Dağlar diyarı gözəl günlərini yaşayır

 

Lerik Azərbaycanın ən ucqar və gözəl guşələrindəndir. Son illərdə rayonun sosial-iqtisadi inkişafı xeyli sürətlənmiş, əhalinin həyat şəraiti yüksəlmişdir. Cari ilin 9 ayının yekunlarına həsr olunmuş toplantıda bu barədə ətraflı danışılmış, dövlət qayğısı sayəsində əldə edilən nailiyyətlər nəzərə çatdırılmışdır.

 

Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov tədbiri açaraq ölkədəki tərəqqi tendensiyasının Lerikdə də hər addımda aşkar hiss olunduğunu vurğuladı. Natiq bildirdi ki, burada illərdən bəri həllini tapa bilməyən problemlər əsasən aradan qaldırılmışdır və bu istiqamətdə tədbirlər ardıcıl davam etdirilir.

Doqquz ayda görülmüş işlər barədə müavin Arzu Vəliməmmədovanın təqdim etdiyi məruzə maraqla dinlənildi. O dedi ki, 3-cü rübdə rayon üzrə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 4,7 faiz artmışdır. Pərakəndə dövriyyədə 5,6, pullu xidmətlərdə 2,5, təmir-tikinti işlərində 10, sənaye məhsulunun həcmində isə 2,4 faiz artım qeydə alınmışdır. Əhalinin orta aylıq nominal əməkhaqqı 269, gəlirləri 48 milyon 950 min manat olmuşdur. Sosial-iqtisadi inkişaf üzrə II Dövlət Proqpamının icrasına uyğun olaraq ötən vaxt ərzində rayonda 3017, o cümlədən cari ildə 1062 yeni iş yeri yaradılmışdır. Bunun yarıya qədəri daimi iş yerləridir.

Hazırda Lerikin 10-dan yuxarı yaşayış məntəqəsinə qaz xətti çəkilir. Gələn ilin sonunadək rayonun əksər kəndləri mavi yanacaqla təmin ediləcək.

Məruzəçi bildirdi ki, Lerik şəhərində istinad divarları bərpa olunmuş, ağlay plitələrlə üzlənmiş, səkilərə tamet plitəsi, küçə və yollara asfalt döşənmişdir. İ.Yaqubov, Nizami, A.Əsədullayev küçələrində yenidənqurma aparılır, divarlar hörülür, səkilər qaydaya salınır. Şəhərdə eyni vaxtda 300 nəfər qonağı qəbul edə biləcək xeyir-şər evinin inşası davam etdirilir. Hər cür avadanlıqla təchiz edilmiş, 150 nəfər qonaq üçün nəzərdə tutulmuş çadır daxili imkanlar hesabına alınaraq rayon sakinlərinin istifadəsinə verilmişdir.

Hesabat dövründə 6 saylı vergilər idarəsi üçün Lerik şəhərində kompyuter terminalının, rayon statistika idarəsi üçün inzibati idarə binasının tikintisi başa çatdırılmışdır. Yaponiya dövlətinin maliyyə dəstəyi ilə Şingədulan kəndində həkim məntəqəsi tikilmişdir.

Yeni dərs ilinin başlanması ilə əlaqədar 6 kənddə yeni məktəb binaları şagirdlərin istifadəsinə veilmişdir. İndi daha 9 kənddə məktəb tikintisi davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2012-ci il tarixli sərəncamının icrası ilə əlaqədar bir sıra işlər həyata keçirilmişdir: Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun tikintisində işlər sürətlə aparılır, artıq 6 kilometr yol asfaltlaşdırılmışdır. Əhalinin daha çox istifadə etdiyi 36 kilometrlik Xanagah yolunun da təmiri ilə bağlı sənədlər hazırlanır. Bunlarla yanaşı, məruzədə də qeyd olinduğu kimi, Leriki ölkə ilə birləşdirən 56 kilometrlik magistral yolun əsaslı təmirə ehtiyacı var. Güclü yağışlar, sel suları dəfələrlə bu yolun müəyyən hissələrini yuyub aparmış, nəqliyyatın hərəkətini xeyli çətinləşdirmişdir. Lakin yolun əsaslı təmiri üçün miqyaslı bir iş görülməyib. Halbuki bu, hazırkı qışqabağı mərhələdə xüsusilə vacibdir.

Rayonda hər kəs inkişafa töhfələr verməyə çalışır. Daxili imkanlar hesabına görülən işlər əhali tərəfindən razılıqla qarşılanır. Ayrı-ayrı sahibkarlar abadlıq-quruculuq yürüşünün önündə getməyə səy göstərirlər. Lənkəran-Lerik yolunun 37-ci kilometrində süfrə suyu və şirə istehsal edən müəssisənin tikintisi davam etdirilir. İş adamı tərəfindən Lerik şəhərində əvvəllər tədarük məntəqəsi kimi fəaliyyət göstərən tikililərdə yenidənqurma, əlavə tikinti işləri aparılır. Tikintilər başa çatdırıldıqdan sonra burada mebel, plastik qapı-pəncərə istehsal olunacaq, əhaliyə digər xidmətlər göstəriləcək. Köhnə çörək zavodu müasir tələblər səviyyəsində bərpa edilir. Şəhərdə yeni şadlıq sarayının, ikimərtəbəli ictimai iaşə obyektinin tikintisində işlər sürətlə gedir. Rayon icra hakimiyyətinin daxili imkanları hesabına Lerik şəhər uşaq bağçasında aparılan əsaslı təmir işləri başa çatmaqdadır.

Təhsil sahəsində də ciddi uğurlar qazanılmışdır. TQDK tərəfindən keçirilmiş buraxılış imtahanlarında XI sinif şagirdləri 85 faiz nəticə göstərmişlər. Ali məktəblərə sənəd verən 233 nəfərdən 136 nəfəri ali məktəblərə, 48 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Onlardan 16 nəfər 500-dən, 4 nəfər isə 600-dən çox bal toplamışdır. Vizəzəmin kənd tam orta məktəbinin məzunu Nərmin Əmirova 675 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür.

Fövqəladə Hallar Nazirliyi tərəfindən Molalan, Durğan və Bürsülüm kəndlərində qəza vəziyyətinə düşmüş 4 yaşayış evinin inşasına başlanmış və hazırda son tamamlama işləri aparılır. Daha 14 yaşayış evinin tikintisi üçün sənədlər hazırlanaraq nazirliyə təqdim edilmişdir.

Piran kəndində tikilən broyler fabriki tamamlanma mərhələsindədir. Hazırda obyektdə 80 nəfər çalışır. Müəssisə tam fəaliyyətə başlayandan sonra burada 150-dən yuxarı daimi iş yeri yaradılacaq. Daster kəndi ərazisində isə sahibkar tərəfindən inşa edilmiş broyler sexi və ictimai iaşə obyekti fəaliyyətə başlamışdır. Müəssisədə 18 nəfər daimi işlə təmin edilmişdir.

Doqquz ay ərzində Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatına 1054 yazılı müraciət daxil olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 271 yazılı müraciət azdır. Rayon icra hakimiyyətinin inzibati idarə binasında başçı tərəfindən 697 nəfər qəbul olunmuşdur. Vətəndaşlaın müraciətlərinə baxılması, səyyar qəbulların təşkili vəziyyəti rayon icra hakimiyyəti başçısı yanında geniş şura iclasında müzakirə edilmişdir. Məruzədə qeyd olundu ki, müraciətlərə həssas münasibət, adamların qayğılarının həllinə diqqət bir qayda olaraq razılıqla qarşılanır, hakimiyyət orqanlarına inamı daha da artırır.

Məruzə ətrafında müzakirələrdə rayon maliyyə idarəsinin rəisi Elman Abbasov, əhalinin sosial müdafəsi mərkəzinin direktoru Vəligulla Alışov, 43 saylı yol istismarı idarəsinin rəisi Elxan Əliyev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər. Qosmalian kənd ərazi icra nümayəndəsi Elxan Nurullayev Prezident sərəncamı ilə ayrılmış maliyyə vəsaiti hesabına tikilən Lerik-Qosmalian-Kəlvəz yolunda işlərin yüksək keyfiyyə aparıldığını qeyd etdi və bütün sakinlər adından dövlət başçısına hədsiz minnətdarlıq duyğularını ifadə etdi.

Tədbirə yekun vuran R.Bağırov bir daha qarşıdakı vəzifələri diqqətə çatdırdı və əminlik ifadə etdi ki, birgə səylərlə bütün məsələlər uğurla həll ediləcək, 2012-ci ilə mühüm zəfərlərlə yekun vurulacaq.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 25 oktyabr.- S. 8.