Astara: yüksək
göstəricilər inkişafın bariz nümunəsidir
Azərbaycanın
dilbər guşələrindən sayılan Astara sürətli
inkişaf yolu keçməkdədir. Prezident İlham Əliyevin
buraya bir ildə iki dəfə səfər etməsi və
rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
üçün ümumilikdə 7 milyona yaxın vəsait
ayrılması Astaraya qayğı və diqqətin
böyük təzahürüdür. Ayrılmış vəsait
rayonda tikinti, quruculuq-abadlıq işlərinin daha da geniş
vüsət almasına səbəb olmuşdur.
Doqquz aylığın yekunlarına həsr olunmuş iclasda bu barədə ətraflı danışıldı. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev məruzəsində bildirdi ki, rayonun yerli gəlirləri 1 milyon 711 min manata qarşı 2 milyon 587 min manat icra olunmuşdur. Ümumi məhsul buraxılışı müqayisəli qiymətlərlə 358 min manat artaraq 91 milyon 712 min manata çatmışdır. Bunun 13,3 faizi sənayedə, 50 faizi kənd təsərrüfatında, 25,9 faizi ticarət və pullu xidmət sahələrində, 8,3 faizi tikintidə olmuşdur. Hər bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 909 manat təşkil etmişdir.
Astara Olimpiya İdman Kompleksi, Gənclər evi və digər sosial yönümlü obyektlərin inşa edilməsi, yolların asfaltlaşdırılması, genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirilməsi, Mərkəzi Xəstəxananın müasir tələblər səviyyəsində yenidən qurulması, yeni avadanlıqla təchiz edilməsi, həyətində park və istirahət guşəsinin salınması, poliklinika şöbəsinin əsaslı təmiri ötən dövrün uğurlu nəticələrindəndir.
Heydər Əliyev prospektində beş, Azərbaycan küçəsində bir ictimai yaşayış binasının fasadı müasir formada əsaslı təmir edilmişdir. Bir çox binanın dam örtüyü tamamilə dəyişdirilmiş, zirzəmilərdən çirkab suları təmizlənmiş, kanalizasiya və su xətləri dəyişdirilmişdir. Heydər Əliyev parkı genişləndirilmiş, fəvvarə quraşdırılmış, tamet düzülmüş, yeni oturacaqlar, güldanlar, butalar qoyulmuş, gül-çiçək əkilmişdir. Parkın həndəvərində olan bütün binalarda təmir işləri aparılır, fasadları müasir memarlıq üslubunda qurulur. Şəhərin küçə və meydanlarında yeni işıqlandırma sistemi quraşdırılmışdır. Küçələrə tamet döşənmiş, səki daşları düzülmüş, hasar hörgüsü və suvaq işləri aparılmışdır. Heydər Əliyev prospektinin girişi genişləndirilmiş, yeni hasarlar hörülmüşdür, hazırda hər iki tərəfdən ağlay daşlarla üzləmə işləri davam etdirilir. Prospektdə Astara Vergi Terminalı üçün inzibati binanın tikintisi başa çatmışdır. Mərkəzi bazar ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə yolda birtərəfli hərəkət təşkil olunmuşdur.
Şəhərin Nizami küçəsindən ağırtonnajlı maşınların fasiləsiz hərəkəti sakinləri narahat edirdi. Haqlı şikayətləri nəzərə alan rayon rəhbərliyi həmin ərazidə dəniz sahilində 1000 metrdən çox məsafədə yeni yol çəkdirmişdir. İndi ağır yük maşınları şəhərin əsas küçələrinə daxil olmadan keçib gedir.
Şəhər daxilində 1500 metr, şəhər ətrafında 5000 metr suötürücü kanalların dərinləşdirilməsi, təmizlənməsi və qaydaya salınması, əhalinin sıx yaşadığı ərazilərdə ara kanallarının qazılıb genişləndirilməsi də təmin edilmişdir.
Uzun illər idi ki, şəhərin dənizkənarı hissəsində onlarla təsərrüfat yağış yağanda su altında qalırdı. Bu yaxınlarda həmin ərazidə 1000 metrdən çox məsafədə kanal qazılmış və ətrafdakı izafi suların həmin kanalla əsas ötürücüyə axmasına şərait yaradılmışdır. Bir çox digər ərazilərdə də analoji işlər görülmüşdür.
Şəhər əhalisinin qazla təminatını daha da yaxşılaşdırmaq məqsədilə əvvəllər çəkilmiş dəmir borular plastik borularla əvəz olunur. Tikinti-quruculuq, abadlıq işləri kəndləri də əhatə edir. İlk növbədə rayonun Telman kəndi ərazisindəki giriş qapısı meydanı yeni dizaynda qurulmuş, tərtibat işləri aparılmışdır. Kəndə gedən yol asfaltlaşdırılmış, təbii qazın çəkilməsinə başlanmışdır. İndi 6 kəndə təbii qaz çəkilir. Bəzi kəndlərdə köhnə qaz boruları yenisi ilə əvəz edilmişdir. Əhalinin qaz təminatının daha da yaxşılaşdırılması məqsədi ilə 1058 evə xətt çəkilmişdir. Rayon ərazisində xeyli su kanalı təmir edilərək işlək vəziyyətə gətirilmişdir. Lovayın su anbarının əsaslı təmiri, Astara və Pensər çaylarında sahilbərkitmə işləri davam etdirilir.
Hamoşam və Asxanakəran ərazilərində keçirilən səyyar qəbul və görüş zamanı əhalinin müraciəti nəzərə alınaraq 30 kilometrlik dağlıq ərazidə olan yolun təmir edilməsi qısa müddətdə reallaşmışdır.
Rayonun ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin əsaslı təmiri, tikintisi, maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə xeyli iş görülmüşdür. Dövlət Proqramının icrası ilə əlaqədar 360 yerlik Astara şəhər 7 saylı, ucqar dağ ərazisində 180 şagird yerlik Toradi kənd tam orta məktəbi üçün yeni bina tikilib istifadəyə verilmiş və şəhər 2 saylı uşaq bağçası əsaslı təmir olunmuşdur. On kənddə məktəb binalarının tikintisi davam edir.
Doqquz ayda rayonda 381 ton yaşıl çay, 43,4 min ton tərəvəz, 11,5 ton kartof, 571 ton sitrus və subtropik meyvələr, 563 ton çəltik, 2522 ton ət, 16875 ton süd, 22 ton yun istehsal edilmişdir. Tərəvəz, taxıl və dənli bitkilərin istehsalını artırmaq məqsədilə əkin sahələrində suötürücü kanallar təmizlənmiş, 6886 hektar sahədə əkin keçirilmişdir. Qaramalın baş sayı 45 min 977-yə çatmışdır.
Səhyyə işçiləri üçün ən əlamətdar hadisə Prezident İlham Əliyevin Mərkəzi Rayon Xəstəxanasının təmirdən sonra açılışında iştirak etməsi və poliklinika şöbəsinin yenidən qurulması məqsədilə vəsait ayrılması barədə sərəncam imzalamasıdır. Hazırda poliklinika şöbəsində təmir işləri başa çatmaq üzrədir.
Turizmin inkişafı ilə əlaqədar rayonda xeyli iş görülmüşdür. Xəzər dənizinin sahilində müasir tələblərə cavab verən bir neçə turizm istirahət mərkəzi istifadəyə verilmişdir.
"İdman ili" ilə bağlı rayon gənclərinə ən böyük hədiyyə olan Olimpiya İdman Kompleksində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr olunmuş ilk beynəlxalq dzyu-do turniri keçirilmişdir. İlin ən mühüm idman hadisəsi Astara idman məktəbinin yetirməsi Cəbrayıl Həsənovun Londonda keçirilən Yay Olimpiya Oyunlarında iştirakı olmuşdur. Həmyerlimiz sərbəst güləş üzrə 5-ci yerə layiq görülmüşdür. Yeniyetmələr arasında Bakı şəhərində keçirilən atletika üzrə Azərbaycan birinciliyində rayonu təmsil edən idmançılar 4 qızıl, 3 gümüş, 2 bürünc medal qazanmışlar.
İlin 9 ayında rayon icra hakimiyyətində 1744 ərizə və şikayət qeydə alınmışdır ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 315 müraciət azdır. Astara Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 26 səyyar qəbul keçirilmiş, 130 nəfər qəbul edilmiş, onların qaldırdığı məsələlər aidiyyəti üzrə həll edilmişdir. Belə görüş və qəbullar vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, rəhbərliklə camaatın sıx ünsiyyəti, hansı məsələlərə ilk növbədə prioritet verilməsi baxımından əhəmiyyətlidir. Elə bir neçə gün öncə şəhər sakinləri ilə təşkil olunan səyyar qəbul-görüş işgüzar ruhu və konkret əməli fəaliyyətə güclü stimul verməsi ilə yaddaqalan olmuşdur.
Maraqla dinlənilən məruzədən sonra müzakirələr oldu. Çıxış edənlər dövlət qayğısının nəticələrinin fərəhli olmasını vurğuladılar, təmsil etdikləri kollektivlərin işlərindən danışdılar.
Tədbiri icra hakimiyyətinin başçısı Q.Ağayev yekunlaşdıraraq qarşıda duran vəzifələrin ətraflı icmalını verdi. İnkişaf templərinin eyni vüsətlə davam etdirilməsi və ilin böyük nailiyyətlərlə başa çatdırılması üçün bütün qüvvələrin səfərbərliyə alınması zərurəti qeyd olundu.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2012.- 24 oktyabr.- S. 6.