"Eşqimi sönməyə qoymayın..."

 

Xırdalan şəhər Mədəniyyət evində tanınmış şair Hafiz Baxışın anadan olmasının 80 illik yubileyinə həsr edilmiş "Eşqimi sönməyə qoymayın..." adlı ədəbi-bədii gecə şairin öz deyimində lentə alınmış "Bizim dost itirən vaxtımız deyil" şeirinin səslənməsi ilə başlandı.

 

Tədbirdə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Bildirildi ki, Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalının Qafan bölgəsində, Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1950-ci ildə Qafan rayonunun Şəhərcik kəndində bitirmişdir.

Hafiz Baxış 1950-1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləmiş, 1952 - 1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakültəsində təhsil almışdır. Tələbə ikən 1954-cü ildə Azərbaycan diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olmuşdur. O,1956-1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və Mədəniyyat sarayının direktoru vəzifəsində çalışmışdır.

1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində fəaliyyət göstərmişdir. Bütün bunlarla yanaşı, ədəbi yaradıcılığa, poeziyaya xüsusi maraq göstərən Hafiz Baxışın ilk şeirləri "Sosialist Sumqayıtı" qəzetində dərc olunmuşdur, "Samur - Dəvəçi kanalı" adlı ilk şeiri həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında , "Zirvə" adlı ilk poeması isə "Azərbaycan" jurnalının 1968-ci ilin 2-ci sayında çap olunmuşdur. Bundan sonra o, altı poema qələmə alsa da, lirik şair kimi tanınmışdır. İyirmidən çox şeirinə musiqi bəstələnmişdir.

Ədəbi-bədii gecədə "Bütöv Azərbaycan" qəzetinin baş redaktoru, "Zəngəzur" Cəmiyyətinin sədr müavini Tamxil Ziyəddinoğlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Azad Şükürov, Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktotu Rəşid Təhməzoğlu, tibb elmləri doktoru, professor Eldar Abbasov, şair İlyas Tapdıq və başqaları tanınmış şair Hafiz Baxışın ömür yolundan, ədəbiyyatımızda yerindən, şeirlərinin və sözlərinə yazılmış mahnıların xalq arasında sevilməsindən danışdılar, onunla bağlı xatirələrini bölüşdülər.

T.Ziyəddinoğlu: - Əsrlər boyu xalqının başına gələn dərdlər, faciələr, bəlalar Hafiz Baxışın da taleyindən yan keçmədi. XX əsrdə ən faciəli tarixini yaşayan zəngəzurlular dəfələrlə məkrli erməni siyasətinin qurbanı olmuş, deportasiyaya məruz qalmışlar. 1948-ci ildə başlanan deportasiyada onun da el-obası sürgünlərə, soyqrımlara düçar oldu. Hafiz Baxış da bu taleyi yaşadı. Ancaq illər keçsə də, doğma Qafanı unuda bilmədi. Zəngəzur dağlarının ağrılarını ürəyində daşıdı. 1988-1989-cu illərdə Zəngəzur bölgəsinin qara günləri yenidən başladı. Bu dəfə dərd batmanla gəldi: Qafanda bir nəfər də azərbaycanlı qalmadı... O illərdə Hafiz Baxış Zəngəzurun - doğma el-obasının qələmlə döyüşən sərkərdəsiydi.

Hafiz Baxış Vətənini - Zəngəzuru, Qafanı, doğulduğu Yuxarı Girətağ kəndini dəlicəsinə sevirdi. 1989-cu ilin sentyabrın 4-də ayrılıq, həsrət bu sevgiyə üstün gələndə Hafizin ürəyi dayandı, ömrü bitdi...

A.Şükürov: - Mövlanə Cəlaləddin Rumi demişdir: Ya olduğun kimi görün, ya da göründüyün kimi ol... Bu fikri tanınmış şair Hafiz Baxışa da şamil eləmək olar. Şairin dünyası-hisslər, duyğular, düşüncələr aləmi, bir sözlə, yaradıcılığı onun cəmiyyətdəki davranışı, həyat tərzi ilə sıx bağlı idi. Şeirlərindəki həzinlik, kövrəklik xarakteri ilə uzlaşırdı. Onun adi həyat həqiqəti belə, şair uydurması kimi görünmürdü, insan, təbiət mövzusunda şeirləri oxucunu sehrləyir, heyrətləndirirdi.

...Hafiz Baxış yaradıcılığında daim öz səsinə, öz nəfəsinə sadiq qalmış, həmişə ilhama köklənmiş, ürəyinin səsini kağıza köçürmüş, şeir və poemaları oxucu qarşısında poetik etiraf kimi səslənmişdir.

R.Təhməzoğlu: - Hafiz Baxışın "Payızın izi" şeirini oxuyanda gözlərim önünə dağların dumanlı-çiskinli günləri, uzaqlara, lap uzaqlara uçan durna qatarı... gəlir. İtirilən, düşmən tapdağında qalan viranə kəndin "son bahar"ı ilə bağlı acılı-şirinli xatirələri yaddaşda canlanır:

 

...Dəli dağ çayları susur lal kimi,

Çəmən boynu bükük bir maral kimi,

Köçəri quşlar da göydə xal kimi -

Dolur karvan-karvan səmanın üzü,

Düşür təbiətə payızın izi.

...Duyulur havanın soyuq nəfəsi,

Çoşğun bulaqların kəsilir səsi.

Ötən durnaların qərib nəğməsi

Yayın son nidası, yayın son sözü,

Düşür təbiətə payızın izi...

 

Hafiz Baxışın yaradıcılığında həyatın sevincli anları, ağrı-acılı günləri poetik deyimini tapmışdır. Şairin əksər şerlərində təbiət gözəlliklərinə vurğunluğu özünü daha qabarıq büruzə verir. Onun sözlərlə, misralarla yaratdığı mənzərələr, lövhələr diqqəti çəkir, bu mənzərələr, lövhələr yadda qalır, oxucunu düşündürür.

E.Abbasov: - Hafiz Baxışın yaradıcılığında Vətənə səmimi vurğunluq, poetik yanğı var. Hər sətri, hər misrası oxucu qəlbini riqqətə gətirir, onun könül dünyasının arzulu, ümidli, pərişan, həzin, üzgün anlarından xəbər verir, fikrimizdə, zehnimizdə dərin iz buraxır. Məsələn, Məmməd Araza ithaf etdiyi "Salamat qalın" şeirində oxuyuruq:

 

...Siz ey görüşünə gəldiyim ellər,

Qədrini əzəldən bildiyim ellər.

Doyunca danışıb-güldüyüm ellər,

Məni ötürün, yola salın-

Salamat qalın!..

 

Şairin ürəyinə sanki dammışdı - bu görüş sonuncu görüşdür. Daha "başı dumanlı, qarlı, sürülü, ilxılı, varlı zirvələri" görməyəcək... Dağların ayrılığı sinəsinə çalın-çarpaz dağ çəkəcək. Ona görə zirvələrə xitabən - "Durun keşiyində elin, mahalın, salamat qalın!" - deyirdi.

...Hafiz Baxış o dağların həsrətinə dözə bilmədi, o dağlarsız yaşaya, ömür sürə bilmədi. ...Hafiz həm yaxşı bilirdi ki:

 

Aman dağlar, aman dağlar,

Amansızdır zaman, dağlar.

Bir geri dönməyəcək

Ömrümüzdən ötən çağlar...

 

İ.Tapdıq: - Hafizin xalqımızın əsrlərlə formalaşmış yüksək mənəvi dəyərlərini tərənnüm edən əsərləri insanlarımıza vətənpərvərlik mübarizlik ruhunun aşılanmasında böyük xidmətlər göstərib. Onun xalqa bağlılıq, milli kolorit, rəvan dil ahəngdarlıqla səciyyələnən poeziyasında yüksək vətəndaşlıq ruhu hökm sürür. Şairin qələmindən çıxan hər bir poeziya nümunəsi özünəməxsusluğu, orijinallığı bədii məziyyətləri ilə seçilir.

...Hafiz dostluqda səmimi etibarlı idi. Doğma, mərhəm saydığı, ülfət bağladığı adamların dərdini, sevincini özününki bilirdi, kövrək bir ürək sahibiydi. Dostluqda düzgünlüyü, təvazökarlığı, qarşılıqlı hörməti, güzəştə getməyi əsas şərtlərdən sayırdı. Dost itirməkdən qorxurdu. Ona görə yazırdı:

 

Gəlin itirməyək dostları, qardaş,

Onsuz da çox deyil yaxşı dost, sirdaş.

Dostluq qalasından bir kərpic, bir daş

Uçurub aparır hər saat, hər il-

Bizim dost itirən vaxtımız deyil!

 

Ədəbi-bədii gecədə həmçinin vurğulandı ki, Cahangir Cahangirov, Ələkbər Tağıyev, Emin Sabitoğlu, Cavanşir Quliyev digər bəstəkarlar şairin şeirləri əsasında onlarla mahnı bəstələmişlər.

Tədbirdə Hafiz Baxışın şeirlərindən nümunələr, sözlərinə yazılmış mahnılar səsləndirildi, sənət adamlarının onun haqqında ürək sözlərini əks etdirən videoçarx nümayiş olundu.

Sonda şairin 80 illik yubileyi münasibətilə "Bütöv Azərbaycan" qəzetinin maliyyə dəstəyilə yenicə çapdan çıxmış "Ana layla deyir" kitabı iştirakçılara hədiyyə olundu.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 24 oktyabr.- S. 6.