Masallı yüksəlişin yeni mərhələsindədir

 

Respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da ilin doqquz ayı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu dövr olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.Hesabat yığıncağında da qeyd olunduğu kimi, rayon artıq yüksəlişinin yeni mərhələsini yaşayır.

 

İcra hakimiyyətinin başçısı Rafil Hüseynov məruzəsində bildirdi ki, 2012-ci il Masallı ücün xüsusilə əlamətdar olmuşdur. Martın 13-də Prezident İlham Əliyev rayona səfəri çərçivəsində Masallı şəhərində çəkilən su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak etmiş, Mədəniyyət Evində aparılan əsaslı təmir işləri ilə yaxından tanış olmuş, rayon Gənclər Mərkəzinin açılışını etmişdir. Bundan başqa, cənab Prezident rayonda yenicə istifadəyə verilmiş 2 hektarlıq istilikxana kompleksi və 1200 ton tutumu olan soyuducu anbara baxmış, tapşırıq və tövsiyələrini vermişdir.

Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş bir sıra tədbirlər uğurla icra olunmuşdur. Rayon Mədəniyyət Evinin əsaslı təmiri başa çatdırılmışdır. Həmçinin şəhərin Z.Əliyeva, Azərbaycan, Füzuli, Dadva, Talışxanov və Qarabağ küçələrində geniş abadlıq və quruculuq, H.Əliyev Mərkəzində isə yenidənqurma və genişləndirmə işləri aparılır.Eyni zamanda, YAP Masallı rayon təşkilatı binasının, "Xatirə" parkının, "Veteranlar evi"nin və rayonun giriş qapısının tikintisi sürətlə davam edir, ümumi yaşayış evlərinin dam örtükləri müasir üslubda dəyişdirilir. İdman komplekslərinin, məktəblərin, istilikxana və digər obyektlərin tikintisi aparılır.

Son 9 ayda rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 27,8 faiz artaraq 291,5 milyon manat olmuşdur. Hesabat dövründə adambaşına düşən pul gəlirləri 1408 manat, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 290 manat olmuşdur.

Rayonda əkilmiş 8809 hektar buğda sahəsindən 20385 ton, 2313 hektar apra sahəsindən 4823 ton, 2798 hektar tərəvəz sahəsindən 72805 ton , 2275 hektar kartof sahəsindən 30362 ton, 577 hektar bostan əkini sahəsindən isə 7131 ton məhsul götürülmüşdür. İribuynuzlu mal-qaranın sayı 71104 başa, xırdabuynuzlu mal-qaranın sayı 77758 başa çatmışdır. Süd istehsalı 32143 ton, ət istehsalı 4222 ton, yumurta istehsalı 43.928.000 ədəd təşkil etmişdir. 100 hektar sahədə yeni çay plantasiyasının salınması barədə ilkin razılıq əldə olunmuşdur.

2012-ci ilin 9 ayı ərzində Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 3499 ailə ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmiş, onlardan 3442 ailəyə yardım təyinatı aparılmış, 57 ailənin tələbindən qanuna müvafiq olaraq imtina edilmişdir. Yardım təyinatı aparılmış ailələrə aylıq 440 min 516 manat vəsait ödənilmişdir.

Kənd yollarının yenidən qurulması diqqət mərkəzindədir.Belə ki, ölkə əhəmiyyətli Ələt-Astara avtomobil yolunun tikintisi ilə əlaqədar rayonun Sərçuvar kəndi ərazisində işlər aparılır. Həmçinin cənab Prezidentin sərəncamları ilə ayrılmış vəsaitlər hesabına Masallı rayonunda kəndlərarası yolların əsaslı təmiri və yenidən qurulması istiqamətində xeyli iş görülüb, amma hələ də bir çox kənd yollarının təmirə ehtiyacı var.

Hazırkı vaxta rayon üzrə qaz abonentlərinin sayı 22 min 985-ə barəbərdir. Rayonda qazdan sayğacsız istifadə edən abonent yoxdur. Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə birpilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar 13 yaşayış məntəqəsində xətt çəkilişi yekunlaşmışdır. Hazırda Eminli, Qarğalıq kəndlərinə qaz çəkilişi, Təklə və Ərkivanda köhnə xətlərin yenidən quraşdırılması işləri davam etdirilir.

Azərbaycan hökümətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən, Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılmışdır. "Birləşmiş Sukanal" MMC tərəfindən Muğan zonasında yerləşən 15 kəndin və Gəyəçöl-Qızılağac istiqamətində olan 13 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yaxın vaxtlarda xətlərin çəkilməsinə başlanılacaq.

Masallıda məktəb tikintiləri sürətlə həyata keçirilir. Yeni dərs ilində 5 məktəb tikilib istifadəyə verilmişdir. Hazırda daha 5 kənddə yeni məktəb binalarının tikintisi, 1kənddə məktəbin əsaslı təmiri davam etdirilir.

Masallıda fəaliyyət göstərən 31 turizm obyektindən 26-sı müvafiq lisenziya ilə təmin edilmişdir ki, bu istirahət mərkəzlərində 1146 turist yeri vardır. Hesabat dövründə rayona 14426 nəfər turist səyahət etmişdir.

Hesabat dövrü ərzində rayon icra hakimiyyətinə 1371 ərizə-şikayət daxil olmuşdur ki, onlardan 648-i vətəndaşların, 723 ərizə isə yuxarı təşkilatların payına düşür. Bu dövr ərzində icra hakimiyyətində keçirilən qəbullar zamanı 882 nəfər şikayətçi qəbul edilmişdir. Səyyar qəbullar zamanı 295 nəfər çıxış edərək ərazinin sosial-iqtisadi inkişafı və problemləri barədə təkliflər vermişdir.

Tədbirdə vurğulandı ki, görülən işlərə, əldə edilən uğurlara baxmayaraq, hələ də həlli vacib məsələlər çoxdur. Belə bir inam ifadə edildi ki, rayon ictimaiyyəti Masallının inkişafı naminə üzərimizə düşən vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə edəcək.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 25 oktyabr.- S. 9.