Prezident İlham Əliyevin
diqqət və qayğısı Zərdabı dinamik və
sürətli inkişaf yoluna çıxarmışdır
Zərdablılar
bu günlər Prezident İlham Əliyevin oktyabrın 7-də
rayona səfərinin xoş əhval-ruhiyyəsi, unudulmaz təəssüratı
ilə yaşayıb-çalışırlar. Dövlət
başçısının son il yarımda 2 dəfə
rayonda olması, bu ilin əvvəlindən Zərdab və zərdablılar
barədə 9 sərəncam imzalaması əhalidə
böyük razılıq və minnətdarlıq hissləri
doğurmuşdur.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə qəbul olunmuş regional inkişaf proqramları və digər dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsi Zərdabı dinamik və sürətli inkişaf yoluna çıxarmışdır. Aparılan genişmiqyaslı quruculuq işləri rayon mərkəzinin və əksər yaşayış məntəqələrinin simasını tamamilə dəyişdirmiş, ardıcıl həyata keçirilən sosial-iqtisadi tədbirlər təsərrüfat həyatını canlandırmış, güzəranı yüksəltmişdir.
Beş il əvvəl rayonda əsas kapitala yönəldilən investisiyalar cəmi 1,3 milyon manat olmuşdusa, indi bu rəqəm 33 milyon manatı keçmişdir. Ümumi daxili məhsul istehsalı bu dövrdə 37 milyon manatdan 85 milyon manata çatmışdır. Rayonun büdcəsi 5 ildə 2 dəfə, Zərdab şəhərinin inkişafına yönəldilən vəsait isə 4 dəfə artmışdır. Dövlət başçısının rayona səfərlərindən sonra ayırdığı vəsaitlər sosial-iqtisadi inkişafın zəruri istiqamətlərinə, ifrastrukturun və kommunikasiyaların inkişafına yönəldilməklə Zərdabın ümumi tərəqqisinə əlavə impuls verir.
Bütün bunlar barədə şövqlə, razılıqla söz açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev 55 min zərdablının Prezident İlham Əliyevə dərin minnətdarlığını da vurğuladı. Müsahibimiz bildirdi ki, dövlət başçısının hər dəfə rayonda olması Zərdabın indiki tarixinin unudulmaz səhifələrinə çevrilməklə yanaşı, həm də inkişaf və quruculuq işlərini yeni səviyyəyə qaldırmışdır:
- 2012-ci ilin 9 ayında respublikamızda gedən sürətli və davamlı inkişaf rayonumuzda da geniş müşahidə olunmuşdur. Bu günlər Zərdab və zərdablılar üçün son dərəcə əlamətdardır. Son dövrün ən mühüm və tarixi hadisəsi, bütün zərdablıların hələ də həmin günün xoş təəssüratları ilə yaşadığı 7 oktyabr 2012-ci il tarixidir. Məhz həmin gün dövlətimizin başçısı möhtərəm Prezidentimiz İlham Əliyev Zərdaba səfər etmişdir. Cənab Prezident rayonumuzda möhtəşəm Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının binasının, Ağsu rayonundan 72 km məsafədən çəkilmiş təmiz içməli su bulağının və Gənclər Mərkəzinin açılışını etmiş, Heydər Əliyev parkı və Veteranlar evi ilə tanış olmuşdur. Rayonumuzda görülən işlərdən çox məmnun olan, razı qalan cənab Prezident Zərdabdan çox gözəl və xoş təəssüratlarla ayrılmışdır.
İlin əvvəlindən rayon iqtisadiyyatının əsas sahələrində 73,7 milyon manatlıq məhsul istehsal edilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində bu dövrdə 200 daimi iş yeri yaradılmışdır. 9 ayda rayonun gəlirləri 110,6 faiz, mərkəzləşdirilmiş xərclərdən ayrılmış vəsait 108,6 faiz, yerli gəlirlər 117,9 faiz icra olunmuşdur. Ticarət şəbəkələri tərəfindən 9 ayda 31,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox istehlak malları satılmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7,9 milyon manat təşkil etmişdir.
Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında da mühüm işlər görülmüşdür. Alış qiymətinin çox aşağı olması, maya dəyərinin baha başa gəlməsi pambıq bitkisinin əkininə marağı azaltmışdır. Lakin bütün bunlara baxmayaraq, bu il 778 hektarda çiyid səpini aparılmışdır. 1 oktyabr 2012-ci il tarixə 248 ton pambıq məhsulu yığılmışdır. Pambıq yığımı davam edir.
2012-ci ildə 39049 ton məhsul istehsal olunmuş, hər hektardan 25,8 sentner taxıl toplanmışdır. 2011-ci ilə nisbətən hər hektardan məhsuldarlıq 2,4 sentner artmışdır. 381 hektar sahənin hər hektardan orta hesabla 32,5 sentner olmaqla 1238,5 ton toxumluq taxıl istehsal olunmuşdur ki, bu da ümumi rayon göstəricisindən 6,9 sentner çoxdur.
Bu il 151,5 hektarda kartof, 177 hektarda tərəvəz, 386,5 hektarda bostan, 6 hektarda çəltik əkilmişdir. Mövsüm ərzində 2565 ton kartof istehsal olunmuş, hər hektardan məhsuldarlıq 169,3 sentner olmuşdur. Tərəvəz sahələrindən 2572 ton məhsul istehsal olunmuş, keçən ilə nisbətən məhsuldarlıq 2,7 sentner artmışdır. İndiyədək 12096 ton bostan məhsulu istehsal olunmuşdur. 2013-cü ilin məhsulu üçün taxıl səpininə başlanılmış və uğurla davam edir.
Öyrəndik ki, 2011-ci ilin eyni dövrünə nisbətən iri mal 384 baş artaraq 53716-ya, xırda mal 1293 baş artaraq 110146-ya, ət istehsalı 3253,9 tona, süd 16247,3 tona, yumurta 6091 min ədədə, yun 159,8 tona çatmışdır. Quşçuluğun inkişaf etdirilməsi məqsədilə "Turac-2008" MMC tərəfindən əhaliyə 9860 baş inkubasiya cücəsi satılmışdır ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2000 baş çoxdur. Bu il yem bitkilərinin istehsalına da diqqət artırılmış, 3455 hektarda təzə yonca əkilərək sahələr 16535 hektara çatdırılmışdır. Sahələrdən 111155 ton qaba yem tədarük olunmuşdur ki, bu da 2011-ci ilin eyni dövründən 4085 ton çoxdur.
Suvarma Sistemləri İdarəsi ilin əvvəlindən 15151 hektar taxıl, 1622 hektar yonca, 778 hektar pambıq, 715 hektar bostan-tərəvəz sahəsində, 1932 hektar həyətyanı sahədə, 1168 hektar meşə və çoxillik əkmələrdə suvarma aparmışdır. Rayonun kəndlərində 468 km uzunluqda suvarma kanalları lildən təmizlənmiş, 63 hidrotexniki qurğu, 8 hidropost, 3 mülki istehsal binası cari, latok kanalları, 3 nasos stansiyası əsaslı təmir olunmuşdur. Nəzəralılı nasos stansiyasında əsaslı təmir işləri başa çatdırılmış, Şahhüseynli, Gödəkqobu, İsaqbağı kəndlərinə xidmət edən nov kanallarında, emalatxana binasında, Seyidlər, Qoşaoba, Gödəkqobu, Məlikli, Alıcanlı, Burunlu kəndlərində yerləşən nasos stansiyalarında əsaslı təmir işləri aparılmışdır.
Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi tərəfindən yaşayış sahələrini daşqın və sel sularından qorumaq məqsədilə Kür çayının sol sahili boyunca Sarıqaya, İsaqbağı, Körpükənd, Bıçaqçı və digər kəndlərdə maşın və mexanizmlərin köməyi ilə 104,4 min kubmetr, Türyançayda isə 160 kubmetr sahilbərkitmə işləri görülmüşdür. Nazirlər Kabinetinin sərəncamı ilə yeni layihə üzrə üstdən eni 8 m, altdan eni 22-25 m olmaqla Bıçaqçı və Körpükənd kəndləri ərazisində 15 km məsafədə mühafizə bəndləri bərpa edilmiş, Sarıqaya kəndi ərazisində 100 m məsafədə daş-betonla sahilbərkitmə işləri görülmüşdür.
Rayon Meşəsalma Müəssisəsi tərəfindən hesabat dövründə 29 hektarda meşə əkilmiş, 1 hektarda palıd səpini aparılmış, 2,5 hektarda tinglik, 0,55 hektar böyütmə şöbəsi yaradılmış, 0,3 hektarda kökləndirmə aparılmışdır. Meşə sahələrində kompleks becərmə işləri aparılmış, magistral yolların kənarlarında 3000 ədəd sərv, tuya, Eldar şamı və digər ağaclar, kəndlərdə olan su qurğularının ətrafında 900 ədəd şam, tuya və sərv ağacları əkilmişdir. Payız mövsümündə əkmək üçün 50 kq şam toxumu, 20 kq sərv toxumu, 150 kq iydə toxumu tədarük olunmuş, torpaqda hazırlıq işləri görülmüşdür.
Bu il təhsil, səhiyyə, mədəniyyət, idman və gənclər sahələrinin inkişafı istiqamətində də xeyli iş görülmüşdür. Son 5 ildə rayonda 13 məktəb binası tikilmişdir. Bu il isə 80 şagird yerlik Lələağacı kənd ümumi orta məktəbinin və 180 şagird yerlik Pərvanlı kənd, "32 hektar" adlanan qəsəbədə 132 şagird yerlik tam orta məktəblərin tikintisi başa çatdırılmışdır. Qoruqbağı kəndində uşaq bağçası üçün yeni bina istifadəyə verilmişdir. Çallı tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanılmışdır. 220 şagird yerlik İsaqbağı kənd tam orta, 80 yerlik Aşağı Seyidlər kənd ümumi orta məktəblərinin tikintisi davam edir.
Təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün 293,2 min manatlıq bərk və yumşaq inventar, avadanlıq, dəftərxana ləvazimatları alınaraq məktəblərə paylanılmışdır. Bu il məzunlardan 102 nəfər müxtəlif profilli ali məktəblərə daxil olmuşdur. Gəlmə kənd tam orta məktəbi "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür.
Əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də son illərdə xeyli iş görülmüşdür. Bu il Çallı kəndində doğum evi, Şəftəhal kəndində tibb məntəqəsi üçün tikilmiş yeni binaların açılışı olmuşdur. Yerli büdcə vəsaiti hesabına Zərdab Mərkəzi Rayon Xəstəxanasına 30 min manatlıq odun, 134,5 min manatlıq imtiyazlı qrup xəstələr üçün dərman, sarğı materialları və vaksinlər alınmışdır. Bıçaqçı kənd həkim məntəqəsinin cari təmirinə 8500 manat vəsait xərclənmişdir. Mərkəzi Rayon Xəstəxanasına 37,3 min manatlıq yumşaq inventar, yataq ləvazimatı, 89,0 min manatlıq maşın və avadanlıq alınmışdır. Rayon rəhbərliyinin təşəbbüsü ilə respublika həkim briqadaları əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmişlər.
Əhalinin asudə vaxtının səmərəli təşkili üçün həyata keçirilən mədəni-kütləvi tədbirlərin dairəsi genişləndirilmiş, istedadlı gənclərin aşkar edilməsi üçün "İstedadlar sorağında-2012" baxış müsabiqəsi keçirilmişdir. Respublikanın tanınmış incəsənət ustalarının rayon əhalisi qarşısında çıxışları olmuş, vaxtaşırı olaraq Heydər parkında konsert proqramları təşkil edilmişdir. H.Zərdabinin 170 illik yubiley tədbiri keçirilmişdir. 19 iyul 2012-ci il tarixdə isə Prezident İlham Əliyev Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında sərəncam imzalamışdır.
Xidmət sahələrinin, o cümlədən elektrik və qaz təsərrüfatlarının inkişaf etdirilməsi, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində rayonda əsaslı işlər görülmüşdür. Ucar-Zərdab və Zərdab-Əlvənd, 2 saylı şəhər və 3 saylı kənd hava xətlərində təmir-bərpa işləri aparılmışdır. 27 ədəd müxtəlif güclü transformator yarımstansiyası, eləcə də Əlvənd, Məlikli, Əlibəyli, Ağamalılar kəndlərində transformatorlar təmir olunaraq yenidən istifadəyə verilmişdir.
Gəlmə, Salahlı, Hüseynxanlı və Xanməmmədli kəndlərində 6687 metr qaz xətti çəkilmişdir. "32 hektar" yaşayış massivi də qazlaşdırılmışdır. Təzəkənd yaşayış massivində isə 7835 metr qaz xətti çəkilmişdir. İstehlak olunmuş təbii qazın dəyəri 103,3 faiz ödənilmişdir.
Rayonda içməli suya olan tələbatın ödənilməsi vəziyyətinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülmüşdür. Dövlət Proqramının müvafiq bəndinin icrası ilə əlaqədər 2011-ci ildə Zərdab şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması tədbirinin icrasına başlanılmışdır. Dəli Quşçu kəndinin yaxınlığında çirkab təmizləyici terminalın tikintisinə başlanılmış, mərkəzi su anbarının köhnə binasının sökülməsi işləri, eləcə də şəhərin küçələrinin asfalt örtüyünün kəsilməsi işləri həyata keçirilmişdir. "Hidro-Lotus" MMC bu il 18 km içməli su xətti, 10,7 km kanalizasiya xətti çəkmişdir. Zərdab-Kürdəmir rayonları arasında 450 mm-lik boru xətti ilə 72 km uzunluqda magistral su xəttinin çəkilişi başa çatdırılmışdır. Rayon ərazisində 17 ədəd modul tipli sutəmizləyici qurğu və 194 ədəd bulaq vardır. Həmin qurğular və bulaqlar təyin olunmuş qrafik üzrə hər gün əhalini ekoloji standartlara cavab verən içməli su ilə təmin edir.
32 saylı Yol İstismar İdarəsi tərəfindən orta və cari təmir, yolların saxlanılması, körpülərin mühafizəsi istiqamətində ümumilikdə 753,3 min manatlıq iş görülmüşdür. Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda, Məlikumudlu, Salahlı, Hüseynxanlı-Xanməmmədli, Bəyimli avtomobil yolunda təmir işləri aparılmışdır. Bələdiyyələrin daxili imkanları hesabına rayonun kəndlərinin ərazisində 170,2 km məsafədə yollara qreyder çəkilmiş, kəndarası yollara 7820 tondan çox çınqıl döşənmişdir.
Prezident İlham Əliyevin 19 iyun 2012-ci il tarixli sərəncamına əsasən 10 min nəfərə qədər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi məqsədilə nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 5,4 milyon manatı Zərdab Rayon İcra Hakimiyyətinə ayrılmışdır. Tikinti işlərinə 2012-ci ilin iyun ayında "Energetik-quraşdırma və sazlama" MMC tərəfindən başlanılmışdır. Hesabat dövründə 10,5 km uzunluqda yola ikiqat asfalt örtük vurulmuş, 5 keçid tikilmişdir. Zərdab şəhər küçələrinin təmiri və asfaltlaşdırılması istiqamətində işlər də davam etdirilmişdir.
Şəhərin 8-ci məhəlləsində Heydər Əliyev parkının ərazisində YAP-ın Zərdab rayon təşkilatı üçün 2 mərtəbəli inzibati bina tikilmişdir. Binanın ümumi sahəsi 542 kvadratmetrdir. Tikintiyə 492 min manat vəsait xərclənmiş və avqust ayında tikinti işləri başa çatmışdır. Yaxın müddətdə rayonun 8 kəndində, o cümlədən Kəndəbil, Əlvənd, Şəftəhal, Təzəkənd, Hüseynxanlı, Yarməmmədbağı, Məmmədqasımlı, Bıçaqçı kəndlərində poçt şöbələri üçün yeni müasir binaların tikilməsi nəzərdə tutulur.
Sahibkarlığın inkişaf etdirilməsi tədbirləri davam etdirilmiş, müvafiq fəaliiyyət növləri ilə məşğul olmaq üçün 11 hüquqi və 151 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçmişdir. Rayonda güzəştli kreditlər hesabına pambıqçılığın tam bərpa olunub genişləndirilməsinə, nar bağları salınmasına olan imkanlar nəzərə alınaraq müvəkkil kredit təşkilatları vasitəsilə Zərdabda və ətraf rayonlarda fəaliyyət göstərən 49 sahibkarlıq subyektinə 546 min manat güzəştli kredit verilmişdir.
İlkin mərhələdə 70 nəfərin işlə təmin olunması nəzərdə tutulan köhnə çörək zavodunun bazasında inşa edilən süd məhsulları emalı zavodunda bərpa, avadanlıqların quraşdırılması, ətrafın abadlaşdırılması istiqamətində son tamamlama işləri aparılır. Ümumiyyətlə, 2003-cü ildən bəri rayonda 6 mindən çox iş yeri açılmışdır ki, bunun 4 minə qədəri daimidir.
Göründüyü kimi, Zərdab yüksəliş yolu ilə inamla irəliləyir, sabaha daha böyük ümid və arzularla gedir. Zərdablılar Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi inkişaf strategiyasını fəal dəstəkləyir, bütün qüvvə və bacarıqlarını dövlət başçısının qarşıya qoyduğu vəzifələrin layiqincə həyata keçirilməsinə yönəldirlər. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, Prezidentin göstərdiyi böyük diqqət və qayğıya əməli işlərlə cavab verilməsi hamının və hər kəsin fəaliyyət proqramıdır.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2012.- 25 oktyabr.- S. 5.