Azərbaycanda regional turizm peşə məktəbləri
şəbəkəsi yaradılır
Azərbaycan Turizm İnstitutunda ATİ
və Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı
ilə "Şəki-Zaqatala regionunda turizm peşə kadrlarının
hazırlığı" mövzusunda seminar keçirildi. Təqdimat-dinləmələr şəklində
keçirilən toplantıda ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər
Cəfərov tədbir iştirakçılarını
salamladı və bu gün
ölkə iqtisadiyyatının dinamik
inkişafında turizm sektorunun
əhəmiyyətini açıqladı.
C.Cəfərov
çıxışında ATİ-də ixtisaslı kadr
hazırlığı istiqamətində görülən tədris
- təlim - tədqiqat işlərindən və qazanılan nəticələrdən
ətraflı bəhs edərək qeyri-neft sektorunda müstəsna
rol oynayan turizm sənayesinin böyük perspektivindən
danışdı. Ölkə Prezidenti cənab İlham Əliyevin
bütün sahələrə olduğu kimi, turizm sahəsinə
xüsusi diqqət ayırdığını, müddətli
dövlət proqramına dair sərəncam
imzaladığını tədbir
iştirakçılarının nəzərinə
çatdırdı. Rektor çıxışı zamanı
xüsusi olaraq vurğuladı ki, digər sahələrlə
müqayisədə turizmi etibarlı, daimi sahə kimi dəyərləndirmək
lazımdır. O, əmək bazarında ali təhsilli turizm
ixtisaslı kadrlarla yanaşı xidmət personalına da
böyük ehtiyac olduğunu konkret faktlarla isbatladı.
Azərbaycan
Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin
fəaliyyətə başlamasını günün
reallığı kimi səciyyələndirdi. Ölkənin
şimal- qərb regionunda turizm peşə məktəbinin
yaranmasının əhali tərəfindən böyük
razılıqla qarşılandığını diqqətə
çatdırdı. Natiq çıxışında digər
regional peşə məktəblərinin yaradılması ilə
bağlı tədqiqatlar aparılacağının gündəmdə
olduğunu, hətta Qusarda bu istiqamətdə işə
artıq start verildiyini bildirdi. Bir daha xatırlatdı ki,
regional turizm peşə məktəbləri hələlik
müəyyən rayonlarda - Qusarda, Zaqatalada, Şəmkirdə,
Göygöldə, Masallıda fəaliyyət göstərəcək.
Rektor
ATİ və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin
birgə təşkilatçılığı ilə
ölkənin 6 rayonunda (Şəki, Balakən, Oğuz, Qəbələ,
Qax və Zaqatala) keçirilən sorğu-tədqiqatlar barədə
tədbir iştirakçılarını məlumatlandırdı.
Sonra Turizm və Regional İnkişaf üzrə ekspert cənab
Ayke Ottonun, ATİ-nin Tədqiqat və İnkişaf
Şöbəsinin baş məsləhətçisi cənab
Julius Arneggerin, Avropa İttifaqının Peşə təhsili
üzrə Tvinninq layihəsinin rəhbəri cənab Rudiger
Heyniqin təqdimatları dinlənildi. Seminarın sonunda təqdimatlar
ətrafında fikir mübadiləsi aparıldı və
sorğu nəticələrinin gələcək planların
icrası zamanı nəzərə alınacağı qeyd
edildi.
"Şəki
- Zaqatala iqtisadi rayonunda aparılmış sorğu nəticələrinin
ictimaiyyətə təqdimatı" mövzusunda keçirilən
seminarda Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin və Azərbaycan Respublikası Təhsil
Nazirliyinin məsul işçiləri iştirak edirdilər.
Z. BƏŞİRQIZI
Xalq qəzeti.- 2012.- 25 oktyabr.- S. 10.