"Ağ Şəhər" layihəsinin həyata keçirilməsi ilə bağlı iş sürətlə davam etdirilir

 

Prezident İlham Əliyevin "2006 - 2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"nın təsdiq olunması haqqında fərmanı çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə "Qara şəhər"in yenidən qurulması nəzərdə tutulur.

 

Ümumilikdə 221 hektar ərazisi olan "Bakı Ağ Şəhər" layihəsinin baş planı öz sakinlərinə yaşayış, iş, istirahət və əyləncələr üçün 10 şəhər tipli universal kvartalın yaradılmasını nəzərdə tutur.

Böyük Britaniyanın "Atkins" şirkəti tərəfindən layihələndirilmiş ofis binasının əhəmiyyəti onun Nobel prospekti tərəfindən layihə ərazisinə olan giriş qapısı rolunu oynamağı ilə bağlıdır. Bura həmçinin Nobel prospekti boyu canlı gəzinti məkanının başlanğıcı olacaq.

Ofis binasına ofislər, ticarət məkanları və yaşayış yerləri daxildir. Binanın ucaldılacağı 2 hektar ərazi, həmçinin, "Bakı Ağ Şəhər" layihəsinin təməl daşının qoyulduğu kiçik meydanı da əhatə edəcək. Hündürlüyü 50 metr olan bu 10 mərtəbəli binanın sahəsi 20 min kv. metrdir.

Müasir materialların istifadəsi sayəsində bina səlis bir görünüşə malik olacaq."Bakı Ağ Şəhər" ofis binasında 9 müasir liftin qurulması və iki fasadlı səs və istilik izolyasiya sistemlərinin istifadəsi nəzərdə tutulur.

"Ağ Şəhər" layihəsinin həyata keçirilməsi ilə bağlı iş sürətlə davam etdirilir.

Qeyd edək ki, bu layihədə müasir şəhərsalmanın bütün tələbləri nəzərə alınıb. Cənab Prezident layihə barədə demişdir:"Ağ şəhər" layihəsi çox böyük peşəkarlıqla işlənilib. Bu layihə artıq mötəbər beynəlxalq tədbirlərdə, konfranslarda təqdim edilib və ən yüksək mükafatlar alıb. Dünya miqyasında ən gözəl memarlıq layihələrinin birinə çevrilib. Bu layihənin hazırlanmasında yerli şirkətlər, yerli memarlar, mütəxəssislər iştirak ediblər. Eyni zamanda, dünyanın ən qabaqcıl memarlıq, dizayn və inşaat şirkətləri də bu layihənin hazırlanmasında öz səylərini göstəriblər.

"Bakı Ağ Şəhər"də müasir şəhər həyatı üçün nəzərdə tutulan bütün obyektlər və infrastruktur, eləcə də şəhər əhalisinin və burada çalışanların yaşayıb-işləməsi üçün bütün rahatlıqlar nəzərdə tutulub. "Bakı Ağ Şəhər" ölçülərinə görə İçərişəhərin ərazisindən 11 dəfə böyük olacaq. Burada 20.000 yaşayış və kommersiya obyekti tikiləcək. Layihə başa çatdıqdan sonra "Bakı Ağ Şəhər"də 50.000 nəfərin yaşaması və 48.000 nəfərin işlə təmin olunması gözlənilir. Paytaxtın ən iri ticarət mərkəzi - Baku City Mall burada yerləşəcək. Londondakı məşhur Hayd Parkın 1/3-i böyüklüyündə park salınacaq. Layihənin incilərindən biri dəniz sahilində tikiləcək 65 metr hündürlüyündə, Bulvarda mövcud olan çarxdan iki dəfə böyük olacaq Seyretmə Çarxıdır.

"Bakı Ağ Şəhər"də nəqliyyat sistemi də ən müasir tələblərə və səmərəli dünya təcrübəsinə əsaslanaraq qurulacaq. "Bakı Ağ Şəhər"də avtobus, tramvay, metro, taksi və su nəqliyyatından istifadə olunacaq. Eləcə də velosiped sürənlər üçün əlverişli şərait yaradılacaqdır. Layihədə yeni metro stansiyasının tikintisi də nəzərdə tutulur. Şəhərin Fəvvarələr meydanında yerləşəcək Bakının 23-cü metro stansiyası mövcud Azadlıq-Xətai xəttinin davamı olacaq.

Burada yaradılacaq 40.000 avtodayanacaq yeri sayəsində, "Bakı Ağ Şəhər" dünyada əhalinin adambaşına düşən ən iri avtodayanacaq yerinə malik olacaqdır. Şəhərin Babək prospekti ticarət məkanı kimi fəaliyyət göstərəcək və bu məkanda avtomobil satışı salonları da yer alacaqdır. Dəniz kənarına yaxın ərazidə tikiləcək ticarət və əyləncə kompleksinin 7.000 avtomobil saxlamağa imkan verən dayanacağı olacaqdır.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 25 oktyabr.- S. 3.