Ermənistanın
dövlət terrorizmi və Azərbaycana
qarşı təcavüzkar siyasətinin nəticələri
(əvvəli qəzetin 12 oktyabr 2012-ci il tarixli sayında)
Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrlərdə isə bu ərazilərdə tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər.
Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyulun 7-də muxtar vilayət statusu verildi ki, bu da Sovet Rusiyasının himayəsi və iştirakı ilə həyata keçirildi. Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu. Sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdir.
Lakin bunun əvəzində 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarına əsasən 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür.
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırımı və təcavüzə məruz qoyub didərgin salmış, eləcə də Ermənistandan 220 min azərbaycanlını tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya etmişdir.
Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azəbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. Həmin dövrdə Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu-1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxartdı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü və terroru daha geniş miqyas aldı.
Bu illərdə Moskva-Bakı sərnişin qatarlarında, Tbilisi-Bakı, Tbilisi-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı marşrutları üzrə avtomobillərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı Moskvanın hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu.
Belə ki, 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əskəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Bu dövrdə Şuşa-Cəmilli, Şuşa-Mingəçevir, Ağdam-Xocavənd, Ağdam-Qaradağlı və Ağdam-Şuşa, Laşın-Şuşa avtobuslarının erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması və terror aktları nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Meşəli, Cəmilli, Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.
1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli mülki vertolyot vurulmuş, nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər, o cümlədən yüksək vəzifəli şəxslər - Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Dövlət katibi, Baş nazirin müavini, Dövlət müşaviri, Daxili işlər naziri, Baş Prokuror, Rusiya Federasiyasından olan müşahidəçilər, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini və 3 nəfər ekipaj üzvü həlak olmuşdur.
1992-ci ilin əvvəllərində ermənilər daha dəhşətli cinayətlər törətdilər. Yanvarın 28-də Ağdamdan Şuşaya uçan 27137 saylı Mİ-8 vertolyot şəhərə çatmamış yəni, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən raket atəşi nəticəsində partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Daha sonra isə, Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşiliklər və soyqırımı zamanı Ermənistan silahlı qüvvələri ilə yanaşı, Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 2-ci botalyonunun komandiri, hücuma rəhbərlik edən və hazırda Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü botalyonunun komandiri Yevqeniy Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişdir.
1990-1992-ci illərdə - Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (4,4 min km.) Ermənistan silahlı qüvvələri tərəfindən bütünlüklə işğal edildi. Bununla yanaşı, 1990-cı il martın 24-də Qazax rayonunun Bağanıs Ayrım kəndi erməni terorçu dəstələrinin silahlı hücumuna məruz qalmış, ermənilər tərəfindən kəndin günahsız mülki əhalisinə qarşı görünməmiş vəhşiliklər edilmişdir. Erməni terror qruplarının bu genişmiqyaslı hücumu nəticəsində kənd işğal olunmuşdur. İşğal zamanı Bağanıs Ayrım kəndində 100-dən çox ev talan edilmiş və yandırılmış, nəticədə 10 nəfər həlak olmuş, 15 nəfərdən çox insan yaralanmışdır.
Bu dövrdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Qazax rayonunun Bağanıs Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı, Qızıl Hacılı, Sofulu, Barxudarlı kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən yandırılmış, talan edilmiş və dağıdılmışdır. İşğal olunmuş ərazilərdən məcburən köçkün düşmüş insanların sayı 6.500 nəfərdir. Hazırda 699 kv.km ərazisi, 78.800 nəfər əhalisi olan Qazax rayonunun 75 yaşayış məntəqəsinin təxminən 8%-i işğal olunmuşdur.
1992-ci il aprelin 8-də ermənilərin Ağdərə rayonunun Capar kəndi istiqamətindən Kəlbəcər rayonunun Çayqovuşan və Ağdaban kəndlərinə silahlı hücumu nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmış, 779 nəfər dinc sakininə amansız işgəncələr verilmişdir. Ağdaban kəndində ermənilərin həyata keçirdikləri soyqırımı nəticəsində 33 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların arasında 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılmış, 2 nəfər itgin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. Ermənilər tərəfindən tarixi, memarlıq və mədəniyyət abidələri dağıdılmış, talanmış və məhv edilmişdir.
Bununla yanaşı, ərazisi 5.368 kv.km, əhalisi 328.900 nəfər olan Naxçıvan Muxtar Respublikasının 221 yaşayış məntəqəsindən 1-i və Sədərək rayonunun ərazisinin bir hissəsi (0,5%) Kərki kəndi zəbt olunmuşdur. İşğal olunmuş ərazilərdən məcburən köçkün düşmüş insanların sayı 347 nəfərdir.
1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan çox insan (ümumi əhalinin 15 %-i) qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, Azərbaycanın 20 %-dən çox ərazisi işğal edilmişdir. Etnik təmizləmə siyasəti həyata keçirilməklə Ermənistanda yaşayan 220 min nəfər azərbaycanlı öz doğma yurdlarından zorla qovulmuşdur. Qeyd olunan müddət ərzində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çoxu yaralanmış, 50 min nəfərə qədər müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olmuşdur.
1988-1993-cü illərdə, eyni zamanda dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən Azərbaycan ərazilərində ümumilikdə, müxtəlif səpkili 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır. Ayrılıqda götürdükdə:
-sərnişin avtobuslarında törədilmiş terror aktları nəticəsində 68 nəfər həlak olmuş, 132 nəfər yaralanmışdır;
-sərnişin və yük qatarlarında törədilmiş terror aktları nəticəsində 74 nəfər həlak olmuş, 125 nəfər yaralanmışdır;
-Bakı Metropolitenində törədilən terror aktları nəticəsində 27 nəfər həlak olmuş, 91 nəfər yaralanmışdır;
-hava nəqliyyatında törədilmiş terror aktları nəticəsində 104 nəfər həlak olmuşdur;
-yaşayış məntəqələrində və mülki obyektlərdə törədilmiş terror aktları nəticəsində 881 nəfər həlak olmuş, 1239 nəfər yaralanmışdır;
-mülki və dövlət obyektlərinə qarşı törədilmiş terror aktları nəticəsində 10 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır;
-sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.
XX əsrin 70-80-ci illərində bütün dünyada türk diplomatlarına, sonrakı dövrdə isə 90-cı illərin əvvələrində Azərbaycanın Dağlıq Qarabağ və Ermənistanla sərhəd bölgələrinin də daxil olduğu bir ərazidə erməni terror təşkilatları, azərbaycanlılara qarşı genişmiqyaslı terror aktları həyata keçirmişlər.
Son vaxtlar həmin təşkilatlardan olan ASALA-nın yenidən fəallaşması müşahidə olunur. Müasir dünyada beynəlxalq terrorizmə qarşı mübarizənin genişləndiyi bir dövrdə erməni terrorçuları hələ də vandalizm əməllərindən əl çəkmək niyyətində deyillər. Erməni terrorizmi isə artıq beynəlxalq terrorizmin tərkib hissəsinə çevrilmişdir. XX əsrin əvvəllərində olduğu kimi yenə də Azərbaycan diplomatları erməni terrorçularının hədəfinə çevrilməyə açıq-aşkar cəhd göstərilir.
Belə ki, Macarıstandan ekstradisiya olunaraq Azərbaycana gətirilən və cənab Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunan Ramil Səfərovun cəza çəkməkdən azad edilməsi Ermənistan rəhbərliyində süni ajiotaj və xof yaratmasından sonra erməni terror təşkilatları yenidən fəallaşmışlar. Belə ki, bütün zamanlarda terrorizmi dəstəkləyən Ermənistan dövlətinin təcavüzkar mövqeyindən istifadə edən ASALA və digər erməni terror təşkilatları artıq bir neçə dəfə Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını hədəfə götürməklə hədələyiblər. Belə ki, sentyabrın əvvəllərində Azərbaycanın Macarıstandakı və bir sıra digər ölkələrdəki səfirliklərinə ASALA Fighters terror təşkilatından daxil olmuş sənədlərdə Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədələnmiş və onların qətlə yetiriləcəyi haqqında hədələr açıq şəkildə bildirilmişdir. Heç şübhəsiz ki, Azərbaycana və ya onun vətəndaşlarına qarşı terror hadisələrinin planlaşdırılması təkcə erməni terror təşkilatlarının siyasəti deyil, həmçinin Ermənistanın dövlət siyasətidir.
Bu baxımdan, 2012-ci il sentyabrın 7-də Bakıda NATO-nun Baş katibi Anders Foq Rasmussenlə birgə mətbuat konfransı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Ramil Səfərovla bağlı qərarın Avropa Konvensiyasına uyğun verildiyini və Azərbaycan Konstitusiyasına uyğun olaraq Prezidentin sərəncamı ilə onun əfv edilməsini diqqətə çatdıraraq bildirdi ki, bizi Konvensiyanın pozulmasında günahlandırmağa çalışanlar ya reallığı bilmir, ya da ictimai rəyi çaşdırmaq istəyirlər. Ermənistanın bundan Azərbaycanla sülh prosesinə xələl gətirmək üçün fürsət kimi istifadə etməli olmadığını bildirən dövlət başçısı İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllinə sadiqdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunan Azərbaycan Prezidenti Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin verdiyi bəyanatı da xatırladaraq bizi qeyd etmişdir: "Status-kvo qəbuledilməzdir. Bu status-kvo dəyişilməlidir. Ermənistan status-kvonu qoruyub saxlamağa çalışır. Ötən ilin iyul ayında Kazan şəhərində keçirilmiş görüş məsələnin sülh yolu ilə həllinin tapılmasında son cəhd idi. Hazırda isə sülh prosesi durğunluq vəziyyəti alıb. Fikrimcə, beynəlxalq ictimaiyyət və ilk növbədə Minsk qrupu Ermənistana imkan verməməlidir ki, bunu səbəb kimi istifadə etsin və danışıqları tamamilə dondursun".
Bununla yanaşı, dövlət başçısı İlham Əliyev Ramil Səfərovla bağlı ermənilərin hay-küyünə və əsassız iddialarına cavab olaraq çox zəruri olan bir xatırlatma edərək bildirdi: "Fransanın Orli hava limanında 2001-ci ildə Avropa və Amerika vətəndaşlarının qətli ilə nəticələnən terror aktını törədən şəxs Fransadan Ermənistana ekstradisiya olunmuşdu. Baxmayaraq ki, o, Ermənistan vətəndaşı da deyildi, Ermənistan prezidenti isə onu əfv etdi. Mən terrorçular ilə zabitimiz arasında paralellik aparmaq istəməzdim. Lakin zabitimiz həbsdə artıq 9 il cəzasını çəkib. O, cəzalandırıldı, onun əfvi ilə bağlı qərar hüquqi nöqteyi-nəzərdən düzgün qərardır. Bu, Prezidentin qəbul etdiyi qərardır və düzgün qərardır. Azərbaycan öz zabitini vətənə qaytardı".
"Böyük Ermənistan" ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və nəhayət 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən terror aktları, soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır. Eləcə də hazırda Ermənistan terrorizmi bir dövlət siyasətinə çevirərək bundan Azərbaycana qarşı istifadə edir.
Bu işğalçı dövlətin yürütdüyü təcavüzkar siyasət 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Münaqişənin nizama salınması prosesində Azərbaycan dövləti və onun başçısı cənab İlham Əliyev ilk növbədə sülh variantına üstünlük verir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq etdiyini vurğulamışdır.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik
Akademiyası "Beynəlxalq
münasibətlər
və xarici siyasət"
kafedrasının dosenti,
siyasi elmlər üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2012.-
25 oktyabr.- S. 6.