İdeologiya və sosial ədalət prinsipi (əvvəli qəzetin 12 oktyabr tarixli sayında)

 

Milli ideologiyanın əsasında sosial ədalət prinsipi durmalı və bu prinsip özünü praktik həyatda, əməldə göstərməlidir. Əgər belə olmazsa, onda hər hansı bir ideologiya qondarmaçılıqdan ibarət olar və tezliklə keçmiş kommunist ideologiyası kimi yumor və gülüş hədəfinə çevrilər, müxtəlif çeşidli məmurların və funksionerlərin, bisavad karyeristlərin "həm elmi, həm də praktik fəaliyyətləri üçün" bir vasitəyə çevrilər. Ən böyük səhv ideologiyanı insanların əməli, praktik fəaliyyətindən, yaşayış və həyat tərzindən ayıraraq onu guya daha əhəmiyyətli məqsədlərə xidmət edən bir formada təqdim etməkdir.

 

İndi tez-tez işlədilən "milli ideologiya", "azərbaycançılıq ideologiyası", "dövlətçilik ideologiyası" kimi anlayışlar müəyyən məna çalarlarına baxmayaraq əslində eyni məzmun yükünü daşıyır. Bunu "Azərbaycan - Dövlət - Millət" triadasında görmək daha asandır. Çünki hər hansı bir əhali kütləsinin millət olması üçün onun özünə məxsus ərazisi (ölkə), hansısa formada təşkilatlanması (dövlət) və ümumi mənəvi dəyərləri olmalıdır. Qorunan ərazisi, təşkilatlanmış idarəolunma forması və ümumi mənəvi dəyərləri olmayan etnosdan millət olmaz. Millət bütün daxili ziddiyyətlərə baxmayaraq əhalinin müəyyən strateji məsələlərdə vahid birliyidir. Bu strateji məsələlər isə ölkənin bütövlüyünü, onun ərazisinin qorunub saxlanılmasını və inkişafını təmin edən məsələlərdir. Şübhəsiz ki, bunlar ilk növbədə təsərrüfat həyatından: sənaye və kənd təsərrüfatından başlayır. Bu işin hansı formada və hansı istiqamətdə təşkili və gedişi isə lazımi investisiya qoyuluşu, maliyyə yardımı və digər xidmətlərlə bütövlükdə ümumdaxili məhsulun artımına xidmət edən işgüzarlıqla planlaşdırılmalı və həyata keçirilməlidir.

Azərbaycanda sovet dövründən qalmış yararsız bir ənənəyə hələ də rast gəlinir. Bu ənənə verilən tapşırığın yerinə yetirilməsinə aid şişirdilmiş məlumatlar verməkdir. Belə məlumat verməyə meyil edənlər məgər başa düşmürlərmi ki, onlar bununla bütövlükdə ölkənin, dövlətin işinə əngəl törədir, xalqı da çaş-baş salırlar. Çünki bu məlumatların verildiyi obyektlərə aid əhalinin də bir hissəsində məlumatlar olur və onlar hər bir yanlış məlumata qarşı çox sərt reaksiya verirlər. Nəticədə dövlətə və onun müxtəlif strukturlarının apardığı faydalı işlərə qarşı da müəyyən şübhə və inamsızlıq yaranır. Bu, bugünkü ictimai reallığın göstəricilərindən biridir.

Milli ideologiya, hər şeydən əvvəl, sosial ədalətlə bağlı olmalıdır. Sosial ədalət isə heç də o demək deyildir ki, zəhmət çəkib hər hansı bir peşəyə sahib ola bilməyənlər, tənbəllər, alkoqoliklər, qumarbazlar, narkomanlar, fahişəlik və sutenyorluqla məşğul olanlar hələ bir dövlətdən və cəmiyyətdən yardım da alsınlar. Bu marginal elementləri xüsusi nəzarətdə saxlamaq və mümkün qədər onları normal insan həyatına qaytarmaq, onların cəmiyyətin ümumi həyatı ilə qaynayıb qarışmasına kömək etmək lazımdır. İslah olunmayanlar üçün isə xüsusi islah əmək düşərgələri də yaratmaq olar. Belə ki, onlar nəzarətdən çıxaraq ətrafa da öz pozucu təsirlərini göstərə bilməsinlər. Hələlik Azərbaycanda belə marginallar başqa yerlərlə müqayisədə azdır və bunların artmasına heç cür imkan vermək olmaz. İnsan hüquqları hər bir xalqın tarixən formalaşan və pozitiv məzmuna malik olan əxlaq, mənəviyyat normalarından kənara çıxa bilməz. Əgər hansı ölkələrdəsə "mavi"lər özlərinə hüquq tələb edirlərsə, eynicinslilər arasında kəbin kəsilirsə, bu, Azərbaycan üçün biabırçılıq, rüsvayçılıq damğasıdır və bunu heç bir hüquqi çərçivəyə salmaq mümkün deyildir. Bu barədə danışmağın özü ayıbdır. Burada insan hüquqları da, azadlıq da, plüralizm də, tolerantlıq da, demokratiya da özlüyündə absurd bir şeyə çevrilir. Bu hadisəni hüquq və əxlaq müstəvisinə keçirməyə çalışmaqdansa, onun anatomik və psixo-fizioloji səbəblərini öyrənib vaxtında tibbi müdaxilə etməyin yollarını öyrənmək daha faydalı olardı.

Marginallara gəldikdə isə, nəzərdə tutmaq lazımdır ki, bunların yaranmasının bir səbəbi də məhz cəmiyyətin özüdür. İşsizlik, iş şəraitinin çətinliyi, işə görə əmək haqqının azlığı və s. kimi hallar insanları daha "asan" və daha "rahat" yollarla daha çox qazanmağa həvəsləndirir. Nəticədə isə insanlar marginallaşır, antisosial və kriminal elementlərə çevrilməyə başlayırlar.

Gərək ölkənin hər bir vətəndaşı müstəqil həyata başlarkən hər tərəfdə düzlük və qanunçuluq görsün ki, özünü yazıq, bədbəxt, kimsəsiz hiss etməsin. Bilsin ki, onun arxasında dövlət və qanun kimi güclü qüvvə var və bu qüvvəni heç kim əvəz edə bilməz. "Sosial dövlət" anlayışının mahiyyətində də məhz bu prinsip dayanır. Yəni dövlət hər bir vətəndaşın dövlətidir və o, heç vaxt ayrı-ayrı adamlara, dəstələrə məxsus ola bilməz. Əslində, vətəndaş cəmiyyəti də elə dövlətin apardığı sosial siyasət nəticəsində, yaxud dövlətin sosiallaşması nəticəsində yaranır.

Milli ideologiyanın nüvəsini isə dövlətin qəbul etdiyi və bütün strukturlarının gündəlik fəaliyyətində rəhbər tutduğu Konstitusiya ilə müəyyən olunmuş hüquqların tanınması və qorunması təşkil edir. Peşəkarlıq, işgüzarlıq, qanunçuluq və s. keyfiyyətlər yüksək mənəviyyatla işləyən hər bir adamın işinin başlıca göstəriciləri kimi çıxış etməlidir. Bunun üçün isə ilk növbədə cəmiyyətin idarə olunmasında yuxarıda göstərilən prinsiplər həyata keçirilməlidir.

İndi ədalətlilik prinsipini cəmiyyətin təşkilinin əsas baza prinsipi kimi irəli sürənlər də var. Müasir cəmiyyətşünaslıqda xüsusi "ədalətlilik nəzəriyyəsi" adlanan nəzəriyyə də vardır. Bu nəzəriyyənin əsas prinsiplərindən biri hüquqi şüurun inkişaf edərək əxlaqi şüurla birləşməsidir, yaxud əxlaqi şüura çevrilməsidir. Azərbaycan alimləri tərəfindən də bu problemə dair tədqiqatlar aparılmışdır. Hüquqi şüurun inkişaf edərək, formalaşaraq əxlaqi-mənəvi şüura çevrilməsi, onunla qovuşması isə cəmiyyətin əldə etdiyi ən böyük nailiyyətlərdən biri ola bilər. Çünki, ümumiyyətlə, sosial tərəqqinin subyekti fərdi varlıq olan insandır, buna görə də fərdin xarakteri sosial tərəqqiyə öz təsirini göstərməyə bilməz. Deməli, cəmiyyətin bütün mövcud təşkili sistemi elə qurulmalıdır ki, burada fərdin təbii və sonradan əldə etmiş olduğu sosial imkanları (biliyi, bacarığı və s.) reallaşa bilsin.

Elə məsələ də bundadır ki, əgər ideologiya gündəlik praktik həyatdan, insanların həyati maraqlarından çıxış etmirsə və özünü gündəlik praktik həyatda təsdiqləyə bilmirsə, deməli, bu idologiya özünün funksiyasını yerini yetirə bilmir. 1961-ci ildə Sov. İKP XXII qurultayında geniş kommunizm quruculuğu proqramı elan olunduqdan sonra sovet kommunist ideologiyası ildən-ilə öz mövqelərini itirməyə başlamışdı. Çünki bu ideologiya ictimai praktikada, gündəlik həyatda özünü təsdiqləyə bilmirdi. Əlbəttə, heç bir ideologiya bütövlükdə, deyildiyi və yazıldığı kimi, həm də hamı üçün özünü təsdiqləyə bilmir. Çünki ideologiya həmişə bu günlə yanaşı, gələcəyə də yönəlmiş olur. Gələcək isə hələ bu gün yoxdur. Buna görə də ideologiyanı yalnız bugünlə, yaxud gələcəklə yükləmək ona yanlış yanaşmaqdır. İdeologiya daha çox bugünkü həyatdan, bugünkü maraqlardan və həm də yerinə yetirilə bilən, reallaşa bilən və reallaşma prosesində olan maraqlardan çıxış etməlidir. Bu maraqlar isə sosial ədalətli cəmiyyətdən kənarda yerinə yetirilə bilməz. Bəsit (primitiv) siyasi ritorika isə insanlar tərəfindən nəinki qəbul edilmir, hətta onlarda mənfi emosiyalar yaratmağa başlayır. Çox təəssüf ki, bizdə hələ də ciddi və obyektiv elmi araşdırmanı populizm və konyuktura ilə əvəz edənlər də vardır. Bu adamlar hətta əldə edilmiş müsbət bir nəticəni belə ciddi arqumentlərlə izah etmək əvəzinə, konyuktur fakt və arqumentlərə əl atırlar. Elə bilirlər ki, ən yaxşı yol konyuktur mövqe tutmaqdır. Yaddan çıxarırlar ki, bütün sahələrdə bizim nə qədər həll olunmamış və həllini gözləyən məsələlərimiz var. Bu məsələləri isə konyuktura, siyasi ritorika, standartlaşmış ideoloji ifadələr vasitəsilə həll etmək mümkün deyil. Tənqidi araşdırma və məsələnin həllinə aid yeni, əsaslandırılmış fikirlər irəli sürməyə çalışmaq lazımdır.

Milli ideologiyanın ən mühüm şərti, artıq deyildiyi kimi, cəmiyyətdə sosial ədalətin mövcud olmasıdır, yaxud onun təmin edilməsidir. Sosial ədalət heç də eqalitarizm deyildir. Eqalitarizm, hər şeydən əvvəl, fərdi maraqların, o cümlədən iqtisadi maraqların məhv edilməsidir. İqtisadi maraqdan məhrum olunmuş adamlar isə axtalanmış xacələri xatırladarlar. Çünki cəmiyyətin üzərində dayandığı sütunlardan biri və birincisi iqtisadi maraqdır. Lakin sosial ədalətlilik hər şeyin iqtisadiyyata, gəlir əldə etməyə, həm də fərdi, yaxud qrup halında gəlir əldə etməyə qurban verilməsinə qarşı çıxır. Xüsusi sərvət yığımı ölkənin ümumi sərvətinin adambaşına düşən hissəsindən bir neçə dəfə çox ola bilər. Lakin bu hədd artıq iki-üç rəqəmli olduqda burada bütün ölçülər pozulur. Ölkədə az sayda həddən artıq varlılar və həddən artıq çox sayda kasıblar yaranır. Cəmiyyətdə sosial çatlar baş verir. Sosial çatlar isə "sosial düşmənçilik" yaradır.

Məlum məsələdir ki, cəmiyyətin sosial strukturu özlüyündə dəyişkən və mürəkkəbləşən bir hadisədir. Tarixən baş vermiş əmək bölgüləri, şəhərlərin yaranması və s. kimi hadisələr bunu aydın göstərir. Lakin istər əmək bölgüsü, istərsə də insanların məskunlaşması prosesi elə getməlidir ki, bu, ölkənin təbii-coğrafi şəraitinə və təbii sərvətlərinə uyğun olaraq aparılsın. Əlbəttə, burada söhbət artıq tarixi səpkidə deyil, müasir dövrdən gedir. İndi Azərbaycan əhalisinin təxminən üçdə bir hissəsi Abşeron yarımadasında yerləşmişdir. Abşeron ərazisi isə kənd təsərrüfatı üçün o qədər də yararlı deyildir. Sənayeyə gəldikdə burada müasir rəqabətyönümlü sənaye müəssisələri yaratmaq özü problemli məsələdir. Həm də müasir sənaye fiziki deyil, artıq daha çox intellektual əməyə, yüksək peşəkarlıq səviyyəsinə əsaslandığı üçün burada işləyə biləcək kadrları da yetişdirmək o qədər də asan deyil. Beləliklə, biz nə qədər modernləşmədən yazsaq da, düşdüyümüz "sehrli" dairəni də görməliyik. Belə vəziyyət özlüyündə nəzəri araşdırmalar tələb edir. Nəzəriyyə olmadan təcrübənin məqsədi və istiqamətlərini müəyyənləşdirə bilmək, təcrübə olmadan isə nəzəriyyəni yoxlaya bilmək və təcrübənin nəticələrinə uyğun olaraq nəzəriyyədə müəyyən tamamlamalar apara bilmək mümkün deyil.

Son vaxtlarda dövlət tərəfindən işlənilən sosial-siyasi və iqtisadi proqramlar içərisində regionların inkişafına dair olan qərar strateji əhəmiyyətə malikdir. Çünki Azərbaycan doğrudan da yalnız Bakı, Gəncə və Sumqayıt kimi iri sənaye şəhərlərindən ibarət olmayıb müxtəlif regionlara malik olan ölkədir. Əgər regionlarda təsərrüfat həyatı, məişət, mədəniyyət inkişaf etməzsə, onda elə kortəbii yolla hamı dolanışıq üçün Abşerona üz tutar. Burada isə hamını təmin edə biləcək iş tapmaq çətindir. Demək, hamı küçədə, bazarda alver etməklə məşğul olacaqdır. Nəticədə isə bir mal bir neçə əldən keçəcək, öz istehlak dəyərindən bir neçə dəfə baha qiymətə satılacaqdır. Həm də iqtisadi inkişaf, xüsusilə gündəlik istehlak mallarının istehsalı olmadan qiymətlərin artımı, infilyasiya faizinin də yüksəlməsinə gətirib çıxaracaq, indi biznes adlandırılan xüsusi alverçi monopoliyalar varlanacaq, qalan əhali isə daha da kasıblaşacaqdır. Regionların inkişafı proqramının həyata keçirilməsi isə bu prosesin qarşısını almalı, əhalinin alverlə deyil, təsərrüfatla yaşaması işində əhəmiyyətli rol oynamalıdır.

Bu gün ən vacib məsələlərdən biri əhalini işlə təmin etməyə və işdən əldə etdiyi gəlirlə yaşamağa istiqamətləndirməkdir. Hələlik Azərbaycanda olan rəqabət keyfiyyətli və maya dəyəri aşağı olan mal istehsal etməyə deyil, daha əlverişli yerdə marketlər açmaq və şadlıq sarayları reklam etmək sahəsində olan rəqabətdir. Bazar iqtisadiyyatı budurmu? Hər cür bazar ilk növbədə yerli istehsaldan başlamırmı? Kənardan isə o malları gətirərlər ki, ölkədə həmin malları istehsal etmək, yaxud hələlik istehsal etmək mümkün deyil. Azərbaycana alma, armud, kartof, xiyar, pomidor və s. məhsulları idxal etmək biabırçılıqdır. Bu, yerli istehsalın məhdudlaşdırılmasıdır, əhalinin işsizləşməsidir. Yerli istehsal kooperasiyalarının yaradılması və başlanğıcda onlara dövlət köməyi və qayğısı vacib şərtlərdən biridir. Torpaqla üz-üzə qalmış vəsaitsiz kəndli təklikdə heç nə edə bilməyəcəkdir. Burada hansısa bir Avropa, yaxud Amerika təcrübəsindən istifadə etmək hələ məsələdən çıxış yolu deyildir. Kənd yerlərində məktəb proqramlarına, xüsusilə coğrafiya, biologiya, zoologiya kimi fənlərin proqramına regionun, ərazinin relyefi, landşaftı, heyvanat və bitki aləmi, onların xüsusiyyəti və çoxaldılması, seleksiyası, calaq edilməsi və s. haqqında yığcam ümumi və təcrübi biliklər daxil edilməli və öyrədilməlidir. Kəndli torpağa, bitkiyə, heyvanlara aid ilkin və həm də müasir bilik və təcrübəyə malik olmalıdır. Çünki keçmiş ənənələrin bir qismi artıq köhnəlmiş və yararsız hala düşmüşdür. Bu, hər şeydən əvvəl, bu və ya digər səbəbdən təbiətdə baş verən dəyişikliklərlə bağlıdır. Kəndli təbii və kimyəvi gübrələrdən, onların hansı nisbətdə verilməsi qaydalarından, sulanmadan və digər bu tipli məsələlər barədə bilgili olmalıdır. Başqa sözlə, aqrokimyəvi, aqrobioloji və baytarlıq biliklərinin ilkin əsasları kütləvi bilik sahəsinə çevrilməlidir. Elə etmək lazımdır ki, əhalinin bir hissəsi daha yaxşı yaşamaq üçün böyük şəhərlərdən kəndlərə getsin. Kənddə isə torpaqdan daha səmərəli istifadə olunmasına diqqət vermək lazımdır. Məlum məsələdir ki, bizdə torpaqdan heç də lazım olan səviyyədə səmərəli istifadə olunmur və bəzən heç bu səmərəli istifadənin özünün nə olduğunu bilmirlər. Yaddan çıxarılır ki, əhali artır, ancaq nə ərazi, nə də onun təbii sərvətləri artmır. Deməli, yalnız bir şeyi artırmaq mümkündür. O da daha səmərəli istifadədir ki, burada aparıcı amil bilik və onu tətbiq etmə bacarığıdır. İndi haqqında çox söz-söhbət gedən postindustrial cəmiyyət, informasiya cəmiyyəti, bilik cəmiyyəti, rahatlıq cəmiyyəti və s. kimi anlayışlar hamısı məhz təcrübədə tətbiqini tapan elmlə, biliklə bağlıdır. Yadda saxlamalıyıq ki, cəmiyyətin irəliyə doğru hərəkəti iki təkərli velosipedin hərəkətini xatırladır. Bu velosipedin hərəkətini təmin edən pedalların fırlanmasını isə bilik və bacarıq təmin edir. Pedallar fırlanmayanda velosiped hərəkət etmir və vertikal istiqamətdə dayana bilməyərək yanı üstə yıxılır.

"Azərbaycançılıq" ideologiyası özündə həm vətənpərvərliyi, həm pozitiv millətçiliyi, həm də dövlətçiliyi ehtiva edir. Lakin bu ideologiyanın hər bir Azərbaycan vətəndaşının ruhuna və şüuruna çökməsi, onun şəxsiyyətinin və milli mənliyinin göstəricisinə çevrilməsi üçün Azərbaycanın təbii mənzərələrini tərifləmək kifayət deyil. Onun sosial-mədəni mənzərəsini, ictimai mühitini iftixar olunacaq səviyyəyə qaldırmaq lazımdır. Adamlar öz zəhmətləri ilə rahat yaşaya bilməlidirlər. Cəmiyyətdə həmişə daha zəngin yaşayanlar olmuş, var və olacaqdır da. Lakin bu zənginlik qalan hissənin rahat yaşamasının qarşısını almamalıdır və onların kasıb yaşamalarına səbəb olmamalıdır. Əksinə, bu zənginlik başqalarının da rahat yaşamasına şərait yaratmalıdır. Çünki belə zənginlik daha böyük bacarığın, istedad və işgüzarlığın nəticəsi kimi yaranmalıdır. Belə bir cəmiyyət isə sosial ədalətin bərqərar olduğu, hökm sürdüyü cəmiyyətdir və bu cəmiyyət hər bir sosial təbəqənin maraq və mənafelərini ifadə etməklə özünün mütərəqqi ideologiyasını yaradır və adamlar belə bir cəmiyyətdə yaşamaqdan məmnunluq, rahatlıq və qürur duyurlar. Bu isə özlüyündə ən yüksək ideologiyadır.

 

 

Aydın ŞİRİNOV,

professor

 

Xalq qəzeti.- 2012.- 25 oktyabr.- S. 8.