Goranboy: əldə edilmiş nəticələr daha böyük uğurlardan xəbər verir

 

Həmkarlarım, elə mən özüm də son illər bu ifadəni tez-tez işlədirik: "Filan şəhər, yaxud kənd, sözün əsl mənasında, tikinti meydançasını xatırladır". Bu, əlbəttə, həqiqəti ifadə etməklə bərabər, həm də aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinin miqyasını dəqiq göstərir.

 

Goranboy rayonundan hazırladığımız növbəti yazını da məhz bu sözlərlə başlayırıq: "Rayon mərkəzi, eləcə də bütün qəsəbə və kəndlər tikinti meydançasını xatırladır. Ona görə ki, bu gün rayonda hökm sürən mütəşəkkilliyin və işgüzarlığın, təşəbbüskar və yaradıcı ab-havanın, görülən tikinti-abadlıq və quruculuq işlərinin sürət və miqyasını, sadəcə olaraq, başqa sözlə ifadə etmək qeyri-mümkündür. Bu təəssüratımızın, görünür, başqa bir səbəbi də var: iş elə gətirmişdir ki, çoxdandır Goranboya yolum düşmürdü. Sözün düzü, cəmi bir neçə ay ərzində bu qədər sürət və dəyişikliyi gözləmirdim. Ona görə də ilk anda şahidi olduqlarım, az qala, mənə möcüzə təsiri bağışladı".

Goranboya 4 bir tərəfdən giriş tamamilə yeni görkəm alıb: hazırda bu istiqamətdə gərgin iş gedir. Daha dəqiq desək, küçələr genişləndirilir, yeni səkilər salınır, yollar boyunca istinad divarları tikilir. Ətrafda gül-çiçək əkilir, müasir işıqlandırma sistemi quraşdırılır. Bu isə sakinlərdə, eləcə də qonaqlarda elə ilk andaca unudulmaz təəssürat, xoş əhval-ruhiyyə yaradır.

Bəli, şəhərlə - son illər tikilib başa çatdırılmış və hazırda da davam etdirilən genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri ilə tanışlığı bax belə bir yüksək əhval-ruhiyyə ilə başladıq. İstifadəyə verilmiş, yaxud bərpa və yenidən qurulmuş müxtəlif təyinatlı binalar isə şəhərin simasını əsaslı şəkildə dəyişmiş, ona müasir və yaraşıqlı bir görkəm vermişdir.

Ən əvvəl deyək ki, ölkə Prezidenti İlham Əliyevin 2012-ci il yanvar ayının 21-də Goranboya tarixi səfəri, bir sıra obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirakı, rayon ictimaiyyətinin nümayəndələri ilə görüş və söhbətləri, verdiyi qiymətli məsləhət, tövsiyyə və göstərişləri bütün sahələrdə işlərin daha da sürətlənməsinə səbəb olmuş, adamlarda yüksək əhval-ruhiyyə yaratmış, onların sabaha olan inam və ümidlərini daha da artırmışdır. Yeri gəlmişkən, elə buradaca qısa müddət ərzində tikilmiş, yaxud əsaslı şəkildə bərpa və təmir olunmuş bəzi obyektlərin siyahısını sadalamaq istəyirik: Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binası, Goranboy şəhər 3 saylı, Qızılhacılı qəsəbə 2 saylı, Nərimanlı kənd tam orta və uşaq şahmat məktəbləri üçün yeni binalar. Hazırəhmədli kənd tam orta məktəbində, rayon mədəniyyət evində aparılan bərpa və əsaslı yenidənqurma işləri...

Hazırda Qaz İstismarı və Su-kanal idarələrinin inzibati binalarında son tamamlama işləri aparılır. Goran istiqamətində yeni istirahət mərkəzi tikilir. Köhnə mehmanxana binası müasir şəkildə yenidən qurulur, işlər başa çatmaq üzrədir. Şəhər avtovağzalı və rayon Paylayıcı Elektrik Şəbəkəsi üçün inzibati binanın tikintisi davam etdirilir.

Şəhərin Gəncə istiqamətindən girişində ikitərəfli yolun tikintisi başa çatdırılmış, həmin ərazidə ulu öndər Heydər Əliyevin portret-abidəsi inşa edilmişdir. 58-ci kvartalda salınmış yeni yaşayış massivinə və şəhərin 3 küçəsinə asfalt örtük salınmışdır. Nizami Gəncəvi adına parkın 1,5 hektardan ibarət birinci hissəsi istifadəyə verilmişdir. Hazırda 2,2 hektar olan ikinci hissəsində tikinti işləri aparılır. S.Civəzadə və C.Cabbarlı küçələrində 2600 metr səki daşları düzülmüş, 420 kvadratmetr tamet döşənmiş, yaşıllıq salınması üçün 3740 kvadratmetr sahə hazırlanmışdır. İrəvanlı kəndindən şəhərə giriş istiqamətində R.Mustafayev küçəsinə yaşıllıq sahəsi üçün 6640 ton torpaq verilmişdir.

N.Nərimanov, R.Mustafayev, V.Bayramov, C.Cabbarlı, S.Civəzadə küçələrində və İrəvanlı kəndi ərazisində 6786 kvadratmetr hasar hörülmüşdür. Yeni tikilmiş və mövcud hasarların 8691 kvadratmetr hissəsinə isə aqlay və süni üzlük daşları vurulmuşdur.

C.Cabbarlı küçəsində beşmərtəbəli, S.Vurğun küçəsindəki 33 saylı binaların dam örtüyü dəyişdirilmiş, divarlara üzlük vurulmuşdur, fasad hissəsi rənglənmişdir. S.Civəzadə küçəsində yol kənarına 500 dekorativ kol və ağac əkilmişdir. Şəhərin yeni yaşayış massivində küçələrə 12 min 909 kubmetr qum-çınqıl tökülmüş, 20 min 942 kvadratmetr əraziyə asfalt örtük salınmışdır. Şəhidlər xatirə kompleksinin yenidən qurulmasına başlanmışdır.

Aşağı Ağcakənd qəsəbəsinin yaxınlığında rəmzi "Qala" kompleksi inşa edilmişdir. Qalanın ətrafına divar çəkilmiş, burada Azərbaycanın xəritəsi yaradılmış, Azərbaycan bayrağı ucaldılmışdır. "Goranboy şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" layihəsi həyata keçirilir. Bu layihə başa çatdıqdan sonra kəmərboyu 12 kəndin içməli su təminatı ödəniləcəkdir.

Dəliməmmədli şəhərinin M.Əsədov və S.Vurğun küçələrində 600 metr yola 3600 kvadratmetr asfalt örtük salınmışdır. Ağamalıoğlu kəndində küçələrə 5 kilometr uzunluğunda içməli su xətti çəklimiş, 23 bulaq tikilmişdir. 7,5 kilometrlik Səmədabad-Əhmədabad, 3,3 kilometrlik magistral yoldan Nadirkənd kəndindən keçməklə 5 kilometr Dəliməmmədli - Quşçular yolunun tikintisi başa çatmışdır. Balakürd, Yeniyol və Səfikürd kəndlərində işıqlandırma sisteminin quraşdırılmasına başlanmış, artıq 40 ədəd dayaq yeniləşdirilmişdir.

Fəxralı kəndində icma mərkəzi, rayonda fəaliyyət göstərən 18 Su Birliyi üçün inzibati binalar, Todan kəndində şəhidlər xatirə kompleksi inşa edilmişdir.

Məlumdur ki, təhsil dövlət siyasətimizin əsasını təşkil edir. Son illər rayonda məhz bu istiqamətdə bir sıra əsaslı tədbirlər işlənib həyata keçirilmişdir. Məsələn, 3 il ərzində 8 yeni məktəb tikilmiş, 6 məktəb əsaslı şəkildə yenidən qurulmuş, 7 məktəbdə isə hazırda tikinti işləri davam etdirilir. Lakin təəssüf ki, bu sahədə nöqsanlar, həllini gözləyən bir sıra problemlər hələ də qalmaqdadır. Ötən ilə nisbətən bu il 600-dən yuxarı bal toplayanların sayının 3 nəfər, 500-600 arası nəticə göstərənlərin sayının 11 nəfər azalmasını, əlbəttə, normal hesab etmək olmaz.

Uşaq bağçalarının vəziyyəti də ciddi narahatlıq doğurur. Bu gün binaları qəzalı olan Qızılhacılı qəsəbə 1 saylı, Səfikürd, Borsunlu kənd 1 saylı, Tap Qaraqoyunlu, Nərimanlı kənd uşaq bağçaları qəzalı vəziyyətdədir. Bu barədə müvafiq təkliflər hazırlanaraq aidiyyəti dövlət orqanlarına göndərilmişdir. Rayon üzrə məktəbəqədər yaşlı uşaqların cəmi 22 faizinin uşaq bağçalarına cəlb edilməsi ciddi narahatlıq doğurur. Gözləmək olar ki, rayon təhsil şöbəsinin rəhbəliyi müşahidə edilən bu və ya digər nöqsanların tezliklə aradan qaldırılması üçün təsirli və təxirəsalınmaz tədbirlər həyata keçirəcəklər.

Əhaliyə tibbi xidmətin təşkilinə diqqət gücləndirilmişdir. İlk növbədə, səhiyyə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Rayon Mərkəzi Xəstəxanasının dam örtüyü dəyişdirilmiş, sıradan çıxmış elektrik xətləri və avadanlıqları, su boruları və kanalizasiya xətləri yenisi ilə əvəz olunmuşdur. Yuxarı Ağcakənd tibb məntəqəsi təmir edilmişdir.

Lakin səhiyyə müəssisələrində də bir sıra problemlər qalmaqdadır. Rayon Mərkəzi Xəstəxanasında və Xan Qərvənd kənd xəstəxanasında stasionar xəstələrin müalicəsi üçün lazımi şərait yoxdur. Mərkəzi Xəstəxananın istilik sistemi işləmir. Təcili tibbi yardım maşınlarının əksəriyyətinin istismar müddəti başa çatmışdır. Səhiyyə müəssisələrinin çoxu yararsız və darısqal binalarda yerləşir. Kənd həkim məntəqələrində ixtisaslı həkim kadrları çatışmır.

İlin əvvəlində 400 yerlik Mədəniyyət Evinin ən müasir üslubda, əsaslı şəkildə yenidən qurulması və ölkə Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı rayonun mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Ötən müddət ərzində Ağamalıoğlu kənd uşaq musiqi məktəbinin tədris korpusu, İrəvanlı, Zeynallı, Qaramusalı kəndlərində yeni kitabxanalar tikilmişdir. Nərimanlı və Sarov kənd klub və kitabxanaları, Qızılhacılı qəsəbə kitabxanasında, Qaradağlı kənd mədəniyyət evində, Dəliməmmədli şəhər, Xan Qərvənd və Borsunlu kənd uşaq musiqi məktəblərində, Tarix-Diyarşünaslıq Muzeyində təmir işləri aparılmışdır. Tap Qaraqoyunlu kənd mədəniyyət evinin tikintisi üçün layihə sənədləri hazırlanmışdır.

Rayonda turizmin inkişafına da maraq güclənir. Belə ki, cari ilin ötən ayları ərzində istirahət yerlərinin yaradılması məqsədilə sahibkarlara 5 hektar torpaq sahəsi ayrılmış, 96 sahibkar obyekti inşa edilmişdir. Həyata keçirilən bütün bu tədbirlər nəticəsində ötən müddətdə 1003 iş yeri açılmışdır ki, bunun 533-ü daimidir. Düşmənlə təmas xəttində yerləşən yaşayış məntəqələrinin problemləri daim diqqət mərkəzində saxlanılır.

Təmas xəttindən 3 kilometrlik məsafədə yerləşən Tap və Tap Qaraqoyunlu kəndlərinin giriş qapısı, "Naməlum əsgər" abidəsi inşa edilmiş, müharibədən zərər çəkmiş 28 fərdi yaşayış evləri bərpa edilmişdir. 63 yeni evin tikintisi üçün inşaat materialları verilmiş, 5 subartezian quyusu qazılmışdır. Əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə 792 metr mühafizə hasarı tikilmişdir.

İnsan amili, əhalinin vacib sosial ehtiyaclarının vaxtında və etibarlı şəkildə təmin olunması daim diqqət mərkəzində saxlanılır. 2012-ci ilin ötən ayları ərzində məcburi köçkünlər üçün tikilmiş 9 beşmərtəbəli yaşayış binası, Tatarlı, Qaraqucaq, Şəfibəyli və Hacallı kəndləri təbii qazla təmin edilmişdir. Rayon ərazisində qazlaşdırma 87 faiz təşkil edir. Hazırda Qaraçinar, Yolqullar və Aşağı Ballıqaya kəndlərində yeni qaz xətləri çəkilir. Azad, Dəyirmanlar və Baxçakürd kəndlərinin qazlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanır. Aparılan təhlil göstərir ki, ilin sonunadək rayon üzrə qazlaşdırma 90 faizə çatdırılacaqdır.

Elektrik təsərrüfatında baş verən nasazlıqlar qısa müddətdə aradan qaldırılmışdır. Əhali enerji ilə fasiləsiz təmin edilir. Ancaq bu tədbirləri yetərli saymaq olmaz. Ona görə də sistemin yenidən qurulması ilə bağlı Nazirlər Kabinetinə və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə müraciət edilmişdir. Təbii qaz və suya görə ödənişlərin vəziyyəti normaldır. Ancaq təəssüf ki, bunu elektrik enerjisi ilə təchizat barədə demək olmaz. Rayon Paylayıcı Elektrik Şəbəkəsində, sözün əsl mənasında, özbaşınalıq hökm sürür. İdarədə uçot-hesabat işləri yox dərəcəsindədir. Rayon rəhbərliyi qarşıdan gələn payız-qız mövsümündə vəziyyətin daha acınacaqlı hal almaması üçün tədbirlər görülməsi ilə bağlı "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Gözləmək olar ki, konkret tədbir görüləcək, Paylayıcı Elektrik Şəbəkəsinin rəhbərliyi möhkəmləndiriləcəkdir.

Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamına əsasən, 13 min 769 nəfərə 1 milyon 382 min 510 manat yardım verilmişdir.

2012-ci ilin məhsulu üçün 22 min 446 hektar sahədə dənli bitkilər əklimiş, 65 min 314 ton məhsul yığılmışdır. Hər hektardan məhsuldarlıq 28,6 sentner olmuşdur. Eyni zamanda, 3812 ton kartof, 2047 ton qarğıdalı, 5428 ton günəbaxan, 7889 ton tərəvəz, 2657 ton bostan məhsulları istehsal edilmişdir. 135 hektar sahədə pambıq əklimiş, bu günədək 550 ton məhsul toplanmışdır. Yığım davam edir.

Heyvandarlıq sahəsində də xeyli artım əldə edilmişdir. İri malın sayı 42 min 262 başa, xırda malın sayı isə 234 min 810 başa çatmışdır. Ət istehsalı 3827 ton, süd 14 min 336 ton, yumurta 7 milyon 625 min ədəd təşkil edir.

Göründüyü kimi, inkişaf və yüksəliş bütün sahələri əhatə edir, dinamik xarakter daşıyır. Sevindirici cəhət odur ki, rayon rəhbərliyi indiyə kimi görülüb başa çatdırılmış işlərlə əsla kifayətələnmir, daha böyük layihələr, daha möhtəşəm hədəflər uğrunda mübarizə aparılır. Rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev bu barədə danışarkən dedi:

- Ölkə Prezidenti İlham Əliyevin 2012-ci il yanvar ayının 21-də rayonumuza növbəti tarixi səfəri, ağsaqqallarla, ziyalılarla, gənclərlə keçirdiyi unudulmaz görüş və söhbətlər, bir sıra obyektlərin açılışında iştirakı, məsləhət, tövsiyə və göstərişləri bu gün də hər birimizin qəlbində, yaddaşında əziz bir xatirə kimi yaşamaqdadır. Onu da əlavə edim ki, ölkə başçısının səfəri bütün sahələrdə işlərin gedişinə böyük təkan vermiş, adamlarda yüksək əhval-ruhiyyə yaratmış, onların sabaha ümidlərini daha da artırmışdır. Təsadüfi deyildir ki, indi rayonumuz öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, bütün sahələrdə əsaslı inkişaf və yüksəliş əldə edilmişdir. Rayon icra hakimiyyəti, onun yerli strukturları, bütün idarə, müəssisə və təşkilatlar çalışırlar ki, ölkə Prezidentinin işimizə verdiyi yüksək qiyməti konkret əməli işdə doğrultsunlar.

Bəli, bu gün Goranboy respublikamızın ən müasir, abad və yaraşıqlı bölgələrindən birinə çevrilmişdir. Əlamətdar haldır ki, tikinti-abadlıq və quruculuq işləri gündən-günə genişlənir, yeni vüsət alır, inkişaf və yüksəliş dinamik xətlə gedir. Rayonda sağlam mənəvi-psixoloji mühit, yaradıcı və təşəbbüskar ab-hava mövcuddur. Goranboylular son illər bütün sahələrdə əldə edilmiş böyük uğurlar, yaradılan hərtərəfli şərait, gündəlik diqqət və qayğı üçün, ilk növbədə, ölkə Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirirlər.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2012.- 24 oktyabr.- S. 5.