Azərbaycanın
sənaye potensialı sürətlə artır
Bu ilin doqquz ayında ölkəmizin sosial-iqtisadi
inkişafını xarakterizə edən bütün
statistik göstəricilər çox uğurludur. Hər şeydən əvvəl qeyd
etmək lazımdır ki, yeni
inkişaf mərhələsinə qədəm
qoyan ölkəmizin valyuta
ehtiyatları getdikcə artır. İndi strateji valyuta
ehtiyatlarımızın 45 milyard
dolları ötməsi qarşıya qoyulan
istənilən məsələnin həllinə imkan yaradır. Təsadüfi deyil ki, hazırda ölkə
iqtisadiyyatına milyardlarla dollar
investisiya qoyulur və
bu proses getdikcə
artır. Göründüyü kimi, 2012-ci ilin doqquz ayında ölkəmizin iqtisadi
və sosial həyatında dinamik inkişaf prosesi davam etmiş,
istehsal və xidmət sahələrində
qazanılan uğurların sayı artmışdır.
Bir
sıra istehsal sahələrində məhsul buraxılışının
həcminin artması, investisiya fəallığının
daha da güclənməsi, sahibkarlığın
stimullaşdırılması və təşəbbüskarlığa
geniş meydan verilməsi ölkənin iqtisadi
dayaqlarını bir qədər də möhkəmləndirmişdir.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın icrası bölgələrdə iqtisadi
fəallığı xeyli artırmış, yeni istehsal sahələrinin
yaradılması prosesini bir qədər də sürətləndirmişdir.
Bu da bölgələrin inkişafı üçün əlverişli
imkan yaratmışdır.
Ölkəmizdə
sənaye sektorunun inkişafı ilə bağlı dövlət
başçımız İlham Əliyev demişdir: "Sənaye
istehsalının inkişafına gəldikdə, yenə də
neftin hasilatının aşağı düşməsi nəticəsində
ümumi rəqəm mənfidir. Ancaq ölkə
iqtisadiyyatının qeyri-neft sənayesində artım əldə
edilmişdir. Bu artım iqtisadiyyatın real sektoruna qoyulmuş
investisiyalar, sahibkarlığın inkişafı hesabına
mümkün olmuşdur. Bu, verilən kreditlərin,
sahibkarlığın inkişafı üçün qəbul
edilmiş proqramların və dövlət siyasətinin
çox uğurlu olmasının nəticəsidir.
Beləliklə,
bir neçə il bundan əvvəl qarşıya qoyulan vəzifə,
yəni, ölkədə güclü sənaye
potensialının yaradılması üçün tədbirlərin
görülməsi vəzifəsi uğurla icra edilir. Həm
böyük müəssisələr yaradılır,
böyük texnoparklar fəaliyyətə başlayır. Eyni
zamanda, orta və kiçik həcmli müəssisələr
də fəaliyyətini gücləndirir, onların sayı
artır və yenə də deyirəm, bu artımın səbəbi
ondan ibarətdir ki, dövlət tərəfindən özəl
sektora çox böyük dəstək göstərilir,
kreditlər verilir. Bu artımın səbəblərindən
biri də ondan ibarətdir ki, dövlət şirkətlərini
beynəlxalq şirkətlərə çevirmək
üçün konkret tədbirlər görülür.
İndi dövlət şirkətlərimiz həm peşəkarlıq,
həm maddi-texniki bazanın gücləndirilməsi, həm də
texnika təchizatı baxımından güclü şirkətlərə
çevrilmişdir".
Sənayenin
inkişafı ilə bağlı statistik göstəricilərə
də diqqət yetirək. 2012-ci ilin yanvar-sentyabr aylarında
ötən ilin müvafiq dövrü ilə müqayisədə
Ümumi Daxili Məhsul istehsalı 1,1 faiz, yaxud müqayisəli
qiymətlərlə 435,1 milyon manat artaraq 39,8 milyard manata
çatmışdır. ÜDM-in 67,2 faizi məhsul
istehsalı sahələrində, o cümlədən 51,3 faizi
sənayedə yaradılmışdır. Ümumi daxili məhsulun
tərkibində ən böyük xüsusi çəkiyə
malik olan sənaye sahələrində fiziki şəxslərin
fəaliyyəti də nəzərə alınmaqla 25,8 milyard
manatlıq sənaye məhsulu istehsal edilmiş və əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 96,5 faiz
təşkil etmişdir. Məhsulun 76,4 faizi mədənçıxarma
bölməsində, 18,3 faizi emal bölməsində, 4,8 faizi
elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı
bölməsində, 0,5 faizi su təchizatı,
tullantıların təmizlənməsi və emalı
bölməsində istehsal olunmuşdur. 2011-ci ilin
yanvar-sentyabr ayları ilə müqayisədə məhsul
istehsalı mədənçıxarma bölməsində 5,7
faiz azalmış, emal bölməsində 7,9 faiz, elektrik
enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı
bölməsində 8,8 faiz, su təchizatı,
tullantıların təmizlənməsi və emalı
bölməsində 2,6 faiz artmışdır. Sənayenin
qeyri-neft sektorunda məhsul istehsalı 7,7 faiz artmış,
neft sektorunda isə 5,6 faiz azalmışdır.
Mədənçıxarma
bölməsinin məhsullarından neft hasilatı 32,8 milyon
ton, əmtəəlik qaz 12,8 milyard kubmetr, qızıl 11 ton,
gümüş istehsalı 477 kiloqram təşkil
etmişdir. Emal sektorunda qida məhsulları istehsalı 3,1
faiz, içki 10,5 faiz, toxuculuq sənayesi məhsulları 2,3 dəfə,
geyim 55,9 faiz, poliqrafiya məhsulu 1,9 dəfə, rezin və
plastik məmulatlar 2,9 dəfə, tikinti materialları 19,4
faiz, metallurgiya məhsulu 16,6 faiz, hazır metal məmulatları
1,7 dəfə, elektrik avadanlıqları 2,1 dəfə, sair nəqliyyat
vasitələri 20,1 faiz, mebel istehsalı 3,1 dəfə,
maşın və avadanlıqların
quraşdırılması və təmiri isə 26 faiz
artmışdır. Doqquz ay ərzində 15,4 milyard kv.saat,
yaxud 10,5 faiz çox elektrik enerjisi istehsal olunmuşdur.
2012-ci
ilin doqquz ayında respublikanın qeyri-neft sektorunda
müşahidə olunan sürətli inkişaf
iqtisadiyyatın rəqabətə
davamlılığının artımına etibarlı zəmin
yaratmışdır. Bu müddətdə iqtisadiyyatın
qeyri-neft sektorunda 11,3 faiz artım olmuş, uğurlu sənayeləşmə
proqramı nəticəsində qeyri-neft sənayesində
müsbət meyillərin gücləndiyini Prezident belə
qeyd etmişdir: "Qeyri-neft sənayemizin inkişafı son
illər ərzində sənayeləşmə
proqramının icrasının nəticəsidir. Ölkəmizin
müxtəlif bölgələrində, Bakı şəhərində
yeni böyük və kiçik müəssisələr
işə düşür, yeni iş yerləri
açılır. Beləliklə, sənayeləşmə
proqramı uğurla icra edilir. Növbəti illərdə bu məsələyə
daim diqqət göstəriləcəkdir. Bu il və gələn
illərdə yeni sənaye müəssisələrinin işə
düşməsi qeyri-neft sektorumuzu daha da gücləndirəcəkdir".
Yeri
gəlmişkən, ölkə sənayesinin real həcminin
artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə işlənib hazırlanmış uğurlu neft
startegiyası mühüm rol oynamışdır. Belə ki,
dünyanın inkişaf etmiş ölkələrinin
transmilli şirkətləri ilə bağlanmış
sazişlər Azərbaycanda neft və qaz sənayesinin sürətli
inkişafını təmin etmiş, adıçəkilən
sahələrdə hasilatın rekord səviyyəyə
çatmasına səbəb olmuşdur. Bakı-Tbilisi-Ceyhan
neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə
də digər nəql marşrutlarının uğurlu fəaliyyəti
Azərbaycanın ixrac imkanlarını xeyli
artırmışdır. Bu da ölkəmizin Avropa və
dünyanın enerji təhlükəsizliyinin təminatında
daha yaxından iştirak etməsinə imkan
yaratmışdır.
Qeyri-neft
sənaye bölməsinin əksər sahələrində
istehsalın həcmi təqribən 10 faiz artmışdır.
Bu da ondan irəli gəlir ki, son illər ölkəmizin
ayrı-ayrı yerlərində yeni istehsal və emal müəssisələri
yaradılır, idxalı əvəzləyən rəqabətədavamlı
məhsul buraxılışının həcmi artır.
İndi hətta Azərbaycan istehsalı olan mallara dünya
bazarlarında maraq da getdikcə çoxalır.
Göründüyü kimi, ölkədə sərbəst
istehsal fəaliyyəti üçün yaradılmış əlverişli
şərait və azad sahibkarlığa geniş meydan verilməsi
nəticəsində sənayedə qeyri-dövlət bölməsinin
payı artmaqdadır. Onu da deyək ki, bir vaxtlar dövlət
mülkiyyətində olmuş sənaye obyektlərinin
bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun
yaradılmış yeni istehsal sahələrinin işində
də böyük canlanma hiss olunur.
Beynəlxalq
iqtisadi fəaliyyət növlərinin təsnifatına gəlincə
isə, mədənçıxarma və ya hasilat sənayesi
Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olaraq
qalmışdır.
Yaxın
illərdə ölkəmizdə sənayeləşmə
tendensiyası daha da sürətlənəcək. Azərbaycanın
yeni neft strategiyasının uğurla
reallaşdırılması, ikinci regional inkişaf
proqramında nəzərdə tutulan tədbirlərin yerinə
yetirilməsi, eləcə də yerli istehsalın
stimullaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər və s. amillər ölkə
iqtisadiyyatının əsasını təşkil edən sənayeyə
daha yüksək inkişaf perspektivləri vəd edir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 24 oktyabr.- S. 2.