Nərimanov
rayonu: Abadlıq-quruculuq işləri yeni vüsət alır
Ölkəmizdə
aparılan uğurlu islahatların müsbət nəticələri
getdikcə artır. Məhz bu islahatların nəticəsidir
ki, hazırda Azərbaycan Respublikası regionun ən sabit
inkişaf edən ölkəsinə çevrilmişdir. Son
illər ölkəmizin maliyyə gücünün xeyli
artması paytaxt Bakıda, eləcə də regionlarda
mühüm infrastruktur layihələrinin
reallaşdırılmasına imkan yaratmışdır. Dövlət başçısı İlham Əliyevin
xüsusi diqqət və qayğısı nəticəsində
hazırda ölkənin hər yerində geniş quruculuq və
abadlıq işləri aparılır, şəhər və
rayonlarımız yeni görkəm alır, insanların həyat
səviyyəsi getdikcə yaxşılaşdırılır.
Ölkədə həyata keçirilən uğurlu
sosial-iqtisadi siyasət Bakı şəhərinin mərkəzi
rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli
inkişafına təkan vermişdir. Elə bu ilin ötən
döqquz ayında da Nərimanov rayonunun sosial-iqtisadi
sferasında yüksək nailiyyətlər əldə
edilmiş, rayonun tarixində bir sıra əlamətdar hadisələr
baş vermişdir.
Makroiqtisadi göstəricilər
yüksəkdir
Son
illər sosial-iqtisadi inkişaf sahəsində əldə
etdiyi yüksək nailiyyətlər Nərimanov rayonunu
paytaxtın, eləcə də ölkənin qabaqcıl
rayonlarından birinə çevirmişdir. Təsadüfi
deyil ki, indi rayon bütün statistik göstəricilərinə
görə ölkə üzrə öncül sıralarda qərarlaşmışdır.
Sevindirici haldır ki, bu inkişaf və tərəqqi meyilləri
cari ilin ötən dövründə də davam etmiş,
rayon özünün inkişaf salnaməsinə yeni səhifələr
yazmışdır. Elə sosial-iqtisadi inkişafı təmin
edən ayrı-ayrı sahələr üzrə son doqquz ayda
görülmüş işlər, həyata
keçirilmiş tədbirlər də bunu bir daha təsdiq
edir. 2012-ci ilin yanvar-sentyabr aylarında rayon
iqtisadiyyatının əsasını təşkil edən sənayenin
dinamik inkişafı nəticəsində xidmətlər də
daxil olmaqla 1 milyard 373,5 milyon manatlıq məhsul istehsal
olunmuşdur. Hesabat dövründə istehlakçılara 1
milyard 384,9 milyon manatlıq sənaye məhsulu göndərilmişdir.
İlin ötən dövründə rayonun sənaye
kompleksində işləyənlərin sayı 9227 nəfər
təşkil etmiş, onların orta nominal əmək
haqqı 10,3 faiz artaraq 410,3 manat olmuşdur. Nərimanov
rayonunda məşğulluq strategiyasının
reallaşdırılması, sakinlərin işlə təminatı
da xüsusi diqqət mərkəzində
saxlanılmışdır. Bu ilin doqquz ayında Nərimanov
Rayon Məşğulluq Mərkəzinə 1185 nəfər
işaxtaran vətəndaş müraciət etmişdir ki,
onlardan da 726 nəfəri müxtəlif iş yerləri ilə
təmin olunmuşdur. Bütövlükdə isə
yanvar-sentyabr aylarında rayonda yeni müəssisələrin
açılması, mövcud müəssisələrin fəaliyyətinin
bərpa edilməsi nəticəsində 1992 daimi iş yeri
yaradılmışdır.
Sürətli
inkişafı təmin edən başlıca şərtlərdən
biri də investisiya fəallığı ilə
bağlıdır. Təqdirəlayiq haldır ki, Nərimanov
rayonunda bu sahədə də ciddi artım müşahidə
edilmişdir. Təkcə onu demək kifayətdir ki, cari ilin
doqquz ayında rayon üzrə bütün mənbələr
hesabına əsas kapitala 89,8 milyon manatlıq investisiya
qoyulmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə
nisbətən 3,1 dəfə çoxdur. Son zamanlar rayonun
tikinti kompleksində müşahidə olunan canlanma bu ilin
ötən dövründə də müşahidə
olunmuş, tikinti təşkilatları tərəfindən
öz gücləri ilə 609,5 milyon manatlıq inşaat
işləri həyata keçirilmişdir. Bu isə 2011-ci
ilin müvafiq dövrünə nisbətən 74,1 faiz
çoxdur. İqtisadiyyatın başqa sahələrində
olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə
edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin
həcmi də xeyli artmışdır. Belə ki, son doqquz
ayda rayon əhalisinə 201,3 milyon manatlıq pullu xidmətlər
göstərilərək ötən ilin eyni dövrünə
nisbətən 2,5 faiz artım əldə edilmişdir.
Ölkədə
əlverişli biznes mühitinin yaradılmasının, azad
sahibkarlığa və təşəbbüskarlığa
geniş meydan verilməsinin nəticəsidir ki, son illər Nərimanov
rayonunda müasir standartlara cavab verən çoxsaylı
kiçik və orta müəssisələr
yaradılmışdır. Hazırda həmin müəssisələrdə
yüksək keyfiyyətli yeyinti məhsulları, məişət
avadanlıqları, tikinti materialları və digər məhsullar
istehsal olunur, əhaliyə nümunəvi xidmətlər
göstərilir. Müasir standartlara uyğun
yaradılmış müəssisələrdə istehsal
olunan mallar isə daxili bazarda məhsul bolluğunun təmin
edilməsi ilə yanaşı, ixraca da yönəldilir.
Bütün bunlar isə öz növbəsində rayonda ticarət
sahəsinin xeyli inkişaf etməsinə səbəb
olmuşdur. Bu ilin doqquz ayında Nərimanov rayonunda ticarət
üzrə pərakəndə əmtəə dövriyyəsinin
həcmi 673,5 milyon manat təşkil etmiş, əhaliyə
39,8 milyon manatlıq ictimai iaşə xidməti göstərilmişdir.
Müqayisə üçün deyək ki, bu sahələrdə
əldə edilən göstəricilər ötən ilin eyni
dövrünə nisbətən müvafiq olaraq 16,1 faiz və
61,1 faiz artmışdır.
Abadlıq-quruculuq işləri
geniş vüsət alır
Ölkə
Prezidenti İlham Əliyevin Bakının və ətraf qəsəbələrin
sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq
proqramlar, imzaladığı sərəncamlar, verdiyi
tapşırıqlar Nərimanov rayonunun da sürətli
inkişafına, infrastruktur sahələrinin bərpası və
genişləndirilməsinə, sosial-mədəni obyektlərin
yaradılmasına, bununla da, əhalinin layiqli həyat tərzinin
təmin olunmasına müstəsna töhfələr
vermişdir. Son illər Nərimanov rayonunun geniş quruculuq məkanına
çevrilməsinin ən başlıca səbəblərindən
biri ölkəmizin bütün bölgələri kimi, bu
rayona da dövlət başçısı İlham Əliyev
tərəfindən xüsusi diqqət və qayğı
göstərilməsidir. Elə cari ilin ötən doqquz
ayı ərzində ölkə Prezidentinin müxtəlif
açılış və təməlqoyma mərasimlərində
iştirak etmək üçün səkkiz dəfə bu
rayonda olması da bunu təsdiq edir. Belə ki, dövlət
başçısı fevralın 8-də əsaslı təmir
və yenidənqurma işlərindən sonra 305 nömrəli
körpələr evi-uşaq bağçasında
yaradılan şəraitlə, martın 9-da Tofiq Bəhramov
adına Respublika stadionunda həyata keçirilən əsaslı
təmir və yenidənqurma işlərinin gedişi ilə
tanış olmuş, martın 16-da "Bakıelektrikşəbəkə"
ASC-nin "Gənclik" yarımstansiyasının və tədris
mərkəzinin açılışında iştirak
etmişdir. Aprelin 19-da Teymur Əliyev küçəsində
yeni inşa edilən tibb məntəqəsində tikinti
işlərinin gedişi, 10 aprel və 6 may tarıxlərində
isə Heydər Əliyev Mərkəzində aparılan
inşaat işlərinin gedişatı ilə tanış
olan Prezident İlham Əliyev G. Qədirbəyova və İ.
Həsənoğlu küçələrinin kəsişməsində
yeni çəkilmiş yolun açılışında da
iştirak etmişdir.
Azərbaycan
dövlətinin qurucusu və memarı, ulu öndər Heydər
Əliyevin adının əbədiləşdirilməsinə,
onun ideyalarının reallığa çevrilməsinə ən
böyük töhfə sayılan və Azərbaycanın
yeni simvoluna çevrilən, nadir memarlıq abidəsi olan Heydər
Əliyev Mərkəzi ümummilli liderin doğum günü ərəfəsində
istifadəyə verilmişdir. Təntənəli
açılış mərasimində ölkə Prezidenti
İlham Əliyev, respublikamızın birinci xanımı,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər
Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva,
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva,
respublikanın rəsmi dövlət və hökumət
nümayəndələri iştirak etmişlər.
Açılış günündə mərkəzdə
ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının
89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə
başlamasının səkkiz illiyi münasibətilə təntənəli
mərasim keçirilmişdir. Yeri gəlmişkən, Heydər
Əliyev Mərkəzi istifadəyə verildiyi gündən
beynəlxalq və respublika səviyyəli mühüm tədbirlərin
keçirildiyi məkana çevrilmişdir. Belə ki, iyunun
30-da Heydər Əliyev Mərkəzində Krans Montana Forumunun
rəsmi açılışı olmuş, ölkə
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
mərasimdə iştirak etmişlər. İyulun 3-də isə
burada Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın
iştirakı ilə London şəhərində keçiriləcək
XXX Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən
nümayəndə heyətinin rəsmi yolasalma mərasimi
keçirilmişdir. Avqustun 16-da Tofiq Bəhramov adına
Respublika stadionunun əsaslı təmir və yenidənqurmadan
sonra istifadəyə verilməsi ilə bağlı
keçirilən açılış mərasimində
ölkə başçısı İlham Əliyev
iştirak etmişdir. Sentyabrın 21-də Azərbaycan
Diplomatik Akademiyasının yeni tədris kompleksinin
açılışında iştirak edən Prezident və
xanımı sentyabrın 22-si və oktyabrın 13-də Tofiq
Bəhramov adına Respublika stadionunda futbol üzrə 17
yaşlı qadınlar arasında keçirilən dünya
çempionatının təntənəli
açılış, eləcə də final oyunu və
bağlanış mərasimlərinə
qatılmışlar.
"2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Nərimanov
rayonu üzrə nəzərdə tutulmuş tədbirlər
də uğurla reallaşdırılır. Xatırladaq ki,
proqramda rayon əhalisinin elektrik enerjisi, qaz, istilik, içməli
su təminatı ilə bağlı 31 tədbir nəzərdə
tutulmuşdur. Artıq bu tədbirlərdən 15-i icra
olunmuş, qalanlarının icrası isə davam etdirilir.
Rayonda
yol infrastrukturunun yeniləşdirilməsi istiqamətində
mühüm tədbirlər həyata keçirlimişdir. Cari
ilin ötən dövrü ərzində Xətai, Azadlıq
prospekti, Akademik Həsən Əliyev, Əliyar Əliyev və
Əhməd Rəcəbli küçələrinin yenidən
qurulması işləri başa
çatdırılmışdır. Gənclik meydanında
yeraltı yol ötürücülərinin və yeraltı
avtomobil dayanacağının inşa edilməsi, metronun
"Gənclik" stansiyasının ətrafında yerləşən
binaların fasadlarının milli memarlıq üslubunda yenidən
qurulması, Vaqif prospektinin genişləndirilməsi, Ziya
Bünyadov prospektinin yenidən qurulması, şəhərin
baş planına uyğun digər layihələrin
reallaşdırılması ilə bağlı tədbirlər
də davam etdirilmişdir. Koroğlu Rəhimov, Ə.Əbdürrəhimov
küçələrində istismar müddətini
keçmiş, yararsız hala düşmüş
yaşayış binalarının, qeyri-yaşayış
obyektlərinin sökülərək başqa ərazilərə
köçürülməsi istiqamətində müvafiq tədbirlər
görülmüş və bu işlər hazırda da davam
etdirilir. Sökülməsi nəzərdə tutulmuş
binalarda yaşayan sakinlər üçün həmin əraziyə
yaxın yerdə yeni, müasir, milli memarlıq üslubunda,
tam təmirli, geniş və yaraşıqlı binalar inşa
edilmişdir. Artıq hər biri 48 mənzildən ibarət
olan üç yaşayış binası, 20 mənzildən
ibarət bir yaşayış binası və hər biri 30 mənzildən
ibarət olan üç yaşayış binası sakinlərin
istifadəsinə verilmişdir. Bu tədbirin həyata
keçirilməsi nəticəsində 253 ailə və yaxud
1000 nəfərə yaxın sakin öz mənzil və məişət
şəraitini əhəmiyyətli dərəcədə
yaxşılaşdırmışdır. Rayonun digər
ünvanlarında da şəhərimizin ümumi görkəminə
xələl gətirən, yararsız və qəzalı vəziyyətə
düşən binalarda yaşayan sakinlərin tam təmirli,
sahəsi əvvəlki mənzillərinin sahəsindən
20-30 faiz artıq olan yeni mənzillərə
köçürülməsi təmin edilmişdir. Hazırda
bu layihələrin davamı olaraq Heydər Əliyev prospektində
78 mənzilli yeddi mərtəbəli yaşayış
binasının tikintisi davam etdirilir.
Nərimanov
rayonu və onun sakinləri üçün böyük əhəmiyyət
kəsb edən digər bir layihənin - "Dədə Qorqud
" parkının yenidən qurulması və əsaslı
təmiri işlərinə başlanmışdır. Bu layihənin
həyata keçirilməsi nəticəsində rayon sakinlərinin
mənalı istirahəti üçün milli xüsusiyyətləri
özündə saxlamaqla ən müasir park
salınacaqdır. Bütün bunlarla yanaşı, ötən
dövrdə mövcud yaşıllıqlara yüksək səviyyədə
aqrotexniki qulluq göstərilmiş və əlavə
yaşıllıq zolaqları salınmışdır. "Nərimanov
rayonunda sosial-iqtisadi inkişafın surətləndirilməsi"
proqramının icrası ilə əlaqədar bir sıra
ünvanlarda məhəllədaxili yollara təxminən 36350
kvadratmetr asfalt örtüyü salınmışdır.
Sevindirici
haldır ki, 2012-ci ilin doqquz ayı ərzində Nərimanov Bələdiyyəsi
də rayon əhalisinin maddi rifah halının yüksəldilməsi,
aztəminatlı ailələrin sosial durumlarının
yaxşılaşdırılması, küçə və
məhəllələrin abadlaşdırılması istiqamətində
həyata keçirilmiş tədbirlərdə yaxından
iştirak etmişdir. Belə ki, rayonun yerli
özünüidarəetmə orqanı tərəfindən
21 ailə himayəyə götürülmüş, 53 ailəyə
birdəfəlik maddi yardım edilmişdir. İlin əvvəlindən
bələdiyyə "abad həyət" aksiyasında da fəal
iştirak etmiş, 12 ünvanda bu layihə çərçivəsində
həyətlər abadlaşdırılaraq sakinlərin istifadəsinə
verilmişdir. Rayon ərazisində ayrı-ayrı binaların
həyətlərinə asfalt örtüyü
salınmış, Çaykovski küçəsi, 4
ünvanında yaşayan sakinlərin çoxsaylı
müraciətləri nəzərə alınaraq həmin
ünvanda yerləşən "Xeyir-şər" evi
üçün əlavə bina tikilmiş və mövcud
bina əsaslı təmir edilmişdir.
Rayonun xidmət sahələri
uğurlu fəaliyyəti ilə seçilir
Növbəti
payız-qış mövsümünə hazırlıq
işlərinin yüksək səviyyədə
aparılması, sakinlərin istilik, elektrik enerjisi, qaz və
içməli su ilə təminatının
yaxşılaşdırılması məqsədilə
rayonun xidmət sahələri tərəfindən
çoxsaylı tədbirlər həyata keçirilmişdir.
İlin ötən dövründə 5 saylı İstilik
Sistemləri İstismar Sahəsi tərəfindən müxtəlif
diametrli 1115 paqonometr boru dəyişdirilmiş və korroziyaya
qarşı izolyasiya qatı çəkilmiş, 42,4
kilometrlik istilik kəmərləri yuyulmuşdur. Bununla
yanaşı, siyirtmələr, nasoslar, qazanxanalar, eləcə
də bir sıra binalara gedən mərkəzi istilik xətləri
əsaslı təmir olunmuşdur.
Nərimanov
Rayon Enerji Təchizatı və Satışı İdarəsi
tərəfindən 1203 metr 0,4 kv-luq və 46590 metr 6 kv-luq
kabellər çəkilmiş, 1050 paqonometr yeni kabel
qoyulmuş və 1740 metr uzunluğunda kabellər yenisi ilə əvəz
olunmuşdur. Həmçinin hava xətlərində köhnə
naqillər dəyişdirilmiş, kompleks transformator məntəqələrindən
SİP kabellər çəkilimiş, 1 ədəd 400 KVA
gücündə transformator
quraşdırılmışdır.
Rayon
Sukanal Departamentinin su şəbəkələri və
qurğularının istismarı xidməti tərəfindən
cari ilin doqquz ayında 151 ədəd nasos, 127 ədəd
mühərrik və 261 ədəd siyirtmə təmir
olunmuş, 11596 paqonometr boru dəyişdirilmiş, 19 ədəd
su anbarı yuyulmuşdur. Bundan əlavə, rayondakı
mövcud kanalizasiya şəbəkələri və
yağış barmaqlıqları təmizlənmişdir.
Nərimanov
Rayon Qaz İstismar Sahəsi tərəfindən rayon ərazisindəki
tənzimləyici şkaf və qurğular, məntəqələr
təftiş edilmiş, mövcud qaz kəmərləri
boyanmışdır. Hesabat dövründə həmçinin
5591,5 kilometr yeraltı və 318 kilometr yerüstü qaz kəmərlərinə
profilaktiki xidmət göstərilmiş, 9632,15 paqonometr yeni
magistral qaz xətti çəkilmiş, 1487 yeni mənzil və
64 qeyri-yaşayış obyekti
qazlaşdırılmış, 9327 ədəd
"smart-kart" tipli sayğac
quraşdırılmışdır.
Təhsil, mədəniyyət və
səhiyyə sahələrində fərəhli nəticələr
çoxdur
Əvvəlki
illərdə olduğu kimi, cari ilin ötən dövründə
də rayonda təhsil, mədəniyyət və səhiyyə
sahəsində bir sıra uğurlara imza
atılmışdır. Yeni dərs ilinin başlanması ərəfəsində
34, 45, 82, 177, 200, 202 və 207 nömrəli tam orta məktəblər
əsaslı təmir olumuş, 258 nömrəli tam orta məktəbin
32 sinif otaqlı əlavə korpusunun tikintisi başa
çatdırılaraq istifadəyə verilmişdir. Ölkə
Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim"
mükafatlarının təsis edilməsi haqqında" sərəncamına
uyğun olaraq keçirilən ənənəvi müsabiqələr
ümumilikdə orta ümumtəhsil sisteminin inkişafına
təkan verir, tədris ocaqlarının və müəllimlərin
fəaliyyətinə əlavə stimul yaradır. Dövlət
başçısının 20 iyun 2012-ci il tarixli sərəncamına
əsasən 2011/2012-cı tədris ilində "Ən
yaxşı ümumi təhsil müəssisəsi"
müsabiqəsində Nərimanov rayonunun 36, 45 və 178
nömrəli tam orta məktəbləri müvəffəqiyyət
qazanmış və 10 min manat məbləğində birdəfəlik
pul mükafatı ilə mükafatlandırılmışlar.
Eyni zamanda, adı çəkilən sənədə əsasən
2011/2012-cı tədris ilində "Ən yaxşı müəllim"
müsabiqəsində rayonun 13 müəllimi müvəffəqiyyət
qazanaraq 5 min manat məbləğində birdəfəlik pul
mükafatına layiq görülmüşdür. Əldə
olunmuş uğurlar özünü ali məktəblərə
qəbulun dinamikasında da göstərmişdir. Belə ki,
2011-2012-ci tədris ilində Nərimanov rayonunun 1748 məzunundan
935 nəfəri müxtəlif ali təhsil müəssisələrinə
qəbul olunmuşdur. Rayon üzrə 3 məzun orta məktəbi
qızıl medalla bitirmiş, ali məktəblərə qəbul
imtahanında 42 nəfər 600-dən, 9 nəfər isə
650-dən artıq bal toplamış, 3 nəfər Prezident təqaüdünə
layiq görülmüşdür.
Ötən
müddətdə mədəniyyət və səhiyyə sahələrində
də yenidənqurma işləri davam etdirilmişdir. 35
saylı musiqi məktəbində əsaslı təmir və
yenidənqurma işləri başa çatdırılaraq
istifadəyə verilmişdir. Hazırda 23 saylı musiqi məktəbində
əsaslı təmir işləri davam etdirilir. 7 saylı
yoluxucu uşaq xəstəlikləri xəstəxanasında isə
təmir işləri yekunlaşdırılmışdır.
Səhiyyə sahəsində əldə edilmiş nailiyyətlər
və bu sahədə çalışan işçilərin
xidmətləri də, həmişə olduğu kimi, diqqət
mərkəzində saxlanmışdır. Belə ki, Prezident
İlham Əliyevin sərəncamı ilə ölkə səhiyyəsinin
inkişafındakı xidmətlərinə görə 8
saylı şəhər poliklinikasının həkimi, Nərimanov
Rayon Səhiyyə İşçilərinin Həmkarlar
İttifaqı Komitəsinin sədri Musa Musayev "Tərəqqi"
medalına, 6 saylı uşaq xəstəxanasının
baş həkimi Rumiyyə Sultanova isə "əməkdar həkim"
fəxri adına layiq görülmüşdür.
Əhalinin həyat səviyyəsinin
yüksəldilməsinə diqqət artır
Bu
ilin ötən dövründə rayon əhalisinin
sosial-müdafiəsinin gücləndirilməsi, onların həyat
səviyyəsinin yaxşılaşdırılması,
yoxsulluğun azaldılması məqsədilə xidmət sahələri
və idarələri tərəfindən ardıcıl tədbirlər
həyata keçirilmişdir. Belə ki, Dövlət Sosial
Müdafiə Fondunun rayon şöbəsi sosial sahədə
dövlət proqramlarını uğurla həyata
keçirmişdir. Ölkə Prezidentinin 30 dekabr 2008-ci il
tarixli sərəncamı ilə təsdiq edilmiş
"2009-2015-ci illərdə Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı"nda nəzərdə tutulan vəzifələrdən
biri kimi əmək pensiyalarının mütərəqqi
üsullarla ödənilməsi sisteminin daha da inkişaf
etdirilməsi üçün lazımi işlər
görülmüşdür.
Nərimanov
Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi də
ötən doqquz ayda əhalinin sosial müdafiəsi sahəsində
bir sıra işlər görmüşdür. Hesabat
dövründə ünvanlı dövlət sosial
yardımı proqramı 2781 ailənin 11530 üzvünə
şamil edilmiş, orta hesabla hər bir ailəyə 135 manat
olmaqla hər ay ərzində 435 min manat məbləğində
yardım ödənilmişdir. Bundan əlavə, mərkəz
tərəfindən 13 nəfər Milli Qəhrəman ailəsinə
hər ay 600 manat, 16 nəfər 20 Yanvar şəhidi ailəsinə
300 manat, 242 nəfər şəhid ailəsinə orta hesabla
143 manat məbləğində Prezident təqaüdü
ödənilmiş, digər kateqoriyalardan olan şəxslərin
də müavinətləri vaxtlı-vaxtında
çatdırılmışdır.
Sakinlərin müraciətlərinə
həssaslıqla yanaşılır
Son
illər ölkə vətəndaşlarının həyat səviyyəsinin
yüksəldilməsinə, insanların üzləşdikləri
ən xırda məişət problemlərinin həllinə
xüsusi diqqət göstərilir. Təsadüfi deyil ki,
dövlət başçısı İlham Əliyev dəfələrlə
bəyan etmişdir ki, bizim siyasətimizin əsasında insan
amili dayanır. Məhz bunun nəticəsidir ki, vətəndaşların
müraciətlərinin araşdırılması, onların
sosial problemlərinin həlli rayon icra hakimiyyəti rəhbərliyinin
başlıca fəaliyyət istiqamətlərindən birinə
çevrilmişdir. Rayon rəhbərliyi tərəfindən
cari ilin doqquz ayında 1423 nəfər sakinin iştirakı ilə
19 səyyar qəbul və görüş
keçirilmişdir. Görüş və qəbullar
zamanı edilən 140 müraciətdən 131-i həll
edilmiş, 9-u isə nəzarətə
götürülmüşdür. Bundan əlavə, 2012-ci
ilin doqquz ayı ərzində rayon icra hakimiyyəti
başçısı yanında keçirilmiş 21 şura
iclasında 21 məsələ müzakirə olunmuş və
məsələlərin icrası ilə əlaqədar aidiyyəti
üzrə qərar və tapşırıqlar verilmişdir.
Rayon icra hakimiyyətində ərizə və şikayətlərə
baxılması işi də günün tələbləri səviyyəsində
qurulur. Yeri gəlmişkən, son zamanlar rayon icra hakimiyyətinə
edilən müraciətlərin məzmunu tamamilə dəyişərək,
əsasən, torpaq sahəsinin ayrılması, ev və ya
sığınacaqla təminat, dövlət əhəmiyyətli
binaların tikintisi ilə əlaqədar olaraq vətəndaşların
başqa mənzillərə köçürülməsi ilə
əlaqədar, maddi yardım, məhəllələrin
abadlaşdırılması, işlə təminat, ad və
ya soyadların dəyişdirilməsi, eləcə də
kommunal problemlərlə bağlı olmuşdur.
Göründüyü
kimi, bu ilin ötən dövründə Nərimanov rayonu
ölkəmizin dinamik sosial-iqtisadi inkişafının təmin
olunmasına mühüm töhfəlr vermişdir.
Qarşıda rayonin daha da abadlaşdırılması,
quruculuq işlərinin davam etdirilməsi, sakinlərin firavan
yaşamaları, çalışmaları və istirahətlərinin
səmərləi təşkili ilə bağlı
mühüm və ciddi vəzifələr durur. Həmin vəzifələrin
yerinə yetirilməsi, dövlət başçısı
İlham Əliyevin müəyyən etdiyi kursun inamla davam
etdirilməsi sahəsində görülən hər bir
iş isə Nərimanov rayonunun sosial-iqtisadi
inkişafının bir qədər də sürətlənməsinə,
rayonun simasının daha da gözəlləşməsinə
səbəb olacaqdır...
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2012.- 25 oktyabr.- S. 7.