Pensiyaçıların
sosial müdafiəsinə yönələn daimi diqqət və
qayğı sayəsində hər il pensiyalar
artırılır
İlkin məlumatlara
görə, 2012-ci ilin 1 oktyabr tarixinə əmək
pensiyalarının orta aylıq məbləği 151,3 manata, o
cümlədən yaşa görə əmək
pensiyasının orta aylıq məbləği 167,7 manata
çatmışdır. Bu gün ölkə üzrə əmək
pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının
orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa
görə əmək pensiyalarının orta aylıq məbləğinin
əməkhaqlarının orta aylıq məbləğinə
nisbəti isə 45 faiz təşkil edir. Bu barədə Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə Fondunun
İctimaiyyətlə əlaqələr sektorundan redaksiyaya
daxil olan məlumatda bildirilir.
Məlumatda o da qeyd olunur ki, ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 6 sərəncam verilmiş, bununla yanaşı əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilmişdir.
Belə ki, qısa müddət ərzində çox ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi yaşa görə əmək pensiyasının baza hissəsinin 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci il yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat, 2010-cu il sentyabrın 1-dən 85 manat məbləğində müəyyən edilməsi ilə bütün əmək pensiyaçılarının pensiyalarına eyni vaxtda artımlar tətbiq olunmuşdur.
Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə ölkədə baş vermiş inflyasiyaya uyğun olaraq 2007-ci il yanvarın 1-dən 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən 1,5 faizlik, 2011-ci il yanvarın 1-dən 5,7 faizlik, 2012-cu il yanvarın 1-dən 7,9 faizlik artım tətbiq edilmişdir.
Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artmışdır. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 2006-cı il yanvarın 1-i tarixinə 28,5 manat olduğu halda, 2007-ci il yanvarın 1-i tarixinə 41,1 manat, 2008-ci ilin əvvəli tarixinə 62,9 manat, 2009-cu ilin eyni tarixinə 95,8 manat, 2010-cu il yanvarın əvvəli tarixinə 100,4 manat, 2011-ci ilin yanvarına 112,9 manat, 2012-ci ilin əvvəli tarixinə isə 145,1 manat təşkil etmişdir. Hazırda bu rəqəm 151,3 manata çatmışdır.
Nəticədə yeni sistem fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,2 dəfə artmışdır.
Fonddan onu da bildirmişlər ki, bu məlumatların sırasında 2011-ci ildə həyata keçirilmiş islahat tədbirləri xüsusilə qeyd olunmalıdır. Həmin tədbirlər çərçivəsində pensiyaların iş stajları əsasında yenidən hesablanması ilə 900 minə yaxın pensiyaçının pensiyası iyulun 1-dən orta hesabla 40 faiz artırılmışdır. İslahat nəticəsində bu tarixədək 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artmışdır. 8550 nəfərin pensiyası 100 faizdən çox, 61147 nəfərinki 80 faizdən 100 faizə qədər, 262145 nəfərinki isə 50 faizdən 80 faizə qədər artmışdır. Bundan başqa, müvafiq şəxslərin pensiyalarına elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 120 manat məbləğində əlavələr hesablanmışdır.
Bununla da bütün pensiyaların vahid prinsiplə hesablanması təmin edilmiş, yəni hər bir şəxsin əmək stajına uyğun olaraq onun pensiyasının sığorta hissəsi formalaşdırılmışdır. Bu isə 2011-ci il və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin bütün pensiyaçılara şamil olunması deməkdir.
Qeyd etmək lazımdır ki, həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxmışdır.
Böyük məsuliyyətlə demək olar ki, ötən dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyevin pensiyaçıların sosial müdafiəsini daim diqqət mərkəzində saxlaması hər il pensiya məbləğlərinin əhəmiyyətli artımını şərtləndirmişdir.
Z. BƏŞİRQIZI
Xalq qəzeti.- 2012.- 25 oktyabr.- S. 2.