Azərbaycanın ərzaq təhlükəsizliyi dövlətin prioritet vəzifəsidir

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 23 yanvar tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" və 2008-ci il 21 avqust tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" sərəncamları aqrar sahədə mövcud problemlərin aradan qaldırılmasına, bu sahənin dinamik inkişafına ciddi təkan vermişdir.

 

Həmin sərəncamlar kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, istehsalçıların yüksək reproduksiyalı buğda toxumuna, cins damazlıq mal-qaraya olan ehtiyacının ödənilməsinə, habelə mineral gübrə və texnikanın saxlanması üçün xüsusi anbarların tikilməsinin təmin edilməsinə müsbət təsir göstərmiş, sadalanan işlərin görülməsini sürətləndirmiş, bütövlükdə isə ərzaq təhlükəsizliyinin yaradılması istiqamətində mühüm rol oynamışdır.

Dövlət başçımızın 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Həmin proqramda nəzərdə tutulan 164 tədbirin 101-i kənd təsərrüfatının müxtəlif istiqamətlərinə aiddir. Çünki aqrar sahənin inkişaf etdirilməsi ölkə əhalisinin ərzaq, emal sənayesinin xammal təminatını yaxşılaşdırmağa, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə və heyvandarlıqda etibarlı yem bazasının yaradılmasına xidmət edir.

Hazırda Azərbaycan dövləti tərəfindən əsas diqqət mühüm ərzaq məhsullarının istehlakının ölkədə istehsal olunan mallar hesabına təmin edilməsinə yönəldilmişdir. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir:"Biz buna yaxınıq, bəzi mövqelər üzrə bunu əldə etmişik, bəzi istiqamətlər üzrə artıq hədəfə yaxınlaşırıq. Bölgələrdə yaradılan yeni müəssisələr, emal müəssisələri, südçülük fabrikləri, heyvandarlıq fermaları, çörək zavodları, quşçuluq fabrikləri bizə imkan verir ki, yaxın illərdə hər bir mövqe üzrə daxili tələbatı yüz faiz öz gücümüzə arxalanaraq təmin edək. Bu, həm sosial məsələdir, həm ərzaq təhlükəsizliyi məsələsidir, həm də iqtisadi məsələdir, iş yerlərinin yaradılmasına gətirib çıxarır. Yəni, biz burada bir neçə hədəfi nəzərə alırıq və bütövlükdə bu istiqamətdə aparılan işlər məni qane edir. Çünki biz bu işlərə sistemli yanaşmışıq, pərakəndə şəkildə yox. Sistemli təhlil aparılmışdır və biz bu istiqaməti Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə də sahibkarlara göstəririk. Çünki bu alət də çox səmərəlidir. Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 200 milyon manat güzəştli kreditlər nəzərdə tutulur, onların böyük əksəriyyəti artıq verilmişdir. Mən göstəriş verdim ki, gələn il biz bu məbləği artıraq və gələn il bu fond vasitəsilə üç yüz milyon manat məbləğində güzəştli kreditlər verilməlidir. Çünki bu, çox vacib sahədir, bu, real iqtisadiyyata qoyulan investisiyalardır, dövlət nəzarəti altında qoyulan investisiyalardır. Ancaq özəl sektor da bu investisiyaları qoyur. Biz bu proqramı icra edərkən həm özəl sektoru stimullaşdırırıq, ucuz kreditlər verməklə onların fəaliyyətini genişləndiririk, eyni zamanda, daxili istehsalı da stimullaşdırırıq".

Ərzaq təhlükəsizliyində taxılçılığa xüsusi diqqət yetirilir. Ölkə Prezidenti İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda da ərzaq təhlükəsizliyinin ən mühüm seqmenti kimi məhz taxılçılığın inkişafı məqsədilə qarşıya bir sıra mühüm vəzifələr qoyulmuşdur. Adı çəkilən dövlət proqramında taxılçılıqda məhsuldarlığın 32 sentnerə, istehsal həcminin isə 2,8 milyon tona çatdırılması nəzərdə tutulur. Bu məqsədlə hər hektar taxıl əkini sahəsinə görə 40 manat kompensasiya verilməsi, buğda istehsalçılarına əlavə 40 manatın ödənilməsi, gübrə xərclərinin 70 faizinin dövlət hesabına kompensasiya edilməsi, kənd təsərrüfatının torpaq vergiləri istisna olmaqla bütün digər vergilərdən bir daha azad edilməsi, elit və yüksək reproduksiyalı toxum istehsalının dövlət tərəfindən subsidiyalaşdırılması üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması da məhz həmin məqsəddən irəli gəlir.

Ölkədə sözügedən istiqamətdə reallaşdırılan tədbirlər artıq öz müsbət nəticələrini verməkdədir. Əkin sahələrinin həcminin artırılması, məhsuldarlığın normal olması əldə edilən taxıl məhsullarının həcminin yüksəlməsinə müsbət təsir göstərmişdir. Biçini vaxtında və tam itkisiz başa çatdırmaq üçün fermerlər bütün texnika və avadanlıqlarla təmin edilmişdir. Başqa sözlə, 30-dan artıq rayonda fəaliyyət göstərən aqrotexservislərin kombayn, taxıltəmizləyən, presləyici və yığım texnikaları, yük maşınları və traktorları biçinə cəlb olunmuşdur. Ümumilikdə mövsüm dövründə "Aqrolizinq" SC-nin balansındakı texnika parkında 3110-dan çox taxılyığan kombayn və 1000-dən çox digər texnikanın imkanlarından istifadə edilmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi diqqət mərkəzində saxlanılır. Bunun üçün aqrar sahənin daha da inkişaf etdirilməsi məqsədilə dövlət investisiya layihələrinin reallaşdırılması, güzəştli kreditlər ayrılması mühüm önəm daşıyır. Məhz elə buna görə də investisiya layihələrinin sayı, verilmiş güzəştli kreditlərin məbləği getdikcə artırılır.

Azərbaycanda aqrar siyasətin düzgün müəyyənləşdirilməsi, seçilmiş strategiyanın reallaşdırılması metodlarının düzgünlüyü, bununla əlaqədar mühüm tədbirlərin ardıcıl həyata keçirilməsinə olan ciddi qayğı və nəzarət yaxın illərdə ölkənin neft sektorundan asılılığını tamamilə azaltmağa, əhalinin ərzaq təminatını yaxşılaşdırmağa, daxili istehsal hesabına özünü təminetmə səviyyəsini optimallaşdırmağa və büdcə gəlirlərində aqrar sahənin payını artırmağa imkan yaradacaqdır.

Ölkə Prezidentinin kənd təsərrüfatına daim diqqət göstərməsi bu sahənin inkişafına prioritet münasibətdən irəli gəlir. Məhz buna görə də dövlət başçısının müvafiq sərəncamı ilə 2004-cü ildə "Aqrolizinq" ASC-nin yaradılması, texnikanın alınması, gübrə və yanacaq üçün hər il böyük həcmdə vəsait ayrılması kənd təsərrüfatının inkişafına göstərilən qayğının bariz ifadəsidir. Şübhəsiz, aqrar sahəyə göstərilən bu diqqətin nəticəsi Dövlət Statistika Komitəsinin cari ilin yanvar-sentyabr aylarının makroiqtisadi göstəricilərində də aydın görünür. Belə ki, oktyabrın 1-nə kimi dənli bitkilər səpilmiş sahələrin 99,3 faizinin məhsulu toplanmış və həmin sahələrdən qarğıdalı da daxil olmaqla 2762,5 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektarın məhsuldarlığı 1,7 sentner artaraq 27 sentnerə çatmışdır.

Bu dövrdə tarlalardan 948,1 min ton kartof, 1136,9 min ton tərəvəz, 516,7 min ton meyvə və giləmeyvə, 424,5 min ton bostan məhsulları, 99,3 min ton üzüm, 23,2 min ton pambıq, 550,3 ton yaşıl çay yarpağı, 3,3 min ton tütün, 46,7 min ton şəkər çuğunduru, 19,4 min ton dən üçün günəbaxan toplanmışdır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli bitkilərin istehsalı 13,6 faiz, pambıq 35,3 faiz, üzüm 22,2 faiz, çay 21,4 faiz, tütün 15,8 faiz, meyvə və giləmeyvə 10,3 faiz, dən üçün günəbaxan 4,1 faiz, kartof 2,7 faiz, tərəvəz istehsalı 0,7 faiz artmışdır.

Göründüyü kimi, Azərbaycanın dövlət başçısının ardıcıl diqqət və qayğısı, qəbul etdiyi dövlət proqramları, imzaladığı sərəncamlar sayəsində ölkədə ərzaq təhlükəsizliyi probleminin həlli istiqamətində davamlı tədbirlər həyata keçirilməkdədir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 25 oktyabr.- S. 3.