Azərbaycanın
xarici siyasəti dövlətimizin milli maraqlarına əsaslanır
Dövlət
müstəqilliyinin üçüncü onilliyini yeni
uğurlarla başlayan suveren Azərbaycan Respublikası
bugünkü nailiyyətlərinə görə ulu öndər
Heydər Əliyevin siyasi dühasına minnətdardır. Xalqımızın
böyük oğlu, qüdrətli tarixi şəxsiyyət
Heydər Əliyev 1993-cü ildə prezident seçildikdən
sonra ölkənin davamlı inkişafını, müstəqilliyimizin
və suverenliyimizin möhkəmləndirilməsini prioritet vəzifə
kimi qarşıya qoydu. Bu vəzifələrin layiqincə yerinə
yetirilməsi üçün Azərbaycanın xarici əlaqələrinin
genişləndirilməsinə xüsusi diqqət yetirilməsi
zəruri məsələlərdən biri hesab olunurdu. Beynəlxalq
aləmdə baş verən dəyişikliklər milli
dövlətçilik prinsiplərinə uyğun yeni xarici
siyasət kursunun formalaşdırılmasını və həyata
keçirilməsini tələb edirdi.
Azərbaycanın mühüm geosiyasi məkanda yerləşməsi də qarşıya qoyulan vəzifənin yerinə yetirilməsini əsas məsələ kimi ön plana çəkirdi. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasətini müəyyənləşdirərkən dövlətin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etməyi, dünya birliyi ilə siyasi və iqtisadi inteqrasiyaya girməyi, əlaqələri genişləndirməyi, beynəlxalq təşkilatlara üzv olmağı və digər məsələlərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verirdi. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində özünə layiqli yer tutur.
Son illər ərzində ölkəmizin daxili və xarici siyasət sahəsində nail olduğu nailiyyətlər düzgün müəyyənləşdirilmiş siyasi kursun nəticəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycanın xarici siyasət kursu, məqsəd və vəzifələri daha da təkmilləşdirilmişdir. Hazırda respublikamızın dünyanın əksər ölkələri ilə diplomatik əlaqələri vardır. Bu gün Azərbaycan Respublikasının xarici ölkələrdə 55 səfirliyi, 5 təmsilçilik ofisi, 18 beynəlxalq təşkilat yanında missiyası və 9 baş konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 53 dövlətin səfirliyi, 3 baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur. Bütün bunlar milli maraqlarımızın həmin ölkələrdə təmin olunması və ölkəmizin hərtərəfli şəkildə təbliğatı üçün geniş imkanlar yaratmışdır. Belə ki, Braziliya, Argentina, Cənubi Afrika Respublikası, Serbiya, Liviya, Estoniya və Xorvatiyada yeni səfirliklərimiz, Batumidə isə baş konsulluğumuz açılmışdır. Azərbaycanda isə Macarıstan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan, Qırğızıstan, Argentina, Braziliya, Çexiya, Mərakeş və Niderland Krallığının səfirlikləri, habelə bir sıra digər dövlətlərin fəxri konsulluqları fəaliyyətə başlamışdır.
İnkişaf etmiş demokratik dövlətlərlə ikitərəfli sənədlərin imzalanması, qarşılıqlı yüksək səviyyəli rəsmi dövlət sənədləri, beynəlxalq konfranslar və dünya forumlarında fəal iştirak etmək Azərbaycanın gündəlik diplomatik həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məntiqli xarici siyasət Azərbaycanı beynəlxalq aləmdə söz sahibinə çevirdi. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına Şərqi Avropadan qeyri-daimi üzv seçilməsi bunun bariz nümunəsi idi. Bu, ölkəmizin xarici siyasət sahəsindəki uğurlarını əks etdirən daha bir əsaslı faktdır. Qurumun üzvlüyünə keçirilən səsvermə prosesi də dövlətimizin beynəlxalq aləmdəki nüfuzundan xəbər verirdi. Belə ki, Nyu-Yorkda BMT-nin mənzil-qərargahında 2012-2013-cü illər üçün təşkilatın Təhlükəsizlik Şurasının Şərqi Avropa ölkələrindən yeni qeyri-daimi üzvlüyünə Avropanın 3 dövlətindən - Macarıstan, Sloveniya və Azərbaycandan biri seçilməli idi. Birinci raundda Macarıstan az səs toplayaraq kənarda qaldı. Səsvermənin digər raundlarında Azərbaycan tədricən Sloveniyanı üstələdi və 9 raundun nəticəsinə görə Azərbaycan 113, Sloveniya isə 77 səs topladı. Göründüyü kimi, fərq o qədər də kiçik deyildi. 2011-ci il oktyabrın 24-də növbəti səsvermənin nəticəsində Azərbaycan tarixində ilk dəfə möhtəşəm bir uğura imza ataraq quruma üzv seçildi. Azərbaycanın lehinə 155 ölkə səs verdi. Bu, o demək idi ki, rəsmi Bakının regionda və beynəlxalq aləmdə yürütdüyü siyasət dünya ölkələri tərəfindən rəğbətlə qarşılanır, BMT-yə üzv olan 193 dövlətin 155-i tərəfindən tam şəkildə dəstəklənir.
Göründüyü kimi, Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu xeyli artırıb. Bu da həqiqətdir ki, xarici siyasət sahəsində əldə olunan uğurlar ölkəmizin Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirdi. Bu illər ərzində dünyanın ən nüfuzlu beynəlxalq qurumları ilə sıx əməkdaşlıq yaratdıq, Azərbaycan öz üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatına üzv oldu, NATO kimi mötəbər və qüdrətli qurumun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşuldu, müxtəlif sahələrdə genişmiqyaslı tarixi uğurlara imza atdı. Sürətli iqtisadi inkişafı ilə dünyanı təəccübləndirən ölkəmiz bu ilin fevral ayında Böyük İyirmilik Ölkələrinin Meksikada keçirilən tədbirində, bu ilin mart ayında isə Koreya Respublikasının paytaxtı Seul şəhərində təşkil olunan Nüvə Təhlükəsizliyi üzrə Zirvə Toplantısında təmsil olundu. Hər halda qeyd olunan tədbirlərdə dünyanın ancaq nəhəng, qabaqcıl, inkişaf səviyyəsi çox yüksək olan dövlətlərin iştirak etdiyini xatırlatmağa ehtiyac yoxdur.
Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasətdə regional əməkdaşlığı, sülhün və sabitliyin qorunub saxlanılmasını əsas vəzifələrdən biri hesab edir. Ermənistan istisna olmaqla, Azərbaycan bütün yaxın qonşuları ilə də qarşılıqlı-faydalı münasibətlər qurmuşdur. Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi onun özünü çətin vəziyyətə salıb. Bu gün qüdrətli Azərbaycanın qətiyyətli xarici siyasəti nəticəsində Ermənistan bütün regional və qlobal əhəmiyyətli layihələrdən kənarda qalmışdır. Bakı - Tbilisi - Ceyhan əsas ixrac neft, Bakı - Tbilisi - Ərzurum qaz kəmərləri, Bakı - Tbilisi - Qars dəmir yolu xətti kimi mühüm layihələrə qoşulmaqdan məhrum edilən rəsmi İrəvan bunun çox ağır nəticələrini təkcə bu gün deyil, gələcəkdə də hiss edəcək, Azərbaycana qarşı təcavüzkar siyasət aparmağın ona daha nələrə başa gələcəyini görəcəkdir.
Burada qeyd etmək istərdik ki, neft strategiyasının icrası nəticəsində Azərbaycanın Avropa və bütövlükdə dünya ölkələri üçün etibarlı tərəfdaşa çevrilməsi günün reallıqlarından biridir. Başqa bir məqamı xüsusi vurğulamaq istərdik ki, bu gün Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı xüsusi rola görə Avropa İttifaqının etibarlı tərəfdaşına çevrilib. Eyni zamanda, Avropa iqtisadiyyatı ilə Asiya iqtisadiyyatını bir-birinə qovuşduran Şanxay-London iqtisadi dəhlizinin reallaşdırılmasına rəsmi Bakının verdiyi töhfə hamı tərəfindən yüksək qiymətləndirilir.
Bəzi ekspertlər bütün bunları Azərbaycanın regional və qlobal layihələrdəki nailiyyətləri kimi qəbul edirlər. Ancaq unudurlar ki, ulu öndər Heydər Əliyevin məşhur "neft diplomatiyası" ifadəsi var idi. Rəsmi Bakı həmin diplomatiyadan böyük məharətlə istifadə edir. Yenə regionun ən dəhşətli münaqişəsini yada salaraq qeyd etmək istərdim ki, bu gün dünyanın bütün beynəlxalq təşkilatlarının Ermənistanı işğalçı dövlət kimi qəbul etməsi, ABŞ, Rusiya, Fransa, Türkiyə, Böyük Britaniya, Almaniya, Çin, Yaponiya, İran, İtaliya, Rumıniya, Polşa kimi ölkələrin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıması məhz həmin diplomatiyanın nəticəsidir. BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və bütün digər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həll olunmasını tələb edir, qətiyyətlə bəyan edirlər ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, beynəlxalq təşkilatlar və dünya birliyi Azərbaycan torpaqlarının işğalı faktı ilə artıq barışmaq istəmir, torpaqlarımızın tezliklə azad edilməsini tələb edirlər. Bu gün dünya bu reallığı da anlayır ki, münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşma, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, ATƏT-in qərarlarının, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələrinin həyata keçirilməsinə əsaslanmalıdır .
Bugünədək mövcud olan vəziyyəti təhlil edərkən belə bir əminlik yaranır ki, Azərbaycan bir sıra mühüm problemləri həll etdiyi, əfsanə hesab edilən qlobal layihələri reallığa çevirdiyi kimi Dağlıq Qarabağ münaqişəsinin də həllinə nail olacaq, istər danışıqlar yolu ilə, istərsə də hərbi yolla ölkəmizin ərazi bütövlüyü təmin ediləcəkdir. Ötən dövr ərzində daxili və xarici siyasətdə qazandığımız möhtəşəm nailiyyətlər də belə deməyə əsas verir.
Ölkəmizin qazandığı diplomatik uğurların digər xüsusiyyətlərindən biri də Azərbaycanın bütün dünya üçün mühüm əhəmiyyət kəsb edən geosiyasi məkanda yerləşməsi və zəngin təbii sərvətlərə malik olmasıdır. Ancaq həqiqət naminə onu da deməliyik ki, bu gün bir çox ölkələr zəngin təbii sərvətə malikdir və həmin ölkələrin yerləşdikləri geosiyasi məkan heç də Azərbaycanın geosiyasi əhəmiyyətindən az deyildir. Maraqlıdır ki, bu ölkələr beynəlxalq aləmdə Azərbaycan qədər nüfuz, söz sahibi səviyyəsində deyillər. Bu reallığı nəzərə alaraq inamla deyə bilərik ki, bunun əsas səbəbi ölkəmizin həm təbii sərvətlərdən, həm də dövlətçilik təcrübəsindən layiqincə bəhrələnə bilən liderinin olmasıdır.
Azərbaycanın dünya diplomatiyasını dərindən bilən, gələcəyə inamla baxan, xarici siyasəti günün tələbləri çərçivəsində formalaşdıran, gücləndirən dövlət başçısının olması, onu daha möhtəşəm uğurlara aparacaqdır. Təsadüfi deyil ki, dünya birliyində özünə layiqli yer tutan Azərbaycan bu gün təkcə regional deyil, həm də beynəlxalq təşəbbüslərin müəllifidir.
Bu il oktyabrın 4-də dünyanı mədəniyyətlər və dinlərarası dialoqa, sülhə, sabitliyə, inkişafa səsləyən İkinci Bakı Beynəlxalq Humanitar Forumundan sonra paytaxtımızda daha bir möhtəşəm beynəlxalq tədbir - İqtisadi Əməkdaşləq Təşkilatının Xİİ zirvə toplantısı baş tutdu. Oktyabrın 16-da Heydər Əliyev Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyev və İƏT-ə üzv olan 4 ölkənin prezidenti, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və 4 ölkə hökumət rəhbəri, parlament sədrləri, bəzi beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə uğurla gerçəkləşən zirvə toplantısı bir daha göstərdi ki, paytaxtımız, həm də nüfuzlu beynəlxalq qurumların mötəbər tədbirlərinin keçirildiyi məkana çevrilib. Bu həqiqət toplantıda iştirak edən bütün qonaqlar tərəfindən dəfələrlə bəyan edildi. Yəni Azərbaycan artıq mədəniyyətlərarası inteqrasiya və dialoq problemlərinin müzakirə edildiyi, mühüm əhəmiyyətə malik beynəlxalq tədbirlərin keçirildiyi bir ölkə kimi dünyada tanınmaqdadır.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2012.- 24 oktyabr.- S. 1.