəniyyət dialoqunun spesifik mexanizmi kimi
Oktyabrın
4-də Azərbaycan paytaxtında təntənəli
açılışı olan və ertəsi
günü ayrı-ayrı sahələr
üzrə təşkil olunmuş "dəyirmi
masa"larla davam etdirilən beynəlxalq forumun
əcnəbi iştirakçılarından bir
çoxunun ürək sözlərini
hörmətli oxuculara təqdim
etmişik.Qəzetimizin
həmin saylarında qeyd etmişdik
ki, oxucularımızı "dəyirmi masa" iştirakçılarından bəzilərinin
çıxışları ilə də tanış edəcəyik.
Aşağıda " Postmodernist mədəniyyətdə
ənənəvi dəyərlər sistemi"
adlı "dəyirmi masa"da səsləndirilən elmi
çıxışlardan birini təqdim edirik.
Qeyd etmək lazımdır ki, postmodernizm fəlsəfəsi adlanan cərəyan əslində mövcud deyil, ona görə yox ki, postmodernizm cərəyanına qatılan mütəfəkkirlər arasında birlik yoxdur, həm də ona görə ki, postmodernizm fəlsəfi nəzəriyyənin mövcudluğunu, ümumiyyətlə, şübhə altına alırdı.
Postmodernizm bir sıra Qərb ölkələrinin postindustrial cəmiyyət müstəvisinə keçdiyi, informasiya cəmiyyətinin yarandığı anda meydana gəlir. Bu zaman cəmiyyətdə daha çox elmə, təhsilə, universitetlərin fəaliyyətinə fikir verilir. Bu dövrdə cəmiyyətdə daha çox informasiya qiymətləndirilir.
Postmodernizmin yaranmasında mədəniyyətdə bir-birindən asılı olmayan hadisələr baş vermişdir. Onların hamısı bu və ya digər dərəcədə onun mövcudluğuna təsir göstərmişdir. İncəsənətdə - impressionizm (boyaların müxtəlifliyini və sərhədlərin solğunluğunu təqdim edir), abstraksionizm ( ön plana cansız əşyanı gətirir, məsələn, Maleviçin "Qara kvadrat" əsəri), modern ( reallıq və incəsənət arasında sərhədlərin pozulmasını tətbiq edir), memarlıqda: konstruktivizm (Le Korbuzyenin adi yaşayış evlərindən gələcəyin dördölçülü futuristik şəhərlərinin planınadək), musiqidə: bir tərəfdən musiqinin "sonunu" bildirən Vaqnerin musiqisi, digər tərəfdən isə mütləq azadlığı, improvizasiyanı əks etdirən - caz musiqisi, tarix elmində - lokal sivilizasiyaları müəyyən edən Şpenqlerin konsepsiyası, fizikada Eynşteynin nisbilik nəzəriyyəsi və Nils Borun kvant fizikası, biologiyada - Çarlz Darvinin nəzəriyyəsi, psixologiyada Ziqmund Freydin libido haqqında təlimi, eləcə də Yunqun arxetiplər haqqında təlimi və nahayət, fəlsəfədə- Şopenhauerin, Nitsşenin və Haydeggerin Yeni dövr fəlsəfəsinin tənqidinə həsr olunmuş ideyalar.
Mədəniyyətdə postmodernizm müasir cəmiyyətin həyata dəyişən baxışlarından irəli gəlir. İncəsənət fenomeninin saflığı burada məhv edilir. Çünki incəsənətin əsasında yaradıcı bir ilkin başlanğıcı olmalıdır, lakin müxtəlif incəsənət əsərlərinin surətlərini çıxarmağa imkanı olan müasir cəmiyyət bu yaradıcı başlanğıcı məhv edir və hesab edir ki, hər bir nadir əsərin surətini yaratmaq mümkündür. Hər dəfə müəllif yeni bir mövzu axtararkən məlum olur ki, artıq ona qədər bu mövzunu bu və ya digər formada istifadə ediblər. Müəllif nə yaratsa belə, bu, təkrar olacaq. Bu gün belə vəziyyət teatr sənətində və musiqidə müşahidə olunur. Məsələn, klassik janra bu günün bucağından baxışlar teatr səhnəsində öz əksini tapır: Şekspirin "Hamlet" əsəri Rusiyanın teatr səhnələrində yeni və müasir formada səhnələşdirilir. Və yaxud musiqidə klassik janra aid əsərlər rok üslubunda yazılmış əsərlərdə istifadə olunur. Klassik repertuar müasir elektron musiqi alətləri vasitəsilə ifa edilir. Bəlkə elə bu səbəbdən bu gün Vanessa Mey kimi ifaçılar populyarlıq qazanırlar.
Əsrlərin qovuşduğu bir vaxtda bəşəri dəyərlərin taleyinə yenidən baxılmasına böyük ehtiyac var. Həyati dəyərlər: insan həyatının mühafizəsi, sülhün bərqərar olunması, şəxsiyyətin hüquq və azadlıqlarının qorunması, demokratiya və mədəniyyətin öz əzəli mahiyyətində saxlanılması - bütün bunlar sivilizasiyanın nüvə və ekoloji fəlakətdən xilas olunmasına zəmin yaradır. Bunun üçün təkcə ictimai rəyin dəyişməsi kifayət etmir, müasir insanın dünyagörüşlərini dəyişərək dünyanın nizamını dəyişmək lazımdır.
Hesab edirik ki, məhz bu səbəbdən son illərdə mədəniyyətlərarası münasibətlərə diqqət artmışdır. Bu məsələlər müxtəlif aspektlərdən müzakirə olunur. Mədəniyyətlərarası diffuziya fenomeni qloballaşan dünyada, mədəniyyətlərarası münasibətlərin daha sıx əlaqələrindən irəli gəlir. Bu problemin aktuallığı bir tərəfdən dünyanın unifikasiyaya doğru meyillərindən, digər tərəfdən isə həmin dünyanın müxtəlifliyə doğru inkişafından irəli gəlir. Mədəniyyətlərarası münasibətlər müasir insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilərək onun həyatını mürəkkəbləşdirir. Çünki müasir insan hər zaman öz mədəniyyətini "özgə" mədəniyyət ilə müqayisə edir. Belə olduğu halda bu insanın daxili həyatı daim dəyişmək zərurəti qarşısında qalır, özünü dərk etməsi mürəkkəbləşir və sosial tamlıq isə daim fraqmentləşərək onun həyatını çətinləşdirir.
Mədəni diffuziya qarşılıqlı əlaqədə olan mədəniyyət sistemlərinin daim bir-biri ilə ünsiyyətindən irəli gəir. Mədəni diffuziya mədəniyyətlər dialoqunun həm formasıdır, həm də mexanizmidir. Mədəni diffuziyanın təhlilində daxili və xarici amillərin təsirini nəzərə almaq lazımdır. Onlardan aşağıdakıları göstərmək olar: innovasiya prosesi - bu zaman dünyanın dərk edilməsi və yeni düşüncə tərzinin yaradılması üçün yeni obrazlar, normalar, davranış qaydaları kəşf olunur; ənənəvi proses - bu zaman mədəni təcrübəyə yeni baxış nümayiş etdirərək cəmiyyətin bütün mədəni nailiyyətlərini yenidən araşdırırlar, başqa mədəniyyətdən götürülmə prosesləri: bu zaman başqa mədəni sistemdən bu və ya digər normalar, nümunələr götürülərək doğma mədəniyyətə gətirilir. Onu da qeyd etmək lazımdır ki, bu zaman hər bir nümunə istifadə edilmir. Cəmiyyət bütün müsbət və mənfi cəhətləri ölçüb biçdikdən sonra bu və ya digər norma və nümunələri doğma mədəniyyət sistemində tətbiq edir. Əksər hallarda bu proses düşünülmüş və planlaşdırılmış şəkildə baş verir, lakin bəzi hallarda bu proses kor-təbii və təsadüfi baş verə bilər. Bu zaman doğma mədəniyyətə digər mədəni sistemlərdən neqativ nümunələr də keçə bilər. Digər tərəfdən bütün dünya qloballaşma proseslərini yaşayır.
Mədəni diffuziya yalnız dövlətlər və xalqlar arasında baş vermir. Bu proses həm də qruplar arasında baş verə bilər. Bu zaman iki istiqaməti müəyyən etmək lazımdır: bir tərəfdən eyni statusa malik qruplar arasında diffuziya baş verir, digər tərəfdən fərqli statusa malik qruplar arasında diffuziya, başqa sözlə, stratifakasyon diffuziya. Mədəni diffuziyanın nəticəsi kimi mədəni inteqrasiya baş verir.
Akkulturasiya prosesinin bir neçə yolu var. Belə ki: 1) assimilyasiya- insan başqa mədəniyyət dəyərlərini qəbul edir və öz mədəni dəyərlərindən imtina edir; 2) separasiya - bu zaman insan özgə mədəniyyətdən imtina edir və doğma mədəniyyəti qəbul edir; 3) marqinalizasiya- həm doğma mədəniyyət sistemi ilə vidalaşır, həm də mövcud olan çoxluğun mədəniyyət dəyərlərindən imtina edir, 4) inteqrasiya- həm doğma, həm də özgə mədəni sistemi ilə uyğunlaşma. Bunun nəticəsi olaraq insan özgə mədəniyyət sistemində uzun dövr yaşamağa qadir olur.
Bütün dünya miqrasiya proseslərinə qərq olub, eyni zamanda qloballaşma da dünyanı bürüyüb, yeni informasiya vasitələri yaranıb. Bütün bunlar mədəniyyət və mədəni əlaqələr məsələlərinə yenidən baxışı əsaslandırır. Bu problemin həlli variantları çoxdur. Onların içərisində bəzilərini qeyd etmək istərdik: 1) Mədəniyyətlərarası dialoq tək dövlətlər və millətlər arasındakı mübadilə prosesləri deyil, eyni zamanda bu xalqlar və dövlətlər arasında böhranın aradan qaldırılması təcrübəsidir. 2) Miqrasiya prosesləri zamanı "köhnə azlıqlar" və "yeni azlıqlar" arasında yaranan yeni münasibətləri nəzərə almaq lazımdır, 3) Bir tərəfdən sərhədləri və fərqləri məhv edən inteqrasiya prosesini, digər tərəfdən isə əks tərəfi qəbul etməyə və onunla kontakt yaratmağa cəhd göstərən mədəniyyətlərarası dialoqu fərqləndirmək zəruridir. Mədəniyyətlərarası dialoq mədəniyyət və şəxiyyətin XXI əsrdəki inkişafını təşkil etmək üçün şərait yaradır. Lakin dialoqun həyata keçirilməsi üçün hələ bir çox addımlar atılmalıdır.
Müasir dövr çoxtərəflidir və eyni zamanda mühafizə edilməyib, bu səbəbdən biz etnik, dini, dil və milli fərqlərdən üstün olaraq ünsiyyət yaratmalıyıq və bununla da sosial birliyi təşkil etməliyik.
Mədəniyyətlərarası dialoq çox mürəkkəb və ziddiyyətli bir prosesdir. Müxtəlif dövrlərdə bu proses fərqli keçir: bəzi hallarda müxtəlif mədəniyyət sistemləri bir-birlərini qəbul edir, lakin daha çox sistemlər arasında konfrontasiya , bir-birinə düşmən münasibətləri üzə çıxır. Tarixdə bütöv xalqların və mədəniyyət sistemlərinin məhv edilməsi dəfələrlə müşahidə edilib. Bu səbəbdən, bu gün ön plana müxtəlif mədəni sistemlərin dinc yaşaması məsələsinin çıxarılması vacibdir, təzyiq etmə, zülm etmə, məcburi assimilyasiya və diskriminasiyanın qəbulu yolverilməzdir.
Mədəniyyətlərarası dialoq elmi məfhum olmaqdan daha çox, siyasi-ideoloji statusa malik metaforadır. Dünya mədəniyyəti bu gün müxtəlif, fərqli mədəni sistemlərin qarşılıqlı əlaqəsindən yaranmış qatışıqdır. Onların hər biri unikaldır və bu səbəbdən dialoq münasibətlərində olmalıdırlar. Bu zaman onlar bir-birini eşitməli və bir-birinin ehtiyac və xahişlərini yerinə yetirməyə cəhd göstərməlidirlər. Mədəniyyətlərarası dialoq - mədəniyyət subyektlərinin bir-birinə təzyiq göstərmədən, öz üstünlüklərini nümayiş etdirmədən, çox ehtiyatlı və zərif münasibət qurmaq deməkdir.
Mən çox
şadam ki, Bakı
Beynəlxalq Humanitar Forumu
kimi mötəbər bir
tədbiri təşkil edən Azərbaycan dövləti müasir dünyanın ən çox
ehtiyac hiss etdiyi mədəniyyətlərarası dialoqun genişləndirilməsinə öz töhfələrini verir.
Hesab edirəm ki, forumun "Postmodernist mədəniyyətdə
ənənəvi dəyərlər sistemi"
adlı "dəyirmi masa"sında bizim
iştirakımız, dünyanın çox
görkəmli ziyalıları ilə müx
Adilə ABDİYEVA,
Azərbaycan Dillər Universitetinin
dosenti
Xalq qəzeti.- 2012.-
23 oktyabr.- S. 4.